Musiqimiz indi Omanda səslənir
Pianoçu Mətanət Azmanlı - “Vətəndən xaricdə yaşamaq Məlikməmməd nağılındakı
quyuya düşmək kimidir”
Son illər sosial şəbəkə həyatımıza rəng qatır. Xəbər dildən çıxan kimi dünyanın o başından ildırım sürətilə buralara gəlib çıxır. Bu günlərdə “You Tube”də ərəb musiqiçikərin Tofiq Quliyevin, Fikrət Əmirovun əsərlərinin ifa etdiyini dinlədik və “Facebook”da bəyəndim” düyməsini basdıq. Ərəb tələbələr musiqimizi azərbaycanlə müəllimləriylə birgə, özü də həvəslə ifa edirdi. Ərəbistan yarımadasinda milli musiqimizi səsləndirən həmvətənlərimizlə söhbətləşmək istəyi yarandı. Müsahibimiz pianoçu Mətanət Azmanlıdır.
- Necə oldu
ki, müəllimlik və konsertmeysterlik işiylə məşğul olan sadə azərbaycanlı
pianoçusu Omana gedib çıxdı?
- Hər şey təsadüf kimi də görünə bilər. Amma həyatda təsadüf olmur, başqa
dövlətdə işləmək arzum çoxdan vardı. Sadəcə bilirdim ki, iş təklifi almayınca,
elə -belə özümü sınamaq məqsədilə vətənimi tərk etməyəcəyəm. Gəncliyimiz
isə Sovet İttifaqının dağılan, milli şüurun oyanan illərinə düşdü. Elə
bil zəlzələli bir dünyada yaşayırdıq, öz ölkəmiz daxil olmaqla, hər yan
müharibə, inqilablar..., ən əsası inamsızlıq. Əlbəttə bütün bu dəyişikliklər
hamının qəlbində izlər qoydu. İllər keçdi, inamımız artdı, daha cəsarətli
olduq. Ona görə də Omanda, Sultan Qabus Universitetində işləmək təklifi
alanda heç düşünmədən “hə” dedim. Onu da deyim ki, universitetə işləməyə
qanun və piano alətləri üzrə mütəxəssis müəllimlər axtarırdılar. Universitetin
məsul işçilərindən ibarət ixtisasçı komissiya tərəfindən 5 müəllim seçildik.
Yaqut Məmmədova (qanun), Şəbnəm Şıxəliyeva (qanun), Səidə Xəlilova(piano),
Vüsalə Yusif (piano) və mən. Müxtəlif mərhələlərdən keçdik. Hərə öz ixtisası
üzrə geniş proqramla çıxış etmək üçün dinləyişlər təşkil olundu. Bu dinləyişlərdən
keçməyənlər də oldu, yəni hər şey olduqca ciddi idi. Komissiyada Fransada
təhsil almış bir musiqiçi də vardı. Bundan başqa ingilis dilində danışmaq
və özünü təqdim etmək bacarığı da lazım idi. Daha çox müəllimə xas olan
cəhətlərə üstünlük verilirdi, sadəlik, ciddilik, səliqə və əlbəttə işində
profi olmaq.
- İndi siz Soltan Qabus Uniersitetinin müəllimisiz. Oman xaricdən
gətizdirdiyi musiqiçilərə, müəllimlərə necə şərait yaradıb, hansı imtiyazlarınız
var?
- Əslində, bizə verilən hər bir şey müqavilədə qeyd olunmuşdu və bu, hər
bir xaricdən dəvət alan ixtisasçının haqqıdır. Onu demək istərdim ki,
universitetdə hər kəs istər müəllim olsun, istərsə də tələbə özlərinə
qarşı bir qayğı hiss edir. Burada hər şey təhsilin keyfiyyətinin yüksəlməsinə,
bunun üçün də müəllim-tələbə heyətinin təhsil şəraitinin yaxşılaşmasına
xidmət edir. Otaqlar ən müasir avadanlıqla təchiz olunub, işlədiyimiz
Musiqi Departamentinə gözəl alətlər gətizdirilib, məsələn, Türkiyədən
qanun, ud, Yaponiyadan "Yamaxo" pianoları, Avropadan skripka,
violonçel, fleyta, violalar. Alətlər tələbələrin sayına uyğun olaraq gətirilir
ki, evdə aparıb məşğul ola bilsinlər. Bakıda musiqi məktəblərində işləyərkən
belə şeyləri özümüzçün o qədər arzulamışdım ki...
Bizim üçün ən gözəli isə proqram seçimində verilən azadlıqdı. Bu, repertuara
Azərbaycan bəstəkarlarının əsərlərini salmaq üstünlüyünü verir. Onu da
qeyd edim ki, departemant hələ çox gəncdir. Heç 5 il deyil ki yaranıb.
