«Daha çox adam gətirin, 2000 dollar borcumuz var»
«Həyatverici lütf» təşkilatının pastorları bu sözləri tez-tez təkrarlayır

Günümüzün reallığını səciyyələndirən
amillərdən biri də mənəvi boşluqdur. Elə boşluq ki, uzun müddət belə qalması
mümkün deyil. Onu kim necə bacarır, elə də doldurur. Uzunmuddətli ateizm
dövründən sonra istənilən dini təsəvvürlərin girməsi üçün açıq olan məkana
əcnəbi missionerlər maraq göstərir. Aranızda elə küçədəcə, yaxud daha
məhdud məkanda dini yığıncağa dəvət alanlar çox olur. Elə biz də dəvət
alıb «Onlar kimdir?», «Nə üçün yığışırlar?» suallarna cavab tapmaq üçün
28 may küçəsindəki Kirxaya üz tütdüq.
Asilər «ailəsi» və ibadət etməyən iki jurnalist
Kimlər gəlir bura? Zal tez zamandaca ağzınacan doldu. Oturacaqlar dolandan
sonra kənardakı taxta səkilərdə otururdular. Yığıncağa kiçik uşaqlarla,
uşaq arabasıyla gələnlər də çoxdu. Dinini dəyişən adamları qınamaq arzusu
bizə rahatlıq vermir. Amma onların necə ehtirasla dua etməsini, «İsa burdadı»,
«Ürəklərimizi hazırlayaq» sözlərindən sonra ovuclarını göyə uzadıb sanki
İsa peyğəmbərə toxunmaq istəmələrini görəndə bunun kütləvi hipnozdan daha
artıq bir şey olmadığını fikirləşirsən. Zalın ümumi ovqatı yaxşıdı. Hamı
bir-birinin üzünə gülümsəməyə çalışır. Ele bil böyük bir ailənin üzvləridir.
Hətta bu «ailənin» fonunda dua etməyən iki jurnalist də gözə girmir. Bura
problemlərin içində itib qalmış, günahlarının ağırlığından əyilmiş, tənha
və sevgidə qismətsizlər üçün ideal yerdir. Qaraqaş, qaragöz pastorlar
da zalın ümumi ruhunu saxlamaq üçün dəridən-qabıqdan çıxırlar. Sinxron
tərcüməli filmlərdəki kimi söz əvvəl azərbaycanca deyilir, sonra dilimizi
təccüblü dərəcədə yaxşı bilən rus tərəfindən dərhal tərcümə edilir. Bəlkə
də o, avtobusda ayağımızı tapdalasaydı, heç vaxt azərbaycanca üzr istəməzdi.
Cümlələr Azərbaycan dilinin qrammatikası pozulmaqla tərcüməyə uyğunlaşdırılıb.
Eyni bir ifadəni dəfələrlə təkrarlanır: «O buradadı», «Artıq bağışlanmısan»,
«Hamı padşahdı» və s…
Pastorlar danışıqda xüsusi intonasiya tətbiq ediblər. Bu intonasiya əsil
tapıntıdır. Ürəklərə toxuna biləcək, həlim, sevgi qarışıq məlahətli. Dilləri
byrənmək baxımından xeyli gərəkli yığıncaqdı. Açılmayan ürəklərə musiqi
yol açır.
Toplantılar «musiqi xidməti»nin müşayiətiylə keçir. Zalın çoxmillətli,
zövqlərdə fərqli olmasını nəzərə alaraq müxtəlif musiqi üslublarından
istifadə edilir. Şən, oynaq, həlim, lirik, oxunaqlı, həm azəricə (özü
də çox pis tərcümədə), həm rusca olan mahnılar lap bizə də təsir edirdi.
Musiqi və incəsənətin gücündən təsir vasitəsi kimi istifadə etmək yolunu
kilsələr çoxdan tutub.
