Günəşdən,
bozbaşdan və azadlıqdan bezəndə
Yayı da yola verdik, amma istirahət barədə fikirlər rahat buraxmır.
Yəqin əsil istirahətin görənlər bilər, biz bilmərik. Həkimlərə qulaq
assan deyəcəklər ki, həmişəki şəraiti tamam başqa vəziyyətə dəyişdirməsən
razılıq hissi tapmayacaqsan. İsti də imkan vermədi ki, bir gözümüzü
açaq. Həmin məntiqlə biz, ilin 8 ayını gözümüzü günəşdən qorumaqçün
qıyıb gəzərək yaşadığımızdan əsil istirahətin dadına baxmaqçün soyuq,
ya da heç olmasa sərin yerə getməliyik. Onda bəlkə donmuş tayqanın şaxtası
bizim istimizi çıxarıb rahatlıq verər.
İstirahət barədə fikirlər nədənsə marşrut taksidə kilkə kimi bir-birinə
qısılıb gedəndə lap beynimə hakim kəsilir. Başımı yanımdakı kişinin
qasığına məcburən söykəyib xəyallara dalanda (başqa imkan yox idi, başımı
tərpətsəydim yuxarıdan başımın üstündə Damokl qılıncı kimi asılmış setkadan
damcı gəlib düz təpəmin ortasna düşücəkdi) hardasa sərin və yaxşı qoxuyan
bir məkanın olduğunu fikirləşmək rahatlıq gətirir.
Nə olsun ki, üzü qışa gedirik, bütün dünyanın bu vecinə deyil, öz istirahətindədi.
(Bakıda isə qış gəlməmiş marşrutda bütün şüşələri niyə mıxlayırlar,
bilmirəm) Hər qış İsveçrədə Yukkasyarvi şəhərciyi yaxınlığında (şimal
qütbündən 200 km aralı) buzdan mehmanxana düzəldirlər. Hər il dizaynerlər
və inşaatçılar ayrı-ayrı olduğundan otel də fərqli olur. 20 il əvvəl
60 kvadratlıq yer tutan bu otel indi 5500 kvadrata güclə sığır. İçəridə
mənfi 5-10 dərəcə isə daimidir. Ona görə də bura gələnlər bir gündən
artıq qala bilmir. Maral dərisi və küknar budaqlarıyla döşənmiş çarpayıda,
yataq kisələrində gecələyənlər səhər gözünü açan kimi qlintveyni düz
yataqlarına gətirirlər. Qonaqlar gününü buzdan yonulmuş barın ətrafında
araqla qızınmaqda keçirirlər. Bizimçün hələ də gec deyil, çünki otel
dekabrdan aprelə qədər işləyir.
Günəşdən, bozbaşdan, və azadlıqdan bezmisizsə Avstraliyaya gedin. Maunt
Qambye adlı şəhərciyindəki mehmanxana 1866-dan 1995-ci ilə qədər türmə
kimi fəaliyyət göstərirdi. Bura çox vaxt qatilləri və zorakılar salırdılar.
İndi isə cəmi 99 nəfərə çatacaq bu mehmanxanada küknar yonqarı və pambıqdan
olan döşəkləri otelin sahibi özü sırıyır. Turistlər 2 nəfərlik, 4 nəfərlik,
10 nəfərlik kamera seçə, ya da bütün dünyadan qaçıb birnəfərlik kamerada
gizlənə bilərlər. Bura qalmağa yox, gəzməyə gəlirlər. Amma istəsələr
otelin sahibi 66 avstraliya dollarına bir nəfərlik, 45 dollara isə ikinəfərlik
nömrədə burada gecələməyə icazə verər. Qalanlar yeməyi özü bişirməli
olur.
Avsriyanın Ottensxaym şəhərindəki Dasparkhotel isə kanalizasiya borusunun
içində quraşdırılıb. Kanalizasiya çəkərkən istifadə edilən enli borularda
iki nəfərlik yataq, yun xalça, şkaf, hətta elektrik də var. Burada istirahət
etmək istəyənlərə yaxınlıqda yerləşən tualetlərin, kafe, restoranların
göstərildiyi xəritəni hədiyyə verirlər. Amma bahacıl da deyillər. Qonaq
lazım bildiyi qədər pul ödəsə də kimsənin cınqırı çıxmır.
