Nadanlıq zövqə qalib gələndə başını götürüb qaçmaq lazımdı!
«Bakının çirkli küçələriycün, Şəki pitisiyçün, dəng eləyən teleftn zərcləriycün yaman darıxıram!»
- Deyirlər,
söhbəti «nə var, nə yox»la başlamaq lazımdı. Oralarda «nə var, nə yox»
deməyə kimsə varmı?
- Əgər söhbət salamlaşmaqdan gedirsə, əlbəttə var. Tələbə və
müəllimlərdən həmyerlilərimiz var, vaxtaşırı görüşüb hal-əhval tuturuq.
Köhnə tanışlarımdan olan pianoçu Rauf Qasımovla hərdən görüşüb bir-birimizə
«nə var, nə yox» da deyirik.
Burda mən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin
səhnə sənətləri fakultəsinin professoru vəzifəsində gələcək aktyorlara
musiqi bilgisi və düzgün oxumağı öyrədirəm. Ara-sıra da universitetimizin
gözəl salonunda konsertlər təşkil edirəm. Amma mənim əsas işim evdə musiqi
yazmaqdır. Yəni, ömrümdə birinci dəfə peşəmi işlətmək üçün ideal şərait
əldə etmişəm. Həftədə cəmi 12 saat dərs demək mənə özümü tamamilə bəstəkarlıta
həsr eləməyə iskan verir. Nəticədə iki ildə bir balet, bir simfoniya,
çoxlu mahnı yazmışam.
- Sizin orda yaşayıb bura üçün darıxdığınızı düşünmək bizimçün
çox rahatdır. Bir az da qısqanclıq hissi bizi rahat qoymur ki, bizim bəstəkarımız
orda neynir?
- Darıxıram, çox darıxıram! Qohumlarçın, dost-tanışlarımçün, Bakının
çirkli küçələri üçün, küləkli qışı üçün (burda qış olmur ki!), «Tarqovı»
üçün, Şəki pitisi üçün, qızğın mübahisələr üçün, məni dəng eləyən telefon
zəngləri üçün, evdən çıxanda ətrafdakı dükançı-bakkalların salamlaşması
üçün, studiyam üçün – bir sözle MƏNİM VƏTƏNİM üçün çox darıxıram.
- Amma inciyib getmiş kimi təəssürat oyanmışdı bizdə. Ümidvaram
biz, sizlə danışmağımdan da incimirsiz?
- Mən heç vaxt, heç kimdən incimirəm, yalnız nəticə çıxarıram. Hiss etdim
ki, artıq Azərbaycanda mənə ehtiyac yoxdur. Əsərlərimə də özümə telekanallarda,
radioda qadağa qoyulub. Vacib musiqi tədbirlərinə dəvət olunmuram, adım
siyahılardan pozulur, işlədiyim yerlərdən qovuluram. İfaçılar mənim əsərlərimi
ifa eləməkdən çəkinirlər. Onlardan biri etiraf elədi ki, «qorxuram, balalarım
var axı...». Bir sözlə mənlə yoxmuş kimi davranırlar, elə bil mənə deyirdilər
ki, «çıx, get» . Mən də getdim!
- Orda sizi ovuc içində saxlayırlar, deyəsən? Amma bu dövrdə
bele nə yaratsanız tarixə Azərbaycan bəstəkarının əsəri kimi girəcək.
Yəni siz də xalqın gələcəyində işıqlı anlar görmürsünüz?
- Bəli, məni burda ovuc içində saxlayırlar. Hətta mənə 4 otaqlı yeni tikilmiş,
içində bütün avadanlığı olan ev veriblər. Üç gün əvvəl ora köçmüşəm. Əlbəttə,
vətəndaşlığımı dəyişənəcən mən Azərbaycan bəstəkarı sayılacam. Hətta dəyişsəm
belə, həmişə azərbaycanlı musiqiçi olacam, adam özündən qaça bilməz.