Ona görə də bəzi şöbələrin, məsələn, qanun şöbəsinin iş planı və proqramı
bizim müəllimlər, xüsusilə bu işdə gözəl səriştəsi olan və az qala Bakı
qanunçalanlarının hamısının müəllimi olmuş Yaqut xanım tərəfindən tərtib
olundu. Başqa bir dövlətdə belə bir işi görmək, məncə, bütün imtiyazlardan
üstündür. Çünki yalnıız bizim qanun təhsil sistemimizdə notlu musiqi nümunələri
var. Bu da proqrama Azərbaycan bəstəkarlarının əsərlərini daxil etmək
şansını verir. Musiqimiz ruhən onlara da yaxındır. Tələbələrə də musiqimiz
daha xoşdur, nəinki Bax, Mosart, Bethoven...
- Tələbələrlə dil tapmaq necə, alınırmı? Axı ərəb düşüncəsi bizimkindən
çox fərqlənir?
- Tələbə hər yerdə tələbədir. Onun istedadlısı da olur, bacarıqsızı da,
çalışqanı da, tənbəli də. Musiqidə bu, daha qabarıq gözə çarpır. Çünki
burada istedad və saatlarla məşğələlər vəhdət təşkil etməlidi. Qabında
olmayan və heç çalışmayanla dil tapmağa heç ehtiyac da yoxdur, o, bu departamenti
tərk edir. Ümidverici tələbələrimiz var. Bizə onlarla dil tapmağa kömək
edən isə əlbətə azərbaycan musiqisidir. Onu səmimi qəlbdən sevdilər,sevə-sevə
ifa etdilər. Hər dəfə tələbə "Mənə azərbaycan əsəri verin" deyəndə
sevinc hisslərimi gizlədə bilmirəm. Ona görə də özümüzlə çoxlu azərbaycan
əsəri aparmışıq, onlardan gen- bol istifadə edirik. Əvvəllə ərəb psixologiyasını
anlamırdım. Onlara imtahan qabağı “Heç nə bilmirsən, necə çalacaqsan!?
Mən həyəcanımdan ölürəm” deyəndə mənə qəribə baxışlarla baxırdılar. “Müəllim,
sən niyə belə həyəcan keçirirsən. Çalaram da, inşallah. Bilməsəm, qalar
gelen semestrə. İstəmərəm ki siz belə narahat olasız” deyirlər. Onlarda
səhnəyə çıxmazdən əvvəlki təlatüm deyilən hisslər yoxdur. Çox sakit və
aramlı həyat yaşayırlar. Bu da yəqin təbiətlə bağlı faktordur. Buranın
həyat ritmi tamam fərqlidir.
- Deyəsən ərəb baharı oralara gəlib çıxmayıb?
- Nə deyim, ictimai- siyasi vəziyyət stabil, insanların həyatı firavandır.
Hər şey islam dininin ədalət prinsipi ilə idarə olunur. Buna görə xalq
öz sultanına - Sultan Qabusa minnətdardır. Yeri gəlmişkən, universitet
də onun adını daşıyır, onun təşəbbüsü ilə açılıb. Bəlkə də Sultanı ərəb
qaydasıyla oğul-uşaq basmayıb deyən sərvətini xalqa xərcləyir. Dünyada
texniki, mədəni sahədə nə yenilik varsa hamısını Omana gətızdirir. Biz
orda bir neçə dəfə operaya getdik, Qərb opera sənətinin şedevrlərini dinlədik,
amma xarici musiqiçilərin ifasında. Cəmiyyətdə musiqini haram sayan quvvələr
var deyən milli ifaçılar yetişdirmək bir qədər çətindi. Amma belə templərlə
irəliləsə Musiqi Departamenti bu istiqamətdə də yeniliklər edə biləcək.
- Soltan Qabus universitetinin müllimliyindən sonra daha yeni
nailiyyətlər, irəliləmək üçün yeni üfüqlər gözləyirsinizmi?
- Müəllimlik, əlbəttə, gözəl peşədir. Amma gərək özün nəsə bacarasan ki
, onu da öyrədəsən. Musiqiçi ifaçılığı əldən qoyan kimi, onda qeyri- ixtiyari
geriləmə prosesi baş verir. Yeni proqramlarla çıxış etmək - bu mənim əsas
məqsədimdir. Azərbaycan musiqisini yaymaq, onu hamıya sevdirmək - bundan
gözəl nə ola bilər? Onu da deyim ki, vətəndən xaricdə yaşamağa qərar vermək
Məlikməmməd nağılındakı quyuya düşmək kimi bir şeydi - "yandım,yandım"
- desən qayıdacaqsan, quyunun dibinə çatsan qarşına 40 qapı çıxacaq. İçərisində
div də ola bilər, şəhzadə də, ləl- cəvahirat olan sandıq da, nə istəsən.