Bəzən adam rahat evində də özünü barabanı mənasızcasına fırladan siçan
kimi his edir. Amma bu cür yaşamağı arzulayanlar da varmış. Fransada
Nant şəhərciyində açılmış «Dağsiçanı» adlı mehmanxanada cəmi 16 kvadratlıq
ərazidə özünüzü əsil siçan kimi hiss edə bilcəksiz. 18-ci əsrin binasının
bir küncündə yerləşən mehmanxanada gecəsi 99 avroya hələ ki, qalmaq
olar. Çünki sahibləri qiyməti 150 avroya qədər qaldırmaq fikrindədi.
Yəqin müştərləri də var. Ekstrimal turist otağına havada asılı qalmış
paslı pilləkənlə qalxa bilər. Burda taxıl anbarı və paslı boçkada içməli
su da var. Mehmanxana sahibləri fəxr edir ki, qonaqlara əsil ləzzət,
yəni 2 metr diametrli çarxda qaçmağı təklf edə bilirlər. Qonaq ayağını
içəri basan kimi onlara məcburən siçan paltarı geydirib çarxı fırlatmağı
məcbur edirlər. Burda duş, hətta mətbəx də var. Deyirlər tezliklə «Wi-Fi»
olacaq. Həmin dizaynerlər indi başqa bir layihə üzərində işləyir. Onlar
ana bətnini imitasiya edən otel açmaq fikrindədəir. Burda yumşaq, rahat
olacaq və həlim səslər gələcək.
Almaniyada «Propeller Island City Lodge» otelində yatanda şüşə tabutun
(yəni çarpayının) qapağını çırpmamağı məsləhət bilirlər. Tabutda yatmaq
ləzzətinə görə qonaq 69-150 avro arası pul ödəməli olur. O, tabutu istəməsə
qəzet yapışdırılmış otağı, ya da qədimi balıqqulağının içində yatmağı
seçə bilər. Deyirlər ki, bir pəncərəli narıncı otağı otelin sahibi heç
kimə vermir. O, enli pəncərəyə darmışıb orda yatmağı çox xoşlayır.
Arvadının kirli önlüyündən və kişi xorultusundan bezənləri də unutmayıblar.
Yamaykadakı «Hedonizm» nudist mehmanxanaları dünyada ən yaxşılarından
sayılır. Burda nəinki çılpaq gəzmək hətta qulluqçunun gündəyməzində
çimdik də qoparmaq olar. 11 kilometrlik boş çimərlikdə o baş, bu başa
çılpaq qaçandan sonra halın qalsa o biri otaqların sakinləriylə «ünsiyyət»
qurmaq olar. Kütləvi orqiyalar burda rəğbətlə qarşılanır. Yaxşı ki,
bura uşaqları buraxmırlar. Gündüz burda qalmaq kişilərə qadınlardan
2 dəfə bahadır, 100 dollara. Gecənin ləzzəti isə hamıya 75 dollara başa
gəlir.
Söhbət istirahətdən düşmüş, Ficidə mehmanxana var ki, 15 metr dərinliyində
suyun altundadır. Otaqlar kapsul şəklindədir və ümumi boruya bərkidilir.
Amma lazım gələrsə idarə pultunda düyməni basmaqla kapsul hava qovuq
kimi suyun üzünə çıxa bilər. Burda qalmağın əsas ləzzəti balıq kimi
suyun altında olub ətrafdakı balıqları yemləmək imkanıdır. Bu ləzətin
qiyməti həftəsi 30 min dollardır. Kiməsə bu baha gəldisə gedib Braziliyadakı
ağac üstündəki mezmanxanada qalsın, cəmi 484 - 1260 dollara. Tropik
meşədə dırmaşsın ağaca və Tarzanın çıxardığı səsi imitasiya etməyə çalışsın.
Mehmanxananın sahibi buranı tikməzdən əvvəl qarşısına tropik meşəni
qorumaq məqsədi qoymuşdu. Amma nəticədə ideyası ona savab yox, pul gətirdi.
Belə getsə istirahəti heç yerdə tapa bilməycəyəm. Siçan kimi barabanı
elə evimdə də havayı fırladıram. Ağaca dırmaşmağım gəlsə şəhərin hələ
ki, duruş gətirmiş budaqlarına pənah apararam. Kanalizasiya üçün isə
heç darıxmayacam, onsuz da qoxusu burnumuzdan çəkilmir. Qəribədi, kimsə
buna görə pul verib ləzzət alır?!