Kimlərə
qaldı meydan?
Yaxud sıravi jurnalistin ürəyindən keçənlər…
Atalar düz deyiblər, gündə bir şey eşitməsə adamın qulaqları uzanar.
Düşünürdüm ki, səhər əl-üzümü yuyandan sonra internetdə eşələnim, qələmimin
ucuna bəlkə bir ulduzdan-zaddan birisi ilişər. Redaksiyada məni danlayırlar
ki, belə də müəllif olar? Yerli miqyaslı ulduzlarıdan niyə tənqidi material
yazmırsan! Bıy, başıma xeyir, nə görsəm yaxşıdı, indi jurnalistlər də
oxuyacaq!? Bu yaxınlarda «Oxuyan mətbuat» adlı layihə hazırlanır. Deyirlər,
hələ unudulmamış keçmişdə duelə çağıran tək, əlcəyi rəqibin üzünə çırpmaq
tərzində jurnalistlər müğənniləri döyüşə çağıracaq. Yayın cırhacırında
əlcək nədi, bilməm? Layihənin bu detalını tapan adam yəqin hələ də 19
əsr romanlarında ilişib qalıb. Əlqərəz, əlcəyi götürdümü (Ağzı nədi
götürməsin, millətin gözü elə onlardadı. Götürməsə, mətbuat bir şivən
qopardar ki…) innən belə şou başlayacaq. Təzə-təzə jurnalistlər duelə
çağırdığı müğənnilərin repertuarını «dişinə salacaq», daha doğrusu boğazına.
İlk addımlardı, bir az fora vermək lazımdı da… Bəyəm biz müğənnilərin
hər cəfasını çəkməmişik? Amma sonra jurnalistin ayağı ki, yer aldı,
bir-iki çəpik səsi eşitdi, necə deyərlər Hüseynova bacıları kimi «öz
məharətlərini göstərəcək». Şir ürəyi yemişləri lap axırda seçdiyi müğənniylə
duet də oxuyacaq. Layihənin müəllif və prodüsseri Zaur Kamal «İnanın
mənə, iştirakçılardan bəziləri elə oxuyur ki, ulduzlar ona həsəd aparacaq»
deyib. Demək bizdən, inanmaq sizdən.
Hələ bir modnı adı olan «MARKA prodakşn» beynəlxalq prodüsser mərkəzi
qısa zamanda iştirakçıları cilalayacaq ki, birtəhər səhnədə durmağı
öyrənsinlər. Birdən Allah eləməmiş başlarına pomidor-zad atarlar. Bu
yerində məncə təşkilatçılar çoş ehtiyatlıq eləyib. Deyirsiz, cig-cig
oxumaqlardan min işarəlik reportajı bir sutkaya bəzəyən, klip təqdimatlarında
oturmaqdan şalfarını ağardan jurnalist ulduz qabağından qaçar, səhnədə
duruş gətirə bilməz? Ya da ki, ulduzlarımız səhnədə ayıb-ayıb bir ayağını
qoyub o birini götürəndə, xoruz buraxanda bizlərdən biri onlara pomidor
atıbmı, a tövbə!? Yəqin ulduzlarımız da ürəyiyumşaqlıq edib səhnəyə
çıxdıqları ilk, ürkək addımlarını xatırlayar.
Oxucu, əlini qəzetdən çəkmə ya… Deyərsən, «noolsun, oxuyanım azıydı,
biri də artdı». Layihənin duzu, istiotu ondadı ki, jurnalistlərin oxumağına
dözəndən sonra ulduzlar əlinə qələm alıb bu sahədə ozlərini sınayacaq.
Dözümlü xalqım, sənin başına nələr gələcəkmiş? Ulduzlardan kimisi şounu
aparacaq, danışmağı düz-əməlli bilməyənlərsə yazacaq. Onlar oxuyan jurnalistlərdən
müsahibə götürəcək, hələ bir fikir də söyləyəcək. İlahi, hələ eşitmişəm
ki, KİV öz səhifələrində bu yazılara yer də ayıracaq. Onlar nəinki reportaj
yapacaq, hələ bir mədəniyyətin ümdə məsələləri barədə ciddi diskusiyalar
da yaradacaqlar. Ürəyimə damıb, ulduzlarımız ömür boyu gözlədikləri,
amma heç vaxt eşitmədikləri sualları verəcək. Qorxuram. ki, qəzetimiz
onlara yer ayırsa birinci mənim köşəm zavala gələcək. Axı o, axırdan
birincidi!
Onu da eşitdim ki, Aygün, Röya, Nadir Qafarzadə artıq bu işə qol qoyublar.
Jüri də necə lazımdı həm o, həm də bu taydan seçiləcək. Eşitdiklərimin
yerdə qalanına inanmadım. Guya layihə beynəlxalq səviyyəyə çıxacaq,
hətta Türkiyə və Şotlandiya müğənniləri artıq maraq göstərib. Bu fikir
ürəyimin gizli qatlarında, hardasa 40-cı otaqda gizlədiyim arzuları
oyatdı. Özümü səhnədə, Tarkanla əlbəəl çıxış eləyən yerdə gördüm. Heç
qorxulu yuxularımda da cəsarət edib geyə bilmədiyim libasların şıx-şıxını
o qədər aydın hiss elədim ki…Oxucu, səbrini bas, uzun-uzadı yazıram
ki, seçki komissiyası məni də görüb seçsin. Mən də «yeni formatlı mədəniyyət»in
bir damlası olmaq istəyirəm! Nə vaxtacan pərəstişkarımı tanımadan, onun
gözlərinə baxmadan yaşayacam!
Bir təklifim də var. Qoy birinci dəfə oxuya bilən jurnalistlər səhnəyə
çıxsın. İkinci dəfə isə oxuya və danışa bilməyən müğənnilərlə yaza bilməyən
jurnalistlər yarışsın. Məncə bu daha maraqlı olar. Axı, heç nə bacarmayanın
dam boyda ambisiyası olur. Bizim zəmanədə hikkəsiz heç nə qazana bilməzsən.
Elə deyilmi?