Bu yaxınlarda Qurban Səidin «Əli və Nino» romanını oxudum. Əsər elə bil
mənim haqqımdadır. Fərqi odur ki, 20 yanvar gecəsində mənə güllə dəymədi.
Amma əsərin qəhrəmanı Əlixana Gəncə korpusunda dəydi. Bax, Əlixanın dövründən
bu günə qədər Azərbaycan və Bakı yaxşıya doğru xeyli dəyişib. Bu minvalla
Vətənimiz getdikcə yaxşılaşacaq. Bu nə qədər çəkər, deyə bilmərəm. Mən
musiqiçiyəm, fala baxan deyiləm ki...
- Siz burda tədrislə məşğul idis, tələbələrlə, müğənnilərlə,
bir sözlə insanlarla işləyirdiz. Onların cəmiyyəti, insan münasibətləri
bizdən çoxmu fərqlənir? Özümüzü anlamaq baxımından bunu bilmək çox maraqlı
olardı.
- Biz hələ də sovet adamlarıyıq, bu hələ canımızdan çıxmayıb. Yəni bizdə
insanın heç bir dəyəri yoxdur. Burda isə ön planda insandır, onun haqqları,
rahatlığı, gələcəyi və uşaqlarının gələcəyə inamla baxmasıdır. Bura hər
mənada demokratik cəmiyyətdir. Görürsüz, ölkə demədim, cəmiyyətdir dedim.
Çünki ölkənin demokratik olması üçün ilk öncə cəmiyyət demokratiyanı həyat
tərzi kimi qəbul eləməlidir. Bizim demokratiya isə belədir: mən istədiyimi
yapacam, sən isə mən deyəni yapacaqsan. Bu demokratiya deyil, anarxiyadır.
- Biz sovet təhsilimizlə, mütəxəssislərimizlə fəxr edirik. Amma
sonra həmin bu mütəxəssisə cəmiyyətdə yer tapılmır. Necə olur ki, səviyyəcə
yüksəkdə duran təhsil sistemi aşağı saydığımız türk təhsil sistemi üçün
yalnız kadr hadırlamağa qadirdir. Bəlkə biz özümüzü aldadaraq təhsilimizə
lazım olduğundan artıq qiymət veririk?
- Mən sovet təhsilinin o qədər də yaxşı olduğuna inanmıram. SSRİ texnoloji
baxımdan da çökdü. Ayrı-ayrı alimlərin nailiyyətləri, bir-iki texniki
uğur hələ ölkədəki təhsil sisteminin mütərəqqi olduğuna dəlalət etmir.
Kiçik bir fərqə fikir verin: bizdə tələbə pul verir ki, oxumasın, burda
isə pul verir ki, oxusun. Bizdə türk təhsil sistemi haqda yanlış təsəvvür
var. Türkiyə kosmosa peyk buraxıb, bilgisayarlar, elektron cihazlar, avtomobil
istehsal edir. Bu yaxınlarda türk alimləri bir quzu klon etdilər. Bunlar
hamısı yüksək təhsil sistemi olmadan mümkün olmazdı. Türkiyənin 2 universiteti
dünyanın 500 ən yaxşı universitetləri siyahısına girdi. Müqayisə üçün
deyim ki, bu siyahıda Rusiyadan cəmi bir universitet var, bizdən isə təbii
ki, yoxdur.
Öz universitəmizdən də danışmaq istərdim. Kıprısın ikinci böyük universitəsidir,
ingilisdillidir. On beş min tələbəsi, onlarla fakultələri var. Bakının
mikrorayonları boyda olan şəhərciyinin içində hətta özünün yol hərəkəti
nişanları da var. Yataqxanalarında (burda ona «yurt» deyirlər, nə gözəl
sözdü!) beş minə yaxın tələbə yaşayır. Qızlar və oğlanlar bir korpusda
yaşasalar da burda yaşadığım iki ildə heç bir tələbə konfliktinin şahidi
olmadım. Bunu mən tələbələrin (əksəriyyəti türkdür) yüksək tərbiyəsi ilə
izah edirəm. Bizdə bu qədər adam birgə yaşasaydı hər gün ölüm hadisəsi,
dava-dalaş əskik olmazdı. Bəzən tələbələr arasında yolda başını yaşıla
boyamış, üz gözü dəmir-dümürlə taxılmış birisiylə üzbəüz gələndə elə bilirsən
ki, bu heyvərə səni bastalayıb keçəcək. Amma o, sənə təsadüfən toxunmuş
olarsa o qədər üzr istəyəcək ki! Bir yanlış hərəkət etdikdə dəfələrlə
üzr diləməkdən çəkinməzlər, çox tərbiyəlidirlər.
