«Mama Roza» ürəyini «Avropa»ya açdı: «Bizim biznesdə jurnalist xanımlar
çoxdu»
Qəhrəmanımız 30
yaşı təzəcə haqlayıb. Qədim peşəylə məşğul olmaqçün kifayət qədər cazibədardı.
Bəli, o, bədən satır. Amma özünü yox, başqalarını… Adı önəmli deyil. O,
Fatmanisə də , Esmiralda da ola bilərdi. Sadəcə «mama Roza» deyək. Onda
hamı bilər ki, söhbət kimdən, yaxud kimlərdən gedir.
Bədən alverinin tənəzzül dövrünü hələ heç kim görməyib. Sivilizasiyaların
dağıldığı, materiklərin batdığı, mədəniyyətlərin izsiz yoxa çıxdığı, dəyərlərin
qiymətdən düşdüyü bir dünyada insan bədəni həmişə qiymətli «mal» olub.
Adətən alan və satan öz arasında sövdələşir. Məsələn, vağzal ətrafında
axşambazarı 20 faiz endirim olur, beş min manatdan dörd minə düşürlər.
Alverin də öz qanunları var. Hazırda istənilən mal bazarında bolluqdu
– nisbətən ucuz, pis qablaşdırılmış yerli mallar, gözqamaşdırıcı tərtibatlı
və bahalı xarici mallar. Şəhərimizi zəbt eləmiş «ramstorlar», «mak donaldslar»
bizə qablaşdarmanı qiymətləndirməyi öyrədə bilib. Biz əslində servisə
pul xərcləyirik. İçdiyimiz şirənin dadından yox, onu gətirən ofisiantın
təbəssümündən, kafedəki qab-qaşığın keyfiyyətindən, şirəni sümürdüyümüz
borucuğun formasından ləzzət alırıq. Bədən alverində də belədi. Yüz dollarlıq
və beş min manatlıq qadının hər ikisini soyundurub boyağını yuduqdan sonra
aradarındakı keyfiyyət fərqi çoxmu böyük olur? Sadəcə kimsə «qablaşdırma»
sənətini gözəl öyrənib və reklama, servisə pul xərcləməyə simiclik etmir.
Hazırda küçədə-tində dayananların sayı azalıb. Bu, polisin keyfiyyətli
işinə, yaxud cəmiyyətdəki dəyişikliklərə işarə deyil. İndi özünə və cibinə
arxayın olan hər bir kişi mobil telefonunun yaddaşında «mama Roza» nömrəsi
saxlasa, ehtiyacı olanda telefon açıb sifariş verə bilər. Bununla da ünsiyyət
quracağı qadınla sövdələşmə, yer vədələşməsi, şərtlər və s. prosedurlardan
canını qurtarmış olacaq. İşin əsas hissəsini «mama Roza» görəcək. Həmin
kişiyə yalnız öz fantaziyalarını reallaşdırmaq və ən vacibi, cızdığı ssenarinin
smetasını ödəmək qalır. Yanında görmək istədiyi qadının boyu, saçının
rəngi, xəsiyyəti şifahi sazişdə razılaşdırılır. Təbii ki, saziş qadının
sağlam olmasına təminat verir.
Həmsöhbətimiz ürəyini açıb tökməyə meylli deyil, Amma söhbətdən də qaçmır.
İnsanlarla ünsiyyət onun biznesinin vacib hissəsidir.
Əlli dollardan aşağı qız çıxartmıram
- Mən də ailəmi sevdiyim insanla qurmuşdum. Oğlumuz var. Bir neçə il əvvəl
yoldaşım işləmək adıyla xaricə getdi. Əvvəllər inanırdım ki, bizi gözləyir,
yanına getməyə cəhd edirdim. Sonra başa düşdüm ki, aldanmışam. İndi heç
oğlunun ad günündə də zəng eləmir. Bizi atdığını boynuma almıram. Deyirəm,
ərim ölüb. Amma qarın gözləmir. İndi uşaq mənim əlimə baxır. O vaxtlar
əlimizdəki pul qurtarandan sonra işədüzəltmə firmalarının az qala hamısını
gəzdim. Anketdəki şəklimi bəyənənlər məni işə tərəddüdsüz götürürdü. Katibə,
ofisiant, ya da satıcı işi təklif edilirdi. Qazancı az, işi çox olsa da
cəhd eləmişəm. Ağ önlük salıb xidğət eləyəndə də, katibə olanda da, hətta
satıcılıqda da müdürün səndən umacağı olur. Kiçicik məvacibini də şərtlə
verir. Onda qərara gəldim ki, özümü satacamsa ucuzluğa getməyim… İndi
Allaha şükür, kişilər mənim ayağıma gəlib xahiş-minnət eləyirlər. Qızlara
da demişəm, ucuz olmayın.
- Satiılan qadının qiyməti nədən asılıdır?
