Qorxmaz Əlili: “Müğənninin prodüsseri olmaz”
“Tək səbir mənim sahəmdi”
"Zeynəbin, Floranın, İlhamənin nazıyla oynayaram"
Çıxış edir
Qorxmaz Əlili!
Bu məqamda alqışlar səslənməliydi - çıxış Mahnı Teatrının alt mərtəbəsindəki
kiçik otağa yox, böyük səhnəyə təsadüf eləsəydi.
...Mikrofon rolunu bu dəfə Qorxmaz Əlilinin əlindəki diktofon oynamalı
olacaq. Əlini mikrofona atmazdan, auditoriyayla təmasa girməzdən əvvəl
bir az nəfəs dərməlidir. O, yenə monoloq deyəcək. Axı camaat gözünü açıb
onu monoloq deyən görüb.
Hə, nədir? Yenə
də gülməyə hazırlaşıblar! Mən başdan-ayağa hır-hıram bəyəm? “Gülməliyik”
tamaşanın adıdı. Xazanovun üç saatlıq tamaşasının cəmi yarım saat gülməli
olardı. Ona demək olardı ki, niyə ağıllı danışdın?
***
- Heç müsahibə-zad da vermirəm. əlimdəki diktofonu da yerə qoymayacam.
Mənə belə rahatdır. Sonra dediklərimi təhrif eləyirlər, əsəbləşirəm. Bu
günlərdə məşqlərə baxıb yazıblar: “Heç gülməli olmadı. Görək də, tamaşaçı
güləcək, ya yox”. Aaa.... belə şey olar? Mən gülməkçün danışmamışdım.
Bir məndən soruşan oldu nə var, nə yox? Belkə yalvaracaqdım, qurban olum,
yazma? Bəlkə səbəblərini izah edəcəkdim? Jurnalist premyeradan yazmaz!
Deyəcəksiz ki, bişməmiş tamaşanı niyə göstərirsiz? Teatrın da öz qanunları
var. Aktyor səhnəciyi tanaşaçıyla birlikdə bişirir. Yazırlar: “Parodiyaçılar
yığıncağı”. Heç aramızda iki parodiyaçı yoxdu e! Qandıqları budu da, sizdən
iraq.....
***
- Mən kiməm? 1975-ci ildən elə Əliliyəm. 16 yaşımda instituta daxil oldum.
Sentyabrın 5-i olardı, Az.TV-nin istedadlar haqqında verilişinə məni və
Bilqeyis adlı bir qızı seçdilər. Ikimizə yarım saat vaxt ayrıldı. “Vremya”dan
sonra, on birin yarısında canlı yayımlanan verilişiydi. Mən orda parodiya
dedim. Səhər yuxudan duranda bütün Azərbaycan bilirdi ki, Qorxmaz Əlili
kimdi. Ta küçədə görəndə “a, dünən çıxış eləyəndi, adı nəydi?!” demirdilər
e! “Qorxmaz Əlili” deyib o saat tanıyırdılar. Bu günə kimi Qorxmaz Əlili
olaraq qalıram. Qabağa gedirəm ki, arxaya yox. Atam deyərdi ki, cənnətdə
dalda gedincə cəhənnəmdə qabaqda ol. Onunçün də estradanı özümə cəhənnəm
elədim.
***
- Bəli, Qorxmaz Əlili aktyordu. Adil İsgəndərovun tələbəsiyəm. O vaxtlar
bizim – “bizim” deyirəm ona görə ki, özümü o dövrün adamı sayıram - Raykin
adında aktyorumuz vardı. Mən estradaya onu görüb aşiq olmuşam. Komediya
janrına Əlağa Ağayev və Nəsibə Zeynalovanın sənətini görüb meyl eləmişəm.
