Sevib
yaşamaq, yoxsa sürünmək
Zəhrimara qalmış dünyanın mənası nədədir, axı!..
İl axırıdır. Bayram tədarükü görərkən, balacalara hədiyyə axtararkən
beynində «Bu il mənə nə verdi?», «Nə qazandım?» kimi müxalif suallar
rahat buraxmır. «Nə olacaqmış, yaşın üstə yaş gəldi» deyən daxili səsimi
öz ələlrimlə boğardım. O, mənə həyatın mənası haqqında şirin düşüncələrə
dalmağa imkan vermir.
Xoşbəxtlikdən «Həyatın mənası nədədir?» kimi suallara saralmış, üzüqara,
boğulmuş mətbuatımızda da cavab axtarmırlar, özü də lap çoxdandı. Əminəm,
indi bu sualı verənlərin, ona cavab axtaranların da sayı azalıb. Qabaqlar
hər tinbaşı eşidirdik (AzTV-dirsə fonda düşündürücü musiqi, qəzet, ya
jurnaldısa cavab verənin gözü yol çəkir, uzaq-uzaq üfüqlərdə məchul
sualın cavabını axtarır): Zəhrimara qalmış bu həyatın mənası nədədir,
axı! Bu sualın cavabını isə qəribədi ki, hamı bilirdi, amma yenə də
başını sındırmaqda davam eləyirdi.
Ən çox yayılmış bir cavab: «Dünyaya oğul gətirmək, ağac əkmək və ev
tikmək»
Böyük məmnuniyyətlə inanardım. Atalar, babalar bu sualı verənləri başından
eləmək istəyəndə məhz belə cavab verirlər. Çünki bu cür düşünmək rahatdı.
Dünyaya oğul gətirmək də, ev tikmək də asandı. Ağac əkməyə də nə var
ki? Amma belə cavabdan rahatlıq tapmırsan. Axı ola bilməz ki, təbiət
insanı bu qədər sadə sxemə uyğun yaratsın. Artıb törəmək?! Allahın dovşanı
bunu bizdən də yaxşı bacarır və daha effektli icra edir. Meşəyə gəlincə
isə insan əl dəyməsə o daha da yaxşı artar. Heç ağac əkməyə də ehtiyac
olmaz. Artıb törəyib sonra təbii resursların çatışmamasıyla, ekologiya
problemləriylə, müharibələr, ehtiyaclar, xəstəliklərlə çarpışmaqçün
dünyaya gəlməyinə dəyərdimi?
İkinci, bir qədər mürəkkəb cavab: (filosoflarçün) Sevmək üçün. Axı Tanrının
özü sevgidi.
Tində gecələməyə adətkar küçə itləri də öz keçmiş sahibləriyçün hər
gecə ulayır. Çünki sahibini çox sevir və darıxır. Bununçün o Romeo kimi
narkotik eyforiyaya yaxın, seksual çalarlı hissiyyat keçirməsə də sevginin
nə olduğunu bilir. Yəni ki, insan olmasa da təbiətdə təmənnasız sevgi
var. Eləcə də bir canlının o birinə görə ölmə getmək instinkti də var.
Düzdü, insan sevgiləri məhəbbət tarixinin ən gözəl və ən gözyaşardıcı
səhifələridir. Amma bunun bəşəriyyətə, kainata nə dərəcədə dəxli var?
Haqq dünyasını heç olmasa gözümüzün ucuyla görməmiş bu suala kimsə cavab
tapacaqmı? Ölənəcən əsil sevgi arzusuyla qovrularaq dünyamızı dəyişib,
bəlkə sonra ümidqırıqlığı keçirəcəyik ki, o dünyada da sevgi yoxuymuş!
Bizi yenə də aldatdılar!?
Bu sualın daha primitiv cavabı da var: (milyardlarla insan üçün) Sağ
qalmaq! Məhv olmamaq!
Bunu da anlamaq çətin deyil. Bu ki, biologiyadı, canlının özünü qoruma
instinkti. Əlin yananda ocaqdan çəkilirsən, aclıq nədi biləndə bir tikənin
qədrini bilirsən, cəmiyyətdə yer almaqçün itələşir, süpürləşir, çarpışırsan.
Bunu müasirlərimiz, xüsusilə həmvətənlərimiz yaxşı anlayar. Məhv olmamaq
bizlərin ən birinci və hələ ki, həll edilməmiş problemimizdi. Yeri gəlmiş,
tarakanlar qısa ömürləri boyu bundan başqa heç bir mənsəbə qulluq eləmir.
Sən ki, tarakan deyilsən?
Oxucum, narahat olma, «olum, ya ölüm» məsələsi deyil. Sadəcə həyatın
mənasını arayıb əslində özümlə məzələnirəm. Özümü heç olmasa bir köşəlik
məkanda filosofların yerinə qoymaq istəyirəm. Dahilərdən kimsə özü də
dünyanın hər üzünü görəndən sonra deymişdi ki, sən demə bütün həyat
fəlsəfəsi siçan kimi sakit yaşayıb təlatümlərdən özünü qoruyaraq ömrünü
rahat başa vurmaqdadı. Niyabətlik tökən Şopenqauerə, niqilist Nitşeyə
də fikir verməyəcəyəm. Amma Freydin bu mövzuda dedikləri ağlıma batdı.
O deyir ki, həyatın mənasıyla maraqlanıb içində eşələnən insan psixi
xəstədi. Yəni - acığınıza gəlməsin, dahi psixoloqun dediyidir – bu məsələylə
maraqlanan müəllif və yazdıqlarını oxuyub onunla razılaşan oxucuların
da halına acımaq lazımdı. Bax belə…