«Məni sevənlərim dünyada yoxdu, hələ doğulmayıb məni sevənlər…»

Şair Xosrov Natili təqdim eləməkçün giriş üzərində bir xeyli baş sındırandan sonra onun hələ ki, yeganə şer kitabının ön sözünü verməyi qərara aldım. Şairin öz yazdığı təqdimatdan yaxşısını yazacaqdım bəyəm?
… Qapısı zorlanmış qarı Dünya – fəqət gecəsi işığa qalan, gündüzü hamilə ay işığına – Nazim Hikmət ceviz ağacını yazan sənə və yabançı bir dogulduğun təvəllüd günü… Beləcə bir payız gecəsinin şəhadətiynən açdım gözümü. Gözümü açdım ki, «kirayə tutmuşuq yer kürəsini», «ovcumun içində buğda dənəsi» və «hörümçək tor qurub yumruqlarımda».
Gözümü açandan çox yerdə yaşadım – yollar yolumdan qaldı, sağım solumdan. «Araza açıldı qapı, pəncərəm», amma Arazdan beş ağac gendən keçdim. Bir də gözümü açdım ki, iş işdən keçib, Keçirəm bir ömrün yarı yaşından, Yarı baharından, yarı qışından».
…Əvvəl futbolu sevmişdim, sonra gördüm ki, sevəcəyim qadın elə indiyədək sevdiyim qadınmış. «Öpdüm bu dünyanın sevgi yaşını».


Bir sətrimi üzü üstə yazmışam,
Bir sətrimi dizi üstə.
Bəzən alaqaranlıq otaqda,
Sətirlərim düşüb üst-üstə
.

 

- Şair Xosrov Natili tanımayan oxucuya sizi necə təqdim edək, şairliyin zamanını nə vaxtdan ölçək?
- Mənə elə gəlir ki, gözümü açandan şair doğulmuşam. Sonra gözüm, qafam böyüdü, baxdım ki, dünya nəymiş? Hər canlının da bir poeziya dili var, insanın da, çiçəyin də… Bakıda doğulsaydım belə şeyləri anlamazdım. Mən texnika, təyyarə görərdim. O vaxt yəqin ki, təyyarədən tullanmaq istəyərdim.
- Siz də razısız ki, asfaltda şair doğula bilməz?
- Bir vaxt «Dənizi sevməkçün dağları unutmaq gərəkmiş» yazmışdım. Heç olmasa dənizin təlatümünü görməliydim ki, dənizi sevim. Mən ləpənin nə olduğunu da bilmirdim. Girdim dənizə, ləpə mənə bir şapalaq vurdu, geri qaytardı. Onda bildim ki, ləpə nəymiş.
Bu kənddən bəlkə də qeyrisi yoxdu,
Sözdən çətir tutub yeriyir hamı

 

- Onda kənddə gördüklərinizdən danışaq.
- Gördüm ki, hamı öz işində, gücündəydi. İndi 60-cı illərin ədəbiyyatını oxuyanda anlayırsan ki, həqiqətən də tək ədəbiyyatda yox, cəmiyyətin özündə nəsə irəliləyiş varmış.
Mən məktəbə getməli olanda gördülər ki, məktəbdə yer yoxdu. Evimizin iki otağını məktəbə vermişdik. Mən ilk dəfə məktəbə birinci sinfə öz evimizə getmişəm. 7 yaşımdan məktəbi qurtarana qədər elə bildim ki, hər şeyi görmüşəm. Cavanlarımız kəndimizin qadınlarıyla ismətlidilər deyə qürurlanırdılar. Qadınların adını sadalamaq mənə bəsiydi - Mələkiydi, İsmətiydi, Gözəliydi, Maralıydı, Zəhra idi, Fatma idi…. Kişilərimizsə mənə elə gəlirdi ki, sanki, bir az şaqqalı, bir az uzun, elə bil ki, indiki kişilərdən daha nəhəngiydilər. Söyüşəndə, dalaşanda da kişi kimi dalaşırdılar, arxadan badalaq vurmaq yoxuydu. Maşın yoxuydu ki, maşınla qürurlansınlar.
Qarqalan bir dərə vardı, yayda qar topu oynamağa gedərdik ora. Qara qurd düşən dərələrdə qar artıq kristallaşmış olsa da aralayardın, qurdlar qaynaşırdı içində. O vaxtlar kəndimizin ataları atam idi, anaları anam. Zəngilan əldən gedəndən sonra bir-birini burda görən kəndçilərim soruşarmış ki, nəyi götürə bildin, nəyi yox. 70 yaşlı bir qarı vardı, yoldaşı hardasa 30 il əvvəl müharibədə həlak olub. Ondan soruşanda dedi ki, bircə kəbin kağızımı götürüb gəlmişəm. Bax, Azərbaycan qadınının, kənd qadınının əxlaqı budur. İsməti qəbul eləməyib ki, kəbin kağızını ermənilərə qoyub gəlsin.
- Bəs siz nə gətirdiz?
- Bir yazı makinam vardı, onu gətirtmişdim. Kənd əldən gedəndə artıq Bakıdaydım. Kəndə gedənlərdən xahiş elədim, gətirdilər, onunçün darıxmışdım.