Pastorlar nitqlərində «Okey», «Vəssalam», «Öz aramızdı», «Necə lazımdı»
kimi sözlərdən faydalanmağı sevir. «Allahın projektorları» olan pastorlar
hamını sözlə doyuzdurmaqçün dəridən qabıqdan çıxırlar. «Bağışlanmısan,
vəssalam»…
Pastor Muşfiqin sözlərindən: «O, (İsa) bir dəfə qurban
gedib. Həmişə həmin qurban var. Hamı günahlıdır. Amma Allah «Mən qurbanlar
istəmirəm» deyir. Əgər qoyuna gücün çatmırsa, göyərçin gətir. O da yoxsa,
əşşi, bir az un gətir. Bu o demək deyil ki, Allah günahlarımızı yadımıza
salır. Biz günahlarımızı dərk edirik. Allah bunu istəmir. Yoxsa inanmırsan
ki, Allah günahlarını bağışlayır? Həmin qurban artıq var».
«Allahın bədəni bizik»
Missioner təşkilatlarının niyə məhz Azərbaycanda işləməsinə pastorlardan
birinin «50 missioner Azərbaycandan getməlidir» sözləri cavab ola bilər.
İslam ölkəsindən çıxan, dinini dəyişmiş xristianın dünya üçün qiyməti
tamam başqadı. Bir də ki, nəyin bahasına olrsa olsun xaricə getməyi arzulayan
gənclərçün bu da bir şansdı.
Pastor Müşfiqin «daha çox adam gətirin, 2 min dollar borcumuz var» sözləri
zalda reaksiya doğurmaya bilməzdi. Əskiylə örtülmüş balaca həsir səbət
sıralarda bir-birinə ötürməklə adambaadam gəzir. Demək olar ki, hamının
yumruqda bükülmüş əli səbətə girib çıxırdı. Bu, kimin nə qədər verməsi,
yaxud heç verməməsini gizli saxlamaq üçündür.
Toplatıya ikinci gedişimizdə onlar İsmayıllıdan təzəcə gəlmişdilər. Yol
təssüratları, leysan yığış, kəndi səhv salıb Rafiq kişinin həyətində gecələmələri,
qarşılaşdıqları yaxşı münasibət, yol boyu oxunan rus «çastuşka»ları və
tonqal ətrafında gitaranın çalğısı… Deyəsən, çox cəlbedicidir? Nəticədə
hər gün 3- 4 adamın özləri dediyi kimi «Allaha gəlməsi». Bu rəqəmi də
onlar özü söylədi.
Müşahidələrimizi pastor Mühfiqin
fikriylə zənginləşdirmək istərdik:
- Rəsmi adı «həyatverici lütf»dür. Ruscası «Jivotvoryaşiy blaqodat»dı.
Ümumi xarakteristikasına görə protestantlığa aid etmək olar. Amma biz
heç nəyə protest eləmirik. Biblyanı təkcə kahinlər yox, hər bir imanlı
oxumalıdı. Və hər bir adamın öz həyatına dair qərarlar çıxarmaqçün Allah
qarşısında azadlığı var. Qeyri- asılı bir təşkilatdı. Beynəlxalq kilsələrlə
gediş-gəlişimiz var. Qreyter Qreys adlanan ümumdünya kilsələr qardaşlığı
var. Biz o qardaşlıqda iştirak edirik. Amma onlardan bizim nə inzibati,
nə də siyasi asılılığımız yoxdu.
Haşiyə: «Blaqodat» (nemət, bərəkət və s. mənaları var,
təşkilat sözü lütf kimi tərcümə edib) dini təsəvvürlərə görə xüsusi ilahi
qüvvədir. Yuxarıdan göndərilib ki, iç günahları təmizlənsin və adamların
axirətdə xilasına kömək etsin. Xristianlarda qərb müəssisləri lütfü xilasın
yeganə şərti hesab edirlər. Şərq müəssisləri isə iradə azadlığını da götürürlər.
