Ölü şəhər

Qorxulu filmlərdə belə olur: qəhrəman harasa qaçır. Yaman qorxur, titrəyir, biz onun darıxan nəfəsinin ritmini və ürəyinin tələsik döyüntüsünü də eşidirik. O, qaçır, tini dönür, qarşıda yenə də boş yol uzanır. Ona elə gəlir ki, irəlidəki döngəni burulan kimi axtardığını tapacaq, yolunu, istiqamətini təyin edə biləcək. Amma yenə də döngələr, dalanlar, dar küçələr. Bəs, insanlar hanı? Hamı hara yoxa çıxıb? Bu fikir filmin ən qorxulu hissəsidir. Hamı çıxıb gedib, ətrafda ins-cins yoxdu və sən bu qoca şəhərdə tək qalmısan. Elə bil şəhər ölüb…
İçərişəhərə ilk dəfə gələnlər də çox vaxt belə hisslər keçirir. Onlara elə gəlir ki, balaca, şəhərin düz mərkəzində yerləşən bir şəhərdə itəcək və heç vaxt yolu tapmayacaqlar. Hərçənd hamı da bilir ki, burda insanlar yaşayır və küçədə kimsə qarşına çıxmasa azından bir qapını döyüb yolu soruşmaq olar. İçərişəhər hələ ki, yaşayır. Burda hər gün yatıb-durub, işə tələsib, yemək bişirib, uşaqların üstünə çığırıb, qonşularla dava edənlər hələ ki var. Burda körpələr doğulur, qığıltısı ilə köhnə divarları nura boyayır. Burda hər gün sevişirlər. Burda ayrılırlar. Burda dava-dalaşlar demək olar ki, hər gün olur. Burda adam da öldürürlər, matəm mərasimində əzizlərinin canəzəsi üstiündə göz yaşı töküb saç da yolurlar. Hələ ki… Çünki kiminsə beyninə düşüb ki, İçərişəhəri burda yaşayanlardan azad eləmək lazımdı. Çünki İçərişəhər turistlərə daha çox lazımdı. İçərişəhəri öldürmək və təmir edib «mumiyalamaq» və gəlib gedənə göstərmək daha sərfəlidir.
İçərişəhərlilərə demək lazımdı ki, dədə-baba yurdundan çıxanda özlərilə xatirələri aparmasınlar. Xatirələrin yolda düşüb itmək şakəri də var. Sizə İçərişəhərdə indiki Ensiklopediyanın binası olan yerdə yaşamış ailənin həyatından bir kadr danışım. Buraları sökəndə onlara şəhərdən qıraqda, keçmiş Karl Markın heykəli tərəflərdə 3 otaqlı mənzil vermişdilər. Onlar da köçəndə ev əşyaları ilə birgə evin qapısını da özlərilə təzə evə aparmışdılar. Çünki palıd ağacından 6 metrəlik oyma qapını atıb getməyə ürəkləri gəlməmişdi. Təzə evə girən kimi bu hərəkətin mənasızlığını başa düşmüşdülər. Çünki «xruşovka» tipli evin tavanı 2,6 metr olur. Bu qapını heç uzununa da otağa salmaq mümkün olmadı, çünki otaqların heç uzunu 6 metr deyildi. Bu 6 metrlik palıddan oyma qapının sonrakı taleyini kimsə xatırlamır. Çünki binanın həyətində atılıb qalıb bir neçə ildən sonra çürüyüb heç oldu.
Düzdü, içindəki həyat dayanandan, ya da səngiyəndən sonra İçərişəhər fotolarda, xatirələrdə bir müddət yaşayacaq. Nə qədər ki, «Brilyant əl», «Amfibiya adam» kimi filmlərin plyonkaları deşilib yox olmayıb İçərişəhəri görəcəyik. Amfibiya adam hər dəfə damlardan tullananda şəxsən mən anamı xatırlayıram. Çünki o, danışırdı ki, filmi çəkərkən evin eyvanındı küncə çığınıb gizlənibmiş ki, çəkilişi öz gözlərilə görə bilsin. Öldürməmişdən əvvəl İçərişəhərin yəqin ki, şəkillərini də çəkəcəklər. Onu qara, çirkli göstərəcək, sonra mötəbər adamların qarşısına qoyub neçə də çirkin olduğunu sübuta yetirəcəklər. Sonra şəhəri ağartmağa icazə alab düşəcəklər canına. Çatlarını malalayacaq, əyriliklərini düzəldəcək və taxtalarını yonub ağardacaq, sonra lakla parıldadacaqlar. Bu bir növ qoca qarının üzündəki qırışları doldurub yanaqlarını qızartmağı, dodaqlarını al rəngdə boyamağa çox bənzəyir. Bu gözəl və gülünc görünür.
İçərişəhəri turistlərə təslim edəndən sonra yəqin ki, biz də ora girməkçün bilet almalı olacağıq. İçərişəhərdən həmişə kabab iyi gələcək. Yüzulduzlu otellərin yalnız vestibülünü bayırdan, o da ki, şüşə olsa görə biləcəyik. Əlimizi cibimizə salmağa cürətimiz çatsa gid bizə babalarımızın həyatından maraqlı faktlar danışacaq: «Baxın, burda hamam var. Keçmişdə hamamda nəinki çimir, hətta ünsiyyət qurur və qız bəyənirdilər. Bir az irəlidə məscid görəcəksiz. İndi orda namaz qılmırlar, çünki bu bina dövlət tərfindən qorunur. Bu meydan isə keçmişdə bazar olub. Dövlət tərəfindən təmir edilib təmizlənəndən sonra burda fəvvarə quraşdırılmışdır. Fəvvarə qədimi üslubdadır. Meydanın sonunda əntiq əşyalar dükanından İçərişəhərin məişətində işlənən əşyalara tamaşa edib bir şey seçib ala da biləsiniz…»
…Bizim qorxulu filmin qəhrəmanı də axırda şəhərdən bir yol tapacaq, yəqin. Qarşısındakı tum çırtlayıb yerə atan iki nəfəri görcək sevinəcək. Sonra «Brilyant əl» filmindəki kimi ayağının alına bir banan qabığı qoyub (bəlkə təmirdən sonra turistlər yerə banan atmaz deyən onu tapmaq çətin olacaq) sürüşəcək və «Çyort pobyeri» deyəcək. Hərfi tərcüməsi «Şeytana qalsın, İblisə qismət olsun» olan bu cümləni deyib ürəklərinə şeytan girmiş həris insanları qarğıyacaq. Eşidirsiz? Çyoooort pob-ye-ri! Yenə də pullar yad adamların cibində cingildəyəcək və brilyantları dəxli olmayan adamın qolundakı gipsə səriyəcəklər…




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?