Dünyanı fırçasına bulayan rəssam

Portret ustası İsmayıl Məmmədovun portretini mənə bağışladığı qələm və təbəssümlə çəkmək istədim

Deyirlər, rəssam ağac çəkirsə ağaca, qum çəkirsə quma «çevrilməlidi» ki, canlı alınsın. Bəs, insanları çəkməyi xoşlayan rəssam necə? O da çəkdiklərinə uyğunlaşmalıdırmı? Bunu portret, şarc çəkməklə ad çıxaran İsmayıl Məmmədovdan yaxşı kim bilər? «Qız qalası» verilişindən əvvəl də onu insanlarla maraqlanan rəssam kimi tanıyırdılar. Çəkdiyi portretlərin miqdarına görə bəlkə də Ginnesin rekordlar kitabına düşə bilər. Dalıyca düşən olsa. Onun da portretini çəkən olubmu görən? Amma rənglərlə yox.
Doğuldu, təhsil aldı, sərgi açdı – bunlar da önəmlidir. İşlərinin nümayiş edildiyi ölkələrdən Fransa, Belçika, İtaliya, Almaniya, Avstriya, Danimanka, Bolqarıstan, Finlandiya, Kuba, Suriya, Macarıstanı qeyd eləmək, «QızılDərviş», «Humay» mükafatlarının adını çəkmək olar. Sənət bilicilərinin, dostlarının fikirlərini də sadalamaq müəllif üçün şərəflidir. Amma yatardıqları daha maraqlıdı.
Əsərlərinin xronologiyası onun keçdiyi yoldur. Rəssam yaradıcılığı avtobioqrafik olduğundan.

Portretə ilk ştrix
Təxminən bir il əvvəl qara mürəkkəbli qələmi o vaxt qəribə saydığım təbəssüm və «gör nə qədər potensial portretlər bağışladım sənə» sözləriylə birlikdə mənə uzatdı. Hər dəfə o qələmi mənası şübhəli yazılarçün işlədəndə fikirləşirdim ki, İsmayılda qalsaydı, fərli bir şey çəkərdi. Böyük həvəslə çəkər və ondan da böyük həvəslə bağışlayardı. Hərdən adamda elə təəssürat oyanır ki, deyəsən, onun çəkməyi də bağışlamaq üçündü… Rəsmlə birlikdə çəkiliş anındakı hisslərin kodlaşmış variantı və ona sərf edədiyi cəmi 5-7 dəqiqəni də bağışlayır. Çəkdiyi portretlər içində kədərli üzə, qaba emosiyaya rast gəlmədim. Elə bil kobudluğu, qəddarlığı görmür, görmək istəmir. Portretlə birlikdə özünün o adama münasibətini də çəkir. Bəs bağışladığının əvəzində nə qazanır görəsən?
– Çəkə-çəkə insanların xariciylə bərabər içini də görməyi öyrənmişəm. Amma pis xüsusiyyətləri çəkməməyə çalışıram. Əsasən də qadınlarda, axı onlar inciyə bilərlər… Özümsə çəkdikcə xəttin, çızığın qüdrətini başa düşməyə başlamışam. İndi xətt, çızıqla daha çox şey deyə bilirəm, nəinki rənglərlə.
Kökü kəsilməmiş… «Əjdaha»lar
Teatr rəssamı kimi də tanınır. Akademik Dram Teatrında tamaşalara tərtibat verir, Musiqili Komediya Teatrının baş rəssamıdır. Başqa bir ölkədə rəssam iki ildə 8 tamaşa hazırlasaydı, həyatının azı 10 ilini təmin eləmiş olardı. Sifarişləri “Pul imkanı məhduddur” sözləriylə birlikdə qəbul edir. Eskizlər, dekorasiya, kostyumlar, tamaşaçının görə bilmədiyi səhnəarxası toz-torpaqlı quraşdırma işləri…
«Bankir adaxlı» tamaşasında «görməmiş xanımın» evini növbənöv qablarla, çeşidli rəsmlərlə bəzəmək fikrinə düşmüşdü. Özü də tək yox, həmkarıyla birgə. Yəni müxtəlif boş çərçivələri müxtəlif müəlliflər doldurmalıydı. Bu ideya alınsaydı, Musiqili Komediya Teatrının fondunda Azərbaycan rəssamlarının bir nəslinin işləri dekorasiya üzərində toplaşmış olardı. Birbaşa dekorasiya üzərinə çəkmək sevincini mənimlə də bölüşdü. «Böyük zövq alacaqsan» sözləriylə dekorasiyanı korlamaq qorxumu da sındırıb yamyaşıl «əjdahanın» xeyir-duasını verdi. Rənglər, kətan, yanpörtü çərçivə, onun tələbələriylə bir neçə saat və vəd olunmuş zövq. Premyerada pərdə qalxan kimi birinci axtardığım da o «əjdahaydı». Hər yeni tamaşada pərdə qalxan zaman İsmayılın duya biləcəyi sevinc və fəxr hissinin həcmini indi başa düşürəm. Amma duyduğu təkcə sevinc hissi deyilmiş. Antraktda dostlarıyla birlikdə meyvə şirəsi də boğazından keçmədi. “Eh, mən nə haydayam...” deyib səhnə arxasına keçdi.
Həyat yoldaşı Zərifə xanımın dediklərindən::
– Canını qoyub hər işə. Başqaları eskizləri təhvil verib arabir iş prosesinə nəzarətçün gəlibgedirlər. İsmayılsa səhnə üçün tül almağa da özü gedir.