- Son vaxtlar əlli dollardan aşağı qız çıxartmıram. Bəzi müştərilərlə
keçmişdən münasibətim var. Hərdən onlarçün 10 «şirvan»a düşürəm. Adətən
100 dollar istəyirəm. Kişinin ürəyi istəsə artıq xərclər. Bizim kişilər
də ki, maaşşallah, yaşları artdıqca sütül qız istəyirlər. Ona görə azyaşlılar
baha gedir. Mən öz qızının ilk gecəsini 3 min dollara satan qadın tanıyıram.
Hər şey yığdığın «kliyenturadan» asılıdır. Kişilərin özü qədər içməyi
bacaran, amma açarını itirməyən, məclisi şənləndirməyi bacaran qadınlar
bahalı olur. Heç içməyən qadınları sevmirlər. Təcrübəmə əsasən bilirəm
ki, rus qızlarıyla işləmək daha rahatdı. Bizimkilər «deşovkalıq» eləyirlər.
Kişilərimiz ağıllı qadınları sevmirlər. Pulundan keçmiş kişi bəlkə də
ocağının başındakı ağıllı qadının əlindən qaçıb bizə pənah gətirib. Bizim
biznesə özünü ağılsız göstərə biləcək dərəcədə ağıllı qadınlar lazımdı.
«Qruppovoy»a gedənlər bahadı
- «Menyu»da sonra nələr olur?
- Hər zövqə uyğun qızlar təklif edə bilərəm. Kişipərəstlər üçün «mavi»dən
tutmuş oral seks həvəskarlarına qədər. «Qruppovoy»a hazır olan qızlar
da var, nisbətən bahadırlar. Onları şəxsən özüm aparıram, pulunu da qabaqcadan
alıram ki, sonra problem olmasın.
- Qazancı necə bölürsüz?
- Əlli əlliyə. Bəzən mənə ikiqat düşür. Həm qüzdan, həm də müştəridən
alıram.
- Qızlar etiraz eləmir ki? Axı işin əsas hissəsini onlar görür…
- Nə danışırsan? Mənə yalvarırlar ki, onları işə qoşum.
- Xasiyyəti ağır, yaxud zorakılığa meylli müştərilər olur?
- Hər cürü olur. Bu yaxında bir məclisdə müştərilərdən biri içib kefləndi,
başladı qızın anasını söyməyə. Gördüm qız cavab verə bilməyib sakitcə
ağlayır. Söyənin cavabını da verdim, qızları başıma yığıb məclisi tərk
eləmək istədim. Belə təhqirlərə dözmək lazım deyil. Yalvar-yaxar edib
bizi saxladılar. Bəlkə pulu qabaqcadan vermişdilər, ona görə. Müştəri
də insandı, onun da zəif yeri ola bilər.
- Neçə illik stajdan sonra müştəriləri ilk baxışdan, ya da bir
sözdən ayıra bilirsənmi?
- Əlbəttə. Ağzını açan kimi bilirəm, pul verəndi, ya yox. Özün fikirləş,
qadına kim çox pul xərcləyər? Ya pulu çox olan, ya da «brak» kişi. Əgər
naqisliyi varsa, onu üzə vurmuruq. Amma görüşdən sonra qızlarla yığışırıq.
Hərə öz başına gələni danışır. O qədər gülürük ki… Ən gülməli əhvalatlar
yaşlı kişilərlə olur.
- Belə çıxır ki, kişilərin cikini-bikini bilirsən. Bizim kişilərin
qadına münasibəti necədi?
- Bəzən özünü satan qadına alçalmış, azmış, nə bilim, pozğun deyirlər.
Guya onlara münasibət çox pisdi, guya alçalırlar, döyülürlər… Mən gördüyüm
kişilər qızları ayağını yerə dəyməyə qoymurlar. Maşınla aparır, maşınla
gətirirlər. Bunu eləyə bilməsə maşının pulunu verirlər. Birlikdə dükana
girəndə qız nəyə barmağını uzatsa , onu alırlar. Şərəfinə açdığı süfrəyə
qadının ağzından nə çıxsa onu da düşdürürlər. Bəlkə də adını uca tutduğu
həyat yoldaşı, uşaqlarının anası belə hörmətə, diqqətə həsrətdi.
Ata-bala
qızı bölüşdürə bilmədi
- Faciəylə
nəticələnən hadisələr olur?
- Qıqanclıq hissi kimisə yalnız sevgi olan yerdə yaxalaya bilər. İnsandı
da, bir-birinə bağlana bilər. Bir qız vardı, həm ata, həm də oğluylu yaşayırdı.
Atanın pullarını xərcləyir, oğlunun cavanlığından istifadə eləyirdi. İşin
üstü açılanda ata-bala üzləşməli oldu. Amma o qızı bölüşdürə bilmədilər.
İndi də «məhəbbət üçbucağında» yaşayırlar.
- Müəllim olmaqçün doğulanlar, həkimlikçün yaranan insanlar var.
Canında anadangəlmə fahişəlik olan qadınlar varmı?
