Çmok-çmok,
maç-maç, quc-quc
Yazının nə erotikaya, nə də Brilyant xanımın şəstlə müəlliflik hüququnu
müdafiə etdiyi mahnısına dəxli var. Sadəcə Allahın başımıza yendirdiyi
isti günlərin birində bayıra çıxmalı olmuşdum. Normal xanımların evdə
bozbaş bişirib kondisioner altında sərinləşdiyi vaxt mən notarial kantorun
isti otağında bir dəstə kişiylə (eləcə də bir dəstə qadınla) tər tökürdüm.
İnanın mənə, təsvir etdəcəyim səhnə kütləvi sevişmə səhnəsi deyildi…
Bu da bir adi haldı, kişilər qadınlarla bir-birinə sığınıb növbəyə dayanmalı
olur. Belə növbələrdə cinsi əlamətlər o qədər tez yoxa çıxır ki, kimin
kişi, kimin qadın olduğunu ayırmaq çətinləşir. Əgər 2 kvadrat metrlik
gözləmə zalında adamların sayı kritik həddə çatıb 30 nəfəri keçindən
sonra dava-dalaş baş qaldırmasaydı yəqin ki, nə arxamda, nə də qarşımdakının
cinsi məni maraqlandırmazdı. Zahiri görünüşündən kişiyə daha çox bənzəyən
birisi kişilərlə qadınların növbəsini ayırmağı təklif elədi. Deyəsən,
ona iki nəfərin yerini tutan kök qadınlarla bir növbədə dayanıb cırhacırda
tərli insan ətinə sürtünmək sərf eləmirdi. Bir də ki, növbədə 5 kişiyə
azı 15 qadın düşürdü. Ona görə də kişi və qadın növbəsini ayırmaq təklifi
kişinin dilindən səsləndi.
Nəsə inanmağım gəlmir ki, belə bir bashabas, özü də dövlət idarəsində
başqa ölkələrdə olmuş ola. Müsəlman ölkələrinin adətləri belə kütləvi
orgiya səhnələrini yaratmağı haram bilir. Bəlkə Afrika xalqlarının ən
geridə qalmış qəbilələrində belə şəraitə düşəsi olsan növbədən kimsə
basıb səni öpə bilər. Amma yenə də bəlkə deyirəm. Qaradərilərin mənəvi
bönövrələrindən xəbərim yox, ona görə də fikir yürüdə bilmərəm. Yəqin
ki, hər xalqın da öz öpüşmə mədəniyyəti var.
Sevgili olmayanların öpüşməsini sosial öpüş adlandırırlar. Yəni ki,
hər xalq bir cür öpüşür və bu qaydaları bilməsən gülünc vəziyyətə düşə
bilərsən. Məsələn, Avstriyada görüşəndə hər iki yanaqdan öpmək lazımdı.
Bizdə türk seriallarına aludə olmuş ev xanımları da indi bu sayaq, yəni
hər iki yanaqdan öpərək görüşür. Yəqin bundan sonra özlərini bir növ
müasirləşmiş kimi duyurlar. Almanlar yalnız yaxınlarıyla öpüşür, qalanlarının
əlini sıxmaqla kifayətlənirlər. İngilislərsə daha soyuqdu, öpüşü başını
yellətməklə əvəzləyirlər. Hollandiyada görüşəndə əvvəl sağ, sonra sol,
axırda isə yenə də sağ yanaqdan öpürlər. Ən sevimli qonağın payına isə
lap çox öpüş düşür. Öpüş nə qədər çox olarsa qonaq o qədər sevimli sayılır.
İspanlar lap çox öpüşcüldü. Bir balaca tanıdığı adamı basıb öpürlər.
Onun yaxınlığındakı adamlar da, qohumları da risk zonasında olur. Özü
də hər yerdə, işdə də, lap mağazada da öpüşürlər. Fransızlar da çox
öpüşəndi. Ümumiyyətlə Avropa ölkələrinin əksəriyyətində hər iki yanaqdan
öpürlər. Fransızlarsa 2 dəfə artıq, yəni 4 dəfə öpüşüb hər iki yanağı
öpüşlərə qərq edirlər. Yəqin ki, bayaq təsvir etdiyim növbəyə heç olmasa
bir fransız düşsəydi bizim kişilərin deyinməyi əvəzinə bütün qadınları,
həm də bütün kişiləri öpücüklərə qərq edərdi.
Yaponiya, Çin, Koreya və başqa şərq ölkələrində hər şey əksinədir. Yəni
ki, ictimai yerlərdə öpüşmək, hansısa hisslərini sərgiləmək qəbul edilməyib.
Yapon öpüşü adı altında tanınan öpüş belədi: bir-birinə baş əyəndən
sonra dodaqları daha da bir-birinə sıxıb sanki oğurluq edirmiş kimi,
kiminsə görməyindən narahat olurmuş kimi bir anlıq başqasının yanağına
toxunmaq. Hindistanda da öpüşməyi sevmirlər. Burada hesab edilir ki,
tüpürcəklə birgə insanlar öpüşəndə ruhlarını da mübadilə edir. Əfqanıstanda
kiminsə yanaqdan öpdüyünü görməzsən. Hərdən kişilər sol yanaqdan başlayan
üsqat öpüşlə bir-birini salamlayır. Amma əfqan qadınını küçədə kimsəylə
öpüşməyə heç nə məcbur edə bilməz. İtalyanlar sevgidə ad çıxarsalar
da yalnız çox yaxın adamlarını öpürlər, yerdə qalanı ilə qucaqlaşırlar.
Ən maraqlı öpüş tərzi eskimoslarındı. Onlar şaxtada dillərini donmaqdan
qorumaq üçün yalnız burunlarını bir-birinə sürtürlər. Kiprikləri də
tez-tez əsdirmək olar.
Notarius idarəsinni dar gözləmə salonunda hamı bir-birinə sığınsa da
öpüşmək kimsənin ağlına gəlməzdi. Özü də ağsaqqal kişilər ağbirçək qadınlarla
dava salan vaxt cavan oğlanlar yavaş-yavaş növbədən çıxıb harasa gedirdilər.
Təcrübəsizlikdən onların səbirsizlik edib getdiyini düşündüm. Amma sən
demə cavanlar haqqın yolunu tez tapırlar. Onlar salona keçib orda vasitəçilik
edən cavad oğlana 1-2 manat artıq verib kağızlarını növbədənkənar təsdiqlətdirdilər.
Bəlkə də işini bizdən tez həll edib çıxanda başı bir-birinin ətini didməklə
məşğul olan bizlərə ovcunun içindən qaynar bir öpücük də göndəriblər.
Bax bu, artıq bizim milli öpüş üsulumuzdu.