Oxşamışlarına oxşamışlar


Deyirəm bu xaricilər bizə heç oxşamırlar. Tənqidi baxmasan, yəni ki, dərinin, saçın rənginin, boy-buxunun fərqinə varmasan o qədər də seçilməməliyik. Amma məsələyə dərin baxsaq ciddi fərqlər adamın lap gözünə girir.
Şəhər merinin mitinqlərdə iştirakı xəbəri burda baş verə bilməzdi. Vaşinqton merini mitinqdə qabaq cərgədə getdiyinə görə həbs ediblər, sən demə. Bu yazı qəzet səhifəsi görənəcən yəqin ki, azad da ediblər. Adıçəkilən mer tabeçiliyində olan 30 məmurla birlikdə «Əlinizi şəhərimizdən çəkin» şüarını əllərinə alıb konqresin binasının qarşısında çığırışırmış. Şəhər proqramlarına ayrılan pulun kəsilməsi meriyanın hiddətinə səbəb oldu. Yəni ki, hökümətin simicliyndən şəhər bir balaca çirkli, bir balaca iyli, bir balaca da narahat olacaqmış. Şəhərimizin çirkli, iyli, tozlu və narahat olmasından bizim merin tükü də tərpənmir. Onun peşəsi mitinqlərə maneə olmaqdı.
Çexiya prezidentinin də əli əyri imiş. İndi bütün dünya Vatslav Klausun Çili səfəri zamanı müqavilə imzaladıqdan sonra qızıl qələmi cibinə qoymasının videosuna baxıb gülməkdən uğunur. Bu xaricilərin gözü niyə doymur axı. Gözütoxluğu bizdən öyrənəydilər. İndi Çili abidələrinə səyahətə gəlmiş hər çex turist prezidentinin bu hərəkətindən utanıb yerə girəcək. Deyirlər, bir neçə dəfə cəhd edilsə də Rusiyadan hələ ki, bir nəfər də qələm oğurlaya bilməyib.
Çin neçə milyonluq əhalisinə yer tapa bilmir, onları bütün dünyaya səpələyir. Amma simicliyindən 176 irili-xırdalı adasını kirayəyə verir. Nə az-nə çox 50 illik. Deməli yazıq çinlilər ən azı 50 il ayaqlarını yad ölkələrdən kəsə bilməyəcək. Niyə bizim kimi o adalarda gecəqondular tikib oraları daş hasara ala bilmirlər? Sənədsiz evləri buldozer altına verəndə vay-şivən qoparmırlar? Çox uzaqgörəndilər. Bəlkə də bu səbəbdən ərazilərindəki 100-dən artıq piramidanı gözlədib səslərin çıxarmırlar ki, piramida görmək istəyən Misirə getsin, oraları əldən-ayaqdan salsın. Bizsə olan-qalan tariximizi, abidələrimizi ağardıb turist sorağına çıxmışıq.
Misir demiş, inqilablar Misirə baha başa gəldi. İnqilabi tünlüyün nəticəsində Misir mindən artıq qədim tarixi abidəsini itirib. Deyirlər ki, muzey əşyaları ətrafda yaşayan camaatın zavalına gəlib. Çaşqınlıqdan 2 mumiyanın kəlləsini də əziblər. İndi onlar itən eksponatların siyahısını tərtib edib YUNESKO-ya veriblər. Bizdə İncəsənət muzeyindən dəyəri 6 milyona qədər qiymətləndirilmiş əşyalar yoxa çıxanda jurnalistlər bir ucdan çığırdı, amma mədəniyyət nazirimizə güldən ağır söz deyən olmadı.
Onların siyasi məhbusları da ayrı cürdü. Rusiyanın siyasi məhbusu sayılan Mixail Xodarkovski cəzasının çoxunu çəkib. Amma o, yenə də «Mən ölkəmin gələcək taleyinə etinasızam. Ona görə də Rusiya üçün düzgün saydığım dəyərlərin bərqərar olması üçün ən bahalı qiyməti verməyə hazıram» deyir. Hanı onun patriotikliyi, kamerada dəmir barmaqlıqdan tutub inqilabi mahnılar oxumağı? Niyə o, aclıq etmir, maykasının qabağına müxtəlif fotolar yapışdırmır?
Onlar əvvəl çılpaq heykəllər yapır, sonra onları geyindirməyə çalışırlar. Brüsseldəki məşhur «İşəyən oğlan» heykəlinə bu dəfə kosmosa uçuşun 50 illiyinə həsr edilmiş tədbirdə skafandr geyindirdilər. Fontandakı oğlanı 1698-ci ildən rahat buraxmır və həmişə ona nəsə geyindrirlər deyən onun artıq öz qarderobu da əmələ gəlib. Bizsə əyni başı üstündə olan bircə çadrasını atan «Azad qadın» heykəlinə hələ də erotik heykəl kimi baxırıq.
Bir qrup tələbə Rusiyanın Təhsil Nazirliyi qarşısında etiraz aksiyasında «Bağışla bizi, Qaqarin» şüarı altında yürüş keçirib. Axı normal təhsili olmayan xalq kosmosa uça bilməz. İndi onlar Təhsil Nazirliyinin apardığı reformalar nəticəsində savadsız olduqlarını anlayır, «İndi biz dəqiq bilirik ki, heç nə bilməyəcəyik!» deyir və yeni qaqarinlərin doğulmayacağına təəssüflərini açıq-aşkar bildirir. Bizsə Təhsil nazirliyimizin hər yeni reformasını ümidlə, sevinclə qarşılayrıq. Maaşları kəsilən bizim müəllimlər özlərinin də get-gedə gerilədiyini, yetişdirdiyi savadsız insanlardan da aşağı düşdüyünü anlaya bilmir.
Fransanın ticarət naziri ölkəsini bütün dünyaya tanıdan Volterin əsərinin adını məşhur dükanla səhv salsa da bundan qəti utanmır. Sarkozi zəhləsi getdiyi kitabın adını çəkən kimi hamı dükana qaçıb bu kitabı almağa tələsir. Bizim adamlar əzvay içib sağalır, onların siçanları əzvay suyu içib xərçəncə yoluxurlar. Xaricilər qalaktikalardakı planetlərin və şüurlu sivilizasiyaların sayı üstündə mübahisə edir, cibimizdəki pulların sayına görə yox. Onlar deyir ki, başqa plenetlərə çoxlu xəbərlər göndərsək kosmik yırtıcıları cəlb etmiş olarıq. Biz onda öz yırtıcılarımızı hara soxacağıq? Onlar UNO-dan hürkmüş adamların kefini açmaq, qorxudan azad edib hər şeyin yaxşılığa doğru olduğunu sübut etmək və ona dəstək olmaqçün saytlar yaradırlar. Biz yetimlərimizi doyunca yedirib onlara dünyanın o qədər də qəddar olmadığını başa sala bilmirik.
Biz çox fərqliyik. Onlar bizə qətiyyən oxşamırlar!...

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?