- Bir əhvalat danışım, mənə yaman təsir eləmişdi. Mən hərdənbir «yağlı»
müştərilərə saxlamağa qız da düzəldirəm. Kişi o qızı əlinin içində saxlayırdı.
Onunçün ev almışdı, içinin avadanlığını xırdavata qədər nəzərdə tutmuşdu.
Hər həftə çərəzinə qədər bütün bazarlığını eləyirdi. Əyin-baş da kı, öz
yerində. Üstəlik hər həftə 200 dollar cibxərcliyi verirdi. Zarafatla buna
«konfet pulu» deyirdi. Kişi onu sevirdi də. O qızın daha heç nəyə ehtiyacı
yox idi. Təsadüfən bir məclisdə o qızı şaqqanaq çəkib gülməyindən tanıyıb
hətta diksindim də. Başqa bir kişinin qucağındaydı. Soraqlaşdım, dedilər
«on şirvana» çıxıb. Bax, beləsi anadangəlmə fahişədi. Elə özüm də, hələ
«dəyməmiş» vaxtlarımda məni saxlaya biləcək kişiyə rast gəlməyi arzulayırdım.
Sonra gördüm ki, kişilər təmiz ev qadınına pul xərcləmirlər. Onlar yalnız
öz çirkin fantaziyalarını maliyyələşdirirlər. Mənim arxamca sürünən kişilərin
də bir-iki dəfədən sonra maraqlarının istiqaməti dəyişib.
Keçən il 23 min dollar təmiz qazancım olub
- Qazandıqlarınla itirdiklərini tərəziyə qoymusanmı?
- Hesablamışam, keçən il 23 min dollar təmiz qazancım olub. Mən hələ hədiyyələri,
dublyonkaları, evimə gələn bazarlıqları saymıram. Saatlarla mobil telefonla
danışa bilərəm. Özümə kontur almağımsa yadıma gəlmir, hamısı dostlarımın
hörmətidir. Pulun qəribə xasiyyəti var, gəldiyi kimi gedəndir. Qazandıqlarım
hardadı, heç özüm də bilmirəm. Haram pul olmağını mən də bilirəm, ona
görə bərəkəti yoxdu. Mənə qalan yaxşı tanışlıqlar olacaq. Əsl dostlar
qazana bilmişəm, aramızı vuranlar rahat qoysa. O qədər yaxşı insanlarla
aram dəyib ki… Bizim mühit çox çirkindir. Dünən acından ölən, əlini çörəyə
çatdırdığım bir adam bu gün ayağımın altını qazır. Arada bir-iki «şirvan»ın
söhbəti var e. Özümə bir gün ağlayandan sonra uzaqlaşacam bu işdən. Heç
olmasa gözəlli k salonu aça bilsəydim, ya təsərrüfat, ya sex işə salsaydım,
başımı götürüb qaçardım buralardan. Oğlum da böyüyür, bir azdan heç nəyi
ört-basdır edə bilməyəcəm.
Ərəb kişilərini görəndən özümüzkülər gözümdən düşüb
- Bəs şəxsi həyat?
- Kişilərin hamısına nifrət eləyirəm. Demirəm ki, tənha olaram, yox… Amma
o boşluğu heç kim doldura bilmir. Hərdən əhvalım pis olanda yuxuda yoldaşımı
görürəm. Amma keçmişə qayıtmaq istəmirəm. Gələcəyimdənsə çoxdan əl çəkmişəm.
Bu yaxınlarda bir-iki aylığa Dubaya getdim. Ərəb kişilərini görəndən sonra
özümüzkülər gözümdən tamam düşüb. Gecə səhərəcən «həbibim» (yəni sevgilim)
sözləri qulaqlarında səslənir. Evlənmək təklifi də olub. Kişi arvadını
hər barədə təmin edəcəksə, ikinci arvad olmağın nəyi pisdi ki? Bizim kişilərdə
belə fərasət var? Heç bir arvadı fərli-başlı saxlaya bilmirlər. Bu gün
qadınlar özlərini dolandırmasalar, batarlar. Bilmirəm, jurnalist peşəsi
səni dolandırırmı? Bizim biznesdə jurnalist xanımlar çoxdu. Heç yaza bilməsələr
də, ciblərindəki vəsiqə, gecə vaxtı «obyektə yazı dalıyca gedirik» demələri
onları polisin əlindən qurtara bilir.
- Polislə problemləri necə həll edirsən?
- Dostlarımın canı sağ olsun. Zəng eləməyə bəndəm, bütün düyünlər o saat
açılır. Vəzifəli dostumun nömrəsini yığıb telefonu polisə verən kimi səsin
zəhmindən onun necə ağardığını dəfələrlə müşahidə eləmişəm. Əvəz-əvəz
dünyasıdı, necə deyərlər, əl-əli yuyar, əl də qayıdıb üzü… Sən də nömrəmi
yaz, lazım olaram. Gərək səninlə də bir gün oturub çay içək…
«Avropa»
qəzeti
2003-cü il, 8-14 mart nömrəsi