Atam da savadlı, deyib-gülən, yumor hissi güclü adam olub. Təbii, qəssabın
oğlu qəssab olar da. Mən də aktyor olmalıydım. “İncəsənət”i qurtarandan
sonra teatr aləminə düşmək mənimçün çətin oldu. Atam istəyirdi ki, teatra
bağlanım. Gənc Tamaşaçılar Teatrına düzəlməliydim. Mədəniyyət nazirinin
müavini dedi ki, teatrın Aktyor evinə köçməsiylə əlaqədar ixtisar gözlənir,
yanvarda gəl, götürərik. Onda maaş 90 manat idi. Hə, bərəkətli puluydu,
söhbəti yox. Mən də sentyabr ayında Azkonsertə işə düzəldim. Qastrollara
gedəndən sonra birinci ay 200 manat, ikinci ay 300 manat maaş aldım. Teatrdasa
xalq artisti 150 manat alırdı. Pula görə teatra getmədim. Bir də ki, dovşan,
canavar rolunu oynayan deyildim ki. Deyib-gülməyimə baxmayın, xasiyyətcə
ağır adamam. Səhnəyə çıxanda fikirləşirəm ki, kişi xeylağıyam. Məni düz
başa düşün, dovşan rolunu oynaya bilən aktyora həsəd aparıram. Kukla Teatrının
aktyorlarına da. Boynuma alıram, mən bunu bacarmıram. Axı mən istəmişəm
camaatı Raykin kimi güldürə və düşündürə bilim... Həmişə o yüksəkliyin
arzusunda olmuşam.
***
- Estrada səhnəsinin də dadını bilirəm. Iki dəfə -1985 və 1987-ci illərdə
Moskvada Estrada Artistləri Müsabiqəsinin laureatı olmuşam. Kiyevdə ongünlük
Gülüş bayramında, Xarkovda, Belqradda, Leninqradda, Moskvada konsertlərim
olub. Layma Vaykuleylə işləmişəm. Monoloq demişəm, əlbəttə, rus dilində.
Xazanovla, Petrosyanla bir səhnədə çıxışlarım olub. 87-ci ildə laureat
olandan sonra “Anşlaq”ın aparıcısı Regina Duxavitskaya ilə görüşdüm. Ilk
sualı “Siz yəhudi deyilsiz ki?” oldu. Dedim yox. Təkid elədi ki, “Bəlkə,
ananız yəhudidir, mənə elə gəlir ki, ləhcəniz yəhudi ləhcəsinə oxşayır”.
Tərslikdən mən də sözümün üstündə durdum. Axşam mənə zəng eləyib dedi
ki, “ay başdan xarab, yanımda iki erməni dayanmışdı. Mən səni necə irəli
çəkə bilərdim” Yəhudiliyi boynuna götürsəydin, deyərdim, qohumlarımdandı”.
Olanı danışıram. əgər o vaxt mən “Anşlaq”a çıxsaydım, tamam başqa həyat
yaşayardım...
***
- Azərbaycan estradasında heç kim mənəm-mənəm deyə bilməz. Burda
tamaşaçıyla üzbəüz qalırsan. Sənə heç olmasa on dəqiqə qulaq asmalıdılar.
Səni alqışlamalıdılar, bəyənsələr, sonra bir də alqışlamalıdılar. 1986-cı
ildə özümün miniatür teatrımı yaratdım. Rayonlara saat yarımlıq proqramla
qastrola gedirdik. Camaat bir də ayılırdı ki, vaxt bitdi. Siqaretlər əldə
sönürdü, tum çırtlamaq yaddan çıxırdı. Bizi o qədər çağırırdılar, qabağa-dala
getməkdən ləzzət alırdıq. Özümü tərifləmək istəmirəm a... Mən camaatı
məcbur eləmirdim, sevib, qəbul edib alqışlayırdılar. Camaat görsə ki,
sən onu indiki oxuyanlar kimi yola verirsən, o saat gözündən düşərsən.
- Noolar, mən də oxuyuram, amma institutda vokal dərsləri almışam. Sabah
muskomediyaya işə girsəm, mənim yerimə kim oxuyacaq? Dostlarımın dalınca
danışmaq istəməzdim, amma gör Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba
Bağırov necə tər-təmiz oxuyurdular! Düzdü, teatrın akustikası da korlanıb.
Nə olsun, tərifləyirlər?! Bizdə hər şeyi tərifləyirlər. Filan oxuyan 42
dənə premiya alıb, bundan yoxdur və nəhayət.... can-ciyər, qızıl, brilyant-hamısı
boş şeydi...
