Açar 
          dəliyindən görünənlər
        
          Yazının başlığı çoxlarına milli adətlərimizi və yer üzündə analoqu olmayan 
          yengə fenomenini xatırlada bilər. Yengə o adama deyilir ki, burnunu 
          başqasının intim həyatına soxur, buna görə pul, pay-puş alır və heç 
          nədən qorxmur, çünki hərəkətləri sanksiyalaşmış, yəni icazəlidir. Əsrlər 
          boyu yengənin nəzarəti altında intim həyata başlayan xalqımız hələ də 
          qapı deşiyindən görünənləri, yaxud kimsənin onun həyatına boylanmasını 
          norma sayır.
          Son illər biz başqasını həyatımıza buraxmamaq məsələsində bir qədər 
          irəli getmişik. Müasir toylarda yengə nüfuzunu itirməsə də simvolik 
          obraza çevrilib. Onun payını verib yola salırlar. Yəni ki, əsas hadisələrin 
          baş verəcəyi meydandan uzaqlaşdırır, maddi nemətlərlə bir növ zərərsizləşdirirlər. 
          Cavanlar yad adamın iştirakı ilə sevişmək istəmir. Amma deməzdim ki, 
          valideynlər uşaqlarına etibar etməyə başlayıb. Səhər qırmızı ulduzlu 
          ağ «bayraq» ələrdə parıldamasa, muştuluqlanmasa nə qız atasının, nə 
          də oğlan evinin ürəyi sakit olmur. Uşağı bığıburma kişi olub bəylik 
          kostyumunu geyibsə də valideyn onu hələ də göz yaşını sel kimi axıdan, 
          burnu fırtdıqlı və tumançaq şəkildə xatırlayır və gülümsəyir. Azərbaycanlı 
          ata-analar uşaqlarını saçı ağaranacan, beli bükülənə, hətta bir gözüylə 
          qəbrə boylananadək balağından qoparmır. Müasir dövrün xüsusilə qərb 
          küləkləri valideynləri güzəştə getməyə məcbur edib. Yengə məsələsində 
          pozisiyaları uduzmuşlar qalan məsələlərdə hələ ki, müdafiə xəttini saxlamaqdadır. 
          Qaynanalar gəlinlərin həyatını idarə etməyi həyatlarının missiyası sayır. 
          Baldızlar, sair yaxın və uzaq qohumlar bu piramidanın nisbətən aşağı 
          pilələrində olsalar da ailə «qurbanının» həyatını zəhərləməkdə sanki 
          saziş bağlayıblar. 
          Səbəbi çox sadədir, biz elliklə başqasının həyatına boylanmağı özümüzə 
          icazə veririk. Ona görə də həyatımıza boylananları, soxulanları sakit 
          qarşılayırıq. Xalqın bu zəif yeri olmasayda son vaxtlar yayımlanan intim 
          videolar silsiləsi böyük bir etiraz dalğası oyadardı. Qısa müddətdə 
          mən artıq bir neçə jurnalistin gündəyməzini görmüşəm. Bu mənə lazımdırmı, 
          ya yox bu başqa məsələdir. Hamı təklif olunan kadrlara baxır, başını 
          bulayır, ola bilər 2-3 cümlə deyinir. Əlbəttə, bu iyrəncdi, nalayiqdi, 
          alçaqlıqdı! Bəs soruşan oldumu ki, ay xalq, yüzillər boyu yatağına yengələr 
          ordusu boylananda niyə danışmırdın? İndi hər kəsə internet vasitəsilə 
          3-4 dəqiqəlik yengə rolunu oynamaq şansı verilib. Başqasını açar dəliyindən 
          bir az böyük, monitorun ölçüsü boyda dəlikdən izləyə bilərsən. Kimsə 
          o şansını qaçırmadı ki?! Kimsə «Mən bunu görmək istəmirəm!» deyib tanışlarının 
          gizli kamera ilə çəkilib qanunsuz yayılmış videosuna baxmaqdan imtina 
          etdimi? Xədicə İsmayılovanın videosunun «You Tube»dakı sayğacı fantastik 
          rəqəmlər göstərməklə kimsəni yalan danışmağa qoymaz. 
          Biz başqasının həyatına soxulmağı da, başqalarının həyatımıza soxulmasını 
          da norma kimi qəbul edərək yaşayırıq. Başqasının məktubunu oxumazlar! 
          Başqasının çantasında eşələnməzlər! Ev sahibi olmayanda istər pis, istər 
          yaxşı niyyətlə başqasınnı evinə girmək olmaz! Kimsənin həyatını müzakirə 
          etməyə heç kimin haqqı çatmır. 50, ya da 100 illik həyat təcrübəsi belə 
          kimsəyə başqasına həyat dərsi verməyə əsas vermir! Yaxınlıqda telefonla 
          danışırlarsa başqasının söhbətini dinləmək ayıbdı! Belə ümumbəşəri həqiqətləri 
          uşaqlarımıza öyrətməklə yanaşı özümüz də bir daha öyrənməliyik. Çünki 
          bu «dərs»dən həmişə 2 almışıq. Biz qonşudan gələn qışqırıqları sakit 
          qarşılaya bilmirik. Hətta öz qapımızı süpürəndə bir qulağımız yad mənzildən 
          gələn hənirtilərə köklənir. «Bu gələn kimin qapısını döyəcək?», «Zibili 
          bura kim atdı?», «Bu kimin uşağıdı belə söyüş söyür?»…
          Dünya bu insaniyyət parametrlərini Qərb dəyərləri adlandırır. Çünki 
          onlar bizim nağıllarımızda, rəvayətlərdə, əfsanələrdə və mentallıqla 
          əlaqəli qocaman söhbətlərində əks olunsa da Qərbdə gündəlik həyatda 
          tətbiq edilir. Bizimçün bu soyuqluq, humanizmdən uzaq düşmək, qonaqpərvərliyin 
          olmaması, ya da etinasızlıq kimi görünür. Başqasının şəxsi ərazisinə 
          hörmətlə yanaşmaq, heç olmasa yarım metrlik subardinasiya xətti saxlamaq 
          sıravi azərbaycanlı üçün söyüş kimi bir şeydir. Axı o, marşrutda qarnını 
          başqasının dirsəyinə sürtə-sürtə hər gün yol gedib gəlir. Bunu ilk dəfə 
          nudist çimərliyinə düşmüş əyalət adamının rəftarı ilə müqayisə etmək 
          olar. Ətrafda hamı çılpaqdı, gözünü xırda detallardan çəkə bilmirsən, 
          bir-birinə gözünün ucuyla da baxmayan çılpaq adamların içində bərəlmiş 
          gözlərlə çox eybəcər görünürsən. Amma bunu da nə vaxtsa öyrənmək lazımdı. 
          Nə qədər ki, biz başqasının həyatına hörmətlə yanaşmayacağıq evmizin 
          içindəcə kimini sevişərkən, kimini tualetdə, kimini ağzı açıq yatarkən 
          çəkəcəklər və ləzzətlə bizə göstərəcəklər. Pikant xırdalıqlara baxandan 
          sonra adamlar adətən etiraz etmir. Çünki bu, başqasının həyatıdır.
          … Adam otaqda tənhadırsa, ətraf dünya ilə əlaqəsi açar dəliyi qədər 
          kiçikdirsə o zaman işıq süzülən kiçik zolaqdan dünyaya baxmaq çox cəzbedici 
          görünür. Özünüzü dar otaqda kilidləməyin. Dünya siz düşündüyünüzdən 
          dəfələrlə böyük və daha maraqlıdır.