Birinci nöqteyi-nəzər 5-ci əsrdə Müqəddəs Avqustin tərəfindən əsaslandırılıb.
Ona alternativ Pelakiyin təlimi lütf olmadan da xilası mümkün hesab edirdi.
Xristianlıq Avqustinin nəzəriyyəsini və ideyasını da bir az rolunu qəbul
etdi.
Katolik və provoslavlar ruhaniliyi lütfün daşıyıcısı və ötürücüsü sayırlar.
Protestantlarsa istənilən imanlının lütf əldə etməisni mümkün hesab edirlər.
- Maliyyə məsələlərini necə həll edirsiz?
- İanə toplamaqla. Bu ofisdə adamların əksəriyyəti köküllü işləyirlər.
Həm də bizim təşkilatın elə böyük xərcləri yoxdu ki, ona böyük vəsait
tələb olunsun. Ruhani ədəbiyyatdır, onu bizə hədiyyə verirlər. İmkanlı
adamlara satırıq, imkansızlara bağışlayırıq. Burdan gələn kiçik pulnan
bəzi məsrəflərimizi ödəyirik.
- Müstəqil, yoxsa asılı təşkilatsız?
- Biz elə bir təşkilatdan asılı deyilik. Qanun üzrə biz asılı olmamalıyıq.
Nəzirlər Kabinetinin nəzdində dini işlər komitəsi var, bizi ora çağırırlar.
İncil bizi hakimiyyətə hörmət etməyi öyrədir. Amma mən axırıncı dəfə Mustafa
İbrahimovla söhbətim olanda dedim ki, Sizin idarənin statusu mənə bu vaxta
kimi bəlli deyil.
- Missioner fəaliyyətinizi həyata keçirmək üçün yuxarıdan sixə
ianə gəlirmi?
- Yox, o da gəlmir, bilirsiz.. (boğazını arıtlayır, bir az həyacanlanıb.
Söhbətin sonuna qədər narahatlığını gizlədə bilmədi. Hətta əsəbdən ora-burasını
qaşımaqda davam edirdi). Əksinə, məsəlçün, biz bu yaxınlarda İsmayıllıya
getmişdik. Bizim orda başqa imanlılarımız la var.
- İsmayıllı səfərində məqsədiniz nə idi? Sıralarınızı artırmaq?
- Yox. Sıralarımızı artırmaq deyil. İncildə yazılır: «İsa Məsih dedi ki,
gedin bütün xalqlara deyin mənim müjdələrimi. Bu nə xoş xəbərdi? Allah
bu dünyanı, insanları elə sevdi ki, öz vahid oğlunu qurban verdi. İnsanların
günahı üçün». Bu sözü insanların çoxu bilmir. Rəbb bizə deyib ki, gedin,
görüşün. Bizim İsmayıllıda imanlı qardaşlarımız var. Getmişdik xoş xəbəri
bölüşməyə ki, insanların günahları bağışlanıb.
- Orda danışanda dediz ki, hər gün 4-5 nəfər keçir sizin tərəfinizə.
- Yox. Bizim tərəfimizə keçir söhbətini demək… yaxşı deyil. Çünki bu bir
az siyasi rəng alır. Çox adamlar bizi söyürlər, cavab qaytarırlar, kitab
veririk, cırıb qabağımıza atırlar. Bizdən deməkdi. Və o adamlar aydın
başa düşürlər, necə ki, siz başa düşürsüz söhbət nədən gedir. (Deyəsən
bizə də potensial missioner kimi baxır)
Dosye: Pastor Müşfiq Bayram (Səslənişi nə qədər parodoksal
olsa belə). Qubanın Zizik kəndindəndir. Dediyinə görə azərbaycanlıdır
və əvvəl Allaha inanmırmış. Doqmatik ateist olub. ADU-nun mexanika-riyaziyyat
fakultəsini bitirib. Bütün dinlərlə maraqlanıb, dini fəlsəfi kitabları
oxuyub.
