|
Axmaq
suallar üzrə mütəxəssis
Yaxud yeni uçmaq üsulu
Uzaq keçmişdə, yazıları kefçün yazdığım, qonorara heç tüpürmək belə istəmədiyim
və özümü jurnalist kimi apardığım vaxtlarımda necə oldusa tanışlardan
biri özünü «cari məsələlər üzrə müdir müavini» kimi təqdim elədi. Paxıllığımdan
nəfəsim kəsildi. Bəxtəvərin balası, gör bir özünə necə iş tapıb. Onun
sahəsi üzrə bir köpəkoğlu özünü mütəxəssis adlanıb burnunu işinə soxa
bilməz. Ömrümün ən gözəl sayılacaq 16 ilini musiqinin incəliklərini öyrənib
musiqişünas rütbəsini qazanmışam. Amma gündə biri televizora çıxıb qəssab,
yaxud deputat olmasından asılı olmayaraq özünü «musiqişünas» adlandırır.
Ona görə də mənim ümumi məsələlər üzrə müdir müavininə apardığım həsəd
hissini anlayarsız. Həsəd gözəl hissmiş, ona görə də həmən dəqiqə beynimdə
mənim tutmağı arzuladığım vəzifənin konturları çəkilməyə başladı. Bu işi
təxminən belə adlandırmaq olardı: «axmaq suallar üzrə müdir köməkçisi».
Öz aramızdı belə şöbədə o qədər iş olardı ki, bəlkə də başımı qaşımağa
macal tapmazdım.
Məsələn, necə vaxtdı məni bir, çox guman ki, axmaq sual narahat eləyir:
«Yer üzündə kimə yaşamaq rahatdı?». İndiki zəmanədə lap dağın başında
yaşayanlar da ekologiya və bizim onunla pis rəftarımız haqqında hər şeyi
bilir. Zavodlar tikmişik, onlar torpağı da suyu da çirkləndirir. Avtomobillər
suruylə gəzir. Özümüz artıb-törəyib hər yeri tutmuşuq. Zəhəri torpağı
basdırırıq. Yeyib-içdiyimiz zəhəri hazırlamaqçün təbiətin təmiz məzsulunu
zay eləyir, əvəzinə çirklisini ona qaytarırırq. Kimyavi proseslərin gen
mühəndisliyilə müştərək yaratdıqlarını yeyirik. Amma elə ölkələr var ki,
heç bir sənayesi yoxdu. Yeməyə əlavələr və vitaminlər haqqında heç eşitməyiblər
də. Ana torpaq nə yetişdirdi onu da yeyirlər. Bizim tərəfdən oralara boylananda
ora cənnət kimi görünür. Bax bircə onu anlaya bilmirəm ki, sənayenin at
nədi, kentavr minib çapdığı bir ölkədə, gündüz çağı yol polisinin əleyhqazda
küçədə dayandığı torpaqlarda niyə orta həyat yaşı 80 ildi. Belə həyatdan
hamı dixlofos səpilmiş otaqda milçəklərin qırıldığı kimi çoxdan ölməliydi.
Amma gül kimi, cənnət məkanı, ekoloji təmiz Qvineye-Bisauda insanlar qırxı
keçən kimi ağsaqqal adlanır. Çünki bu yaşa hər adam salamat qalmır. Ekologiyadan
əziyyət çəkən avropalının hər min nəfərinə 10-dan az, Qvineyedə isə 120
dən artıq uşaq həlak olur? İndi bu, ilk baxışdan bəlkə də axmaq görünən
suala cavab tapmağa kişi gəzirəm. Tapdısa, gəlsin mənim şöbəmin müdiri
olsun, razıyam.
Zarafat bir yana, əlbəttə ki, bütün bunlar elmin, tibbin, sosial təminatın
inkişafından asılıdır. Balanslaşdırılmış yemək və s. insan kəşflərindən.
Amma bütün bunlara pul, imkan lazımdı. Bəs bunu hardan götürək? Sənaye
və kənd təsəvvüfatı inkişaf eləməsə pul hardan gələr ki? (Suallar adama
macal verir ki, köşəni ağıllı tonda bitirim!?). Bu məsəllər üzərində baş
sındıran ekoloqları iki kateqoriyaya ayırırlar: ağlı-başı üstündə olanlar
və əksinə. Onlardan birinciləri bir ağızdan deyir ki, dövlət güclənməli,
inrsanların rifahı artmalıdı. Əsas problem proses zamanı təbiətə zərəri
az vurmaqdı. O biriləri (lap axmaq suallar şöbəsinə yarayan işçilərdi,
vallah) deyir: neft çıxarmaq olmaz, ziyandı. Ağac kəsmək barbarlıqdı,
kağız düzəltmək, üstəlik metal əritmək az qala cinayətdi. Bir sözlə həyat
dayanmalı, bütün proseslər geriyə getməlidi. Yaxşı, bir mənə deyin görüm
biz neft çıxarmasaq və heç nə istehsal eləməsək təmizləyici qurğuları
nəyin hesabına tikməliyik? Ola bilər kimsə indi «Qubanın ağ alması» oxumaq
istəyər, Göyçayın narını, bəlkə bir Abşeronun əncir üzümünü xatırlar.
Çöllərdən biyan kökü yığarıq, (spazmanı, hirs-hikkəni yaxşı götürür),
yeri gəlsə ot ələf yığıb dolanarıq. Onda əhalinin maaş və pensiyaları
barədə xalq mahnı və əfsanələr yaranar, bunlar da dildən-dilə şifahi tərzdə
ötürülər. Təsəvvür eləyin, oxumağa o qədər yeni xalq havası olacaq ki!
Ona görə də «axmaq suallar üzrə müdir müavini» vəzifəsinə iddialı bir
şəxs kimi deyirəm: ekologiya məsələsini nefti olmayan ölkələr atıb ortaya.
Hamısı da paxıllıqdandı. Beynimizi korlayırlar ki, guya neft pisdi, sənaye
pisdi, tikinti ziyandı, çox yemək olmaz və s. axmaq iddialar. Fikir vermisiz,
son vaxtlar sufiliyə maraq artıb. Niyə? Onlara sərf eləyir ki, biz hər
şeydən imtina eləyib dərviş olub çöllərə düşək. Muğam dinləyib ayağımız
yerdən üzülsün. Amma sınanmış üsuldu. Mən bu günlərdə Alimin «Çahargah»ını
marşrutda dinləyərkən o qədər «uçdum» ki, düşəndə pulun qalığına heç gözümün
ucuyla da baxmadım. Hamı beləcə uçsa neftimiz də onlara qalacaq. Onlar
zəhərdən boğula-boğula inkişaf edəcək, bizsə muğamla, floklorla «uçacağıq»…
|
|