İsmayıl Məmmədov - 60 il
Şəhərinə vurğun rəssam «Rəngli yuxulur»ına dəvət eləyir
Mimika oğrusu
Bu yazının qəhrəmanı rəssam İsmayıl Məmmədovdur. Onu xatırlaya bilməyənlər
neçə il əvvəl ABA telekanalında gedən «Qız qalası» verilişini yada salsın.
Rəhmətlik Bayandur Mehdiyev hər verilişə tanınmış insanları dəvət eləyirdi.
Onlar lətifə deyib baməzə əhvalatlar danışıb gülən vaxt kadrın arxasında
bir adam sakitcə oturub arabir masa üstündəki pivədən, ya da çaydan bir
qurtum alıb fasiləsiz nəsə şəkil çəkirdi. Çox vaxt söhbətə heç qarışmazdı.
Elə bil ki, tutduğu anı əlindən buraxmaq istəmirmiş, ya da gördüyünü tələsik
rəsmə çevirmək istəyirmiş kimi. Yalnız verilişin axırında titrlar gedəndə
bütün veriliş boyu onun gördüklərini biz də görürdük.
Rəssamın arxivində 400-dən artıq portret toplanıb. Rəssam hərdən zarafat
da eləyir ki, çəkdiyim portretlərin hamısını yığa bilsəm Ginnes kitabına
düşməyə imkan olar: «Mən insanların reaksiyasına baxmağı daha çox sevirəm.
Axırda portretə baxan kimi üzləri uşaq kimi işıqlanır. Veriliş vaxtı Bayandur
Mehdiyev insanları danışdırdıqca onların xatirələrindən ən yaxşı anları
ortaya çıxarırdı. Mənsə oğruncasına yaxınlaşıb bu ifadəni «qaçırırdım».
Əslində biz İsmayıl Məmmədovu düşündüyümüzdən yaxşı tanıyırıq. Uzun illərdir
ki, biz bayramlarda tanışlarımıza onun tərtib elədiyi açıqcalarda təbrik
yazırıq, prezintasiya və konsertlərə gedəndə onun orijinal dəvətnamələri,
afişalarından «yaraqlanırıq», şəhərimizə gələn qonaqlara onun tərtibat
verdiyi kitabları, xəritələri hədiyyə eləyirik. Onun xəritələri şəhərin
bir çox ofislərinin divarlarını bəzəyir. İsmayıl Məmmədov poliqrafiya
sahəsində işləyən azsaylı rəssamların içində ən maraqlısıdır. İsmayıl
Məmmədov özünü o qədər çox sahələrə baş vurur ki, bəzən düşünürsən, insan
övladının bütün bunlara ömrü çatmazdı. Amma o, hamısını çatdırır. Bu qədər
rəngarənglik, çaların dəbdəbəsini uydurmağa vaxt və ən vacibi güc tapa
bilir: «Nə qədər çox işləyirəmsə, bir o qədər gücüm artır». Adama elə
gəlir ki, azərbaycanda bütün qablaşdırma-poliqrafiya işlərində onun əli
var.
Əməkdar rəssam adını lap bu yaxınlarda alıb, amma çoxdan almalıydı. Bəlkə
də ad haqqında düşünməyə də vaxtı yox idi. Axı yeni poliqrafik möcüzə
yaratmaqçün kompüterin monitoru qarşısında saatlarla dizaynerə göstəriş
verəndən sonra dekorasiya və kostyumlar üzərində işləməyə teatra qaçır,
sonra şagirdlərinə vaxt ayırır, gecələrini mistik monotiplərin üzərində
cadukərlik eləməkdə keçirir. Bir çatışmamazlığı var, o da vaxt çatışmamazlığı,
zaman qıtlığı. Vəssalam…
Riyaziyyat, yoxsa rəssamlıq?
Seçimini lap kiçik yaşda, deyəsən 4-cü sinifdə olanda eləyib. O vaxt riyaziyyat
yönlü məktəbə gedirdi, amma Pionerlər Sarayında rəsm dərnəyinə də yazılmışdı.