Nə? Mükafat? Versələr də, almaram. Əgər şoumenlik nominasiyasını birinci
mənə versəydilər, təzəhəvəs gedərdim dalıyca. Gördüm ki, beş ildi paylayırlar,
mən qıraqda qaldım. Aktyorluq, şoumenlik – hamısını veriblər. Mən ki müğənni
deyiləm o nominasiyaya göz dikim. əvvəla, mənə gipsolit lazım deyil. Hə
də, mükafat gipsdən düzəldilib. Nə bilim, qızıl disk, qızıl mikrofon –hamısı
boş şeydi. Afişada yazaydılar “Sosialist Əməyi Qəhrəman, Dövlət mükafatı
laureatı, SSRİ xalq artisti İvanov Vasili”, konsertə bir köpəyoğlu da
gəlməzdi. Divara titulsuz-filansız yazılaydı “Çıxış edir Gennadi Xazanov”,
qırğın gedərdi orda. Mənə o lazımdı. əgər xalq artisti olanda sonra mənə
heç kim əl çalmayacaqsa, dal qapıdan içəri keçməyə can atmayacaqsa, səhnəyə
girib çıxanda kablukumun səsi eşidiləcəksə, mənə o titul lazım deyil.
Allah iraq eləsin, səhnədə çıxışımı kabluk səsi müşayiət eləməyib.
***
- Bunların hamısını yazacaqsız? Yoxsa boş-boşuna danışıram? Olur e, hərdən
iki saat danışıram, kəsib-tökürlər, səhifəyə bapbalaca, əl boyda yazı
çıxır. Hə?....
Kim deyir pul şou-biznesdədi? Yalan söhbətdi. Ilk addıımını atana qohum-qardaş
yığışıb sponsorluq eləyir. Flora,İlhamə, Qorxmaz səhnəyə çıxmaqçün pul
verən deyil. Pulu cavanlar verir ki, təki bir dəfə səhnə üzü görsünlər.
sonra elan gedir: “eşidilməmiş şou”, “misli görünməmiş şou”, nə bilim,
nə... on beş cavan hərəsi yüz dollardan verir, bir o qədər də zaldan yığırlar.
Ortada üç min dollar var, bölüşdürəndən sonra oxuyana bir şey çatmır.
Səviyyəsiz bir konsert keçirirlər. deyən lazım, reklama bir söz də əlavə
edin: “misli görünməmiş “bezdarnı”şou”.
***
- Vallah, cavanlara da söz deyiləsi deyil. Bş dəfə televizora çıxdı, quduracaq
ki, “bəs məni efirdə tanıyırlar”. Yanımda elə danışacaq ki, elə bil Qorxmaz
efir –zad görməyib. “Ulduz”larımızın da xasiyyəti dəyişib. O vaxt, 90-cı
illərdən onları “şou Əlili”yə çağıranda “Hə, baş üstə, Qorxmaz müəllim,
harda, nə vaxt? ” deyirdilər. Mənə zəng eləyib yalvarırdılar ki, bizi
də konsertə sal. Indi efirdə danışıqlarına fikir verirəm: “Prodüserim
belə gəldi, menecerim belə getdi”... Üzlərinə söyərəm, oxuyanın da prodüseri
olar? Müğənninin impressariosu olur. Bəstəkara, şairə pul verir, mahnı
yazdırır, oranjiman elətdirir, studiyanın, məşqlərin haqqını ödəyir. Kaset
hazırlayandan sonra menecer tapır ki, məndə “mal” var. Menecer beş manatı
on manat eləyən adamdı. Musiqidə prodüsser yoxdur. Zadov-zaddı bəyəm?
