• Üsyan qaldırıb haqqımızı
tələb etməliyik
• Mən musiqi Akademiyasının professoru, 35 dollar maaş alıram
• Azərbaycanda opera teatrı yoxdur

İndi biz ağır dördə
yaşayırıq. İqtisadi çətinliklərin ağırlığı cavanların çiyinlərinə daha
çox düşür. Yaranmış bazar münasibətlərində aktiv, yüksək dərəcədə professional
olmaq, həyatda özünə yol açmağı bacarmaq lazımdır. Amma mədəniyyət dövlət
səviyyəsində olmalıdır. Mən dünyanı çox gəzmişəm. Professional musiqiylə
məşğul olanlarla ünsiyyətdə olmuşam. Dünya musiqisinin ümumi səviyyəsini
nisbətən yaxşı bilirəm. Bu gün bizdə yazılan musiqi heç bir ölkədə yazılan
musiqidən aşağı deyil. İstər keçmiş sovet, istər başqa ölkələrdə mən öz
simfonik musiqimizin səviyyəsinə görə utanmamışam. Hətta bəzən başqa
ölkələrin bəstəkarları üçün nümunə olmuşuq.
Ən bahalı, ən dəyərli şey insan beyni, insan ağlıdır. Əsrimizin əvvəllərində,
30-40-cı illərdə Üzeyir Hacıbəyov bu fikrə istinad edərək professional
musiqiçiləri Azərbaycana cəlb etdi. Bunun sayəsində bir, bəlkə də bir
neçə əsrlik inkişaf yolunu 20-30 ilə keçə bildik. Bu da Azərbaycana böyük
şöhrət gətirdi. Bizə elə gəlir ki, böyük millətik. Biz şəxsiyyətlərə görə
böyüyük. Yeddi milyonluq xalq dünya miqyasında çox balacadır. Əgər Üzeyir
bəydən sonra böyük bir bəstəkar nəsli yetişmişsə bu gözəl nəticədir. İndi
fikirləşirəm ki, bir adamın yetişməsi, püxtələşməsi üçün 11 il orta təhsil,
5 il Konservatoriya, 20 il orkestrdə və yaxud musiqiçilikdə çalışmaq lazımdır.
Həmin musiqiçi 40 illik zəhmətini kiməsə bağışlayır, xaricə işləməyə gedirsə
bu faciə deyilmi?
Mən Musiqi Akademiyasının professoru ayda 35 dollar həcmində məvacib alıram.
Mənim kimi adamlar az deyil. Bu duruma dözməyənlər təkcə dolanışığa görə
yox, həm də mənəvi qida almayaraq buranı tərk edirlər. Bu gün fikirləşəndə
dəhşətə gəlirəm: ola bilər ömrümün qalan hissəsində Azərbaycanda öz əsərlərimi
eşitmək mənə qismət olmasın. Bu, böyük faciədir.
Bəstəkarlıq ağır sənətdir. Burada birdən-birə sıçrayış etmək mümkün deyil.
Əgər bir bəstəkar Şostakoviçdən «dərs almamış», Malerin dövrünə düşməmiş,
Brukneri tanımırsa ondan professional sənətçi olmaz. Dünyada yeni cərəyanlar
çoxdur. Bəziləri özünə yer tapır, qalır, başqaları itib gedirlər. Azərbaycan
bəstəkarı isə öz ana dilində musiqi yazmağı bacarmalı, dünya musiqisində
öz yerini tapmalı, öz köklərini də bilməlidir. Azərbaycan bəstəkarının
imkanları başqalarınınkından daha üstündür. Bizim çoxəsrlik muğamımız
var. Bunun içində həm forma, məzmun, həm də texniki baxımdan o qədər böyük
potensial var ki, bizdən sonra gələn neçə nəsil bəstəkara da bəs edər.
Bizdə bəstəkara, xüsusilə də gənc bəstəkara münasibət zəifdir. Bizim Azərbaycan
xalqı, onun gələcəyi qarşısında borcumuzdur ki, bu gənclərə münasibəti
dəyişdirək. Vaxtilə Bəstəkarlar İttifaqında disskussiyalar keçirilər,
yaranmış yeni əsərlər dinlənər, fikirlər söylənərdi. İndi isə nə yaranmış
yeni əsəri, nə də dünya musiqisində yeni nümunələri göstərməyə imkan yoxdu.
Əgər bu diskussiyalar bərpa olunsa mən həftədə bir dəfə yox, dörd dəfə
gələrdim, onların suallarına məmnuniyyətlə cavab verərdim. Əgər dövlət
qarşısında gənclər problemi düzgün qoyulmasa heç nə dəyişməyəcək. Amma
biz bəstəkarlar gənclər məsələsini dövlət qarşısında da qaldırmamışıq.
Gənclərə məsləhətim budur ki, öz haqlarını tələb etsinlər.
Mədəniyyət illərlə yaranır, dağılması isə çox asandır. Mən çəkinmədən
deyə bilərəm ki, bu gün Azərbaycanda Opera Teatrı yoxdur. Formal adı var.
Nə xoru var, çox vaxt solistləri də yoxdur. Ayda-ildə bir dəfə ordan-burdan
ifaçıları dəvət edərək tamaşalar qoyulur. Bu yaxınlarda xoreoqrafiya məktəbinə
getmişdim. «Azərbaycan bəstəkarlarının hansı baletini tanıyırsız?» sualına
40 uşaqdan biri də cavab verə bilmədi. Onlar Qara Qarayevin «7 gözəl»ini,
Fikrət Əmirovun «1001 gecə»sini tanımırdılar. Fəxr eləyə-eləyə mənə nə
göstərsələr yaxşıdı: dumbulçalanlar ansamblını və orta səviyyədə xoru.
Mən bütün dünyanı gəzmişəm. İndi bizim opera teatrında nəinki oynayan,
heç belini saxlaya bilən balerina yoxdur. Orada böyük əsər qoymaq olarmı?
Mən hesab edirəm ki, üsyan qaldırıb haqqımızı tələb etməliyik.
«Çağ» qəzeti
02.12.97