Vergili həyat
Yaxud yaşamaq üçün nələri vermək lazımdı


Ola bilər danışacaqlarımı heç özüm düşünməmişəm, onun-bunun ağzından eşitmişəm. Səhrada yaşamırıq, ətrafımız nə qədər dinməz olsa da arabir səslənir və təsadüfən düşündüklərimizi bayıra tökürük. Ezoteriklər deyir ki, ağızdan çıxan hər söz fəzada asılıb qalır və fikir aparatını işə salan vaxt təsadüfən başqasnını fikrinə tuş gəlib özününküləşdirə bilərsən. Atalarsa deyib ki, nə qədər ki, danşmamısan sən sözün ağasısan. Sözü ağzından qaçıran kimi o sənin ağana çevrilir. Sözü qızıl- gümüş kimi qiymətli metallar səviyyəsinə endirməzdən əvvəl «Bu söz bəlkə də mənimki deyil» deyərək bir növ məsuliyyəti çiyinlərimdən atırmış kimi özümü aparıram.
Müxalifyana girişdən sonra əsas məqsədə yaxınlaşmaq o qədər də asan deyil. Çünki «Xalq müxalifəti artıq unudub» ifadəsini oxuyandan sonra pozisiyalarımda nəsə dəyişiklik eləməliyəm. Mən müxalifətin süqutundan sonra xalqın müxalif olacağı bir günü gözləyən allah bəndəsi və elçi daşı üzərində oturmuş bir səyyaham. Sonunda yəqin ki, yazdıqlarımın da cavabını verməli olacam. Bu da bir cür vergidi.
Sizə vergilidi demirlərsə siz vergidən uzaq olduğunuzu düşünməyin. Biz hər şeyin vergisini artıqlamasıyla ödəyirik. Hətta bu torpaqda yaşadığımız üçün də bir cür vergi veririk. Biz səhiyyə üçün vergi ödəyirik, amma həmişə öz hesabımıza müalicə olunuruq. Burda hamının əli cibində olmalıdı, kovboyun əli pistoletinin çaxmağında olduğu kimi. Hətta çoxlarından fərqli, abırlı yerdə işlədiyindən səhiyyədə sığortası olanlar da ağız açmaqdansa əlini cibinə salmağa üstünlük verir. Çünki burda sığortalanmışların da üzünə çımxırırlar, göz süzdürürlər, nəm-nüm edirlər ki, idarənin külli miqdarda pul keçirməsinə baxmayaraq xəstə öz hesabına canına qulluq eləsin.
Biz təhsilimiz üçün də vergi ödəyirik. Amma yenə də uşaqlarımızı pulla oxuduruq. Əvvəl məktəbdə müəllim tuturuq, sonra imtahanlardan normal bal yığsa da pullu təhsilə düşən uşağımızın təhsil haqqını veririk, sonra isə göz qırpımında uçan təhsil illərində həmin uşağı işə düzəltmək üçün pul toplayırıq. O uşaq işə düzəlib simvolik maaş alacaq və həmin o maaşından vergilərini ödəyəcək. Biz polisin, məhkəmələrin də vergisini ödəyirik. Amma bizi kimsə müdafiə etmir. Cinayətkarların artdığı, canini normal adamdan ayırmağın çətin olduğu zamanda elə bil ki, cinayətkarla təkbətək qalmışıq. Suda boğulmağı elə suda boğulanın öz şəxsi işidir.
Biz MKİS idarəsinə hər ay vergi ödəyirik. Amma evlərimizdə rahat yaşayam bilmirik. Su gəlsə də sənin problemindi, gəlməsə də. Zibil daşanda da sən günahkarsan, daşmayanda da. «Bura niyə çirklidi?» sözünü xadiməyə deməyə ürək eləsən başına çımxırar ki, «Atana borcum var bəlkə, dalınızca yığışdırın». Biz yeni tikilən yolların da, körpülərin də haqqını veririk. Amma onlar nədənsə elə onu tikdirənin zamanında dağılmağa başlayır. Yolları tikənlər bizim səkilərimizi söküb çıxır və gedirlər. Yola çıxmağa məcbur olursan, polis o biri tərəfdən fitləyir ki, qaydanı pozmusan. Yeraltı yollardan istifadə etmək çətindi, çünki eskalatorlar birtərəfli işləyir. Amma yeraltı yola düşməyəndə yenə də polis bizi cərimələyir. Eskalatorun nazaslığına cavab verəni, onu korlayanı, pis quraşdıranı, işığını, lampasını oğurlayıb evinə aparanı, qaranlıqda bizə hücum edən canini yox, bir tək səni.
Biz yeməyə də pul veririk. Alıb gətiririk, amma aldıqlarımızın çoxu yeyiləsi deyil. Ya o qədər dərmanlanıb ki, səhərə qalıb qaralır. Ya da gen səviyyəsində o qədər dəyişdirilib xarab olmaq bilmir. İndi almanı, pomidoru soyuducuda həftələrlə saxlayıb onun korlanmasını gözləyən çoxlu evdar xanımlar əmələ gəlib. Biz yaşamaq üçün var-yoxumuzu veririk, amma adam kimi yaşamırıq. Bu adi, sadə, heç nəyi ilə fərqlənməyən həyatımız üçün əlimiz pulla oynamalıdı. Uşaq böyütmək də pul isətəyir, yaradıcılıq, elmlə məşğul olmaq da. İctimai fəaliyyəti isə maddi tərəfdə müstəqil və təminatlı insan özünə icazə verə bilər.
Bu bir növ palatka toyunda kasıbın var-yoxunu şabaşa atması səhnəsinə bənzəyir. Onsuz da səhər duranda hamı dünən necə idisə o cür də yaşayacaq. Dünəni o çarpayıda uzanıb qalıbsa da belədi, at kimi ora-bura çapıbsa da. Nağıllarda qəhrəman meşədə quldura rast gələndə «Pul kisəsi, yoxsa həyatın» hədəsini eşidir. Verməyə bir şey tapsa nağıl davam edir, tapmasa bu yerində göydən üç alma düşür. Fikir verin, alma da göydən nağılın ortasında düşmür.
Müxalifətini unudan xalq bir gün dillənsə, acından və xəstəliklərdən ölənləri müxalifəti heç cür unuda bilməyənlərin gözünə soxsa yəqin ki, cavabında «İnsanın ölməsi təbii prosesdir» kimi müdrik kəlamı eşidəcək. Öz aramızdı, dinməz söyləməz vergisini ödəyən xalq arabir xımır-xımır dillənib günahkarlar arayır. Bu fikirlər fəzaya süzülüb orda yırğalanaraq müxalifət olmayanları da rahat yaşamağa qoymur…





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?