MAYA BƏDƏLBƏYLİ – BEKAR QADIN, YOXSA SİVİLİZASİYALAR ARASINDA VASİTƏÇİ?

Moskvadakı Beyin İnstitututu onun beynini tədqiq edir

Allah insanları – öz xəlifəsi adlandırdığı balaca mikrokosmları özünə bənzər yaradaraq bir sıra ilahi keyfiyyətlər verib. İnsan da Ulu Tanrının kiçicik bir bənzəri olaraq, sözün dar mənasında yaradıcıdır. Fitrətində olan imkanları hərəkətə gətirərək, adam elm, incəsənət sahəsində nələrsə yaradır. Amma elələri də olur ki, birdən-birə, ixtiyarsız olaraq yaradır və bunların bəzilərini izahlı o qədər də asan olmur.
Maya Bədəlbəyli kimdir. Bakıda yaşayır. Ara-sıra mətbuatda, xüsusilə Rusiya qəzetlərində ondan yazılar dərc edilib. Bakıda da tanıyanlar var. Çəkdikləri kimi, danışdıqları da qəribədir. Daha doğrusu bizimçün qəribədir. Minilliyin sonunda yaranmış qəribəliklərin fonunda belə…
İxtisasca filoloqdur. Gəncliyindən şer yazmağa meylli olub. Dərc olunan şerləri də var. Özü dediyi kimi texniki fənlərdən həmişə zəif olub. İndi yazdığı fəlsəfi-dini etüdlərsə, dəqiqliyi ilə çox-çox alimləri heyrətə salır.
Görüşmək arzumuzu adətkərdə olmadığımız bir cəmiyyətdə qarşıladı. Otaqda hər mümkün olan yerə söykədilmiş rəsmlərə görə üzr istəyib: «Sərgiyə hazırlaşıram» dedi.

Maya xanımın başına gələnlərdən:
- Uşaqlıqdan əziz-xələf olub dörd qardaşın bir bacısı kimi məhəbbət atmosferində böyümüşəm. Heç bir stress keçirməmişəm. Uşaqlıq vaxtı hər gecə səhəri günün mənzərəsini yuxuda aydınca görürdüm. Çox vaxtda yuxuda uçurdum. Ərə gedəndən sonra bütün bunlar bitdi. Bir növ psixi enerji seksual enerjiyə çevrildi. Amma həssaslığım itməmişdi. Evdə kiçik qurd-quş gəzəndə yata bilmir, onların «ayaq» səslərini eşidirdim. Tez-tez gözüm önündən gözəlliyi təsvirə gəlməz rəngli mozaika gəlib keçirdi.


«Gəlmişəm otağına…»
1994-cü ilin 14 fevralı, səhər saat 9 idi. Hər yer qara bələnmişdi. Mədəniyyət Nazirliyində işləyirdim. Sevindim ki, işə getmək lazım gəlmiyəcək. Evdə heç kəs yox idi. Çarpayıya uzananda duydum ki, əllərim əsir. Elə bu vaxt kimsə mənə dedi: «Başlandı». Əllərimin əsməsinə ayaqlarım da qoşuldu. Amma qorxmadım, təəccüblənmədim. Həmişə gördüyüm mozaika böyüyüb otaq boyda oldu. Qullaqlarım təyyarə motoru kimi möhkəm uğuldadı. Fırlanan mozaika burulğan kimi məni çəkməyə başladı. Qarnımın içi, ürəyim əsirdi. Qarnımdakı əsmə bir az yuxarı qalxdı, ürəyimdəki isə aşağı düşdü. Qəflətən ah çəkdim və ortadan nəsə çıxdı. Mən yox oldum. Gördüm ki, ayrı yerdəyəm. Orada gördüyüm rəngi də təsvir edə bilmirəm. Ultramarin (tünd göy) kimi rəngdi. Özümü
Fikir qədər yüngül
hiss edirdim. Divar təhər nəyinsə qarşısında idim. Elə bil mənə dedilər ki, yuxarı bax. Baxdım və qışqırdım: «Stansiya». Bu çox maraqlı stansiya idi. Sonra onun şəklini çəkdim. «Stansiya» sözünə təsdiq alandan sonra onun antenalar olan hissəsində fırlanmağa başladı. Məni nəsə fırladırdı. Stansiyanın yerini çox aydın gördüm. Bu, hamarlanmış daş müstəvi idi. Quruluşca bizim məscidlərə, bir az dəqiqləşdirsək, minarəyə oxşayırdı. Fırlanandan sonra burulğan və uğultu yenidən gəldi. Burulğanın içində birdən qulağıma səslər gəldi: «Qravitasiya sahəsi, qravitasiya sahəsi, sinxronluq, sinxronluq, asinxronluq». Və bununla əlim ayağım yerinə gəldi, özümü gördüm.

Nəriman Qasımoğlu: “Maya Bədəlbəylinin kosmosdan aldığı xəbərlər bəzi ayələrin açımı üzərində düşünərkən mövcud stereotiplərdən vaz keçməyə imkan yaradır, təfəkkürü daha çox Quranın elmi dərki üzərində kökləyə bilir.”