Yaxşı ki, riyaziyyatla məşğul olan bacı və qardaşları içərisində ona ağ
qarğa olmaqdan qorxmamağı tövsiyə eləyən tapıldı. Artıq o vaxt o bilirdi
ki, heç kimin bacarmadığını eləyə bilər. Əzimzadə adına rəssamlıq məktəbindən
sonra Leninqrad (indiki Sankt Peterburq) İncəsənət Akademiyasına sənəd
verəndə bəxtindən heykəltaraşlıq fakultəsi 4 illik bağlandı. Rəngkarlığı
seçməli olsa da əlləri hələ də formanı duymaq qabliyyətini itirməyib.
Bəlkə də memarlığa olan həvəsinin arxasında həcm, məkan duyğusu dayanır.
O vaxtlar hamıya irad tutmağı sevən müəllimləri də nədənsə ona bir söz
demirdi. İsmayıl da şübhələr içində çaşıb qalırdı. Axı öz yolunu tapmaq
hər adama nismət deyil. Amma bir gün müəllimi də etiraf elədi: «Bilirəm
ki, şübhələrlə ürəyinin içini yeirsən, Sənə ona yaxınlaşmıram ki, hesab
edirəm ki, düz yoldasan. Onsuz da dar ayaqda yanında olacam».
Teatr bir xəstəlikdir…
Qapalı emalatxanasında rəngkarlıqla sehr yapan vaxtlarında teatra dəvət
aldı. Emalatxanadakı təklikdən sonra kollektivdə işləmək çətin gəlirdi.
Amma özü demiş «teatr bir xəstəlikdir, ona «yoluxandan» sonra daim ora
qayıtmaq istəyirsən». Odur ki, hələ də teatrdan əl çəkə bilməyib. Tamaşalar
onsuz da çatışmayan vaxtını, gücünü alsa da.40-a qədər tamaşalara tərtibat
verib. Premyeranın sabahı qəzetlər və televiziya rejissyorun, aktyorların
adlarını sadalasa da nədənsə rəssamı unudurlar. Teatr rəssamı isə tamaşanın
aurasını yaradan bir adamdı. Rənglərlə, işıqla, geyimlə sözünü deyən.
Rəssam hərdən bir premyera vaxtı pərdə qalxanda səhnəni boş da görə bilir,
bəzən aktyorlar rola uyğun yox, istədiyi paltarı geyib çıxa da bilir.
Bu vaxt rəssamın çəkdiyi zəhmətin həcmini düşünməsən daha yaxşıdı…
Hazırda teatr kostyumları üzrə kataloq və gənc rəssam nəsli üçün dərs
vəsaiti ola biləcək kitabın materialı artıq çoxdan yığılıb. Amma özü də
bilir ki, gənc rəssamlar teatra gəlməyə tələsmirlər. Gəldi gedər dünyada
estafeti verməyə bir adam lazımdı. Sənətkar bölüşməlidi, təcrübəsini ötürməlidi.
Pulsuzluqdan əzilən teatrda cavanlar işləmək istəmir, onlar İsmayıl Məmmədovun
keçdiyi yolu bir keçməyə qorxurlar…
Küçələr də təmizdi, insanlar
da
İsmayıl Məmmədovun rəsmlərini tablolardan başqa kliplərdə də görmək olar.
Cizgi filmi kimi, animasiya janrında çəkilmiş «Yağış» klipinin ideyasını
Brilyant Dadaşovaya rəssam İsmayıl verib. Burada rəssamın Bakıya aid qrafik
əsərləri nümayiş edilir. Azərbaycan üçün bu da yenilikdir ki, klip çəkilişində
professional rəssamın işləri istifadə edilib. Brilyant Dadaşova da gah
animasiya, gah da real görünüşdədir. Bu Bakının küçələrində yeni tikililər
köhnələri kölgədə qoymur. Lap keçmişdəki kimi. Küçələr də təmizdi, insanlar
da…
İsmayıl Məmmədovun bir başqa işi, prodüsserlik elədiyi «İçərişəhərdə gəzinti»
adlı sənədli film də maraqlı layihədir. Rəssam İsmayıl və tarixçi Fuad
Axundov İçərişəhərin əyri və sonsuz dərəcədə əziz küçə və dalanlarında
gəzişərək söhbət edir. Ötənlərdən, bitənlərdən, ölənlərdən və itənlərdən
olan söhbətdə maraqlı faktlar olduğu kimi maraqlı rəsmlər də çoxdu. Film
