Millilikmi?
Yaxud nağıllarda ilişib qalmış azərbaycanllar
Uşaqlarımızın dərsliklərinə, sinifdən xaric oxu kitablarına baxanda
ürəyim ağrayır. Elə bil, bütün dünya xalqları qırılıb və yer üzündə
çatmaqaş azərbaycanlılar və onların nağılları qalıb. Tutu hələ də topu
tutur, oxumağa gəlincə «Cücələrim»dən başqa mahnı tapılmır. Nədənsə
hamı həyatı bütün dünya nağıllarından öyrənir, bizimkilərsə yalnız öz
nağllırımızdan və yalnız öz mahnılarımızdan.
Buna millilik demirlər. Əgər uşağın yaddaşında «Keçi» haqqında şeirdən
başqa heç nə yoxdursa, ağzını açıb bir ağız mahnı deyəndə türk sevgi
şarkılarından oxuyursa, pianoda tryuk kimi üstəlik «Cücələrim»in ilk
xanələrini tıqqıldadırsa onu artıq intellektual adlandırırıq. Bu səhnələri
müşahidə edən valideyn yəqin ki, hər dəfə dəsmalın qırağıyla sevinc
yaşlarını silir və deməyə söz tapmır. Amma xəritədə yerimiz az qala
mərkəzdədir. Bir yanımız Avropaya, o biri yanımız Asiyaya söykənir.
Azərbaycanlı balası rəngarəng nağıl kitablarına həsrətdi. Satışda olanlarda
nağıl personajlarından qadınlar kəlağayıda, uzun, qırçınlı tumanda,
kişilər çuxada, uşaqlarsa buxara papaqda və hamısı sadəlöhv, bir az
da küt baxışlıdır. Bu, həmişə belə olub. Sovet zamanında millilik nümayiş
edəndə də, quruluşdan qurtulub müstəqil olanda da. O vaxtın kitablarından
Lenin, Stalin və sair lazımsız adamlar haqqında şeirlərlə bərabər dünya
xalqlarının nağılları, şeirləri və mahnılarını da çıxardılar. Prosesin
adını özünə qayıdış, ya da milli mentalitetə uyğun dərsliklər yaratmaq
cəhdi qoydular. Boşluğu bizim öz yerli «mal»larla, keyfiyyətdə müqayisə
edilməz dərəcədə aşağı şeirlər, mətnlər, hekayələr və yadda qalmayan
melodiyalarla doldurdular.
Kim deyir ki, nağıllar inkişaf etmir? Rusiyada ikinci sinfin sinifdən
xaric oxu kitabında Qurd Qırmızıpapağa təklif edir ki, soyunub onunla
bir yatağa girsin. Deyərsiz ki, Şarl Perro belə yazmamışdı! Bu fransız
nağılının təhrifidir. Bu mövzunu müzakirə edən bloqqerlərin diliylə
desək «Zaman necədirsə, maarifçilik də o cürdür». Əlbəttə, striptizli
nağıl uşaq psixikasında lazımsız izlər qoyar. Əslində biz tanıdığımız
Qırmızıpapaq nağılı orijinalda dəhşətli dərəcədə qəddardır. Burda qurd
nənəni yeməmişdən əvvəl bişirir, qanından isə içki hazırlayır. Bu yeməyi
Qırmızıpapağa təklif edəndə onu xəbərdar etmək istəyən pişiyi taxta
başmaqla vurub öldürür. Sonra Qırmızıpapağa soyunub yatağa girməyi və
paltarlarını oda atıb yandırmağı təklif edir. Yalnız yatağa girəndən
sonra Qırmızıpapaq nəsə duyuq düşməyə başlayır. Nağılın sonunda qəhrəman
şübhələr içində ölür və «həppi end» olmur. Heç kim qurdun qarnını yortıb
onların ordan çıxarmır.
Yatmış gözəl barədə nağıl da güclü redaktəyə uğrayıb. Orijinalda şahzadə
qız 100 il yatmalı idi. Ayılacağı gün təsadüfən orda peyda olan ağ plaşlı
oğlanın gəlişiylə onun problemləri başlayır. Onlar təntənəli toy düzənləmir,
gizlincə kilsədə nikah kəsdirirlər və 2 uşaqları doğulur. Sonra onun
adamyeyən qaynanası gəlini və nəvələrinin dadına baxmaq istəyir. Evin
mehtəri onların halına acıyıb adamyeyənə adam əti yerinə at əti vetməsəydi
şahzadə elə yuxuya gedərdi ki, onu öpüşlə oyatmaq mümkün olmazdı.
Qrimm qardaşlarının «Zoluşka» nağılında da qanlı səhhnələr var. Ayaqqabını
ayağına keçirməkçün bacılardan biri baş barmağını kəsir, amma qan ləkələri
onun sirrini açır. Zoluşkanın toyunda isə göyənçinlər bacıları kor edir
və bu toyun gedişatına təsir göstərmir.
3 ayı nağılının biz rus variantını bilirik, amma nağıl qədim ingilis
nağılıdır. Orda «Maşenka» əvəzinə dilənci qarıdır. O, tanımadığı evə
soxulub ayıların yeməklərini yeyir, yataqlarında yatır. Ev səhibi gələndə
isə pəncərədən tullanıb qaçır. Nağılın Kanada versiyasına görə kaskadyor
nənəni ayılar tapıb hasarın millərinə keçirirlər.
Onsuz da uşaqlarımız Cırtdanı avtoritet saymır. Analoji situasiyaya
düşəsi olsalar Ben Ten kimi davranar, tullanıb divin çənəsinə bir təpik
çəkər, sonra transformer kimi görkəmini dəyişib lazer buraxar, elə nərə
çəkər ki, divin qorxudan bağrı çatlayar və ölər. Sonra onlar hamılıqla
uçan maşina minib evlərinə qayıdarlar və cığırın başında işıq yanmasına,
ya da it hürməsinə fikir də verməzlər.
Deməli bizim tanıdığımız nağılların əksəriyyəti güclü redaktə olunub.
Onsuz da nağıllar həmişə gözəllik və çirkinliyin qovşağında və bu iki
qüvvənin rəqabəti şəraitində yaranıb. Burda həmişə erotika da, qanlı
döyüş səhnələri də, zorakılıq və göy yaşları da olub. Çünki nağıl dünyanı
olduğu kimi əks edə bilən jarnlardan biridir. Keçmişin nağılları bu
günün uşaqlarına yaramırsa bəlkə yeniləri yaranmalıdır? Amma qorxuram
ki, dünya xalqlarının personajları da milli «redaktədən» sonra bizim
televiziya «qəhrəmanlarımız» kimi məthnamələr oxumağa başlar...