Allah axtarışında
- Xristianlığı isə oxumurdum. Çünki mən həmişə elə bilirdim ki, guya xristianlar
düşməndi, müsəlmanları öldürürlər.
- Axtardıqlarınızı Quranda tapmadız?
- Hə…(Profeəssionalcasına sualdan yayına bilir) Bir gün məni bu cür küçədən
toplantıya dəvət elədilər. Bu 90-cı ildə olmuşdu. O vaxt qohumumun evində
yolka bəzəməyinə qarşı çıxmışdım. Hətta «Bircə o qalıb, boynunuza xaç
salasız» sözlərini də demişdim. Mən heç vaxt bilməzdim ki, Allah məni
tapacaq. Toplantıda danışan adamın rus olduğunu görmədim. Amma onu gördüm
ki, Allah adamın diliylə mənim ürəyimlə danışırdı. O toplantının sonunda
mən də dua etdim. Orda məndə elə bir sevinc var idi ki, mən ömrümdə elə
sevinc görməmişdim.
- Bəlkə Sizə bir arxa, guman lazım idi, Siz orda onu tapdınız.
- Arxaya-gumana görə mənim kimi bir adam əqidə dalınca getməz.
- Bütün zalı əlinizdə saxlaya bilirsiniz, heç nə gözünüzdən qaçmır.
Kim gəldi, kim nə dedi…
- Kilsəyə gələn adamları mən tanımalıyam. Bu, elə pastorun işidir. Əgər
mən sabah kilsəyə gələn adamları tanımasam, onda sual olunur, mən orda
niyə oturmuşam?
- Sizin təsəvvürlərinizə görə Allah necədi, substansiyadı, yoxsa
ideya?
- Həəə. (Müsahibənin spontanlığına əsaslanıb söhbətdən qaçmağa cəhg edir)…
Bilirsiz, baxır substansiya sözünü siz necə başa düşürsüz.
- Substansiya olan, yəni maddi olan.
- Bilirsiz, mənim üçün substansiya hökmən maddi deyil, çünki enerji də
substansiyadır, amma maddi deyil. İncil deyir ki, Allahı heç kim heç zaman
görməyib. Ancaq Allah özünü İsa Məsihdə açıb. Çünki İsa Məsihdə eyni zamanda
həm insani, həm də ilahi şəxsiyyət var.
- Allahın son kitabı olan Qurani-kərimdə deyilir: «Ləm yəlid və
ləm yuləd». Yəni Allah doğmayıb və doğulmayıb…
- O baxır, Siz «oğul» sözünü necə başa düşürsünüz. Çünki mən əgər yaxınlaşıb
küçədə bir uşağa «oğlum» deyirəmsə, bu o demək deyil ki, mən onun anasının
əriyəm.
- Burda Allahın rolu nədən ibarətdi?
- İncildə ibranilərə məktubda yazılıb: «Allah bu yolu seçdi ki, bizə yaxın
olduğunu göstərsin». Əgər Allah insan olub aramızda yaşamasaydı, onda
biz fikirləşə bilərdik ki, Allahın bizdən nəsə tələb etməyə mənəvi haqqı
yoxdu. Çünki bizim ağrılarımızı bilmir.
- Əstafurullah, Allah bürokratdı bəyəm? … İnsan 46 xromosomdu,
bunun 23-ü Məryəmdi, qalanı Allaha aiddi, yoxsa insana?
- …
Məcburi epiloq
Vaxtın qıtlığındanmı, ya nədənmi suallarımız havada qalır. Gələn görüşümüzdə,
lap çay süfrəsi arxasında bunu müzakirə etməyi vəd verir. Qapıdan çıxanda
isə arxamızca: «Amma Allah sizi sevir» - deyir. Bilmirik, bu da qonağa
olan hörmətdən doğan nəzakətdi, yoxsa…
«İbadət» etdilər: Gülnarə Rəfiq və Vasif Sadıqlı
«Ekspress» qəzeti
29 iyun 1999 –cu il