Güllü
günlər
8 martı canımıza salan Klara Setkinin 70 illik yubileyində ondan «Neçə
yaşınız tamam oldu?» soruşanlara deyirdi ki, «Cəmi 50 yaşım var». Elə
bilirsiz ki, ömrünü küçə mitinqlərində keçirən, inqilab eşqilə yaşamaqdan
insani eşqdən məhrum olmuş bu qadın yaşını gizlədib naz-qəmzə edirmiş?
Ya da ki, yağlı yeməkdən 50-dən sonra ağlını itərən azərbaycanlıların
əksəriyyəti kimi sklerozdan əziyyət çəkirdi? Əsla yox. Dahi inqilabçı
deyirmiş: «Bir ingilis şairi yazırdı ki, mən əslində sevgilimi tanıdığım
günü dünyaya gəlmişəm. Mənimsə sevgilim alman fəhlə sinfi olub. Onu
mən 20 yaşımda tanımışam. Deməli mənim cəmi 50 yaşım var».
Bundan sonra inanıram ki, hər kəs özünə «Görən mənim neçə yaşım var?»
sualını mütləq verəcək. Belə suallar adamı ad günü ərəfəsində xüsusilə
narahat edir. Dost-tanışlarım da bilir ki, bu günlərdə mənim də ayaq
üstə qırxım çıxdı. Buğa bürcündən olanların da bir zəif yeri var: onlar
elə bilir ki, bütün dünya onların başına fırlanır. Elə həmin səbəbdən
hər il keçən gül bayramını və bütün təbrikləri öz ünanıma yazıram. Bu
ilki sel-su daşmasını, leysan yağışların da «Su aydınlıqdı» deyib məhs
mənimçün yağdığını düşünürəm. Bu il üstəlik mənim ad günümdə hamıya
«otqul» da vermişdilər. Ölmürük, «otqul» alıb «proqul» eləməkçün? Onsuz
da həmən gün «otqul» verməsəydilər «proqul» edəcəkdik. Heç insafdımı
belə gözəllikləri göznən görməyək? Zəhmət çəkiblər, düzəldiblər, gətirib
yerləşdiriblər, məktəblərdən, idarələrdən adambaşına pul yığıblar (ağzımız
nədi verməyək?). Bu proqul gününü rəsmiləşdirsəydilər, lap yaxşı olardı.
Məsələn, İngiltərədə fevralın 1-i «proqul günü», yəni işdən yayınanların
günü sayılır. Bu il «Employment Law Advisory Services»in apardığı tədqiqata
əsasən 350 min adam həmən gün işdən yayınacaqmış. Həmən agentlik geyir
ki, işçilər keçmişdə işə gəlmək istəməyəndə zəng edib ya icazə alır,
ya da heç olmasa xəstə olduqlarını yalandan olsa da deyirdilər. İndi
onlar qudurub, gəlməyəcəklərini elektron poçtla göndərir, ya da məktub
şəklində xəbərdarlıq edirlər. Guya ki, müdiri yalanı gözün içindən oxumaq
ləzzətindən məhrum edəndən sonra heç kim onların yalanından xəbər tutmayacaqmış.
Bələ işdən yayınmalar ölkəyə 30 milyon funt sterlinqə (təxminən 48 milyon
dollara) başa gəlir. Bizim iqtisadçılar bilər, bizim «proqul»larımız
ölkəyə neçəyə başa gələr, bu mənlik deyil. Amma mən bu bayrama bir səbəbdən
mütləq gəlməliydim. Öz müdirimi qoluna qırmızı bağlatdırıb işlətdiklərini
gözlərimlə görməliydim. Bakı kəndlərində palatka toylarında belə adamlara
«sərpayı» deyilir. O, ev yiyəsinin yaxın adamlarından seçilir. Onun
əlinə bir çubuq verirlər ki, oynamaq istəməyənləri qovlayıb ortalığa
atsın və arabir uşaq-muşağı mağardan çıxarsın. Bashabas olmasaydı ona
yaxınlaşıb təskinlik verərdim ki, cəmi bir gün olan şeydi, qabaqda o
qədər iclaslarımız olacaq. Əvəzini bizdən artıqlamasıyla çıxa bilər.
Bizim «proqul» günümüzdə ona «otqul» vermədilər.
Yaxşı ki, buğaların əsəbləri daş kimi olur, yoxsa bayramla əlaqədar
tədbirlərin camaatın həyatında oyatdığı narahatlıqları eynimə alardım,
fikir eləyərdim. 3 gündü ki, gül bayramıyla əlaqədər küçələri bağlayıb
maşın hərəkətini ensiz küçələrə döndərərək camaatı salıblar bir araba
enliyində olan dar dalanlara. Onlar da bu gül bayramının çıxaranın,
səbəbkarın, lap elə güllərin özünün, axırda gül çıxaranın atabatasına
söyürlər. Eşidlirəm a, amma heç birini eynimə almıram. Nizami metrosundan
28 may metrosuna kimi bir qırıq yolu 1 saat 40 dəqiqəyə gələn adam söyməsin
neynəsin? Onun nə vecinədi ki, güllər də adam kimi bayram istəyir, ya
da ki, bu günü mən doğulmuşam. Ona deyən lazım, şükür elə. Keçən ilin
dekabr ayında Fransanın QİÇS-lə mübarizə aksiyasında göyə prezervativ
şəklində hava şarı buraxdılar ki, hamıya görk olsun. İndi bizim gül
kimi gül bayramımız ərəfəsində göyə buraxılan abırlı, adam kimi, daha
doğrusu adamlara layiq hava şarlarının formasına baxıb niyə şükür eləmirlər?
Üstəlik fransızlar bu aksiyaya pul buraxanların adlarını da nəhəng prezervativin
üstündə yazacaqları ilə fəxr edirlər. Təsəvvür edin, gül bayramına pul
vermiş hər kəs adını əcaib formalı hava şarının üstündə oxuyanda ölüb
utandığından yerə girərdi. Yenə min şükür!
Yeyib içən oğlanlar bu pritçanı çox eşitmiş olar, mənim də qulağımdan
yan keçməyib. İndi sizə danaşım. Deiyrlər ki, birisi qədirsanlığa gəlib
görür ki, qəbirlərin üstündə doğum və ölüm tarixi əvəzinə 1 il 3 ay,
2 il, 6 ay kimi qəribə yazılar yazılıb. Bəzilərində isə heç yazı da
yoxuymuş. Maraqlanır. Ona geyirlər ki, isan ömrü yaxşı yaşadığı günlərlə
ölçülür deyən ölənin başdaşına yalnız yaxşı günlərini sayını yazırıq.
Heç nə yazılmayan qəbirlərin sahibi heç gün görməyibmiş. Məni indidən
maraq götürüb, belə olarsa mənim başdaşıma bu gül bayramı düşəcək, yoxsa
yox?!