- Belə anlayıram ki, özünüzü qürbətdəki kimi duymursuz, məsələn
Məmmədəmin Rəsulzadənin ürəyindəkiləri siz də keçirmədiniz?
- İnsanın daxili vəziyyəti sabit olmur. Burdakılar mənə bəzən özgə, bəzən
doğma görünürlər. Musiqiçinin daxili daha burulğanlı olar. Deyim ki, qürbət
hissi isə keçmir. Nə qədər yaxşı olsa da bu mənimki deyil. Azərbaycan
isə mənimdir! Təssüf ki, bizdə rüşvət, yalan, hiylə, yaltaqlıq, qohumbazlıq,
tanışbazlıq həyat tərzinə çevrilib. Siz dünyada başqa bir cəmiyyət tanıyırsınızmı
ki, orda rüşvətə «haqq» desinlər? «Filankəsin haqqını verdim» deyərək
insanlar bu cinayətin haqq olduğunu qəbul eləməyə başlayıblar. Bu ki,
fəlakətdi!
- Kıprısın məzəni həyatı necədir? Oranın folkloru ilə maraqlanmısızmı?
Məsələn Qara Qarayev alban folklorunu yığıb öyrənəndən sonra «Alban rapsodiyası»nı
yazmışdı.
- Kıprısın mədəni həyatı çox cılızdır. Ölkədə 250 min əhali
olsa da iki teatr, bir simfonik orkestr, bir kamera orkestri də var. Sənətkar
az olduğundan kollektivlər balaca olur, bəzən bir neçə üzvdən ibarət ola
da bilir. Buranın konsert həyatını vaxtaşırı Türkiyədən və başqa ölkələrdən
gələnlər canlandırır. Folklorları ilə maraqlanmışdım, amma yığmaq çox
zaman aparır. Hələlik isə başqa yaradıcılıq planlarım var.
- Dolanbac yolla gedib yaradıcılığa da çatdıq. Deyirsiz ki, bir
balet, bir simfoniyanı bitirdiz. Amma görürəm ki, siz də Arif Məlikov
kimi «Baletimi Azərbaycanda görmək mənə qismət deyil» deyəcəksiniz. Bəs
biz bu baleti görə bilməyəcəyik?
- Təşəkkür edirəm, məni Arif Məlikovla müqayisə etməklə şərəfləndirdiniz.
Mənim hadisəm fərqlidir – baletin işlətməcisi var, yəni prodüseri. Harda
səhnələnməyi o həll edir. Hələlik Türkiyəni seçib. Bakı da istisna olunmur.
Bəlkə 2008-də İstanbul Opera və Balet Teatrında səhnəyə qoyuldu.
- Bütün türk dünyasının eposu olan «Oğuznamə» mövzusunda baletin
yazılmasının azərbaycanlı bəstəkara tapşırılması türklərdə qısqanclıq
oyatmır ki?
