İncəsənət
zorakılıq vasitəsidir!
Bütün dünya teatrdır, bizsə klounada (bəlkə də absurd) teatrının
aktyorları…
Keçən bazar Gənc Tamaşaçılar Teatrında Otello həmişəki kimi Dezdemonasını
boğub öldürürdü. Yox, əvvəl sevirdi, hisslərindən uçunurdu, sonra nədənsə
axmaqlıq tutması tutdu və Yaqonun sözlərinə uydu. Qısqanmağa başladı,
müasir dillə desək dərisinin rəngindən natamamlıq komplesi yarandı,
axırda da Dezdemonanın «əxlaqsızlığının» dünayaya ziyan vuracağından
qorxub onu boğub öldürdü.
Məşhur «Yatmazdan əvvəl dua etmisənmi?» cümləsini deyəndə artıq o, sevdiyi
insanın taleyini yox, babasının nənəsinə, nənəsinin atasına, atasının
anasına verdiyi və ona miras, yadigar qalmış yaylığı düşünürdü. Elə
bilirsiz bunları mən teatrın səhnəsində görüb bilmişəm? Xeyr, siz teatrlarımızın
aktyorlarının diksiyasını 1-2 dəfə eşitsəydiz belə gülünc iddialar irəli
sürməzdiz. Nəinki mən, hətta ən iti danışan adam, eləcə də ən iti qulaqlar
belə aktyorlarımızın sürətli nitqini anlaya bilməzdi. Qınamalı deyil,
tamaşanın rejisyoru, köməkçisi də başqa millətdən idi. Yəqin azərbaycanca
iki kəlməni ardıcıl deyə bilməyən mütəxəssislərin azərbaycan dili barədə
düşüncələri belədir. Yaxşı ki, Otellonun, Yaqonun, Dezdemonanın kimliyini
bilirdim. Sonuncu sıradan səhnəyə baxanda adama elə gəlirdi ki, bu incəsənət
yox, adı bilinməyən bir zorakılıq aktıdır. Özü də bilet alıb içəri keçəndən
sonra…
İndi deyərsiz ki, cinayətkarlar zorakılıq eləyər, uzaqbaşı polislər.
Sənətkarın zorakılığı nə dəxli var? Sənətlərin diktatura zamanında,
xalqın çörək və əyləncə tələb etdiyi dövrlərdə çiçəklənməsi buna sübut
deyilmi? Rusiyada Ural ətrafı şəhərlərin birində polislər üçün yeni
qaydalar tətbiq edilib. Təsəvvür edirsiz, içib küçədə dava salan bir
qrup cavanlara yaxınlaşan polis hamletsayağı «To be or not to be?» (Olum,
ya ölüm?) soruşandan sonra «dubinka»sını işə salır. Ya da yol polisi
küçədə birisini vurub şikəst etmiş sürücü qadından lap Otello kimi «Yatmazdan
əvvəl dua etmişdinmi?» soruşur. Bu zarafat deyil. Həqiqətən də martın
1-dən etibarən başbilən müdirlərin əmrinə görə hər polis işçisi özünə
dəftər tutmalıdır. Bu dəftərdə teatr, muzey, kinoya səfərlərdən sonra
qeydlər və təssüratlar yazılmalıdır. Müdiriyyət söz verib ki, dəftərləri
vaxtaşırı yığıb yoxlayacaq, bəlkə qiymət də yazacaq. Dəftərə nəinki
təəssürat yazılmalı, hətta biletlər də yapışdırılmalıdır. Özü də polis
teatra tək getməməlidir, ailəsini də aparmalı, sonra onların da təssüratını
dəftərə köçürməlidir. Rusiyanın başqa şəhərləri də bu təcrübədən yararlanmaq
fikrindədir. Təbdirin adını «DİN-in reforması» qoyublar. 80 saylı qərarda
yazılıb ki, işçilərin mənəvi-psixoloji təminatı üçün belə radikal vasitələrə
əl atmalı olublar. Bu reformadan artıq narazılar var. Maaşının azlığından
şikayətlənən rusiyalı polislər (onlar hələ də milisdirlər) bilmir ki,
qarnılarına çörək alıb yesinlər, yoxsa teatra getsinlər. Onlardan zirəkləri
artıq təbdir də töküb teatrın qarşısında yerə atılan cırıq biletləri
yığıb dəftərə yapışdıraraq müdirlərini aldadırlar. Görürsüz, polisin
öhdəsindən yalnız sənət gələ bilər.
Sənətin zorakılıq vasitəsi olmasını sübut edən başqa bir fakt: Britaniyada
Kent karllığının Dartford şəhərində klassik musiqinin köməyilə yeraltı
keçidlərdə divar yazılarının sayını azaltmağa nail olublar. Burada səscügləndiricilər
vasitəsilə fasiləsiz şəkildə Qustav Malerin simfoniyaları səsləndirilir.
Bu musiqi hava qaralan kimi keçidi pis günə qoyan cavan qraffitistlərin
(divarları sprey rənglərlə bəzəyən uşaqlara belə deyirlər) zövqünə uyğun
deyil. Nə qədər ki, bu musiqi keçiddə səslənir onlar burada toplaşmaq,
hətta divarları yazmaq istəmirlər. Amma şəhərin başqa sakinləri klassik
musiqi sədaları altında özünü təhlükəsiz hiss etməyə başlayıb. Dartfordun
meriyası gələcəkdə proqrama Mosart, Hendel və başqa bəstəkarların əsərlərini
salmağı da düşünür. Qraffitistlərin də xətrinə çox dəyməyiblər. Onlara
qonşuluqda yerləşən Skeyt parkı rəngləmək təklif edilib. Qonşuluqda
olan Nortflit şəhərində də cavanları mağazaların qarşısından klassik
musiqi ilə qovalayırlar. Blekbern və Bernli şəhərlərində, eləcə də Yeni
Zellandiyada bu təcrübə artıq həyata keçirilməyə başlayıb.
Xatırlayırsızsa, bizdə də matəm günlərində güləyən xalqımızın dodaqlarını
qulağının dibindən yığışdırmaş üçün televizorda fasiləsiz klassik musiqi
verilir. Hələ ki, bundan feyziyab olan adam görməmişəm. Sənət böyük
qüvvədir! Millət, xüsusilə də polislər, özünüzü yaxşı aparın. Yoxsa
sizi də teatra göndərərlər! Gedib Otellonun xırıltılarına, Dezdemonanın
çığırtılarına baxmalı olarsız. Heç olmasa Yaqonun əlinə butafor bıçaq
verəydilər. Yoxsa hamını barmağıyla öldürürdü…