Kişinin
malı göz qabağında olar!
Yaxud böyük səhnəyə aparan yollar haralardan keçir
Necə oldusa tanışlarımdan birinin yanında bir melodiya mızıldandım.
Buna el arasında zümzümə deyərlər. Qayıtdı ki, «Yaxşı səsin var, niyə
oxumursan? İndi səhnədə at çapanlardan nəyin əskikdi ki?». Mənsə dilimi
dişimin arasında dinc saxlaya bilməyib «Boşanmaq fikrim yoxdu, qardaş»
dedim. Evli adamın səhnədə nə işi var? Getsin bozbaşını bişirsin, şorbasını
qaynatsın. Səhnənin öz bozbaş müğənniləri də, şorba bulayanları da var.
Amma ürəkdi də, arzulamasın neynəsin. Təsadüfən kiminsə ağzından çıxmış
söz ürəyimdə yer eləyib. Mənim həqiqətən də onlardan nəyim əskikdi?
O vaxtdan bəri səhnəyə aparan keşməkeşli yol elə hey gözümün qabağında
uzanıb gedir.
Tutalım, qulaqlara qurğuşun, tam sərbəstəm, əlimə- ayağıma dolaşanım
yoxdu. Balağını başına çəkmiş, küçələrdə tüğyan edən 15 yaşlı qızlar
mənə rəqim ola bilməzlər. Bu mahnını bir işi var ki, onu sözlə oxuyurlar.
Bu «balacalara» məktəb deyəndə əlifba bayramında ağ bantda şer deməyindən
başqa heç nə xəyalına gəlmir. Mahnı oxumaq asan məsələ deyil. Yubkanın
qısaltmağı elə mən özüm də bacarıram. Nadir Qafarzadənin sözü olmasın,
adama sponsor lazımdı. Qadınlarla dolu səhnəmizə ilk, ürkək addımlarını
atanda o, az qala ağlayaraq deyirdi ki, bizdə yalnız qadınlar irəli
gedə bilir, bəs kişilər necə olsun?! Fikir verirsiz, son vaxtlar daha
şikayət səsi gəlmir. Ürəyimə damıb, ona da sponsor tapıldı deyəsən.
İmkan tapıb onunla məsləhətləşərəm.
Bir nömrəli problem şlyaqer ola biləcək mahnını tapmaqdı. Keyfiyyətli
əsər nüfuzlu şəxs tərəfindən sifariş verilməlidir ki, bəstəkar bu işə
məsuliyyətli yanaşsın. Öz aramızdı, musiqi tariximizdə ən yaxşı mahnılar
müğənniyə sidq ürəkdən ithaf və hədiyyə edilmiş musiqilərdi. Aydın məsələdi,
bəyəm bəstəkar kişi deyil? Sponsorun gördüyünü o da görmür? Amma musiqi
tariximiz bu barədə cinayətkarcasına susur. Məncə sözləri yazan şairin
tapılması da heç problem olmaz. Mürəkkəbi hələ qurumamış şerlərini əlində
tutub ithaf eləməyə adam gəzən bir şair qarşısında əlçatan gözəlliyi
görsə tab gətirə bilər? Mahnı tapıldısa, onu yazdırıb səsləndirmək su
içim kimi bir şeydi. Studiyalar, radiostansiyalar, maşallah-namxuda
zığ vurur «spesialist» və «professionallarla». Elə bil bu məsələdə hər
şey ölçülüb, biçilib. Lap tənlik kimi səslənir: mahnı yaradan kişilərin
sayı onu oxuyan qadın müğənnilərin sayına düz mütənasibdi.
Başqa bir mütənasiblik də odur ki, oxuyan qadınların sayı pullanan kişilərin
sayından asılıdı. Atalar məsəli var: «Hər yığan adamın bir dağıdanı
olmalıdı». Kişilərimiz də ki, adamı yarı yolda atannardan deyil. Qadın
zəhləsini tökdümü, mütləq pullu-paralı bir yerə düzəldəcək ki, başını
dolandırsın. Səhnədən yaxşı nə ola bilər? Bir növ həmişə gözünün qabağındadı.
Mahnı yazmaq və mahnı oxumaq günün nəbzini tutmaq kimi bir şeydi. 19-cu
əsrdə kişilər şer, romanlar yazar, qadınlarsa hayıl-mayıl olub onlara
qulaq asardılar. Peşəsindən asılı olmayaraq indi əksəriyyəti mahnı yazır.
Mahnını seçib-sevdiyi müğənniyə verir, işbirliyi alınarsa çoxlu mahnılar
yaranarsa, yaradıcılıq gecələri keçirilir. Bu, xalqın rifahının bir
növ göstəricisidir.
Qadın oxuyursa, deməli onun həyatında hər şey yaxşıdı. Fikrinizə səhnəyə
oxuyanda ağlayan Rubaba Muradova gəlməsin. O vaxtlar demirlilər, indilərdə
bilirik ki, nakam, cavabsız məhəbbəti varmış. Mənnən olsaydı «Niyami»
metrosunun yaxınlığındakı çadrasını başından atan atan qadın heykəlinin
yerinə bütün komplekslərini üstündən tullamış mikrafonlu qadın heykəlini
qoyardım. Cəmiyyətdə çadrasını atmış qadın haqqında biədəb sözlər də
deyənlər var. Guya o dövrdə çadra atmaq alt paltarını başının üstündə
yelləmək kimi bir şey idi. Amma elə həmin o cəmiyyətdə oxuyan qadınlara
münasibət çox yaxşıdı.
Bu məsələdə bir problem var. Oralar yaman tünnükdü, səhnəni deyirəm,
mənimsə tərs kimi uşaqlıqdan bəri kütlədən qorxmaq fobiyam var. Elə
bilirəm ayaq altında qalacam. Allah heç kimi arxasız qoymasın. Odur
ki, mənimki başda olmaqnan, kişilər, özümü hamınıza tuturam: «Arvadlarınızı
bərk-bərk tutun!». Bilmirəm hansı xalqın məsəlidi, amma güclü deyilib:
«Əgər qadın bir şey istəyirsə ona mütləq vermək lazımdı. Yoxsa özü götürəcək».