Dərsdən “oğurluq” yazı


Canəli Əkbərovdan “oğurlayası” şeylərsə daha çoxdur

Asəf Zeynallı adına Musiqi Kollecinin təzə “ev”ini görməmişdim. Üstünün toz-torpzğını çırpandan sonra təzə yerində müəllimlərini yerbəyer eləyib, ya yox – bilmirəm. Amma girəcəyin sağında, ən küncündəki otaq Canəli Əkbərovun muğam dərsiyçün ayrılıb.
Hündür tavanlı, iri kaminli geniş otağın döşəməsi hərdənbir müasir ritmdə silkələnir. Çünki otağın altında gecə barı yerləşir. Uşaqları müşayiət eləyən tarzən də milli “uç badam bir qoz”u müasir “dup tss, dup tss....” ritmiylə səhv salmaqdan ehtiyatlanır. Axı Canəli Əkbərov klassik muğamı tədris eləyir. Replə sintezə heç vaxt razılaşmaz.
Qapı ağzında hamımız xəbərdarlıq alırıq: Canəli müəllim bir az gecikəcək. Dedi ki, içəri keçib o gələnəcən məşq eləyin. Tələbə də heç sinifə sığar? Allah saxlamışların biri girir, o biri çıxır. Heç bilmək olmur Canəli müəllimin tələbləri hansıdı. Qabaqdangəlmişlik eləyib deyim ki, onların dərsin sonunadək fərli-başlı ayıra bilmədim. Xanəndəlik sinifində oxuyanların əksəriyyəti öz müəlliminin dərsindən çıxıb bu sinifə tələsir. Canəli Əkbərov ayrı-seçkilik eliyən deyil.

Məqamdı, zəngulə vur......
Müəllimi sinifdə olmayanda musiqiçilərin şıltaqlığı başqa cür olur. Səslə “dombalaq aşmaq”, tanış melodiyaları ürəyi istədityi kimi oxumaq, sözlərini dəyişdirmək, zilə “dırmaşıb” əcaib zəngulələr vurmaq – bir sözlə, müəllimin yanında eləyə bilmədiklərini həyata keçirmək imkanından mütləq istifadə edəcəklər. Nəhayət, sonuncu kursun tələbəsi o birilərinə örnək olub qavalı qulağının dibinə qoyur. Musiqi yavaş-yavaş nadinc uşaqları bir yerə toplayır. Tarçalan qız da alətini kökləyib muğamın mayəsinə düşməyə çalışır. Muğamı dinləyib təsnifi xorla oxuyurlar. Amma zarafatda öz yerində - ümumi xorun içindən qız səsi ucalır:
Əzizim bu da məni,
Gör nə günə qalmışam,
Bəyənmir bu da məni.
Bircə Piralını sinfə salmaq olmadı. Ona görə də dəhlizdə müəlliminin cənginə keçdi.
- Niyə hamı kimi sinifdə deyilsən?
- Müəllim, vallah, bu dəqiqə çıxmışdım.
O da ərköyünlüyünü qatlayıb bir yana qoyub içəri keçir. Hamı ayağa durur. Artıq hamı dərsə köklənib.

