Bir
nəslin müharibəsi
Ehtiraslarına sahib ol. Onlar ram edilməsə
hakim olurlar.
Qoratsiy
İnsan üçün ən yaxşı qələbə özünü ram etməkdir.
Özünə uduzmaq lap utandırıcı olar.
Platon
Bu günlərdə anam yaşında olan qadınların kumiri, gözəl kişi simvolu
sayılan aktyor Tixonov dünyasını dəyişdi. Onu əksəriyyəti «Baharın 17
anı» filmindən daha yaxşı tanıyır. Adını bilməyənlər ona sadəcə Ştirlits
deyir. Keçən həftə sonu elə bil ki, bütün Rusiya kanalları nostaljiyə
düşüb hər yerdə mərhum aktyordan danışır, onun keçmiş müsahibələrini
verirdi. Televizora güclü baxan deyiləm, amma işıqlı qutunun qarşısından
hər dəfə keçəndə Tixonov elə bil ki, mənimçün eyni cümləni təkrarlayırdı.
Ola bilər ki, ona müharibədən, ya da qəhrəmanı olduğu filmin illər uzunu
uğuru barədə sual vermişdilər. Ya da ki, sülh zamanında müharibə haqqında
filmin qəhrəmanının belə sevilməsi səbəbi ilə maraqlanmışdılar. Tixonov
isə qısa, amma çox emosional bir cavab vermişdi: «Hər nəslin öz müharibəsi
var». Verilişə baxsaydım bəlkə də bilərdim ki, bu cümlənin arxasındakı
fikir hansıdı. Ona görə beynimə pərçimlənmiş cümlənin yaranış səbəbini
uydurmalı oldum. Gümlənin arxasındakı fikir mənə daha maraqlı gəldi.
Daha sonra özümdən soruşmalı oldum: Bizdəmi hələ də vuruşuruq? Bizim
nəsil də müharibə iştirakçısıdırmı? Bəs biz nə uğrunda vuruşuruq? Ştirlitsin
nəsli faşizmlə vuruşurdu. Onlar faşizm üzərində qələbə çaldılar və milyonlarla
insanın məhvinə baxmayaraq bununla fəxr eləməyə haqqları çatır. Verilən
qurbanlar hədər deyildi. Çünki sağ qalanlar cəmiyyəti yerdən qaldıra
bildi. 2-ci dünya savaşında lap uşaq olanlar sənətdə 60-cılar fenomenini
yaratdılar. Aclıq, ölüm, yetimlik, çarəsizlik görmüş uşaqlar özündə
güc tapıb yeni cərəyana hamını qoşdular. Onlar aclıq və müharibədən
yazmadılar, onlar həyat eşqindən, sevgidən, azadlıqdan yazıb özlərini
təsdiqləyə bildilər. İndi evdəki uşaqlarımızın bir balaca vitamini az
düşəndə iki günə rəngləri solub xəstəhal olurlar. Bəs görəsən yavan
çörəyi marçıldada-marçıldada yeyən cocuq yenilik yaradıb dalıyca adamları
aparmağa gücü özündə necə tapırdı?
Cəmiyyətdə verdiyimiz qurbanlar sübut edir ki, biz də vuruşuruq. Bu
müharibəni elan eləməyiblər. Onun sərhədləri, qoşunu, strateqiyası,
cəbhə zolağı yoxdu. Burda «bizimkilə»i «düşmən»lərdən ayırmaq demək
olan ki, mümkün deyil. Amma haqqı tapdalayan kimi zərbə sənə dəyir.
Çünki haqq uğrunda vuruşanlar, buna can qoyanlar var. Paradoksdu, amma
bizim nəsil xoş söz uğrunda vuruşur. Bir xeyirxah baxışda öz qələbəsini
görür. Biz mərhəmətə görə bir-birimizi didirik. Avtobusda yer verməyən
uşağı az qala tapdaq altına salırıq ki, qocaya hörmət eləmədi. Namazın
nurunu görmüş insan başqasının bir səhv addımına görə elə təkəbbür nümayiş
edir ki, ağzın açıla qalır. Ya da bir cümlə yanlışlığına görə əlində
imkan olsa onu Allahdan ayırmaq fitvası verər. İndi dava çörək davası
deyil. Bizim elə kamil silahlarımız var ki, onunla bütün Yer kürəsini
yerindən qoparmaq olar. Fikirin gücü atom bombasından da güclüdü. Bunu
ki, bilirik, çünki həm də savadlıyıq. Bizim müharibədə nizələr və oxlar,
patlayıcı silahlar işlədilmir. Biz nəzərlə göz çıxardırıq, niyyətlə
partladırıq, arzu-kamla hər şeyi göyə sovura bilirik. İndi müharibə
və mübarizə arasındakı sərhədlər itib. Ona görə də hamı döyüş meydanındadır.
Zərbə dəyəndə hamıya dəyir. Xeyirxahlıq uğrunda səlib yürüşünə çıxmazlar.
Çünki bütün müharibə bayraqları qırmızı olur, yəni qan rəngində. Qırmızı
fonda bayrağın üstündə hansı simvolun dayanacağının o qədər da fərqi
yoxdur. Orda skilet kəlləsi, ağ göyərçin şəkli də ola bilər.
Heç kim özünü aldatmasın ki, guya azadlıq uğrunda vuruşur. Müharibə
haqlı və haqsız olmur. Müharibə varsa qurbanları da var, döyüşdə şikəst
olmuşları, psixikası pozulub «kantujen» olanları da. Qarabağ uğrunda
savaşı biz uduzduq, lap torpaqları döyüşsüz geri qaytarsalar belə. Çünki
qaçqınımızı yola verə bilmədik, ona ayrılmış vəsaiti yeyib dağıtdıq
və ona imkan verdik ki, Vətənin dalıyca danışsın. Onları Vətəni sevməyə
qoymadıq, uyğunlaşmağa imkan yaratmadıq, xeyirxahlığı əllərindən aldıq
və onların sevgi payından kəsdik. Əvəzində onlar əlinə keçəni talan
elədi, gözünə dəyəni zəbt edib halal-haramı bir-birinə qatıb bizə də
meydan oxudu.
Mən dünyanın gözəl nemətlərinə görə heç kimlə, nəinki yadla, heç özümlə
də dalaşmaq istəmirəm! Bəs siz necə?