|
Ünvanına
yetməyəcək 5 sual
«Dünyanın
altında əyilməkdənsə…»
«Maşina vremeni» qrupunun
repertuarından
Həftənin əvvəli
yenə də mövzu ovuna çıxmalı olarsan. İnternetin canı sağ olsun, korluq
çəkməyə qoymaz. Oxuyursan, bəzi xəbərləri sayt ekrandan çəkilməmiş unudursan.
Bəzi xəbərlərsə gündəm baxımından boyat olsa da fikrindən çıxmır. Məhz
bele xəbərlər məni axşam saatında işim başımdan aşanda köşə yazmağa məcbur
edə bilər. Əgər yazını oxuyursuzsa, deməli uşağı baxçadan gecə qaranlıqda
götürməyi özümə rəva bilib oxuduqlarımı bölüşmək istəmişəm.
Öyrəndim ki, Azərbaycanda kitabları da yandırırlar. İncimai Televiziyanın
fəaliyyətini tənqid eləyən kitabın bütün tirajını yandırmaqla məhv eləyiblər.
Biz burda yazmaqdan əldən düşmüşük ki, Azərbaycanda kitab buraxılmır,
ya da təlabatə nisbətən çox güzi sayda kitablar işıq üzü görür. Kiminsə
belə zəmanədə kitab yandırmaq kimi qərarlar ağlına gəlir!? Bəli, bu qərarı
da məhkəmə verib, icrası da çox guman ki, artıq baş tutub, ya tutacaq,
bu özü bir elə də önəmli deyil. Deyilənə görə bu qərar Azərbaycanda kitablara
qarşı çıxarılmış ilk hökmdür. Düzün desəm kitab mövzusunda yazmaqdan bir
az utanıram. Mən biləni tarixdə həmişə yaxşı kitabları yandırıblar. Makedoniyalı
İskəndər də kitabxana yandırıb, orta əsrlərdə yandırılan adamlardan daha
çox kitab məhv eləyiblər, faşitslər də bəyənmədiklərini oda bələyiblər.
İndi soruşardım ki, bu yanan, yaxud hələ yanacaq kitablar həqiqətənmi
belə qiymətliymiş?
Qənimət Zahidovu tutmasaydılar çox guman ki, onun şerlərini heç vaxt oxuya
bilməzdim. Mediaforum saytında yerləşdirilmiş şer kitabçasının mavi üz
qabığının şəklini, bəzəkli hərflərlə tərtibatını da görməzdim. Ağlıma
da gəlməzdi ki, Qənimət şer yazar. Təsəvvür eləyirəm ki, bir neçə il əvvəl
ondan «Qənimət, şer yazırsanmı?» soruşsaydım mənə necə qəribə baxa bilərdi…
Qulaqlarını itiləyin, indi repçilər çırmalanıb «Nəsimi» rep-operasını
böyrün-başın düzəldirlər ki, ortaya çıxarsınlar. Adını da qoyurlar klassik
abidələrin modernləşdirilməsi (!?)… «Dünyanın altında əyilməkdən bezib,
dünyanı az arşınıyla biçəcəklər». İnformasiyanı rusca oxuduğumdan cümlənin
ikinci hissəsini (vergüldən sonra) olduğu kimi tərcümə eləyə bilməzdim,
çox biədəb bir şey alınardı, məni anlayarsız yəqin. Bizim reperlərin iştahası
görürsüz ki, pis deyil. Axı, Azərbaycanda nə qədər savadsız olsa da Nəsiminin
«Məndə sığar iki cahan»ını bilməyən birisi çətin tapıla. Operanı yaradıcı
heyətindən bir soruşardım, «heç olmaya bilirsinizmi ki, opera nədir?»
Yaşar Nuri cavanların passivliyindən gileylənir. Deyir saçım-başım ağarsa
da hələ mənə Elçin kimi baxırlar. Tamaşanın ekrana gəlməsinin üstündən
28 il keçib e… Yaşar Nuridən soruşardım ki, 28 ildi ki, cavanların ağırlığını
çiyinlərində daşımaqdan bezməmisən?
Ayaz Salayevin Mirşahinə cavabından ləzzət aldım! Bu da köhnə xəbərdi.
Çoxdan yazılmış yazıya gecikmiş cavab. Əslində cavab heç gecikməmişdi,
lap yerindəydi. Söhbətin canı ondadır ki, yəni adam adam olar, öyrənər,
maraqlanar, dünya görüşünü artırar, bilməməzliliyiylə fəxr eləməz. Fərqi
yoxdur ki, bu bilikləri rus dilindən, ingilis dilindən, yosa lap Qvineya
adalarının yerli dialektindən öyrənmisən. Ayaz Salayev düz deyir, rus
dili olmasaydı çoxumuz dünyadan bixəbər gəzərdik, bir-birimizin oxuduğundan
başqa bir şey bilməzdik. Bu lap Mirşahinin arzularına çox oxşadı, deyəsən.
Rus diliylə yaraqlanmasaydım hardan bilərdim ki, o boyda Rusiya bir dəstə
sektantın yerin altında məskən salmasından narahatdı. Oturub başlarını
sındırırlar ki, ordakıları inandırsınlar: «Bəlkə bir bayıra çıxasız?,
«Bəlkə Allah işığından özünüzü məhrum eləməyəsiz», «Bəsdirin öz şorabalarınızla,
mürəbbələrinizlə dolandız, bizim bişirdiklərimizi də yeyin!», «Heç olmasa
uşaqları buraxın!» Onları dünyanın axarını yaşadıqlarına inandıranın özünü
psixi xəstəxanaya basıblar. Bax, həmin o kişi əlimə düşsəydi ondan soruşardım
ki, «Bu boyda adamın saqqızını necə oğurlamısan? Buralarda bir master
klass verərdinmi?»
|
|