Burda indiyədək adını bilmədiyim təhsil sistemindən xəbər tutduq. Bir
neçə dəfə ifamı xarici müəllimlərə göstərdim. Onlar Azərbaycanda belə
yüksək ifaçılıq məktəbi olmasından təəccübləndilər. Hətta ifanın Qarb
standartlarınaa uyğun olduğunu dedilər. Dünya böyükdür, xüsusilə də pianoçu
üçün. Musiqi Departamentinin xəttilə də nüfuzlu konsertlərə getmək planlarimiz
var.
- Biz azərbaycanlalır vətəndən qıraqda yaşamağı sevməyənlərdənik.
Qalırıqsa çətinliklə öyrəşirik. Bəs siz necə, oralarda həmişəlik qalmaq
barədə düşünürsünüzmü?
- Bu artıq bir mifdir. Belə bir deyim də var ki , balıq dərin suları sevər,
insan xoş güzəranı. Minlərlə azərbaycanlı vətəndən uzaqlarda yaşayır və
artıq bu da bir zərurətdir ki, xarici dövlətdə yaşayıb işləmək və azərbaycanı
layiqincə təmsil etmək çox vacib məsələdir. Qonşu dövlətlərin (düşmən
qonşumuzun xüsusilə) diasporlarının gördüyü işi ikiqat, üçqat olaraq biz
də görməliyik. Eləyirik də. Dünyanın bütün ölkələrində Azərbaycan haqqında
müsbət ictimai- siyasi rəy yaratmaq, mədəniyyətimizi, musiqumuzu, mətbəximizi
tanıtmaq bizim borcumuzdur. Çox şadam ki, 1 il ərzində bu səmtdə əlimizdən
gələni etmişik. Gəldiyimiz ilk günlər daxili intriqalar vardı. Arxamızca
“Azərbaycan musiqisi nə olacaq!” deyirdilər. Amma ilk konsertdən sonra
tələbələr sinfə 5 metr qalmışdan qapını açib bizi irəli buraxırlar. Onlar
konsertdə Azərbaycan musiqisinin və musiqiçilərinin necə olduğunu gördülər.
Buranın qanununa görə 6 il işləyəndən sonra mənə Omanda təqaüd düşür.
Təqaüdü almaq üçün qocalanadər işləmək tələb olunmur.
- Yerli adətlərə öyrəşmisizmi?
- Əsasən onların torpaqla bərk bağlılığının şahidi oluruq. Sinfin qapısını
açarkən tələbələrin yerdə oturub nahar etməsi təəcübümüzə səbəb olurdu.
Sonralar yol boyu şossenin kənarında bahalı maşınların sahiblərini səhrada
çay, kofe dəstgahı ilə oturduğunu görəndə başa düşdük ki,onlar üçün torpaq,
yer pakdır, təmizdir. Azərbaycana yay məzuniyyətinə gəlməmişdən əvvəl
isə toy mərasimində də iştirak etdik. Qadin toyu idi sözsüz. Şərq ölkəsinə
xas olan geyimlərdə dəbdəbə, parıltılı libaslar. Orda gəlinə qızılı sini-sini
dolu gətirirlər. Fərq yemək süfrəsinə hiss edilirdi. Toyxanada süfrədə
yemək olmur, kənarda, hərənin öz seçimi ilə doldurduğu yeməklər və şirnilər
olur ki, itələşən qadınları keçə bilsən qaba yığıb götürürsən. Bu bizim
Azərbaycan süfrəsinə xas olmayan bir şeydi - bizim toylarda yeməkdə israf
çox olur, bu danılmazdı - amma bizdəki yeməklərin dadına, məhsulların
tamına heç nə çata bilməz. Bir də ki mənə toyu çəkməyə icazə vermədilər,
naməhrəm gözü baxmasın deyə. Qonşumuza öz qaydamızla çay dəmləyib verdik,
ləzzətindən indiyədək danışır. Hər gün gəlib azərbaycan çayı istəyir,
paket çayının evdə də olduğunu deyir. Deyim ki, ərəb qadınının açdığı
süfrəni burda möhkəm tənqid edərdilər. Cəmiyyətdə qadın uşaq doğmaqdan
başqa bir iş görmür. Məişətini filipinli qulluqçuya etibar edib, maddi
məsələləri isə yalnız kişilər həll edir. Qadınlar heç bir işlə özünə əziyyət
vermirlər.
- Sizin imzaladığınız əmək müqaviləsində müəllimliklə yanaşı ölkənin
musiqili ictimai həyatında iştirak etmək kimi bir şərt də vardı. Bu bir
il ərzində hansı tədbirlər oldu, hansı konsertlərdə iştirak etdiniz?