Hər otağın öz ritmi, hər muğamın öz ahəngi
Canəli Əkbərov həm “müəllim”, həm də “hacı” deyə müraciət edirlər. Hacının qənşərində bir stul qoyulur. Tələbə meydana çağrılanda həmin stulda oturmalıdı. Ətrafdakı on beşə qədər stul gah dolur, gah boşalır. Içəri girənlər qapını kip örtməyi unudurlar. Dəhlizdən sinfə doluşan zəngulə dərsə mane olur.
-A bala, get gör, kimdi orda.
-Zabit müəllimin dərsidi, müəllim.
-Onda qapını kip ört, bizə mane olmasın.
Bu otağın öz ritmi, öz muğamı var.
- Asiman, gəl otur burda. Bilirəm, başqa müəllimlər səni götürmək istəmədilər. Səni oxudacam, xoş gəlmisən bizim sinifə. Nə öyrənmisən?
- Xalq mahnısı - “Məni yada salsan, a yar”
- Oxu görüm.
- Tələbə əllərini ayaqlarının arasında cütləyib oxuyur:
Baxçamıza gəldi bahar,
Yaşıl köynək geydi bahar.
Gəl dedim gəlmədi yar,
Gəlmədi yar.....
-Hardan öyrənmisən?
-Kasetdən.
-Sən əzbərləmisən, musiqi canından gəlmir. Segahdan bir-iki cümlə de, nöqtə qoy, sonra mahnını başla.... Keç yerinə, dərsi diqqətlə dinlə ha!
Meydana Piralı gəli, stula çöküb dəftərini açır.
-Nə qəşəng dəftərin var!
- Müəllim, təzəsini alacam. Bu elə belədi.
-Maaş almışam (əlini pencəyin döş cibinə salır), istəyirsən bir dəftər alım?
Deyəsən, tələbəni xacələt təri basır. Dərsin əvvəlindən bəri artıq ikinci iradı udmalı olur.
- Qəzəli oxu.
-Sözlərini oxuyum, yoxsa?...
Mənasız sual sinifdə gülüş doğurur. Tələbə höcətləyə-höcətləyə oxumağa başlayır. Saysız- hesabsız səhvlərini dəftəri alıb köçürdüyü dostunun üstünə atmağa çalışır. Qəzəlin ahəngini tamam pozmağı müəllimi əsəbləşdirir.
- “U” hərfini uzatmaq lazımdı! De görüm “u” saitdi, ya samit?
Tələbənin tərəddüdü Hacını həmin sualı bütün sinfə verməyə məvbur eləyir. Sükut uzanır. Üzünü konkret adama çevirib səbrlə sualını təkrarlayır. Sual səslənəndən bəri “başını sındıran” tələbə ayağa qalxıb “Saitdi! Yox, samitdi...” deyir. Müəllimin baxışları yenə də Piralının üzünə tuşlanıb.
Qətiyyətsiz cavabın müəllimin xoşuna gəlmədiyini bildiyindən cavabını ucadan səsləndirir: “U” samitdi.
-Yaxşı, əgər samitdisə, kar samitdi, yoxsa cingiltili ?
-Kar samitdi! Bax, Uuu ...u...u... Cingildəmir axı.
-Bax a, kim dərsimdə qrammatikanı, ahəng qanunu, dilin incəliklərini bilməsə, səsi çox gözəl olsa da, bir bal aşağı qiymətlənəcək. Qəzəli davam elə... Samir, bəlkə bu beyti sən bitirəsən?
- “Çünki cahildilər, olduqca cəhalətləri var”
- Sağ ol, yenə də sən. Cahil bilirsiniz nədi? Yəni nadan, pis adam !