Ulduz falı xəbərdarlıq eləmişdi…
Özümü itirməmişdim. Başıma gələn özümə çox maraqlı idi. Ayılanda tələsik mənimçün qoroskop düzəldən adama zəng elədim. Mənim qoroskopumu bir neçə adam tərtib etmişdi. Hamısı da deyirdi ki, yazda başına iş gələcək. Planetlər ətrafına yaman yığılıb, situasiya yaranıb. Astroloq Qəhrəmana zəng elədim. Dilim söz tutmurdu. Nə dedim- nə demədim, cavab verdi ki, lotos vəziyyətində üzü şərqə otur. Çarpayıdan qalxanda gördüm ki, təpədən dırnağa qədər su içindəyəm. Mətbəxə keçib dədə-baba qaydasıyca bir qurtum su içdim. Amma heç qorxmamışdım, özümü çox yaxşı hiss edirdim. Mənə elə gəlir ki, cəmi 3-4 dəqiqə evdə olmamışdım sonra sakitləşib oturanda məni sanki başa saldılar: «Allah təkdir, yeganədir». Sonrakı «Allah həmişə müasirdir» sözlərini başa düşə bilmirdim. Yəni o, zamandan kənardır, hər şey mənə aydın olandan sonra fikirləşdim ki, necə də gözəldir. Mən nə yuxudaydım, nə huşda. Gözümü açanda da, bağlayanda da qarşımda gözəl ağ buludları görürdüm. Bundan sonra tanış-bilişlər mənə deyirdi ki, Maya, necə də canlanmısan, gözlərin parıldayır. Ola bilər ki, orada fırlandıqca enerji alırdım. O enerji məndən çıxmalı idi. Bundan sonra şəkil çəkməyə başladım. Özümə də aydın olmayan heroqriflərdi. Martın doqquzundan etibarən «biolokasiya», «lokasiya sisitemi», de(i)s-truktivlik», «respektal analiz», «seriasiya», «konstruktivlik», «ötürmənin rele üsulu» sözləri gəldi. Bir söz də gəlmişdi: «asseriasiya». Bu sözün mənasını heç kim bilmirdi. Onun dürüst ifadəsini mənə sonralar verdilər. Gecə saat on iki idi. Yatmağa hazırlaşırdım. Sözlər öz-özünə qulağıma gəlirdi. Elə bil nəsə məni məcbur etdi ki, eşitdiklərimi yazım. Necə eşidirdim elə də yazırdım. Elə bil diqtə edirdilər.


Ağabəy Sultanov: “30 illik təcrübəsi olan psixiatram. Maya Bədəlbəyli tamamilə sağlam adamdır. Amma ondakı bu qəribəliyi izah edə bilmirəm.”

«Obyekt» əvəzinə Maya xanım demək olardı…
Sonra sözlər artdı, cümlələrə çevrildi, mətnlər əmələ gəldi: «Obyektə qısa müddətdə fizika, astronomiya, kosmogenezis sahəsində, fəzanın keyfiyyət göstəricisi, elementar hissəciklər, maqnit sahəsi barədə biliklər ötürmək lazımdır». «Obyektə insanın əmələ gəlməsi barədə böyük informasiya verilməlidir». Hər şey izah edilirdi. Sonra gəldi ki, «dayanacaq, obyektə istirahət gərəkdir». Bunu da özüm yazıram. Mətnlər elmi dildə, savadlı gəlirdi. «Yaddaş vərdişləri də müəyyən əlaqə kanalları ilə ötürüləcək». Modulyasiya, modulyasiya «Obyekt transmodulyasiya vəziyyətindədir» «dayanmaq gərəkdir», «obyektə informasiya sakit vəziyyətdə ötürüləcək». Kim deyirdi bunu? Mən bunu özümçün deyə bilməzdim. Əgər fizika sahəsində mənə bilik lazım olsaydı, kitabı açıb qoyardım qabağıma.

Gəlmələr rəsm təliminə qrafikadan başlayır…
Prosesin əvvəlində bir də gördüm ki, nəsə məni çəkməyə məcbur edir. Əlim öz-özünə ixtiyarsız çəkirdi. Buna şəkil də demək olmazdı, nəsə informasiya gəlirdi. Çəkirdim və bilirdim ki, nə vaxt, hansı nöqtədən sonra bitirməliyəm. Beləcə yüzdən çox əvvəl kiçik, sonra böyük şəkillər çəkmişəm. Arada bir gün latın qrafikasına keçdim. Qədim latın qrafikası ilə qədim latın dilində şerlər yazmağa başladım. Hər gün dörd bənd yazırdım. Şəkillərin arasında heroqriflər olurdu. Sonra ərəb hərfləri, daha sonra ərəb-fars sözləri gəldi. Kiril əlifbası ilə eşitdiyimi yazırdım. Başa düşmədiyimi əlim yazırdı. Elm sahəsində elementar biliklər almağa başladım. Mürəkkəb elmi biliklər-atom hissəcikləri, nuklein, nuklein turşusu, zülal, hüceyrə, yer üzü, insanın necə əmələ gəlməsi və s.

