Ağır ömrün akkordları

Və ya Sumqayıt xorunun səsini eşidən olacaqmı?

Sumqayıt avtobusuna minmək üçün harasa tələsən kobud insanlar tərəfindən çıxışdırılanda, yersiz qalmaqdan qorxub ən narahat, təkər üstündəki oturacaqda oturanda, çılpaq çöllükdən uzanan yol boyunca bir fikir məni narahat edirdi: Görəsən, bu görüşdən bir şey çıxacaq?
Sumqayıt musiqi peşə məktəbinin ensiz, qaranlıq dəhlizindən keçib zal adlanan sinfə girib bizi gözləyənlərin narahat üzlərini, gözlərindəki ifadəni gördükcə tərəddüdümün nə vaxt əridiyini heç özüm də bilmədim. Bura gəlməkdə məqsədim Sumqayıt musiqi məktəbinin müəllimi Yaşar Mirzəyevin rəhbərliyi altında yaranmış kiçik xora qulaq asıb onun üzvləri ilə yaxından tanış olmaq idi. Bütün ömrünü Bakıda yaşamış adam üçün ucqar hesab edilən Sumqayıtda belə gözəl xor səslənməsi eşitmək, ən vacibi isə gözlərində sönməz ruh yüksəkliyi ilə fərqlənən adamları görmək nəsib olmuşdu mənə. Həmıya məlumdur ki, insan səsi soyuğa, istiyə həssas bir alətdir. Amma soyuq divarlar nə xalq mahnılarının təravətini, nə caz improvizəsinin temperamentini, nə də italyan melodiyasının ilıq nəfəsini soyuda bildi.
«Bu kiçik kollektiv necə yarandı və necə yaşayacaq?» sualına Yaşar müəllim belə cavab verdi:
- Ölkə dağılmağa başlayandan bu sual bizi çox narahat edir. Yaxşı ixtisasçılar, müəllimlər kənarda qaldı, kimisini qovdular, təhqir etdilər. Bir neçəsi də başqa şəhərə qaçıb getdi. Fikirləşdik ki, özümüzü qorumaq üçün bir cəmiyyət düzəldək. Bura filosoflar, ədəbiyyatçılar, rəssamlar yığışır, sənət barəsində öz fikirlərini bölüşürlər. Məqsədimiz qiymətli adamlar yetişdirməkdi. Hüseyn Cavid demişkən, 400 il o yana baxaq, görək biz həmin adamlarıq, yoxsa millətimizin alçalmış dövrüdür ki, bu dərəcəyə çatmışıq. Cəmiyyət yaratdıqdan sonra çoxlu planlar qurduq. Ən yüngülü oxumaq idi. Bu balaca kollektiv o cəmiyyətin bir hissəsidir. Arzumuz da o idi ki, 8- 10 il ərzində burada Opera-Balet Teatrı açaq. Arzuma yaxınlaşmaq əvəzinə, getdikcə ondan uzaqlaşdım. Həkimiyyət davaları da camaatı çox ruhdan salırdı. Beləcə ağır günlər başladı. Ancaq ürəkdə ruh var idi. Biz bilirdik ki, nəsə etməyə qadirik. Heç nə olmasa da oxuyacağıq. Əvvəl 8 nəfər yığışdıq, məşq etdik. O vaxt vəziyyət ağır deyildi. Vəziyyət ağırlaşdıqca sıralarımız seyrəldi. Oktet döndü oldu sekstet. Amma bilirdik ki, müəyyən nöqtəyə çatsaq, gələn olacaq. Nə əziyyətlə də olsa həmin o nöqtəyə çatacağıq.
- Bu kiçik kollektivin mənəvi, yoxsa maddi dəyərlərə ehtiyacı var?