Muğamın mayəsi, söhbətin qayəsi...
- Dəramətin funksiyasını bilirsinizmi? Muğamı opera adlandırsaq, dəramət onun üvertürasıdı. Eşitdiyiniz bu musiqi “Rast”ın üvertürası da adlandırla bilər. Yəni musiqi əsərinin məzmununu anladan parça. Bərdaşt tarın “sol” pərdəsi üzərində olmalıdı. Əsas hadisələr iki not – “sol” və “re” üzərində qurulacaq.
Təsnifin melodiyasını oxuyur.
Mixək əkdim ləyəndə,
Mixək boynun əyəndə
Neçə qurban demişəm
Əlim yarə dəyəndə.
Aman yarım, mən neynim,
Gözəl yarım, mən neynim...
-Gördüz, təsnif sizi bərdaşt pərdəsinə necə apardı?
Canəli müəllim qonağını da unutmur. Arabir fırlanıb gəlir, söhbətə də imkan tapır:
-Bu çox çətin sənətdi. Musiqiçisənsə, demək, bizim adamsan, başa düşərsən. Burdakı tələbələri biz çox yükləmirik. Hələ sütüldülər. Gücü çatmayan qədər yükləsək, sınar. Yəni bir şəxsiyyət kimi də sına bilər, səsi də ağırlığa davam gətirməz. Cümlə-cümlə, notbanot irəliləyirik. Amma fikir ver, bir az təpindim, eləbil yarım saat əvvəlkiylə xeyli fərq oldu. Beləcə xırda-xırda qaşovlayırıq.
Hərdəndir dövrləmə oturan tələbələrə yaxınlaşıb bir-bir fikir verir.
-A bala, oturanda ayağının birini qabağa qoy. Stula yayılma, necə oturarsan, elə də oxuyarsan. (Tələbənin kürəyini dikəldir) Əlini dizinə qoy!
Dövrələmə oturanların heç biri ortadakı stulda oturana həsəd aparmır. Amma səhvi olan kimi hamılıqla onu düzəltməyə çalışırlar. Təkcə stulun zəhmi böyükmüş. Yalqız oxuyan hisslərini səsə köçürməyi hələ ki, öyrənməyib.
-Musiqidə piano-yavaş, forte-bərkdən anlayışı var. Hər şey ziddiyətdən doğur, məsələn “major-minor” kimi. Bizdə də ona uyğun “hal-qal” sözlərini işlədirlər.
Hacı “hal” və “qal” anlayışlarının obrazlı şəkildə mimik təsvirini verir. Uzun illərin opera solistini bunu da bilməlidi.
Əmi, dayı, yoxsa müəllim ? ...
- Qovma? Aramla oxu. Sən ulu babana “qaç da”, “gəl də” deyə bilərsən ? Muğamda niyə oxuyursan ? O da uludu... Bir bax, ayağın birini yedin! Uşaqlar, kim deyər, hansı ayağı unutdu ?
Yerdən çoxlu sayda “ayaq” yəni musiqi cümləsinin sonluğu, kondensiyalar səpələnməyə başladı.
-İndi hamı birlikdə ... Ağzımızdan tökülməsin!
Hamılıqla oxuyurlar:
Sevda nədir bilməzdim,
O da gəldi başıma...
Qapı açılır. Canəli müəllim içəri girən qonağın pişvazına çıxır, qucaqlaşıb öpüşürlər. Qardaşı kimi təqdim elədiyi kişi uşaqlardan birinin valideyniymiş. Deyəsən, bu sinifdə əmi, qardaş, valideyn, müəllim anlayışları sarmaşıq kimi bir-birinə dolaşıb, ayırmaq olmur.
- Mən bir az çevik uşaqları xoşlayıram. Adamın yaxasından yapışıb hər şeyi hərisliklə öyrənən uşaqları xüsusilə. Hər bir uğurlarına da uşaq kimi sevinirəm. (Valideynə müraciətlə) Otur, bir dinlə, qısa dövrdə nə qədər irəliləmişik.
Valideyn də bizə qoşulur, dövrələmə stulların birini seçir. Tənha stul yenə Piralının altındadı. Mirzə Hüseyn segahı artıq bişib, göstərmək olar. Canəli müllim tələbə görməsin deyə səhvlərini düzəldə-düzəldə onun arxasına keçir, məmnunluğunu bildirir. Üzü səhərdən danlanan tələbə çox heyf ki, bunları görmür.

“Qoyma qədəm, diyari-məhəbbət bəladır...”
- Ruslan, gəl görüm, otur burda. Dərsə niyə gəlməmişdin?
- İşim vardı.
- İşin olanda gəl, kişi kimi icazə al. Mən anası ölmüş nə bilim hardasan - bəlkə birinin əngini sındırmısan?! İcazə alsan, məsuliyyət mənim üstümdən götürülər. Bəs qavalın hanı?
- Müəllim, Piralı həmişə gətirir də...
- Qaval yoxsa, dərsə niyə gəlmisən? Piralını evə yolladım. Nədə ritm tutacaqsan?
...Ortadakı stula can atan biri varsa, o da Bəhruzdu.
- Müəllim, noolar, təsnifi oxuyum da...
Kənardan zümzümə eləmək asanmış. Ağzını açan kimi gülüş səsi hər yeri götürür. Heç cür təsnifin kökünü tuta bilmir.
-Bir var oxumaq, bir də var şumlamaq. Nə qədər ki xoruz gəlməyib, dur ayağa!
-Müəllim, bir də oxuyum da, noolar?
Təsnifin ritmini dostuna həvəslə oxuyur:
Mən yarımı sev-mi-rəm
Qoo-şa xallar yanaqda
- A bala, düşməni sevməzlər, yarı sevərlər. De görüm, heç sevmisən?
- Xeyr, müəllim.
- Nə qədər kasıb adamsanmış!
Deyəsən, yazıya “ayaq” verməyin vaxtıdı. Dərsdə öyrəndikləri muğama ayaq vermək hələ tezdi. Onlar sənətin, hələ ki, bərdaşt şöbəsindədilər. Muğamı xırda-xırda, cümlə-cümlə öyrənəcək, onu xımır-xımır yaşayacaqlar. Təbii ki, kimdəsə alınacaq, kimdəsə yox. Amma xanəndə Canəli Əkbərovdan “oğurlayası” çox şey var. Elə bu yazı da bir növ “oğurluqdu”. Yazılacağını bilmirdilər axı...

“Avropa” qəzeti
1-7 mart 2003