Düz deyirlər də, konveyerdi, bir ucdan müğənni buraxırlar. O boyda Alla
Puqaçovanı çağırsan, gəlib pulunu danışar, adam balası kimi oxuyar. Vallah,
özümüz qudurtmuşuq. Zeynəbin, Floranın, İlhamənin nazıyla oynayıram. Indikiləri
dinləyirsən....bir də görürsən boğazından bir biədəb səs çıxardı, utandığımdan
onun əvəzinə yerə girmək istəyirsən. Bir-iki nəfəri çıxmaq şərtilə hamısını
buldozer qabağına vermək lazımdır. A qurban olum, bir bax da, o vaxt dərs
deyənlər kimiydi?..
***
- Məktəbi də mən yaratmalıyam? Gedib kiminsə qapısını döyüb ki, başuva
dönüm, gəl səninlə məşğul olaq? O vaxt telekanallara müraciət elədim ki,
gülüş festivalı keçirdək, bu janrda işləyənləri bir yerə toplayaq, saf-çürük
eləyək. Sonra müəlliflərlə birlikdə yığışıb Moskvanın “Anşlaq”ı kimi bir
şey yaradaq. Mənə “hə” deyə-deyə bir də gördüm “Space” də “Tək səbir”çıxır.
Bax, bunu deməyə məcburam, çünki bu, mənim sahəmdir. “Tək səbir”in aparacısının
şəxsiyyətinə hörmətim var. Söhbət sənətdən gedir. Başa düşə bilmirəm,
o, dövrümüzün dahi dramaturqu, yumoristi, rejissorudu, ya nədir? Danışanda
elə bilirsən qaymoriti var, ya da qripdi. əyib özünü oturub..... “Vokruq
smexa”nı yazıçı İvanov aparırdı. “Anşlaq”dakı Regina radio diktoru olub.
Onun obrazını da müəlliflər işləyir, onunçün mətnlər yazırlar. Bir də
ki, həftədə bir dəfə veriliş çəkmək vacibdi, ölüm deyil ki, İfaçılar mətnləri
əzbərləməyi güclə çatdırırlar, bəzən üzündən oxuyurlar. Özü gülür, tamaşaçı
yox. Ciddi monoloqu üç aylarla məşq eləyirlər.
Bundan artıq neynim? Getdim, təklifimi qəbul eləmədilər. Qorxdular ki,
Qorxmaza yaxşı pul vermək lazımdır. Əlbəttə! Atalarına borcum var? Bir
dəfə restorana getmişdik. Musiqiçilər şabaşa danışmışdılar. Camaat da
hey əl çalır, şabaş vermirdi. Məcbur olub mikrofonu götürdüm: “Əl çalmağa,”Allah
atana rəhmət eləsin, canını saxlasın” sözlərinə bazarda nəsə verirlərsə,
mən də gedim sözlərə işləyim.”.
Sözümün canı odur ki, professionallıq olmalıdır. Televizorda şou-biznesdən
danışanda yada salmırlar ki, axı bu bunları bilir. Azərbaycana xəstəliyi
bu gətirib, bu sahəni məndən yaxşı bilən yoxdur. Canlı yayımların birinə
məni çağırsalar – amma yeddi adam toplasınlar danışmağa sözüm çoxdur.
Azərbaycanda ilk meyxana müsabiqəsini mən eləmişəm. Beş gün qırğın getdi
sirkdə.....
***
- Bilyard Federasiyasının altı katibindən iriyəm. Orda da öz sahəmdə çalışıram.
Reklam işi, aparıcılıq....
Hərdən futbol da oynamağı sevirəm. Lazım gəlsə, onun aparacırılığını da
eləyərəm, özü də necə lazımdır... Çünki öz sahəmdir!
Onu bilin ki, jurnalistin yüzü yığıla, mənə bu sahədə söz çatdıran bilməz.
Indiki çıxışım kimi səhnədə danışmaq olmaz e... Hərdən bir pauza lazımdı,
axı sözümü çatdırmalıyam zala, ya yox? Elə arzulayıram jurnalistlər sənətçiləri
şişirtməsinlər. Hansı qəzeti, açırsan yazılıb: “tanınmış, populyar, sənətkar,
ulduz”..... Populyaram, boynuma alıram. Yaxşı, yazın tanınmış. Mən özümə
ulduz deyə bilmərəm axı!
“Avropa”
qəzeti
29 mart – 4 aprel 2003