Burda heyvanla da adam kimi davranırlar
Rəngbərəng parçalardan tikilmiş “araba” çöllüklə ağır-ağır irəlləyir.
“Arabaya” bağlanmış heyvanlar da həmin tempdə yeriməyə məcburdu. İçindəki
adamlar yəqin ki, yuxulayır. Növbəti dayanacaqda şəhər sahibiylə, yerli
hakimiyyətlə razılığa gəlməkçün onlara çoxlu qüvvə lazım gələcək. Camaatsa
bilir ki, həmin “araba” şəhərə gəlirsə, toy-bayram olacaq...
Fotoda təsvir olunan qaraçı köçü, nə də teatr tarixindən səhnələrdi. Şəhəri
sevindirməyə gələn Sirk idi. Sirk indi də köçəri keçmişiylə üzülüşməyib.
Amma sivlizasiya inkişaf elədiyindən daha açıq havada çadır qurmur. Gələndə
rahat manejdə təchizatlı binada çıxış eləməyə üstünlük verir. Bizim də
Sirki qəbul eləməyə gözəl və əzəmətli binamız var.
Əvvəllər, yəni 1904-cü ildən Sirk Tarqovudakı taxta binada otururdu. O
bina yanandan sonra -1928-1929-cu illərdə indiki hökumət evinin qabağındakı
aptekin yerində yenı də taxtadan sirk tikilib. 1967-ci ildə yeni Sirk
inşa olunub. Təzə binanın memarı Ənvər İsmayılovdu. Sirk daxili ritmiylə,
öz həyatıyla yaşayır. İndi sirkdə passiv sezondu, yəni o, qonaq gözləmir,
sadəcə heyvanların əhliləşməsiylə məşğuldu. Sirkin direktoru Maqbet Bünyadovsa
jurnalistin suallarını cavabsız qoymamaqla...
SİRK TEATR DEYİL
- Bizim milli musiqimiz, milli teatrımız, milli rəssamlıq məktəbimiz
var. Bəs milli sirkimiz necə?
- Əlbəttə. 1945-ci ildə Ü.Hacıbəyovun təşəbbüsüylə yaranıb. Rejissoru
- Soltan Dadaşov, dirijoru –Səid Rüstəmov, baletmeysteri - Əminə Dilbazi
olub. Əminə Dilbazi indi sirkin canlı ensiklopediyasıdı. O vaxtkı sirk
repertuarı xalq oyunları, güləş, toy mərasimi...olub. Dünyanın ən məşhur
sirk ustaları-Monte Karlo laureatı Çijov, dünyada anoluqu olmayan Marqarita
Breda Bakıda çıxış eləyiblər. Həmin o Çijovun indiyədək oynadığı nömrənin
musiqisini Tofiq Quliyev yazıb, rəssamı Toğrul Nərimanbəyov olub. Tofiq
Axundov sirki, İsrafilov sirki öz proqramlarıyla dünyanı dolaşır. Heç
bir sirkin öz kollektivi olmur. Sirkin nə milliyəti, nə dili, nə sərhəddi
var. Sirk aktyorunun anası erməni, atsı türk və başqa milliyət ola bilər.
- Sirk məktəbimiz varmı?
- Yox, keçmiş müttəfiq pespublikaların heç birində yoxdu. Məktəb yaratmaq
çox böyük problemdi. Xoreoqrafiya məktəbinin nəznində nəsə eləmək olardı.
Amma tutalım, bir-iki il buraxılış oldu, bəs sonra? Sirk- konversiyadı,
qaraçı kimi bir ölkədən o birinə gəlməlidi. Gəldi, çalışdı, oynadı və
hamı gördü. Tamaşaçı bir şeyə bir dəfə baxar, ikinciyə gəlməz. Sirk artistləri
ömrünü sirkə bağışlamış ailələrdə yetişir. Məşhur dinastiyalar var: məsələn,
Şirvanilər, Xosrov Abdullayevin ailəsi...Hərəsinin də öz profili: kimisi
cigitdi, kimisi akrobat.
Sirk teatr deyil. Teatrda cılız bir aktyor - əlbəttə ki, əgər qabiliyyəti
varsa-cəngavər rolunu oynaya bilər. Teatrda Koroğlular, Babəklər yaratmaq
olar. Amma sirkdə ən azı cəngavər olmalısan. Burda bir saniyə gecikmənin
sonu ölümdü. Teatrda aktyor bir dəqiqə geciksə tamaşaçı heç nə hiss eləməz.
CAMIŞ TƏKÇƏ AZƏRBAYCANDA ƏHLİLƏŞİR.
- Heyvanları
hardan gətirirsiniz? Yəqin ki, ova çıxmağa ehtiyac olmur.
- Moskva Sirk Birliyi var. Sovetlər dövründə ora tabe idik. İndi müstəqil
ölkə kimi onlarla müqavilə bağlayıb heyvanları gətiririk. Hərə öz heyvanıyla
çıxış edir. Camış kimi tənbəl bir heyvanın əhliləşməsi bizdə olub. Ən
gec əhilələşən qoyundu. Demək olar, hər dəqiqə özünü itirir. Ona görə
küt adamlara “qoyun” deyirlər. Bəzən olur ki, heyvan dressuraya yatmadı.
Deməli, sahibindən ayrılmalıdır.
-Faciəvi hallar olur?
