Ləpədöyəndə
xərcəng də balıqdı
«Çesnoye slovo, ya yeşo malçik»
«Bizə
elə gəlir ki, yaxşı olduğumuza
görə bizi sevirlər.
Ağlımıza gətirmirik ki, bizi sevənlər
yaxşı olduğuna görə sevilirik»
L. Tolstoy
Yarımbaşlığa çıxardığım bu cümlə «Bir cənub şəhərində» filmində səslənən
kimi camaatın ağzına necə düşübsə indiyədək dillərdə əzbərdi. Hələ sevmədiyini,
azad və subay olduğunu demək istəyən qəhrəman bakirəlik anlayışına fərqli
münasibəti olan rus qızına başa salmağa çalışırdı ki, onunla nə istəsə
edə bilər (yəqin anlayırsız ki, nə mənada). Bizdə adətən qız və qadın
anlayışları çox fərqli məna verir. Qızdısa mütləq bakirə olmalıdı, qadınsa
sevişməyin nə olduğunu artıq bilməlidi. Nədənsə oğlan və kişi anlayışlarına
həmən rakursdan baxmaq qəbul olunmayıb. Toydan əvvəl heç kim adaxlısından
«Oğlansan, yoxsa kişi» deyib soruşmaz. Evlənirsə deməli özündə əmindir.
Eləcə də heç kim abırlı qızdan toydan qabaq «Qızsan, yoxsa qadın» sualını
ağlına da gətirmir. Ərə getməyə ürəklənibsə, deməli qızdır. Bəs yazıq
qızlarımız hardan bilsin ki, seçdiyi oğlan ailə saxlayacaq dərəcədə
kişidir, ya yox? Ona görə də görək təcrübəli qadınlar oğlanları kişidən
necə ayırırlar. Necə deyərlər bu məsələyə qadın gözüylə baxaq:
Oğlan bilir ki, ağlı var. Kişilərsə bu ağılnan nə edəcəyini bilir.
Oğlanlar hələ ki, (əksər hallarda) əzələlərini kifayət qədər bərkitməyiblər.
Kişilərsə (adətən) artıq qarın bağlayıblar.
Oğlanları cırnatmaq maraqlı olur. Baxarıq, görərik, bəlkə oldu, bəlkə
yox?.. Kişilərlə belə rəftar etsən atıb gedər. Hamı bilir ki, hətta
doğulanda da qız uşaqları oğlanlardan daha çox olur. O qədər tənha qadın
var ki…
Kişiyə görə hətta əzab çəkmək də xoş olur: zəng edərmi, ya etməz? Xatırlayırmı
görəsən, yoxsa unudub? Oğlan ağıllıdırsa, qadını belə zülmlərə tez sala
bilir. Kişi axmaqdırsa özü əziyyət çəkir.
Oğlanlarla məhəbbət oyunu oynamaq asandır. Kişilər hissləriylə oynamağa
imkan vermirlər. Əslində kişilərlə də oynamaq olar, əgər onun qaydalarını
qəbul etsən.
Dəyərli kişilər çoxdan «zanit»di. «Qonşu bağın meyvəsi şirin olar» deyiblər.
Yaxşı oğlanlar isə həmişə azaddır. Əgər azad deyilsə, lazım olsa sənin
üçün bir neçə saatlıq «azad» ola bilərlər.
Oğlanlar səni müəllim və yolgöstərən kimi qəbul edirlər. Həyatda da,
sevgidə də, seksdə də. Bəzər saçı-başı ağarmış kişilər də bu «uşaqlıq»larından
uzun illər qurtula bilmir. Kişilərsə sənə şagird kimi baxır. Lap pis
halda birgünlük rəfiqə kimi, amma müəllim kimi yox.
Oğlan səndən nə istədiyini dəqiq bilir. Taktı çatıb bunu dilinə gətirməsə
belə. Kişilərsə bunu necə əldə etməyin yollarını tanıyır. Onlar da bunu
dillərinə gətirməyi sevməz.
Oğlanlarla yataqda bütün «Kamasutra»nı başdan-başa səhifə-səhifə oxumaq
olar. Kişilərsə bu kitabın qızıl səhifələrindən bir neçə vərəq seçəcək.
Ola bilər cəmi 3-4 səhifəsini…
Oğlanla harda, ürəyin necə istəyir və nə istəyir, nə qədər istəyir –
eləcə ola bilərsən. Kişi ilə onun ürəyi nə, nə qədər və necə istəyir
– elə olacaqsan.
Oğlan ümid edir və düşünür. Kişi isə inanır və bilir. Bunu o, bir eşelon
qadınlarla ünsiyyətindən öyrənib.
Oğlan sənə bağlanır. Kişi isə səni özünə bağlayır. Onlardan hər ikisi
bağlanarsa buna məhəbbət deyərlər. Bu isə bizim mövzumuzdan çox uzaqdı,
mən ondan danışmırdım.
Sən oğlanların oxuduğu kitabları artıq unutmusan. Bu mövzuda danışanda
həmin duyğuları xatırlayıb hərdən gülümsəyirsən. Kişilərin oxuduqlarını
isə hələ oxumamısan. Bura sirli meşə qədər cəzbedici görünür.
Oğlanla həftədə ən azı 2 dəfə görüşməlisən, yoxsa özünə başqa rəfiqə
tapar. Kişi ilə həftədə bir dəfədən tez görüşə bilməyəcəksən. Qalan
vaxtını o, arvadının yanında keçirir.
Oğlanı klub, ya da diskotekadan çıxarmaq olmur. Kişini isə ev başmaqlarından.
Oğlan istəyir, kişi bacarır. Dərd ondadır ki, onlardın heç biri qadına
lazım olanı verməkçün barmağını tərpətmək belə istəmir. Bu da təbbidir,
axı oğlanlar böyüyüb kişi olacaq (!?).
Kimsə deyə bilər ki, qadın və kişi arasında bu boyda fərqin özü haqsızlıqdı.
Təbiətin qanununa görə qız bir günün içində qadına çevrilir. Oğlanın
isə kişiyə çevrilməsinə bəzən bir ömür yandırmaq lazım gəlir…