- Utanıram da deyəm ki, maliyyə köməyi lazımdır. Biz halal zəhmətlə yaşamağı sevirik. Yəqin bir balaca stimul olsa, inkişaf edəcəyik. Millətimizdə xeyirxah adamlar çoxdu deyə, sadə, təmənnasız adamlara görə bu yoldan dönmək istəmirsən. Dönməyə nə var ki. mən indi öz yolumdan çəkilsəm, çoxları bundan dərin nəfəs alıb xoşbəxt olarlar. Biz dağılsaq nə nəticə verər? Lap axırıncı adam olsam da istəyirəm qalam. Bilirəm ki, lap axırıncı dı deyiləm. Yüzlərlə belələri var. Bir az bizə dayaq olan olsaydı, çox yaxşı olardı. Bir də, kömək edən adam fikirləşməsin ki, bu, məndən ötəridir. Bizim məqsədimiz ayrıdır. Biz öz zəhmətimizlə nəsə eləmək istəyirik. Allaha şükür, dünyanın hər yeri açıqdır. Əlbəttə, Bakıda olsaydıq, yəqin ki, başqa cür olardı. İndi xarici səfirliklər də bu işdə iştirak edirlər.
- Gələcəkdə inkişaf edib xor halında çıxış etmək istəyirsiz?
- Xeyr, hələlik biz instrumental əsərlərin akapella, yəni alətin müşayiəti olmadan xor işləmələrini oxuyuruq. Sonra nəfəs alətlərindən kvintet düzəltmək planımız var. Camaatın ruhunu qaldırmaq üçün yaxşı əsərlər də seçmişik. Sonra bura 3-4 skripka da əlavə etsək kiçik orkestr əmələ gələr. Xorun da əsası var. Gələcəklər, oxumaq istəyəcəklər və xor da əmələ gələcək. 7 istiqamətdə işləməyi planlaşdırırıq: Xalq mahnılarının çoxsəsli işləmələri, xalq havalarının birsəsli oxunması, aşıq mahnılarını təkcə saz müşayiəti il oxumaq, alman, italyan mahnılarını çoxsəsli şəkildə oxumaq, caz musiqisi və s. İndi təqdimat üçün sadə, kiçik formalardan başlamışıq. Daim məşq etmək imkanımız olsa iri formalar, məsələn, sonatanın səs üçün işləmələrini oxuyacağıq. Sonuncu mərhələ fuqaları ifa etməkdir. Belə repertuarla dinləyicilərin hər təbəqəsinin zövqünü oxşamaq olar. Gələcəkdə birpərdəli opera tamaşası da qoymaq istərdik. Bu barədə də düşünmüşük. Çoxları da bizə qulaq asıb soruşur ki, sizdə bu ruh hardandı? Bəli, biz elə bil cavanlaşmışıq. Millət yıxılıb, qaldırmaq istəyirsən, gəl köməyə. Birlikdə insanları dəyişdirməyin yolunu axtaraq.
Bu kiçik, başıbəlalı kollektiv neçə vaxtdır ki, yaşamaq uğrunda mübarizə aparır. Neçə-neçə qapılar döyüb özü barədə danışmaq istəyib. Gələn də olub, qulaq asan da. Amma atalar demişkən yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu, bəlkə də müəyyən dərəcədə xorun hər nadan qarşısında əyilmək istəməməsi, mənliyini qorumaq cəhdindən də irəli gəlir. Solfecio kitabı hazır olduğu halda, rusun redaksiyası altında çap olunmasını şəninə çığışdırmayan Yaşar müəllim və onlara qulaq asmaq istəyən alman səfirliyindən nümayəndəni qəbul etmək üçün qanunla icra hakimiyyətinə müraciət edən xor kollektivi arasında məntiqi əlaqəni görməmək mümkün deyil. Sekstet indi belə tərkibdə çıxış edir: Sumqayıt peşə musiqi məktəbinin müəllimləri Yaşar Mirzəyev, Telman Qəniyev, Yaşar müəllimin həyat yoldaşı Rəna xanım, vokalist Ağgül Əsgərova, Yaşar müəllimin iki övladı - həmin məktəbin tələbələri Əhməd və Sevinc. Bu kollektivə uğurlar arzulamaqdan savayı əlimdən heç nə gəlmir.