- Olur. Yırtıcı, güclü heyvanlar içənləri heç sevmir. 1990-cı ildə olmuş
hadisəni danışmaq istəyirəm. Rusiya sirkinin İstanbulda qastroludu. Ora
bomba atdılar. O vaxt Cəmilə Şirvaninin də çox heyvanı həlak oldu. Almaz
adlı begomotu isə dəli olmuşdu. Vəziyyəti sakitləşdirmək üçün məni hadisə
yerinə göndərdilər. Burdan bəzi heyvanları aparmalı olduq. Gərək ki, Fedotovun
proqramıydı. Onun filə baxanı filin yanına sərxoş gəlmişdi. Fil onu ayaqları
altına salıb öldürdü. Sonra.. . Beqbudi öz filini incitmişdi. Sonra isə
nə qədər çalışdı, fil onu bağışlamadı. Beqbudi də məcbur olub onu satdı.
Antalyada olanda Beqbudiyə oxşayan bir tamaşaçını görən fil ipə-sapa yatmırdı.
Fedotov məni kənara çəkib dedi ki, o adam zaldan çıxmasa, fil heç kimə
tabe olmayacaq. Türk də demaqoqun biri çıxdı: “Abi, mən niyə çıxmalıyam”-deyib
tərslik eləyirdi.
- Bəzən deyirlər insanları əhilləşdirmək çətindi...
- Çox kobud məsəldi. Amma heyvanlar insanlardan vəfalı çıxır.
“BİRCƏ SİRKİM ÇATMIR...”
-Uşaq vaxtı baxdığım sirklərin əksəriyyətində qastrola gəlmiş
Sirkin palazı bizim manejdən kiçik olurdu. Bunu belə izah eləyirdilər
ki, Bakı sirkinin maneji ən böyük manejdi. Həqiqətən belədi?
-Bakı sirkinin maneji Avropada dördüncüdü. İndi də səhnə təchizatı, texniki
imkanları çox sirklərdən üstündür. Həm də günbəzi çox hündürdü. Bəzən
bura gələn məşhur artistlər də heyrətlənir. Bir də gördün 25-30 metrdən
artist şırıppıltıyla gəldi yerə. Bir dəfə ışığımızı kəsmişdilər. Akrobat
qız saatlarla soyuğun qabağında qaldı. Nərdivan deyil ki, düşə bilsin.
Sirkdə işləmək əsl fanatizmdi. Çox təəssüf ki, bəzən adamlar “bircə sirkim
çatmırdı” ifadəsini işlədirlər. Sirkdə hər adam ömür, can saxlaya bilməz.
Sirkin görünən və görünməyən tərəfi var. Artist ömür boyu topaladığı gücü,
canını, enerjisini tamaşaçıya satır. Sirk aktyoru qeyri-professionallığına
canlıya cavab verir. Yaşlı sirk ustalarımızdan ip üstündə məşhur rəqsin
ifaçısı Şəfiqə Baxşəliyevanın indi 70 yaşı var. Üç-dörd yerdən ciddi sınıqları
olub. Hələ də fəxri ada layiq görülməyib. Amma o qədər adamlara ad veribler
ki...
-Bu qədər fanat insanı haradan tapıb bir yerə yığırsız?
- İnanın mənə, bizdə bir nəfər də işdən çıxan adam yoxdu. Siz də üç ay
burda işləsəz, qoşulacaqsız bizə. İş elə gətirib ki, sirkin tarixində
də direktorlarının sayı da az olub. Ölübsə, yerinə başqası gəlib. İşdən
çıxarılanı yoxdu.
YAXIN ŞƏRQİN YEGANƏ SİRKİ
Sirkin binası elə yerdə və elə görkəmdədi ki, onu başqa birisiylə səhv
salmaq olmur...
-Çox unikal binadı. Təmir işləri aparmaq istəyirik. Əgər şəhərin meri
Hacıbala müəllimin bizə yazığı gəlsə. Axı sirk Bakının sirkidi. Bu binanı
da mer qorumalıdı.
- Sirki sökmək istəyən yoxdu ki?
-Ola bilər, istəyən olsun. Yeri yaxşıdı, zalı auksion eləmək olar, xüsusilə
maşın ticarətiyçün əlverilişdi. Türkiyənin sirki yoxdusa, azərbaycanınkı
niyə olsun? İranda da yoxdu. Bakı sirki Yaxın Şərqdə yeganə sirkdi. Amma
ətrafdakı binalar tikilməsydi, daha yaxşı olardı. İstər-istəməz sirkin
fasadını örtür. Əvvəl hardan baxsaydın, sirk görünürdü. Pul aludəsi olanların
hərdən gözləri bağlanır, ətrafı görə bilmirlər. Şəhərin abad yerlərinin
səfirliklərə verilməsi şəxsən mənə toxunur. Səfirlik bina tikəcəksə, ona
tör-töküntü yer də vermək olar ki, abadlaşsın. Abad yeri mənə də versələr
düzəldərəm.
SİRK DİLİNDƏ SONLUQ...
-Lap ciddi mövzulara gedib çıxdıq, heç klounlardan danışmadıq...
-Həmişə klouna məzhəgəçi kimi baxıblar. Danışıq klounu da var, hərəkət
klounu da. Sirkin dili yoxdu, amma onu hamı başa düşür
-Siyasi klounlar hələ əmələ gəlməyib?
-(Gülür)Siyasi klounların sirk arenasında nə işi var, onlar televizora
çıxır...
Sonra fəxrlə sirkin nəznində təzəcə təşkil olunmuş Bakı Dövlət Arena Orkestrinin
yaranmasından, irəlidə gözlənən konsertindən danışır. “Avropa” nın oxucularına
təzə xəbər də verir: sentyabr ayında Bakıya Çin sirki gəlir. Ev sahibi
indidən hazırlıq görür. Bunlar hamısı passiv, “ölü” sezondakı işlər, sirkin
elə görünməyən tərəfidi. Maqbet müəllim qonağını yola salanda narahatlıqla:
-Nə yazacağınız məni harahat eləmir. Amma xahiş edirəm “sirk dilində”
olsun-deyir.
“Avropa”
qəzeti
23 – 29 iyun 2001