Həqiqət güzgüsündə
Qrotesk gülüş doğurmur, amma gülünc görünür


Edqar Ponun bir hekayəsi var: iki matros boşalmış şəhərə daxil olur. Şəhəri vəba ağzına alandan sonra sakinlərin əksəriyyəti köçüb gedib. Öləni ölüb, qalanı da canını dişinə tutub bir təhər yaşayır. Evlərdən birinə girəndə onlar masa ətrafında yığılıb yemək yeyən bir dəstə adamla rastlaşırlar. Bu yığıncaq matroslara çox dəhşətli göründü. Çünki masa ətrafında oturmuş insanlardan hərəsinin müəyyən bir hissəsi həddən artıq inkişaf edib o biri cizgilərini örtmüşdü. Birisinin alnı o qədər böyük idi ki, başının üstündə tac kimi ucalırdı. Bir başqasının isə bir qulağından o biri qulağınacan uzanan dodaqları vardı. Ağzını açanda elə bir uçuruma baxırsan. Birisinin burnu o qədər uzun idi ki, xortum kimi sallanırdı. Üçtəlik yoğun, sallaq ət kimi çənəsindən də aşağı düşürdü. Dördüncünün yanaqları çiyinlərinə qədər sallanırdı. Elə bil ki, çiynində iki bardaq şərab gəzdirirdi. Səhnə son dərəcə eybəcər və ikrah doğuran idi. Burdan məntiqi nəticə çıxır, hansısa orqanın, hansısa keyfiyyətin normadan bir qədər artıq olması kifayətdi ki, eybəcərlik yaransın. Təsvir edilən obrazlar yəqin ki, yazıçının fantaziyasının məhsuludur. Həyatda belələrinə rast gəlməzsən. Həyatın öz eybəcərlikləri var.
Qəlbin də bir hissəsi ifrat inkişaf edib o biri keyfiyyətləri kölgədə qoyanda da belə effekt alınır. Sadəcə bu eybəcərliyi kostyum və qalstuk arxasında gizləmək olur. Hətta ən dəqiq güzgülər də onları aşkarlamayacaq, üzünə vurmayacaq, başına qaxmayacaq. Amma nə olsun?! Kimsə təminat verə bilməz ki, qəlbin eybəcərliyini görən yoxdu. Biz yeməkdən ötrü ruhumuzu İblisə də sata bilərik. Fikir verin, hələ aclıq yoxdu, aclıq nədi, heç qıtlığa eyham da yoxdu, amma hamı bir-birinin ətini bir parça çörəyə görə didə bilər. Aclıq olsa nə olar? Biz oynamaqdan ötrü ölürük. Evin körpəsi başını saxlamağı öyrənən kimi onu dingildədirik. Ayağı yer tutan kimi dünyanı ona rəqslə başa salırıq. Biz cinslər məsələsində lap ilişib qalmışıq. Bu problem beynimizdə o qədər yer eləyib ki, bu barədə rahat fikir yürüdə, bu mövzuda heç danışa da bilmirik. Bu utancaqlıq deyil, riyakarlıqdı. Çünki cəmiyyətdə ayağı sürüşmüş insana ilk daşı atan, üzünə hər dəfə vuran adamın özünün mənəviyyatı axsaq olur. Biz azadlıqdan çox danışırıq, özü də lap çox. Danışırıq, arzulayırıq, amma azad cəmiyyət yaratmaqçün əlimizi ağdan qaraya vurmuruq…
Sənətdə buna qrotesk deyirlər. Bir cərəyan kimi 20-ci əsrin əvvəllərində ortaya çıxıb. Qrotesk gülüşdən, yumordan, hətta satiradan da bir addım o yanadı. O, artıq gülüş dolurmur, amma gülünc görünməkdə davam edir. Rəssamdıqda Bosxu qroteskin «ata»sı sayılır. Onun tablolarında çoxlu insan olur və onlar hərəsi bir işlə məşğul olur. Elə bil ki, kütləni, xalqı təsvir edir. Burda hamı harasa tələsir, kimsə torpaqda eşələnir, kimsə başqasının başına dırmaşır, kimsə tapdaq altında gülür, başqa birisi isə qamçıyla döyülsə də şənlənir, atılıb düşür. Onun qəhrəmanları da ağlayır. Amma uçurumun kanarında, tonqalda da stfətlərindəki emosiyalar eybəcər və gülünc görünür. Üskük boyda, iynənin deşiyindən keçəcək qədər arıq adamlarla yanaşı nəhənglər də burda yer tapır. Sanki bir növ cəmiyyətin portretini çəkir. Bütün emosiyalar həm təbiidir, çünki hamımış şənlənirik, ağlayırıq, sevinirik, qəmlənirik. Həm də ki, bu emosiyaları bu miqdarda, bu təqdimatda görmək ləzzət vermir. Bosxun tablolarında ovçunun tabutunu daşıyan meşə heyvanları ağlayır. Dovşan göz yaşlarında boğulur, şirin dərdi başından aşır, canavarın qəmdən guya ki, dizləri tutmur. Amma onların gözləri gülür. Onlar göz yaşları içində şənlənir, necə deyərlər kam alırlar. Arabir bizdə də qaz partlayışından uçmuş binanın yanında gülən məmurların üzləri kadra düşür. Amma bu da təssadüfdü, sənət deyil.
Mən də son günlər xalqımın portretini çəkəcək rəssamı axtarıram. Həmin bu torpaqda yaşayan, əzilən, inciyən, düşünmək istəyən insanların içindən bir gün belə cəsarətdə bulunan birisini görməyi istəyirəm. Öz duyğularını çəkməkdən rahat yol olarmı? Qırmızının yanında yaşıl o qədər gözəl görünür ki! Bəs kimsə maraqlanırmı ki, 20 illik Qarabağ problemi, qanlı hadisələriylə, dərdləri, emosiyaları, nisgiliylə nə real, nə də uydurulmuş obrazlar doğura bilmir. Niyə dünya səviyyəli sayıla biləcək milli rəssamlığımıza köçə bilmir? Cərək azərbaycanlı «Van Qoq»lar doğula ki, isti ocağını atıb onun kimi mədənlərə köçərək son paltarlarını fəhlələrə paylayandan sonra xəstə, yorğun, şikəst insanların portretini çəksin? Bəyəm bizdə vaqonlarda yaşayanlar arasında belə obrazlar qıtlığıdır?
Ah, az qala unutmuşdum. Boşboğazlığımı mənə bağışlayın. Axı incəsənət heç vaxt xalqın olmayıb!

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?