Bu, yaddaqalan görüşdən sonra yenə də həmin qaranlıq, dar dəhlizdən keçdikdən sonra dönüb arxaya baxdım. Deyirlər, bir vaxt tez-tez hakimiyyət dəyişdiyi bir dövrdə burada ən yaxşı royalı necə oğurlaıblarsa, gördüm deyən olmayıb. Hər gün Yaşar müəllim, Telman müəllim, Rəna xanım və Ağgül xanımın da keçib getdiyi iki nəfərin zorla yanaşı gedə biləcəyi dəhlizdə kiminsə hay-həşirlə iri royalı daşımaq cəhdi mənə komik görsəndi. Məktəbdən çıxdıqda şəhər mənə əvvlki kimi tutqun, qonaqsevməz, Bakıya qayıdan yol isə uzun və cansıxıcı gəlmədi.

«Çağ» qəzeti
22-26 dekabr 1995


Yaşar Mirzəyev: «İnsanlara inanıram»

Bir zamanlar Sumqayıt musiqi məktəbində Yaşar Mirzəyevin rəhbərliyi ilə yaradılmış kiçki xorun səsini indi təkcə sumqayıtlılar deyil, Bakının, eyni zamanda xarici ölkələrin musiqisevərləri böyük maraqla, həvəslə dinləyir. Opera və balet Teatrı açmaq arzusunda olan 8 nəfərlik kollektivlə böyük həvəslə, ümidlə işləyən Yaşar müəllim bu arzuya çatmasa da ruhdan düşməyib. İndi bu kollektivdən cəmi dörd nəfər qalıb. Yaşar Msirzəyevin ailə özvləri: özü, yoldaşı Rəna xanım, övladları Sevinc və Əhməd. O biriləri isə vəziyyətin çətinliyi üzündən ayrı yol seçdilər. Ailə xalq mahnılarının işləmələrinə, aşıq mahnlarına, alman, italyan mahnılarna, caz musiqisin, dinləyicilərin ruhunu oxşayan, onlara mənəvi zövq verən bir-birindən gözəl əsərlərə müraciət edir, instrumental alətlə müşayiətsiz xor üçün işləmələr oxuyurlar. Musiqiçi kimi pərəstiş etdiyim, ifa etdikləri bütün mahnıları həvəslə dinlədiyim Mirzəyevlər ailəsi ilə yaxından tanış olmaq məqsədilə evlərinə yollandım.
- Ailə həyatınızı öz sevdiyinizlə qurmusuz, yoxsa kiminsə tövsiyyəsi olub?
- Hər ikisi olub. Valideynlərim məsləhət gördülər ki, belə bir qız var. Atası filosof, anası həkim. Əvvəlcə məni bu keyfiyyət çəkdi. Sonra elə oldu ki, Rəna xanımın özünü mənə göstərdilər. Düzü, mənim də xoşuma gəldi. Yoldaşımdan razıyam. Əgər ailədə yoldaşından razısansa, müstəqil düşünə bilərsən.
- Ailə qurmağın başlıca şərti və ailə sizin üçün nədir?
- Ailə qurmağın ən birinci, başlıca şərti özünə münasib, yaxşı bir insana rast gəlməkdir. Mənim fikrimcə maddi maraq nə qədər az olsa, ailə bir o qədər sağlam olar. Ailə yaşamaq üçün stimuldur. Ailədə xoşbəxtlik olmasa, heç bir elmdə, sənətdə fəaliyyət göstərmək olmaz. Yalnız normal ailədə bir məqsəd üçün çalışmaq olar. Məqsəd də nurlu, təmiz olsa, nəticə yaxşı olar. Birinci addım yaxşı ailədir, sonra cəmiyyət.
- Əvvəllər Sumqayıt şəhərində yaşayırdınız, həmsiçinin musiqi texnikumunda dərs deyirdiniz. Hazırda Bakı şəhər musiqi gimnaziyasında yaşayırsız. Buna sizi nə vadar edib?
