Absurd
qadağalar
Nəzəriyyə bizi uzaqlara, təcrübə isə ayaq altına baxmağa
məcbur eləyir
Oturub-durub deyinirik ki, qadağalar ölkəsində yaşayırıq. Əməlləri beşiyindəcə,
bəzən arzuları ürəyimizdəcə abort eləyirlər. Məsələn, dünən eşitdim
ki, uşaq baxçalarında qiymət artıb və dekabrın birindən uşağın baxçasına
qazancımın üçdə ikisini verməli olacam. Əlbəttə, mənim də seçimim var,
uşağın tərbiyəsiylə sutkada 24 saat şəxsən özüm məşğul olum, yaxud arabir
yazı-pozu eləməyi özümə icazə verim. İndi deyərsiz ki, bu uşağın bəyəm
nənəsi-zadı yoxdu ki, balasının balasına qanadının altına alıb heç olmasa
gündə bir nağıl desin? Hər şey bu qədər asan olsaydı nə vardı ki. Səhv
eləmirəmsə keçən il qərar çıxıb ki, baxçaya getməmiş uşaqları məktəbə
qəbul eləmirlər. Bu da bir absurd qadağa.
Qadağalar mövzusunda dodaqaltı deyinə-deyinə internetdə gəzişərkən maraqlı
yazılarla tetatet qaldım. Əvvəl heç inana dilmədim ki, oxuduqlarım sivil
ölkələrdə baş verir. Məsələn, Parisin meriyası şəhərin xüsusi olaraq
salınmış qumsallığında çılpaq şəkildə günəş vannası qəbul etməyi qabağan
eləyib. Üstəlik toples (yəni göbəyi bayırda qoyan köynəklər) və strinq
(bunu isə izah eləməyə lüğətim kifayət qədər deyil) geyənləri də qulaqlayıb
təxminən 48 dollar məbləğində cərimə eləyəcəklər. Meriya bunu belə izah
eləyir ki, çimərlik geyimləri insanları «çay kənarında qorxulu hərəkətlərə
təhrik eləyə bilər». Bundan sonra mənim qadağa mövzusunda isterik hiss
burulğanım yerindəcə dondu. Bizdə hes toplesə qadağa qoyan var?
Çinin xalq azadlıq ordusunda bədənində tatuajı olan cavanlar qulluq
edə bilməz. Görünməyən yerlərdə isə 3 santimetrdən artıq tatuajlar qadağandır.
Bu hələ harasıdır? Şanxaylılara bir-birinə qarğış deməyi də qadağan
eləyiblər. Bizim başımıza gəlsəydi hamımız boğulub ölərdik. Onlar dözür.
Çünki hesab eləyirlər ki, davaların əksəriyyəti elə qarğışdan başlayır.
Estoniyada evin qarşısındakı otun hündürlüyü və hətta odun qalağının
da hündürlüyünə məhdudiyyət qoyublar. Odun qalağı 3 metrdən, ot isə
25 santimetrdən hündür ola bilməz. Bu hələ azmış kimi Estoniyanın qanunvericiliyi
pəncərədən bayıra çıxarılmış predmetlər və qida məhsullarına görə də
vətəndaşları cərimələyən qanun hazırlayır. Carimə də nə az, qə çox 385
dollar həcmində. Yəni ki, küçədən baxanda pəncərələrdə yalnız çiçəklər
görünə bilər. Anlaya bilmirəm, bəyəm onların soyuducusu xarab olmur?
Norvegiyada sıldırım qayalı fyordlar (suyu dayaz, sahili dik qayalıq
olan körfəz) olmasına baxmayaraq beyscampinq (tərpənməz obyektlərdən
tullanma idmanı) qadağan olunub. Hətta bu, anti sosial və təhlükəli
elan edilib. Milli parkların tullanmağa rahat bütün çıxışlarında hər
gün keşik çəkən bir-iki nəfər gəzişir. Öz aramızdı, deyirlər ki, ekstrimal
idman həvəskarları olan norveclilər və turistlər onların gözündən sivişib
yenə də tullanırlar. İslandiyada ikicanlı pişik və itləri ölkəyə gətirmək
qadağandır. Bunu birtəhər anlamaq olar, amma bu sıraya üyüdülmüş tütün,
yaş tütün və geyilmiş paltar və ayaqqabıları da əlavə ediblər. Bəyəm
onların «sekend hənd» mağazaları işləmir? Deyirlər ki, paltar gətirmək
məcburiyyəti varsa heyvanları qorumaq məqsədilə (onlar insanlarını qoruyan
qanunları çoxdan çıxarıblar) baytar həkimin nəzarəti altında dezinfeksiya
eləməlidirlər.
Kolumbiyada küçəyə prezervativsiz çıxan bütün kişiləri və 14 yaşından
böyük yeniyetmələri cərimələyirlər. Cərimə vermək istəməyənləri isə
QİÇS infeksiyasının profilaktikası mövzusunda 3 saatlıq mərizəni dinləməyə
göndərirlər. (Qulaqlarınızı çəkin, kişilər!). Əlbəttə, biz onları heç
gür anlaya bilmərik. Üstəlik şəhərdən qıraqda böyük supermarketləri
tikməyi qadağan eləmiş yaponları da çətin ki, anlayaq. Yapon hakimlərinin
fikrincə bu, yəni dükanların şəhər mərkəzlərində tikilməsi ölkədə doğumun
faizini artıra biləcək. Yaponların demoqrayfik problemlərini belə orijinal
yolla həlli yollarının real görüntülərini canlandırmağı sizin ixtiyarınıza
buraxmalı olacam. Mənim fantaziyam kifayət eləmədi. Yapon hakimlərindən
kimsə əlimə düşsəydi qulağına pıçıldayardım ki, işığı tez-tez keçirsinlər,
bu qədər pul xərcləmək nəyə lazım. Bizdə bu praktika çoxdan tətbiq edilir.
Britaniya taksi sürücülərinə idman şalvarı geymək qadağandır. Onların
təlimatında hər gün çimmək, dezodorant işlətmək, və hər gün köynək dəyişmək
punkti da var. Onların ayaqqabıları təp-təmiz olmalıdır, qara və mavi
rəngdən başqa corab geyinməyə qadağaları da var. Bu instruksiya taksi
sürücülərinə çatdırılan kimi onla dezodorantın haqqını əlavə ödəməyi
tələb eləmişdilər. 17-ci əsrdə Türkiyədə kofe içməyə qadağa vardı, içənləri
ölüm hökmü gözəyirdi. Elə təxminən həmən əsrdə fransızlara 7 yaşından
yuxarı hər kəsə 7 funt duz işlətmək məcburiyyəti böyunlarına qoyulmuşdu.
Bu işin 300 livr cəriməsi vardı. Mən indi yavaş-yavaş fransız inqilabının
köklərini anlamağa başlayıram və bundan sonra özümüzə «səbrli xalq»
deməyə dilim gəlmir…