«Rəngli yuxular»ın doğulduğu yer
Onun öz dünyası var, hamı kimi. Dünyasını materiala köçürməkçün emalatxanaya gedəndə özünə qayıtmış olur. Bura jurnalistlər hazırlıqsız da gələ bilər. Krişnaçılar hesab edir ki, dəfələrlə təkrarlanan söz materiyaya çevrilir. Bəlkə dəfələrlə baxılan materiya da canlanır? Suallar, cavablar öz əhəmiyyətini itirdiyindən yalnız İsmayıl Məmmədovun iç dünyasına baxmaq gərəkdi. Adi emalatxana təsəvvürlərindən bir o qədər fərqlənməyən otaqda hər yer rəng qabları, fırçalar, üstündə xatirə ləpiri, üstündə göz yeri olan əşyalar, kağızlar, boş çərçivələr, heç bir emalatxanada olmayan aura və işıq. Bu işıq gün keçdikcə üstünə düşdüyü rəsmlərin də emosional təsirini dəyişir. Elə bil “Heç bu cür görmüsənmi, bir də bax” deyir. Hər dəqiqə, hər saat baş verən dəyişikliyi gördüyündən sən də müəlliflə birgə onların canlı olduğuna şahid olursan. Və inanırsan ki, yalnız həyat ritmimiz üst-üstə düşmədiyindən onlar cansız, sənsə canlı adlanırsan. Fərq bircə bundadır. Bir neçə dəqiqədən sonra qəhrəmana dəyən ox bir az da dərinə gedir, axıdılan qan bir az da qatılaşır, peyzajdakı buludlar yerindən tərpənir, avtoportretin baxışları bir az da itiləşir, yarımçıq işlər bar-bar bağırır. Boş çərçivələr arasından görünən başqa boş çərçivələr dolacağı günü səbirsizliklə gözləyir ki, tələsik öz boşlüğünun içindəkini açıb töksün ortalığa. Belə bir yerdə «Rəngli yuxular»ı görməməkmi olar? 94-cü ildən sonra ən ağrılı günlərin birində yaranmış, şüşə üzərində rənglə çəkilib ardınca kağıza köçürülən «yuxuları» rəssam hələ də görür. Nədənsə ağrılı və çətin günlərdə heç vaxt maraqlanmadığı qızılgülləri və natürmortları çəkməyə başladı. Bir gün arzuladı at çəkdi. Bir gün at dönüb öküz oldu. Mübarizə eləmək istədi – şirlər çıxdı meydana. İndi əjdaha ilində əjdahalarla döyüşür. Qəhrəmana dəyən ox bir az da dərinə gedir, axıdılan qanbir az da qatılaşır, peyzacdakı buludlar yerindəntərpənir, avtoportretin baxışları bir az da itiləşir, yarımçıq işlər bar-bar bağırır. Belə bir yerdə «Rəngli yuxular»ı görməməkmi olar? 94-cü ildən sonra ən ağrılı günlərin birində yaranmış, şüşə üzərində rənglə çəkilib ardınca kağıza köçürülən «yuxuları» rəssam hələ də görür. Bir gün at dönüb öküz oldu. Mübarizə eləmək istədi – şirlər çıxdı meydana. İndi əcdaha ilində əcdahalarla döyüşür. Amma öküz başında dayanan balaca adam qoymaz buralarda çox qan tökülsün. Lap həsəd aparırsan…
– Hərdən özüm də özümə həsəd aparıram. Bəzən ayağını kandardan içəri qoyan kimi emosiyalarını bərpa eləyirsən. Amma rəngkarlıq xəyanəti bağışlamır. Yağlı boyayla işləyəndə işi yarımçıq qoymaqolmur, keyfiyyətini itirir. İşlərsə o qədərdi ki, bir müddət ətrafla əlaqəni kəsib burda qalmalısan. Bu adama böyük səadət kimi gəlir.
Əlbəttə, vaxt olmaz da. Uşaq kitablarına tərtibat, döş nişanları, markalardantutmuş rəngli qrafika, yağlı boya – hamısıyla məşğuldu. Təzəlikcə Bakının xəritəsini bitirib. Şəhərin ən gözəl binalarını əvvəl bir-bir çəkib, sonra kiçildib şəhərin xəritəsində yerləşdirib.
– Bilirəm, məni xırdalanmaqda, artıq iş görməkdə günahlandırırlar. Düzdü, çox enerci işlənir, amma heç kim bilmir ki, işlətdikcə əvəzi gəlir. Axı mən bu xətti sevirəm ki, çəkirəm. Dəvətnamə, afişa, tərtibata vaxt və enerci sərf eləyirəm ki, camaatın gözü sevinsin. İnsanlara gözəllik bağışlamaqdan xoş nə ola bilər? Tarixdə elə rəssamlar var ki, neçə nəslə bünövrə olublar. İndiki rəssamlar fərqlənməyə çox can atırlar. Amma mən bünövrə olub ayaq altında qalmağa da razıyam. Qoy mənim elədiklərimdən faydalansınlar.