bitən kimi çox böyük sevgi və nəvazişlə yaradılmış filmin tariximizdə
izi qalacağına əminlik duyğusuyla zalı tərk eləyirsənda
Üzü idvara çevrilmiş
lövhələr
Çərçivə həcmində yaratmalı olan rəssam olsa da bəlkə də çərçivəsini yırtıb
şəhərə ona görə çıxıb ki, çərçivəyə sığanlardan deyil. Soruşanda özünü
bəstəkar-rəssam adlandırır. Adətən rəssamlar gördüyünü kətana, kağıza
köçürürlər. İnsanlar da onların portretlərinə, peyzajlarına baxıb mütləq
oxşarlıq axtarır. Amma rəssamın məqsədi oxşarlıq olsaydı hamı fotoqraf
olardı və həmən anın əhvalını kağıza köçürməkdən qane olardı. Rəssam isə
yaradandır. O, hər gün gördüyn binanın, hər gün sənə güzgüdən baxın sifətin
rəsmini çəkirsə də o yaradır. Sənin görmədiyin və duymadığını ora əlavə
eləyir. Bəlkə ona görə də əsərini satmaq çətin olur : «Mən yağlı boya
ilə işlədiklərimi satmıram. Üst-üstə qalayıb emalatxanama yığmışam. Bəlkə
uşaqlarımın gərəyi oldu». Amma İsmayıl Məmmədov bağışdamağı, hədiyyə eləməyi
sevən nadir rəssamlardandı. Bəlkə də portret janrına meyli ondandı. Yağlı
boyanın od qiymətinə olduğu vaxt onu hədiyyə eləməyə ürək gərəkdi. Amma
kağız, qələm və üstəlik də bir neçə dəqiqə vaxtı heç kimdən əsirgəməz.
Sonra sənin də arxivində İsmayılın qələmindən çıxmış və redaktəsini keçmiş
portretin olacaq. İndi vaxtı qıtdı, amma nisbətən asudə vaxtlarında bizim
dünyamızı bəzəyəndən sonra emalatxanasına çəkilib öz dünyasının quruculuğunu
başa vuracaq. Görəsən ora giriş sərgidəki kimi azad olacaqmı? Özündən
soruşaq: «Özüm üçün elə şərait qurucam ki, emalatxanada qapalı qala bilim.
Mən o vaxtv səbrsizliklə gözləyirəm».
Emalatxanada zamanla təkbətək
İsmayıl Məmmədovu tanıyanlar onun işıqlı aurası, gülərüzülüyündən və ən
vacibi insanlara əhval hədiyyə eləmək kimi nadir istedadından danışır.
Düşdüyü cəmiyyətdə hamının mütləq üzündən öpəcək, tələsik bir-neçə ştrix
vasitəsiylə rəsmini çəkməyə, üstəlik bir-iki detalı bir balaca dəyişdirib,
yəni uzun durnu «yontalayıb» qırışları «hamarlamağa» macal tapıb sonra
hədiyyə də eləyəcək. Elə bil ki, rəsmin üstündə bir emosiya çələngi də
qoyacaq ki, sonra onu uzun müddət unuda bilmirsən. Normal adamlar kimi
pis əhvalı gələndə emalatxanasında özünə qapanır. Reanimasiya şöbəsində
olduğu kimi hər şeyi səliqəyə salandan sonra, mütləq təmizləyəndən sonra
adam arasına çıxır. Daha bir istedadı da odur ki, həyatın axarına düşəndə
həmişə özü olmağı bacarır. Saç-baş ağarsa da, sağlamlıq əldən getsə də,
qalan günlərin sayğacı bir az da sürətlə fırlansa da..
- Mən axır vaxtlar güzgüyə baxmıram. İnsan içərisindəki öz yaşını hiss
eləmir. Qəlb hələ də cavandır axı…
İnternetdə axtarış verib İsmayıl Məmmədov haqqında yazı soraqlayanda Alma-Ata
müxbirinin məqaləsinə rast gəldim. Yazı redaksiyanın pəncərələri altında
rəsm çəkib yoldan keçən insanlara hədiyyə eləyən insanın təsviriylə başlayırdı.
Rəssamın payladıqları listovka, buklet deyildi. O, şəhərin rəsmini çəkib
sonra satmırdı, xeyr, onları hədiyyə eləyirdi: «Baxın, görün necə gözəl
şəhəriniz var!». İnsanlar da əvvəl ehtiyatla götürür, həmişə gördüyünü
başqa gözlə baxıb sonra gülümsəyir.