- Belə əhvalat Vasif Adıgözəlova Canaqqala döyüşlərinə həsr edilmiş əsər
yazmağı sifariş edəndə də baş vermişdi. Elə mənim baletimin prodüsserinin
sifarişidir. «Niyə azərbaycanlı bəstəkar olsun?» sualını eşidən kimi o
Türk dövlətinə bu sifarişi türkiyəli bəstəkarlara da özlərini sınamaq
şansı verməkçün bir qədər gözləməyi məsləhət bilmişdi. Nəticədə Vastf
Adıgözəlovdan daha layiqlisi tapılmadığından əsəri o yazdı. Baletə gəlincə
isə mən düşünmürəm ki, qısqanclıq hadisəsi olar. Axı, bu dastan ömümtürk
dastanıdır. Oğuzun əsər qəhrəmanı kimi böyük səhnədə görünməsi bütün türk
dünyasının marağındadır. Özü də baletin dili bütün millətlərə anlaşıqlı
olur.
- Allah qoysa, gələn ilin əvvəlində sizin «Dastan» adlanan 4-cü
simfoniyanızı Qarayevin yubiley tədbirlərində bəlkə eşitdik. Üzeyir Hacıbəyova
ithaf etdiyiniz simfoniyanın aktual olduğunu demişdiz. Bu aktuallıq nədədir?
- Məlumdur ki, Üzeyir bəy ömrü boyu nadanlıq və cəhalətlə mübarizə
aparıb. Yenilik aşiqi olub, bu gün mövcud olan musiqi təsərrüfatımızı
qurub. Amma bu günkü musiqi həyatına diqqət versək görəcəyik ki, hadisələr
onun istək və arzusunun əskinə cərəyan edir. Bu günkü musiqi həyatımızda
zovqsüzlük, keyfiyyətsizlik, nadanlıq hökm sürür. Necə deyərlər, Üzeyir
bəydən imtina edirlər və o da həyatımızdan yavaş-yavaş çıxıb gedir. Mənim
4-cü simfoniyam da nadanlığın zövq üzərində qələbəsi haqqındadır, Üzeyir
bəyin bu günkü aqibəti haqqında. Əsərin sonunda o zövqsüzlüyə dözməyib
gedir və biz dəhşətli reallıqla üzbəüz qalırıq...
- Baletin sonunda Oğuz çıxıb gedir, simfoniyanın sonunda Üzeyir
bəy. Sonra necə deyə bilərsiz ki, musiqi sənəti ədəbiyyat, yaxud təsviri
sənət kimi müəllifinin həyatını əks eləmir? Bəstəkar da avtobioqrafik
ola bilir.
- Əslində hər kəs sonunda çıxıb gedir. Getmək yox, kimin getməsi önəmlidir.
Azərbaycan cəmiyyəti əgər zövqsüzlüyə düçar olsa, geriyə yol çox uzun
olacaq. Mən bunu anlatmağa çalışdım ki, insanlar bu cəhalətdən iyrənsinlər.
Mənim gücüm daha heç nəyə çatmır. Bioqrafik görüntüyə qalanda, biz hamımız
çətinliyə düşən kimi çıxış yolunu «başımızı götürüb qaçmaqda» görmürükmü?
- Sizdə ümid varmı ki, Cavanşir Quliyev dedikdə müasirləriniz
«Əsgər marşı» və lirik sevgi mahnılarından başqa nəyisə yadına sala biləcək?
Onlar sizin ciddi musiqinizin qiymətini verə biləcəkmi?
- Ümidim yoxdur. Bunu gözləmirəm, çünki ciddi musiqi hər kəsin işi deyil.
Musiqini dinləyib analamağa hazır olanlar cəmiyyətdə əksəriyyət təşkil
eləmir. Amma onların düşüncə tərzindən və zövqündən ölkədə bir çox şeylər
asılı olur. Bir də ki, düşünürəm ki, Cavanşir Quliyevin ciddi sayılan
əsərləri keyfiyyət baxımından lazımi səviyyədə (məsələn «Koroğlu», «7
gözəl» kimi) olarsa onda müəllif bu əsərləriylə müasirlərinin yaddaşında
qala biləcək.
- Kosmosdan baxanda Kıprıs Azərbaycandan bir elə də uzaqda deyil.
Necə deyərlər, Bakıda görüşənədək!
Gülnarə Rəfiq
Cavanşir Quliyev: “İçərimi dağıtmayan musiqini yazmayacağam”