Qəhrəmanın qorxuları
– Bəzən arzularımın reallaşmayacağından qorxuram. Qana da baxa bilmirəm. Görəngə dizlərim bükülür, bu vaxt mənim özümə kömək lazım olur. Bir də iki nəfərin qeybətini eşitməkdən qorxuram. Daha doğrusu, onları belə vəziyyətdə görəndə özüm utanıram.


Soyuldum Nəsimitək…
«Azərbaycan» kinoteatrında gedəcək filmlərin telereklamları hər dəfə bəlkə də İsmayıl Məmmədovun yarasının qayğısını qoparır. Kinoteatrın sonuncudan əvvəlki təmirinin ağırlığı onun üzərində olub. Kinoya aidiyyəti olanların rəsmləri, Azərbaycan kino tarixindən kadrlarla bəzənmiş vestibülü xatırlayanlar hələ də var. Bir divarda Məşədi İbad cırtıq çalıb oynayır, o birində arşın malçı qızlara parça ölçür, lap girəcəkdəsə Nəsiminin dərisini soyurlar. İndi bu rəsmlər yoxdur. Kinoteatrı yenidən təmir eləyəndə kəsiblər. Divarları Nəsimitək soymamışdan əvvəl müəllifə xəbər verilsəydi, onun müəyyən hissələrini xilas etmək olardı. Heç olmasa orada əks olunmuş 160 portret kəsilib yiyəsinə hədiyyə edilməliydi. Eləcə də Fantanlar meydanındakı «Retro» fotoatelyesi, «Əfsanə» kafesi… İncəsənət tarixində müəllifin sağlığında divar rəsmlərinin məhv edilməsinə aid nümunə çətinki, tapıla. Freskaların üstündən rənglənməsini, məbədlərin məhv edilməsini sovet tarixinin ləkəsi saysaq da, dağıtmaqda davam edirik. Unutmuşuqmu divar rəsmi nədir? İndi «yevroremont» dəbdədir. Ucdantutma ağappaq…

Sevgi maskası
Hamı kimi onun da maskası var. Kimi təkəbbür, ciddilik, kimi etinasızlıq maskası taxanda o, sevgi maskası taxıbçıxır araya. İri, üzünün yarısını tutan təbəssümüylə birinin kürəyini sığallayacaq, o birinə ürək-dirək verəcək. Vaxtilə heykəltaraş olmaq istəyib. Bəxtindən o vaxt heykəltaraşlıq fakültəsi 4 illik bağlanıb. Amma əlləri «görmək» qabiliyyətini hələ də saxlayır. Deyir, əllərlə daha yaxşı «görürəm». Kiminsə kürəyini sığallayanda həm formanı, həm də məzmununu tədqiq eləyir.
– Bəzən teatrda aktyorlardan birinin əhvalını pis görüb yaxınlaşır, ona sığal çəkirəm. Yaxud aktrisalarla öpüşüb - görüşürəm. İncimək heç kimin ağlına da gəlmir. Deyirlər, eh, İsmayıldı da…


Portretə son ştrix
Ola bilər, o, elə indilərdə emalatxanasıyla vidalaşır. Yanında adam olsa belə, bəhanə tapıb son dəqiqələri tək olmağa çalışır. Sonuncu siqaretini yandırıb işığın yaratdığı vəziyyəti içində saxlamaq istəyir ki, gələn dəfə bunu bərpa eləmək asan olsun. Obrazlarıyla vidalaşıb həyatın axarına düşür.
– Emalatxanadan sonra hər dəfə şəhərə uyğunlaşmaq mənimçün çox çətin olur. Elə bil içimdə nəsə gizlətmişəm, onu tapdaya bilərlər. Bəzən bu, qorxuya da çevrilir. Bu vəziyyət bir xeyirxah adama rast gələnə kimi davam eləyir…

«Avropa» qəzeti
23-29 dekabr 2000