Əslində bütün getdiyi şəhərləri – Venesiya, Florensiya, Vyana, London,
İstambul - bax beləcə tələsik çəkməyi çox sevir. Sonra geri qayıdıb rəngləmək
prosevini emalatxanasında eləyir: «Mən şəhərin küçələrində gəzib elə bil
ki, onu içimə çəkirəm. İnsanlar adət elədiyindən onun gözəlliyini görmürlər.
Gözəl şəhərin sakinləri də çox vaxt gözəl olur».
Canım Bakı, qanım Bakı …
Başqa şəhərləri də sevə bilən adam Bakını sevməzmi? İsmayıl Məmmədovun
adının qabağında bakılı xitabı dayanır. Sözün əsl mənasında küçələrinə,
dalanlarına, sınıq salxaq komalarından tutmuş gözəl memarlıq abidələrinə,
insanlarına vurğun bir bakılı. Bakıda və onun ətrafında elə bir yer tapa
bilməzsən ki, rəssam İsmayıl onu çəkməsin. Artıq 10 ildir ki, sevimli
şəhərini çəkir və çəkməkdədir. Xırda detallarıyla, divar çatları ilə,
köhnəliyi və əyriliyi ilə birgə. İndi itirdiklərimizi, müasirliyə qurban
verdiklərimizin hamısını, xüsusilə də İçərişəhərin qədimliyini onun rəsmlərində
tapa bilərik. Bir vaxt Moskvadan bir qrup memar qrupu gəlmişdi ki, İçərişəhərin
yenidənqurmasına layihə versinlər. Onların istədiyi alınsaydı İçərişəhər
rəssamlar, musiqiçilər və sənətkarlar şəhəri olacaqdı, indiki kimi villallar
və səfirliklər şəhəri yox. İçərişəhərin yenidənqurulması prosesində rəssam
İsmayıl can-başla işləyərdi.
İsmayıl Məmmədov bakılı balasıdı. Ona görə yox ki, sənədlərində doğulduğu
yeri Bakı göstərilib. Şəhərin əyri küçələri, dalanları, abidələri, göz
oxşayan milyonçu evləri, məscidlər, hamamlar, ovdanlar o qədər əzizdi
ki, ömrünün ən məhsuldar, yaradıcılığının zirvəsi edə biləcəyi illərini
Bakını çəkməyə həsr eləyib. «Quş uçuşundan görünən Bakı» adlı xəritə 2001-ci
ildə yarandı. Rəssam şəhərin demək olar ki, bütün binalarını əvvəl ayrıca
çəkib, sonra rəngləyib və Bakının xəritəsi üzərinə yerləşdirməklə orijinal
bədii xəritə yarada bilib. Orda hər şey gördüyümüz kimi, eyni zamanda
bir qədər başqa cürdü, rəssamın gördüyü kimidi. Axırda onsuz da az olan
yaşıllıqsız şəhərimizi bəzəməkçün xəritədə ağacları da yerləşdirib. Tanışlarıyla
zarafat da eləyir ki, «Bax, sənin evinin yanına ağac əkdim ki, yayda sərin
olsun». Hazırda bu rəsm- xəritə şəhərin ən məşhur və ən çox işlədilən
xəritəsidi. Bu xəritənin uğurundan ilhamlanan rəssam ardınca «İçərişəhər
– irsimizi qoruyaq» (2002), «Abşeron – külək və odlar diyarı» (2004),
«Azərbaycan keçmişi və bu günü» (2006) xəritələrini də yaradıb. Həmin
özünü incitmə üsuluyla - tarixi abidələrin şəkillərini tapmaq, onları
çəkib rəngləmək və kompüter xəritəsində yerləşdirməklə. İşğal altında
olan torpaqların abidələrini axtarıb tapmaq çox çətiniydi. Bəzən rəqəmlər
də çox şey deyə bilər: birinci xəritədə 96, ikincidə 85, üçüncüdə 159,
sonuncu xəritədə 185 obyekt yerləşdirilib. Dördüncü xəritənin kənarlarında
rəssam 12-ci əsrdən 1920-ci ilə qədər dövrü təsvir edən daha 12 xəritəyə
də yer tapıb. Burada o dövrün ticarət və karvan yolları da təsvir edilib.
