Rəssam dünyası,
rənglər səltənəti, işıq, kölgə məkanının sahibləri... Onlar da bizim kimi
adamlardır? Hər gün yatır, durur, hətta yemək də yeyirlər? Nə düşündürür
onları? Tənhalıqda nə fikirləşir, dostları ilə bərabər olduqda nə danışırlar?
Məni narahat edən suallara cavab tapmaq arzusu ilə rəssam Sənan Qurbanovun
emalatxanasına gəldim. Gözlədiyim səliqəsizliklə və axtardığım səmimiyyətlə
qarşılaşdıqda təəccüblənmədim. Qalaqlanmış dahi əsərlər də səliqəni pozarmış.
Polşa sərgisindən sonra yerli mətbuat Sənan Qurbanovun əsərlərində ekstrosensor
gücün olduğunu, onlarla xəstəlikləri sağaltmağın mümkünlüyünü yazmışdı.
Bunu bilərəkdən onunla söhbət etmək mənə daha cəzbedici gəlirdi.
“Mən musiqiyə
qulaq asmağı çox sevirəm”
“Bir var qulaq asmaq, bir də var dinləmək. Biz adətən qulaq asırıq. Əgər
dinləyiriksə, burada əsl poeziya yaranır. Musiqi tam abstrakt sənətdir.
Yəni gözünü bağlayıb dinləmək olar. Amma təsviri sənəti bağlı gözlə qavramaq
olmur. Əgər insan nəyəsə baxırsa, o düşünür. Bu sənətdə məntiqi təfəkkür,
incəsənətin başqa növlərindən daha çox lazımdır. Yaradıcılıq prosesində
rəssamın qarşısında rəqibi dayanır. O, səndən tələb edir. Mən lazımı rəngi,
çaları tapa bilmirəmsə, o mənim sifarişçimə çevrilir. Rəssamların əli
çəkir, amma işləyən beynidir. Bəzən mən 4 saat oturub düşünürəm, axırda
nəsə tapır, cəmi 2 dəqiqə işləyirəm. Bu, sırf zehni əməkdir. Adətən deyirlər
rəssam ürəklə işləyən, ehtiraslı, emosiyalı, böyük ürəyə malik olmalıdır.
Ehtirassız yalnız meyit ola bilər. Amma heç kəs demir ki, rəssamın əla
beyni, zehni olmalıdır.”
“Allah bu
dünyanı bir nəfərə verib”
“... Sənə, mənə, ona verib - bizə verməyib. Mən hesab edirəm ki, şairlər,
musiqiçilər, rəssamlar, memarlar - bunlar Allahın məlakələridir. İstedadlı
adam Allahı yer üzündə birinci eşidən adamdır. O, görür və təsvir edir.
Başqaları isə oturub başını sındırır ki, o bunu necə etdi. Ən böyük müəllimlər
öləndən sonra da müəlimlik edən memar, rəssam, musiqiçi, şair - yəni yaradıcı
adamlardır. Əstəğfürullah, əgər varsa, Allaha oxşayan bu adamlardır. Mən
nəsə yaradıram, çünki ona baxır, nə olduğunu dərk edə bilmirəm. Yaratdığım
isə gördüyümə oxşamır. Bu, Allaha bənzəmək arzusunda gəlir. Mən heç nədən
nə isə yaradıram. Rəssam heç vaxt camaat üçün işləmir, insan üçün işləyir”.
“Bu gün
çoxları zamanın quludur”
“Uşaqlıqdan məndə böyüklərə meyl vardı. Vaxtı qabaqlamağı arzulayırdım.
Vaxtı, zamanı aldatmaq lazımdır. Çünki o öz şərtlərini bizə əmr edir.
Bu gün çoxları zamanın quludur. Çünki zaman problemini pul həll edir.
Amma dünyanı dərk etmək üçün heç yerə getmək lazım deyil. Mənim fikrimcə,
bu, yalnız kişiyə nəsibdir. Belə danışanda, adətən, qadınlar özlərini
təhqir edilmiş kimi hiss edirlər. əksinə, biz qadınlara həsəd aparırıq.
Onlar dünyaya uşaq gətirə bilir deyə, artıq yaradıcıdırlar. Ikiqat yaradıcı
olmaq mümkün deyil. Əgər mən şedevr yaradıramsa, onun hər fraqmenti şedevr
olmalıdır. Əgər sifət çəkirəmsə, onun qulağı da, gözü də, baxışı da dahi
olmalıdır. Bax, buna gözəllik deyirlər”.
Emalatxananın
güllü divar kağızının üzərinə yapışdırılmış nazik vərəqlər diqqətimi cəlb
etdi. Orada belə sözlər yazılmışdı: “Xeyirxahlıq məğlub edir, özü heç
vaxt məğlub olmur. Heç vaxt özünə bəraət qazanmağa çalışma. Hər şeyi yalnız
özündən tələb et. Tənha olmağı öyrən. İtirməyə heç nəyi olmayan zəngindir.
Çətinliklərə sevinməyi öyrən.”
Bunların nə olduğunu soruşduqda Sənan: “Yazmışam ki, gəlib-gedənlər oxusun”
dedi. Mən isə onları Sənanın həyat devizi kimi qəbul etdim. Ekspromtla
yaranan müdrik kəlamlarının içərisində isə bunlar mənim daha çox xoşuma
gəldi: “O dünyada nə cənnət, nə də cəhənnəm var. Cənnət və cəhənnəmi biz
özümüz yaradırıq. Cəhənnəm vaxtında qiyməti verilməmiş əşyadır”.
“Çağ” qəzeti,
23.12.97