|
Mətbəx,
ya da kompüter dilemması
Camaat qadın zorakılığı, gender bərabərliyindən palaz yazılar yazan zaman,
bu mövzuda konfranslar, müzakirələr keçirən vaxt lap girişdə kişilərin
ailədə baş olmasını düz birinci cümlədə yazmaq bayağalaq kimi görünə bilər.
Deyərsiz ki, yüz illərdir ki, bu belədir və millətin ilbiz sürətilə inkişafını
nəzərə alsaq irəlidəki yüzilliklər də belə olacaq. Özümüzü öldürsək də,
boğazımızı cıranadək çığırsaq da, gender məsələsini ortalığa atıb dünyaya
inteqrasiya etsək də etiraf etməliyik ki, evimizin dirəyi, çörək ağacı
hələ də kişilərdir. Biz nəsə qazanıb evə gətiririksə bu bizim şampunumuza,
kosmetikamıza güclə bəs edir. Məhs o, axşamlar ayaqlarını dalıyca darta-darta
evə gəlir və sivilizasiyanın zəif bəndi kimi məhz onun istirahətə daha
çox ehtiyacı olur.
Ona görə də divanda uzanıb televizora baxan, uzaqbaşı qəzet oxuyan kişi
obrazı heç bir emosiaya oyatmır. Bunu görəndə biz qadınlar bir növ qıymırıq
deyən onlara yazığımız gəlir. Bu səhnəni hər gün müşahidə edən qadın «Şükür,
yerinə uzandı, deməli hər şey qaydasındar» fikirləşir. Amma tərəqqi yerində
durmur. Əvvəl qəzet idi, sonra televizor əmələ gəldi. Qadın və kişi arasında
həmişə hansısa predmetlər durub. Zaman keçdikcə onların çeşidi dəyişir.
Hazırda kişilərin istirahət üsullarının ənənəvi növlərinə artıq kompüter
də əlavə edilib. Nəzərə alsaq ki, virtual aləm kişilər üçün təkcə istirahət
yeri yox, həm də özünü reallaşdırmaq üçün bir məkandır, onda kompüter
uğrunda gedən qanlı döyüşlərin məğzini anlamaq olar. «Həyatda qəhrəmanlıq
üçün həmişə yer var!» devizi tez-tez səslənməklə qulaqlarımızı deşsə də
yenə də təxəyyülü işə salır və biz fantaziyalara qapılırıq. Bəs qəhrəmanlıq
yanğısını harda söndürməli? İnsan heç nədə risk etmədən harda özünü dahi
strateq, görünməmiş şahmatçı və ələdüşməz qəhrəman kimi hiss edə bilər?
Təkcə bir problem qalır. Tərs kimi istirahət edib əylənmək və gərgin duyğular
kesirmək istəyənlər təkcə kişilər deyil. Psixoloqlar da qulağımıza pıçıldayır
ki, qadınlar mahiyyət etibarilə daha emosionaldır. Bəs bu qadın yeni emosiyalar
üçün mənbəni hardan götürməlidir? Divanda yatan kişinin görkəmindən? Bəzi
emosiyalarına sahib çıxa bilməyən adamların, cinslər arasında bərabərliyi
ortaya atanların zəhməti sayəsində indi qadınların ənənəvi «əyləncələri»
sırasına iş də qatılıb. İşləməyən qadının həyatını almanlar «Kuche, Kirche,
Kinder» (mətbəx, kilsə, uşaqlar) adlandırırdı. Sıraya iş də əlavə olunandan
sonra qadın həyatında daha bir ətalət qüvvəsi yarandı. Ona görə də dördüncü
«k», yəni əlahəzrət kompüter sıraya əlavə edilərək insan həyatında ciddi
dəyişiklilər etməyə başlayır. İş günündən sonra kompüter arxasına keçib
özünü pasyansla əyləndirmək, primitiv atışma, ya da başqa bir azarlı oyunu
oynamaq da olar. İşdə müdirlər qoyur ki, oyunu axıra çatdırasan! Ya da
İnternetin süfrəyə verdiyi təzə-tər qeybətləri oxuyasan. İşdə alınmır,
amma evdə monitor qarşısnda cavanlığı yada salıb virtual tanışlarına naz-qəmzə
də etmək olar. Flirtə görə səni heç kim çarmıxa çəkən deyil.
Bu yerində evin çörək ağacı içəri girir, doyuzdurulmaq, sığallanmaq və
sonunda sənin kompüter qarşısındakı yerini zəbt etmək ümidini dilinə gətirməsə
də baxışlarıyla bildirir. İş deyil ki, hüquqların pozulmasına görə həmkarlar
ittifaqına şikayət edəsən. Bu məsələyə o biri tərəfdən baxaq. Ağır iş
günündən sonra (çox ağır olmur yəqin, çünki həqiqi ağır işdən sonra kişilər
ayaq üstə yatır) içəri girən kişi qadınını mətbəxdə qazan tavanıın səsini
çıxarmaq, ya da ənənəvi ssenaridə olduğu kimi uşaqların üstünə çığırarkən
görmək əvəzinə kompüter arxasında görür və cin atına minir. Çünki onun
müqəddəs hüquqlarına təcavüzü öz gözləriylə seyr edir. Əvvəl o, sivilizasiyaya
yad olmadığını sübut edərək məsələni dinc yolla həllə etməyə çalışır.
Necə deyərlər «Allah və monitor qarşısında hamı bərabərdir!» şüarını əlində
bayraq edən qadın yerini xoşluqla boşaltmasa sivillik yerini ibtidai təzyiq
formalarına verir. Bu dəfə incidilmiş uşaq instinkti baş qaldırır. Dodaq
büzmək, narazı inildəməklər, nırçıldamaqlar nəzərə çarpmaqdadır. Sonra
bu qapalı məkanda baş verənləri Mortal Combat oyunundakı hadisələrə oxşamağa
başlayır… Necə bilirsiz, buna gərgin emosiyalar, ailə ekstirimi demək
olarmı?
Dramatik hadisələrin sonrakı gedişi, yəni külminasiya, düyün nöqtəsinin
açılması ailə üzvlərinin sivillik dərəcəsindən asılıdır. Çıxış yolu müxətlif
cür ola bilər. Birinci situasiyada «uşaq baxçası» oyunu oynanılır. Axı
kim öz sevimli oyuncağını dinməzcənə verər? Tərəflərdən heç kim güzəştə
getməsə nəticədə qadın öz «kinder»lərini götürüb başqa «kuche» axtarmağa
gedir. Kişi sevimli oyuncağı ilə qalır. İkinci situasiyada bütün məsələləri
«maus» həll etdiyindən daha bir kompüter də alınır. Boks meydançasında
olduğu kimi hərə öz küncünə çəkilir. Üçüncü halda «Heppi end» da ola bilər.
Şüur və hisslərin harmoniyası hər şeyi üstələsə qadın minilliklər boyu
cilalanmış instinklərin səsini eşitsə ocağın qoruyucu funksiyası ilə risk
etməz. O vaxtında xatırlayar ki, evindəki sülh şəraiti güzəştə getmək
bacarığından asılıdır. Kişinin başı ayılsa o da öz ərazisində öz müttəfiqi
ilə döyüşməkdən imtina edər. Onda kompüter heç kimə əngəllik törətməz
və «kinder»lər də xoşbəxt olar…
|
|