Xəritələrin arxasında çəkilmiş tarixi abidələr haqqında alim və tədqiqatçıların
rəy və məlumatları da çap olunub. Bütün bu işlərdə İsmayıl Məmmədova Norvec
neft kompaniyası «STATOİL» maddi dəstək olduğundan xəritələr emalatxananını
küncündə küllənib qalmayıb. Onlar hər il keçirilən neft sərgilərində nümayiş
edilir. Bütün bu işlərin tacı kimi «Azərbaycanın memarlıq və tarixi abidələri»
adı altında kitab gözlənilir. Dörd xəritədə əksini tapmış 500 – ə qədər
rəsmlər burada toplanacaq. Bax, şəhərini belə sevərlər!
Sehrli dünyanın açıq qapıları
Hazırda İsmayıl Məmmədov kitab qrafikasının durumundan da çox narahatdı.
Axı uzun illərdir ki, uşaq kitabları, nağıllar, bəddi əsərlərin tərtibatında
canını qoyub. Amma kompüter dizaynının şablon rəsmləri bədii tərtibatı
da sıxışdırıb aradan çıxarır. İndi uşaqlarımız nə şəkilli, nə də şəkilsiz
kitabın üzünü açmaq istəmirlər. Əslində ana dilində oxumalı elə bir şey
də çap olunmur…
Bəzən İsmayıl Məmmədov ona qrafik, yaxud təkcə teatr rəssamı, ya da kitab
tərtibatçısı deyəndə bir az inciyir. Ona görə də indi 60 illik yubileyinə
hamını bütün yaradıcılığına baxmağa dəvət eləyir. Bir növ emalatxanada
yaratdığı dünyanın qapılarını açıb bu dəfə hamını içəri buraxacaq. Burda
hər şey var: sehr də, möcüzə də, nağıl da ağrı-acı da, əzab da… Bu sərgidə
rəssamın divar rəsmlərini görə bilməyəcəyik. Ona görə yox ki, hansısa
binanını divarını söküb gətirmək olmaz. Bu rəsmləri paytaxtımıza səlib
yürüşü elan eləmiş «yevroremontun» ilk qurbanları saymaq olar. Keçmiş
«Əfsanə» kafesi, Fontanlar meydanındakı «Retro» fotoatelyesi, «Azərbaycan»
kinoteatrı. «Azərbaycan» kineoteatrında kinoya aidiyyəti olan 160 nəfərin-
aktyor, rejisyor, film personajının real həcmdə portreti vardı. Kinoteatrın
yeni sahibi barbarcasına bu divar rəsmlərini soyub məhv elədi. Heç rəssamın
özünü də xəbər vermədi ki, onları ehmallıca söküb apara, yaxud hədiyyə
edə bilsin: «Xəbər tutanda 3 gün dilimə bir söz gətirə də bilməmişdim.
Nə vaxtsa məhv edilmiş divar rəsmləri haqqında kitab yazacam. Bu barədə
danışmaq mənə çətindi». 80-ci illərdə şəhərə gələn qonaqlara görməli yerlərdən
biri kimi bu kinoteatrı göstərirdilər. Onların heyrətdən ağızları açıq
qalırdı.
Onun «Rəngli yuxular»ını da görə biləcəyik. Bu «yuxular» hələ təzə-təzə
görünməyə başlayanda rəssamı depressiyadan çıxarmışdı. Bu yuxular rəngli,ləkələr,
abstrakt görüntülər, ayıqlıq və yuxu arasında olan məqamda hələ arzu və
irreallıq dünyasından tam ayılmamış sərhəddə bir neçə anı tutmaq cəhdləridir.
Burda cənnət quşları, yelkənli gəmilər, hərdən uçan atlarda olur. Amma
çox vaxt gecənin fantaziyasıtək əlçatmaz və gözünməz rəng oyunu….Rəssam
yuxularını çəkmir, rəngli qrafik işlərini ona görə «yuxu» adlandırıb ki,
orda onun enerjisinin qırığı var. Bəzən bu əsərlərə baxanlar «Bax, bu
mənim yuxumdur» deyib sevinənlər də tapılır. Adətən bu yuxunu öz dostuna
hədiyyə də edir. Yuxularınızı görmək istəsəz siz də gəlin. Bu gün saat
6-da Səttar Bəhlulzadə adına sərgi salonuna. Yuxularda görüşənədək….
Dünyanı fırçasına bulayan
rəssam
İsmayıl Məmmədovun işləri >>>>>