O dünyadan reportaj
Yaxud hamılıqla yeriniz behiştlik…


Deyirəm, adamın dili də başına bəla olarmış! Dünən redaksiyamızda eşitdiyim, yeri gəlmiş çox korrekt şəkildə soruşulmuş «Haralardasan, niyə görünmürsən?» sualına dilim dinc durmayıb «O dünyadan reportaj hazırlayıram» dedi. Dalıycan viruslarla, xəstəliklərlə, gündəlik məişətlə birhəftəlik gərgin mübarizədən, o dünyanı görüb qayıtmağımdan bir dastan söz danışdım. Dilim-dilim olasan, dilim! Reputasiyama ciddi zərər gətirməməkçün gərək o dünyalardan da yazım.
Yaddaşımın dolanbaclarında, küçələrimizdən xeyli təmiz künc-bucaqlarında eşələnib, hətta tin başında sallağı oturub da o dünya haqqında bildiklərimi yada salmağı çalışıram. Klinik ölüm keçirmişlərin danışdıqlarını həmən «brak» sayıb yararsız material kimi yaddaşımın səkisindən silirəm. Tunelin sonunda işıq, gül – çiçəkli yamacda klassik musiqi səsləri, ölənlərlə remiks görüşlər… Xeyr, bu mənnik deyil. Bu boyda yalan yaza bilmərəm. Oxuyub öyrəndiklərimdən qarmağa sala biləcəyim bir fikir o oldu, deyirlər ki, o dünyada hər şey yaşamımızdan çox fərqlidi. Hər şey tərsinə olmalıdı! Bunu da başbilənlərimiz deyir…
Yəni, bu dünyanın kasıbları, məzlumları, əzilənləri o dünyada padşah kimi yaşayacaq, hətta onu incidənlərdən də bac ala biləcək. Sizi də gülmək tutdu? Elə bilirsiz ki, hələ də nağıl oxuyuram. Əslində, nağılların o dünyası daha keşməkeşli, zülmlü, imtahanlıdı. Bu dünyaya qayıtmaqçün o dünyanı təpəgözlərdən, küpəgirən qarılardan, cadukərlərdən təmizləyib, hələ bir 40-cı otağın sirrini açıb, tayı bərabəri olmayan gözəli xilas eləyib, Simurq quşunun belinə qalxıb, yəni bir sözlə o dünyanın zir-zibilini silib-süpürüb ordan çıxa bilərsən. Odu da, oralara düşənlər bir də geri qayıtmır!..
O dünyanın darvazalarına çatanda heyfsləndim ki, özümnən fırçadan, rəngdən nəsə götürməmişəm. Yanımda olsaydı darvazanın bu tayından bir neçə buta çəkərdim ki, bizimkilər buranı da özününkü bilsin. O dünyanın kandarındaca ikili buta, hamilə buta, küsəyən butanı görən ermənilər buralardan qaçacaq. Onlar elə bilir ki, azərbaycanlılar real həyatda kabab yeyib, kef eləyib, gecə gündüz mahnı deyib rəqs elədiyindən onları burda fərli bir şey gözləyə bilməz. Axı, onlar hardan bilsin ki, biz gecə-cündüz, hətta şou əhlinə hayıl-mayıl olanda da Qarabağ dərdindən çatlayırıq. Özümüzə zülm verib pul qazanırıq ki, müəllimlərə rüşvət verə bilək, uşaqlarımıza zülm verib dərs öyrətməsinlər. Azad, xoşbəxt vətənin razı vətəndaşlarının rolunu oynamaqdan çətin bir rol bilirsizsə, sizə Nobel mükafatı düşər.
Deyim ki, oralarda şou əhli də gözümə dəymədi. Ulduzlarımızı astral kopyasını orda görmək ümidiylə qır qazanının yerini soruşanda mənə güldülər. Sən demə toy əzabları, milləti yola vermək, əyləndirmək, şad-xürrəm günündə, lap yeri gəlsə seçki kompaniyasında cəhənnəm əzabı çəkdiyindən onların yeri indidən behiştdə bronlaşdırılıb. Uzaqgörən və dərrakəli xalqım indidən o dünyasını qazanırmış, mən bunu da oralarda bildim. Yoxsa ki, özünə hörmət edən millət marşrutdakı belə təhqirlərə dözər? Yoxsa elə bilirsiz palçıq içində yaşamağı özünə rəva bilən tapılar? Hansı xalqın nəinki öz şalvarını, hətta öz uşaqlarının gələcəyini də bir parça çörəyə satmağa bu boyda ürəyi tapılar? Hamı bilir ki, bu dünya fanidir. O dünyamızı qazanaq, o dünyamızı…
O dünyada səhənnəmin yerini də soruşdum, dedilər get, heç olmasa bir gün yaxşı yaşa ki, burda sənə cəhənnəmi göstərə bilək. Ona görə də cəhənnəmi görməmiş o dünyadan yazdığım reportajımı yararsız sayıram. Oraları gəzib geri qaytmağımda israrlı olsam da redaksiyada mənə tərs baxışlarla baxıb «O dünyadan gələn üçün heç də pis görünmürsən» dedilər. Yəni ki, camaat burda informasiya cəbhəsində vuruşarkən mən fit çala-çala o dünyalarda dolaşıb kef eləmişəm?.. Təcrübəli səyyah kimi gördüklərimi bölüşəndən sonra gərək qayıdıb ardını yaşayım. Necə deyərlər o dünyalığımı qazanım gərək!..




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?