- Departamentdə işə başlayan gündən, Azərbaycan musiqisindən ibarət proqram
hazırladıq və 1 ay sonra bu proqramla çıxış etdik. Proqrama tələbələrdən
ibarət nömrələr də saldıq. Bu asan deyildi, çünki tələbələrdən yalniz
notları bilənlər də vardı. Onlari 1 aya hazırlamaq asan deyildi. Konsert
böyük əsk-sədaya səbəb oldu. Kollecin müdiri öz iş otağına çağıraraq bizdən
razı olduğunu, belə səmtdə davam etməyimizdən israrlı olduğunu bildirdi.
Daha sonralar, universitetin daxilində və xaricində bir sıra solo, duet
və ansamblla konsertlərdə iştirak etdik. Departamentimizdə müxtəlif ölkələrdən
dəvət olunmuş müəllimlər işləyir. Onlarla dost münasibətlər qurmaq və
konsert proqramlarında birgə iştirak etməyə nail olduq. Belə bir maraqlı
konsertlərdən biri, Fransa səfirliyinin təşkil etdiyi Fransada musiqi
gününə həsr olunmuş konsert idi. Orda Şəbnəm Şıxəliyeva ilə mən maraqlı
ansanblla çıxış etdik. Əlbəttə yenə də Azərbaycan əsəri daxil etdik proqrama.
Bu, Zakir Bağırovun "Rapsodiyası" idi. Əsər xarici dinləyicilər
tərəfindən bəyənildi, ifamıza da yüksək qiymət verdilər. Vüsalə Yusif
ərəb ölkələrinin turizm nazirlərinin görüşündə solo proqramla uğurla çıxış
etdi.
Daha sonra, universitetdə "Family day", yəni “Ailə günü” adlnan
bir tədbirdə, hər bir iştirakçı gəldiyi ölkənin mətbəxini, musiqisini,
mədəniyyətini nümayiş etmək kimi şansdan biz də istifadə etdik. Bayrağımızı
ucaldıb Bakıdan gətirdiyimiz suvenirləri düzdük, musiqi nömrələri ilə
çıxış etdik. Dovğamızı, qutabımızı, dolmalarımızı hamı bəg-bəhlə yedi.
Tədbirə qatılmaq istəyimizi bildirəndə "Maşallah , çox fəalsız, neçə
ildir burda yaşayıb işləyib bu tədbirə qatılmayanlar çoxdur. Siz 3 aydır
burdasız, artıq qatılmağa cəhd edirsiz, bunu mütləq qiymətləndirəcəyik"
sözlərini eşitdik. Bu yay Bakıda olanda milli paltarlar üzərində fikirləşirdik
ki, gələn dəfəyə lap gözəgəlimli olaq.
- Adətən azərbaycanlılar özündə əmin olmurlar və daima özümüzü
başqa ölkələrlə müqayisə etməyi sevirik. Bir il orda dərs deyəndən sonra
nələri hiss ediriz?
- Onu başa düşdük ki, həyat gözəl, insanlar isə bir-birinə çox oxşardır.
O şeylərdə ki biz özümüzü qınayırıq, o elə hamıda var, əlimizdə olanın
isə qədrini çox təəsüflər olsun ki, bilmirik. Ən başlıcası, öz sahəmizə
uyğun problemi qeyd edim ki, bütün şərq ölkələrinin bir dərdi var, onların
Üzeyir Hacıbəyovu olmayıb. Musiqimizin əvəzsiz Üzeyiri. Onun gördüyü iş
elə nəhəng, xalqa xidməti elə qiymətsizdir ki, bunu hamı bilsə də dəyərini
yenə də musiqiçilər daha yaxşı başa düşür. Gözəl, ən əsası isə milli musiqi
təhsili sistemini yaratmaq hər adamın işi deyil. Bunun üçün istedadla
yanaşı, öz xalqını ürəkdən sevmək, ona xidmət etmək istəyi və gördüyü
işə vicdanla yanaşmaq lazım idi. Üzeyir Hacıbəyov ruhuna xalqımız dünya
durduqca borcludur. Gənclərimiz onun həyatını dərindən öyrənməli, addım-
addım gördüyü işləri dəyərləndirib nəticələr çıxarmalıdır. Övlad borcunun
qaytarılmasının mümkünsüzlüyü kimi, bu borcun da ona qaytarılması mümkünsüzdü.
Ancaq onun qoyduğu mirası qoruyub saxlamaq, onu təkmilləşdirmək və gələcək
nəsillərə layiqincə ötürmək. Buna nail olsaq, bəlkə onun ruhu qarşısında
xəcalət çəkmərik.
“Odlar yurdu” qəzeti
2012 Sentyabr
Mətanət Azmanlı, Oman Hərbi Musiqi Məktəbinin müəllimi (Diasporla İş üzrə Dövlət Komitəsinin çəkdiyi video)