- Biz bir neçə il Sumqayıtda yaşadıq. Lakin öz yerimizi tapa bilmədik. Gördüm ki, müəllim kimi fəaliyyət göstərmək olmur. Müəllimə qiymət verən yoxdur. Qarşıma məqsəd qoydum ki, əgər ailəm musiqiçidirsə, bu iş üzərində işləməliyik. Xalqın xoşuna gəlsə, işimizi davam etdirərik, yoxsa kənara çəkilərik.
- Bəs gimnaziyaya gəlməyiniz necə oldu?
- Çox yerə getdik. Yaxşı adamlara rast gəlirdik, pulu olmurdu, pis adama rast gəlirdik, qapıdan qovurdu. Axır Oqtay Rəcəbova rast gəldik. Gimnaziyanın direktoru professor Oqtay Rəcəbov ağır vaxtlarda bizə əl tutdu. Demək olar ki, bizi aclıq ölümündən xilas etdi. Bizə dedi ki, gəlin sizə gimnaziyada iki otaq verim, orda aldığınız məvacibin ikiqatını verirəm. Biz də uşaqları musiqi texnikomundan çıxarıb gəldik Bakıya. Oqtay müəllim bizə 2 əvəzinə 3 otaq, 2 dəfə artıq məvacib əvəzinə 3 dəfə artıq məvacib verdi. Kimə lazımsa bizi göstərdi. Fərhad Bədəlbəylinin, Polad Bülbüloğlunun xoşuna gəlməyə başladıq. Polad Bülbüloğlu bizim üçün kostyum tikdirdi. Fərhad Bədəlbəyli hər yerdə bizdən danışmağa başladı. Hazırda gimnaziyada müəllim işləyirəm. Üç şagirdim Konservatoriyaya daxil oldu. Rusiyada da qəbul edənlər oldu. Bu, mənimçün sevindirici haldır.
- Tutduğunuz çətin yola görə peşman deyilsiz ki?
- Çətin yol tutan insan gərək peşman olmasın. Təmiz yol tutan adam çətinliklərlə qarşılaşır. Çətinliklərdən çıxış yolu isə birinci növbədə gözəl ailə yaratmaqdır.
- Övladlarınızla rəftarda rəsmisiz, yoxsa səmimi?
- Səmimi. Hərə öz fikrində, hərə öz yolunda. Onları sərbəst buraxmışam. Düzdür, müəyyən nəzarətlə. Hətta oğlumu pozğun uşaqların yanına buraxmışdım. Bir müddətdən sonra onların yanına getmədi. Və mən zarafatla soruşdum ki, niyə onların yanına getmirsən? O güldü ki, «camaat deyir getmə, amma sən deyirsən niyə getmirsən?». Mən rahatam. Çünki uşaqlarıma inanıram. Əgər onlar pis addım atsalar, mən məhv olaram.
- Alın yazısına, taleyə inanırsız?
- Xeyr. Hər şey insanın öz əlindədir. İnsanlara inanıram.
- İnsanlar haqqında nə deyə bilərsiz?
- Daş-qaş, brilyant az, daş-kəsək çox olduğu kimi yaxşı insanlar da çox azdır. İndi Zeynalvabdin, Üzeyir kimi kişilər tapılmır. Olanlarınsa pulu yoxdu.
- Bizə məlum olmayan başqa bir məşğuliyyətiniz varmı? Necə istirahət edirsiz?
- Qızım musiqiylə bərabər rəsmlə də məşğul olurdu. Hazırda buna imkanımız yoxdur. Əsas günahkar mənəm. Şərait yarada bilməmişəm. İstirahətimiz yalnız evdə olur.
- Hər bir insanda ruh düşgünlüyü, ümidsizlik hallarına təsadüf edilir. Sizdə necə, belə hallar olurmu? Olursa kiminlə, ya nə ilə təsəlli tapırsız?
- Xeyr, məndə belə hallar olmur. Kimisə ruhlandırıb yaşamğa meylləndirirəmsə, mən xoşbəxtəm.

Sevinc Kərimova, Gülnarə Rəfiq
«Çağ» qəzeti
23.05.98