Akademik Spirkin: “Mayanın fəlsəfi traktatları heyrətamizdir. Professor səviyyəsinə uyğundur. Bunları yazmaq üçün külli miqdarda fəlsəfi kitablar oxumaq tələb olunur. Maya isə bunları oxumayıb...”

«Əşşi cavan qadındır da, işi-gücü qurtarıb»
Adətən, axşamçağı yazıram. O vaxtlar informasiya daha dəqiq olur və yaxşı eşidilir. Asteriasiya kosmik təsir vasitəsilə müasir insanın düşüncə tərzinin köklü dəyişməsidir. Bu, bütün insanlarla olur. Məndə bu proses başqa cür keçir. Ele bil müəyyən bir dalğaya düşmüşəm. Kosmik fəzadan hər gün yerə çoxlu sayda informasiya gəlir. Bu siqnalları yalnız insan beyni və kamil aparatlar qəbul edi bilər. İnsan yeni düşüncə tərzinə keçid alır. Yeni zaman nə deməkdir? Biz indi özümüzü çox pis hiss edirik. Çünki təzə təsir altına keçirik. Dolça erası deyilən bir dövr təzə elektromaqnit şüaları gətirir. Bu şüaların altında biz yenidən formalaşırıq. Mənim aldığım informasiyanın qədəri çox böyükdür. Onun dəqiqliyini öyrənməkçün ilk günlərdən mən alimlərlə görüşürəm. Alimlərin biri «çox maraqlıdır», bəzisi «cavan qadındır da, işi-gücü qurtarıb», bir başqası «bunu elmi jurnallardan oxuyub bizə danışırsız» deyir. Şəxsən mənə heç nə lazım deyil. Əgər qeyri-normal hesab edirlərsə, yoxlasınlar. Amma deyəsən, onların bunu başa düşüb izah etmək imkanları yoxdur. Nədənsə Moskvadakı alimlər bununla maraqlana bilirlər. Hazırda mən Rusiya Beyin İnstitutunda təcrübə altındayam. Bu günlərdə zəng edib maraqlı nəticələr aldıqlarını bildiriblər. Mən lap Amerikaya da getməyə hazıram. Bilirəm ki, orada məni qapalı saxlayacaqlar. Bu prosesin mexanizmi mənim özümü də maraqlandırır.


«Peyğəmbərlik iddiasında deyiləm»
Proses zamanı mənə ekstrasensorluq qabiliyyəti də gəldi. Mən bu yola getmədim. Beş ildir heç bir heç bir kitab oxumuram. Amma Quranı oxumaq istərdim.
Yazanda yaman qorxurdum. Çünki heç vaxt bunları oxumamışam, maraqlanmamışdım. Mən inanırdım ki, bu mən deyiləm. Dini-fəlsəfi etüdlər olmasaydı, kosmos haqqında informasiya məni dəli edərdi. Bunun mənəvi-etik tərəfi də var və bu, məni tərbiyə edir. Belə prosesə düşən adamlar çoxdur. Kimsə nəsə eşidir, ya yazır. Və peyğəmbərlik iddiasına düşür.

«Söhbət başqa sivilizasiyalardan gedir»
Biz kosmosla rezonansa düşməliyik. Hissiyatlı zəruri əlaqə saxlamaq üçün bu vibrasiya ilə uyğunlaşmışam. Bu beynin işidir. Əlverişli şərait əmələ gəldiyindən mən hansı andasa siqnala rezonansa düşmüşəm. Siqnalı göndərən də hiss edir ki, onu alan var. Amma siqnalı kim göndərir, mən bunu hələ də deyə bilmərəm. Çünki onu görmürəm. İnformasiyaya əsasən, söhbət başqa sivilizasiyadan gedir. Bəziləri deyir ki, Allahla danışıram. Mən hesab edirəm ki, heç kim Allahla danışa bilməz.

Rəssam Toğrul Nərimanbəyov: “Rəssam olmasa da, qrafika qanunlarını düzgün başa düşür. Hətta qrafikada yeni söz də deyə biləcək bir adamdır”

Planetimizdəki hər bir hadisə kosmosda əks-səda verir.
ONLAR çalışırlar ki, Yer əhalisi yeni eraya sakit keçə bilsin. Axı bizim planetimizdəki hər bir proses kosmosda əks-səda verir. Biz yaxşı olsaq, başqa sivilizasiyalarla rezonansa girə bilərik. Yeni yaranacaq psixotip əvvəlkindən mənəviyyat meyarı ilə fərqlənəcək.
(Ardı var)

“Ekspress” qəzeti, O'Kamil ilə birgə
22 iyun 1999-cu il.



- ALLAHIN HİSSƏCİYİ MƏNƏM

- ÖLÜMDƏN SONRAKI HƏYAT YOXDUR, ÇÜNKİ ÖLÜMÜN ÖZÜ DƏ YOXDUR


- MƏN BAŞINA QƏRIBƏ ƏHVALAT GƏLMIŞ BIR ADAMAM


- İNSANI BAŞQA SIVILZASIYAR SÜNI YOLLA XƏLQ ELƏYIB