Qan-qada əskilmir başımın üstə
Qurğuşun əridib içənlər var
Hələ bir hecalı pul sözünü də
Sətirdən sətirə keçirənlər var.

 

-«Ümid işığı» -ilk şerim «Gəncənin səsi» qəzetində nəşr edilib. Bütün yataqxanada hamıdan sonra mən söndürərdim işığı. Orda çap olunmaq müsibət bir şeydi. «İlham» ədəbi birliyinin Kərim Mehdi təqdim eləmişdi məni. «İlham»ın ilk üzvü mən olmuşam. Dərnəyin onilliyində Kərim Mehdi məni şair kimi yox, sovxoz direktoru kimi təqdim elədi. Mənsə dedim ki, hesab eləyin ki, rüşvət alanlardan biri azaldı. Sovxoza direktor gedəndə də hamıya qəribə gəlmişdi.
- Rüşvətxorların içində almamaq böyük günahdı ya!..
- Qəfildən insanlar ayıldılar ki, sovxoz direktoru yekəqarın, yekəbaş, özündən razı olmaya da bilər. Sovet dövründə kəndli fərdi yaşayış yeri almaqçün müraciət edirdi. 6 ya da 12 sot torpaq almaqçün şirinlik adıynan 1000 manatacan rüşvət də verirdilər. Elə adamlar vardı ki, bu pulu verməyə gücü çatmırdı. Mən növbədə olanların hamısını bir aktla qərar verdim. Kəndlilərə də xəbər elədim ki, təhkim haqqında aktı gəlib aparsınlar. Bəziləri aktın dalıyca gəlmirdi, elə bilirdi ondan pul istəyəcəklər. Aktı poçtla evlərinə göndərdim. Zəngilan alınanacan bu adamlar mənə alqış elədilər. Amma çox heyif, həmin torpaqlar ermənilərə qaldı.
Mən orda il yarım işləyib çıxmağa məcbur oldum. Azadlıq hərəkatına, Cəbhəyə yaxşı münasibətimə görə məni işdən azad eləməyə cəhd elədilər. Siyasi əqidəmə görə mənə sovxoz direktoru olmaq yaramınsa heç qoymadım özlərini əziyyətə salsınlar, özüm çıxdım. Cəbhəni mən vəzifədən üstün tutdum.

Bəlkə Torağaydı, bəlkə Çalıdı
Bəlkə də Xocalı, ya Şuşalıdı
Qovmayın quşları pəncərələrdən

 

- İşdən çıxmaq ağır gəlmədi ki?
- Rayonda 6 ay mənə iş verməyə qorxdular. Sonra fikirləşdim ki, elmlə məşğul olmağın zamanıdır. Bəsitçay dövlət qoruğunda baş elmi işçi işlədim. Bir ildən sonra dissertasiyamçün material tam hazır idi. Qoruğun direktorunu çıxarandan sonra yenə də təzyiqlər başladı. Hərəkatçı olduğuma görə dəfələrlə işdən çıxarılmağa cəhd göstərdilər. Sonra isə obyekt batdı, torpaqlar əldən çıxdı.
- İndi ermənilər orda neyniyir?
- Avropada birinci, dünyada ikinci təbii çinar meşəsiydi. Kəsib mebel hazırlayırlar.
- Şairi bu qədər niyə incitsinlər ki?
- Mən ordakı həqiqətləri mərkəzi respublika qəzetlərində çap elətdiə bilirdim. Rayondakı hadisələrə münasibət bildirirdim.
- Müsavata necə gəldiz?
- Xalq cəbhəsinin idarə heyətinin üzvüydüm. Cəbhədəsə artıq seçimlər edilmişdi - şöhrətə gələnlər, pula gələnlər, vəzifəyə gələnlər…Uğrunda çalışdığımız vətəndaş cəmiyyəti unudulmuşdu. Məndən soruşanda deyirdim ki, rayonun birincisi olmağa layiq kadr yoxdu. Bizim içimizdə qəbul etmədiyimiz, normal əxlaqı olmayanın birisini rəhbər qoydular. Bu hər şeyi məhv elədi. Adamlarda inamsızlıq yarandı. İnam güclü şeydi. İki ay mühasirədə qalan rayona batmaq olmadı, hətta bir dəfə müdafiə dəstələrinin icazəsiz hücumuna ermənilərdən 8 kənd aldıq.
Amma 5-6 nəfər gördük ki, hərəkat düzgün yolda deyil. Camaat Xalq Cəbhəsi haqqında mənfi fikirdə oldu artıq. Buna görəmi qışqır bağır salmışdıq, mitinqlər, filan? 7 nəfərdən ibarət qrupla Cəbhədən aralananda gördüm ki, onların əksəriyyəti Müsavatın bərpa qrupunun üzvləridir. Müsavata belə gəldim. Sonra gördüm ki, orda da kifayət qədər eybəcərliklər vardı.

Hər sevgi ömürdə sevgi payıdı
Onu da dəfn etdik ürəyimizdə

 

- Azadlıq hərəkatı da belə bitdi?
- Sonra elm, sonra ədəbiyyat, sonra həyat…
- Hansı etapdasız, elm, ədəbiyyat, yoxsa həyat?
- Qələmə gücüm çatır. Azərbaycan elminə xidmət ediriksə özü də böyük şeydi. Ədəbiyyata yeni fikir gətirə biliriksə bu da az deyil.
- Axırıncı şeriniz nədəndi?
- «Bilirəm öləcəksən» deyən axarıncı şerimi tamamlaya bilmirəm…
- Sözümün canı odu ki, şairlik bitməyən bir şeydi, eləmi? Direktor olduz - bitdi, azadlıq hərəkatına qoşulduz- o da bitdi. İndi bir şair kimi sizi nə narahat eləyir?
- Ədəbiyyat yara sağaldan deyil, yol göstərən də deyil. Yaşantımın bir hissəsini poetik dilnən ifadə edə bilirəmsə budur ədəbiyyat. Mən yazdıqlarımı bir kimsəyə zorla oxutmaq fikrim yoxdu. İstəyərəm ki, boz ədəbiyyat yaradıcısı olmayım, axmaq bir şey yazmayım, bir kimsəyə söz sırımayım. Hər halda yazdıqlarımdan heç vaxt peşman olmayacam.
Yaradıcılıqda qırmızı xətt deyilən bir şey də var. Bir kəsin yolunda özünü qurban vermək mövzusu – bax bu, ədəbiyyatın əbədi mövzusudur.

Ahına, günahına, bir laləgül sabahına,
Allahına qurban olduğum qız,
Mən sənin sevginə layiq deyiləm

 

- Qurban getməyə razısız?
- Ola bilər, mümkündü.
- Bu qırmızı mövzu qəşəng danışası mövzudu.
- Əvvəl saçına, qaşına, gözünə vurulursan. Sonra qəlbini axtarırsan, yaşlaşdıqca hər şey ayaqlarından süzülüb gömülüb gedir. Mən özümə vəd vermişdim ki, həyatımı tam qurmayınca bir kimsəyə aşiq olmaram, amma tamam başqa şeymiş bu. Sevgi bir yağmur, bir leysan kimi tökür, göz-gözü görmür, heç özünü tapa bilmirsən.
- Bayaq ağarmış saçlardan danışırdız?
- Bir şerim var: «Mənə Məcnun adı verilməyəcək ölümümdən sonra». Mən indi lap bu yaşımda da öz eşqim uğrunda Məcnun kimi dəli olam, yenə də mənə Məcnunun adını verməyəcəklər. Bu artıq dastana çevrilməyəcək. Sevgidə cins söhbəti yoxdu, vəzifə, para dərəcəsinin də mənası yoxdu. Sevgi bitməyən uzun bir nağıldır.
- Hələ axtarırsız?
- Sevgi də bir az alkoqollu içkidi ki, eyforiya yaradır, bir az bəlkə də tiryəkdi. Bu əslində mənim bu saatkı mövzum deyil, həmin ovqatım yoxdu…

Bu axşam ad günümdə təkəm, tək,
bəlkə yalqız, bu son bahar, gəldi payız
Kirli baxışlardan uzaq,
nəbatət bağının daş səkisində xəzəl kimi quru və soyuq
Qonşulardan salam almıram, salam da vermirəm heç kəsə
Bir kimsəylə hələ də görüşməyə halım yox,
nə hal da var bir kimsəni sevməyə

 

-İndi mən şerimə ad düşünmürəm, bir yaşantıdı, yazıram, vəssalam…
- 50 yaşdı, ömür yarıdı deyirlər.
- Ze ənddir (the and), filmin sonu. Mənə elə gəlirdi ki, ədəbiyyatçıların çoxu 50 yaşa çatmadan ölür. Özümü heç vaxt oturaq yazıçı hesab etməmişəm. Görəndə ki, fikir məndən tökülür, onda yazmışam. 30 yaşımda düşünürdüm ki, 50 yaşımda bəlkə də Nobel mükafatına layiq görülərəm. Qalaq-qalaq kitablarım olacağını düşünürdüm. 50 yaşında isə bir kitab çıxarmışam, heç qeydiyyatdan da keçməyib. Bu mənim tənbəlliyim deyil, Azərbaycan reallığıdır. Əxlaqlı, normal şair heç kimdən asılı olmadan heç vaxt kitab çap eləyə bilməyəcək. Son illərdəki yazıçılar birliyinin nəşrlərini saymasaq mən heç vaxt hətta minimum qonorar da almamışam. Hökumətdən aldığım maaş mənim ailədəmin yarım aylıq dolanışığıdır. Qalan yarım ayın çörəyi fiziki gücümü satmaqdan çıxır. Kitabı necə çıxara bilərəm ki? Bircə kitabımı da nəşriyyatla elə danışmışam ki, çıxart, mənə 100 dənə ver, dostlarıma kitab paylaya bilim. Qalanını sat, xərcini çıxar. Kassetin çıxmasında da oxuyan da, yazan da hər işi təmənnasız eləyib, sağ olsunlar.
- Deməli təkcə şair statusuyla burda özünü dolandıra bilməzsən?
- Mümkün deyil, şair olmazdan əvvəl sən vətəndaşsan. Mən ilhamımı öz mətbəximizdə iştahla bişitdirib, iştahla yeyirəm.

Kipriklərim qapanıb, yağış döyür ovcuma
Göz yaşlarım quruyub, gəlmişəm əl borcuna

 

-Son zamanlar, axır 10 ildə kommersiya, fiziki gücünü satmaq imkanları əmələ gəlib. Amma 50 yaşında adamın fiziki gücünü satmağa heyi qalmır axı. Oğurluqdu, fırıldaqlıqdı, aldatmaqdı, satmaqdı – bunlar bizim peşəmiz deyil, axı. Doğulandan bəri şair missiyasıyla buna qarşı mübarizə aparırıq.
- Allah sizə niyə şairlik verib, sizcə?
- Bu Tanrının öz seçimidi, mən neynim axı. Normal əxlaqlı insan, ya şair, əslində bir elə də fərq yoxdu. Hökümət şairinə bir ev verib hər gün başına çaxacaq ki, mənim ideologiyamı qəbul et və məni mədh elə?!

Məni aldatdılar yalanı sevim
Məni qoymadılar anamı sevim
Gözəlim vətənə ana dedilər
Məni qoymadılar anamı sevim.

 

- Mən məcburi köçkünəm. Əməkhaqqım 100-120 manat olduğundan istədiyim məişət avadanlığını yalnız kreditlə ala bilərəm. Məcburi köçkünlərin heç yanda daimi qeydiyyatı yoxdu. Mənim müvəqqəti qeydiyyatımla olan sənədləri bank qəbul eləmir, deyir sənə olmaz. Yaxşı, torpağımı ermənilər aldı. Mənim vətənim və dövlətim, onu mənə qaytara bilmədin. Torpağım yox, mülkiyyətim yox, kredit almağa mənə imkan vermirsən. Məni hər ay 8 manatla niyə aldadırsan? Bu gün məcburi köçkün Azərbaycan vətəndaşı sayıla bilməz. Mənə imtiyazlar düşmürsə mən gözəlim Vətənimi necə sevim? Şer yazandan bəri mənə həmişə deyiblər, Vətən, partiya haqqında bir şer yaz, onun yanıyca qalan şerlərini də verək. Bunu yaza bilmədim, bu mənim xörəyim deyil. Mən indi övladıma nə deyim? Ona Vətən haqqında ağız dolusu nə danışım gərək!
- Siz necə istəyərdiz, oxucu sizi necə tanısın?
- Mənim bir sözümü, misramı eşidə bilirsə, bu elə bəsdi. Ölümdən, pissimist danışanda da bir misra onu düşündürəcək ki, niyə bu adam Vətənini sevə, oxşaya bilmir? Hər hansı poetik fikrin əhvalını tutacaqsa kifayətdi.
- Natil nə deməkdir?
- Heç bilmirəm. O vaxtlar «Böyük loğman»ı oxuyurdum. Nədənsə İbn-Sinanın müəlliminin adı beynimdə Natil kimi qalmışdı. Hətta düşündüm ki, ilk oğluma bu adı qoyacam. 1 yaşdan sonra yaşamadı. Sən demə bu, elə mənim adımmış.
- Ürəyiniz boşaldı?
- Çətin, amma ürəynən danışdıq
.

 

Xosrov Natilin şeirləri öz ifasında >>>>>

Xosrov Natilin fərdi saytı>>>>>