Şamil Fətullayev: “İçəri şəhər Bakının memarlıq ensiklopediyasıdır

İçəri şəhərin gah daralan, gah enlənən küçələri… İçəri şəhərə düşdükdə zaman, vaxt öz mənasını itirir. Bəlkə qışqırışıb qaçan uşaqlar heç vaxt evlərinə getmir? Ya da o tindəki qoca kişi oturacaqda həmişəlik qalıb canlı abidəyə çevrilib? Küçələrə ayaq basdıqca sanki ayaq altındakı torpaqda hər lay, hər tağ dirçəlib işıq üzü görməkçün imdad diləyir. Nə biləsən ki, hər addımınla neçə əsri adlayıb, neçə insan nəslinin zəhmətini tapdayırsan. Mikrodünyanın öz sakinləri olduğu kimi öz vurğunları, öz tədqiqatçıları da var. Həyatını memarlığa, tədqiqatının əsas istiqamətini Bakıya və xüsusən də İçəri şəhərə həsr etmiş Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti, memarlıq doktoru Şamil Fətullayev də İçəri şəhərdən çox narahatdı.
- Mən həmişə İçəri şəhərin planını özümlə gəzdirirəm. Şəhərlər adətən ya dəniz kənarında, ya meşə ətrafında salınıb. Şəhər var, elə yerdə salınır ki, ətrafda nə dəniz, nə də meşə var. Bakının üstünlüyü ondadır ki, Xəzərin sahilindədir. Bu şəhərin unikal xüsusiyyətləri var. Strateji, coğrafi gəhətdən əlverişli yerdədir. Bakı memarlıq fenomenidir. Mən İçəri şəhərdə 4 dəfə tədqiqat aparmışam. 60-cı illərin həyətləri indikindən çox fərqlənir. Baxırsan, balaca həyətdir, həyətin ortasında püstə ağacı var. Adama ləzzət eləyir. O ağacı yaşatmaq lazımdı axı. Kim edəcək bunu? Mən piyada gəzib evlərə baxmağı xoşlayıram. Professional cəhətdən, memar tədqiqatçı gözü ilə baxıram. Qabaqlar bir məhəllə, bir ailənin olub. Sonradan parçalanıb, yeniləri əmələ gəlib. 2-3 mərtəbəli evlər əlbəttə ki, dövlətli evləridir. Amma əhalinin 90 faizi necə ki, indi kasıbdı, onda da kasıb idi. Bir misalı həmişə ürək ağrısı ilə deyirəm. Kiçik Qala küçəsinə paralel küçədə ikimərtəbəli bina var. İnqilabdan qabaqkı binadır. Uçulub tökülüb. Divarına söykəndiyi üçün qonşu evin öz divarı yoxdu. İndi bina söküləndən sonra qonşunun ev-eşiyi qalıb bayırda.
- Deyirlər ki, mühit itib. Bu düzdür. Nə qədər evlər yıxılıb. Keçirsən binanın yanından, görürsən pəncərələrin gözü kor qalıb. Bu sahələrdə tikinti aparmaq istəyənlər də bildirir ki, yaylıq boyda 5-7 kvadrat metr bizə bəs etmir. Ona görə sahələr böyüyür.
- İçəri şəhər Bakının memarlıq ensiklopediyasıdır. Bu günlərdə Bakı Sovetində mənim təşəbbüsümlə təsdiq edildi ki, İçəri şəhrədə çoxmərtəbəli binaların tikilməsinə icazə verilməsin. İki, nadir hallarda üç mərtəbəli binalara yerindən asılı olaraq icazə veriləcək. Bu yaxınlarda qərbi Almaniyadan gələn bir ev sahibi İçəri şəhərdə tikdirmək istədiyi evin layihəsini mənə göstərdi ki, təsdiq edim. Qəbul etmədim. Bina Şirvanşahlar sarayının yanında olduğundan ona üslubca yaxın olmalıdır. Bəhanə gətirdi ki, bəs orda var, filan yerdə var. Düzdür, amma Şirvanşahların qabağında olmaz. Gələcək nəsillər üslubca onları bir-birindən ayıra bilməyəcək. Tikinti işlərinə görə Şirvanşahlar sarayının inzibati binasının özülü çöküb. İndi beton-zad vurublar ki, yıxılmasın.
- Təzəlikcə Qız Qalasnın yanında kiçik həyətli, divarında gümbəzi olmayan məscid ortaya çıxarılıb. Yaxınlıqdakı 1078-ci ilə məxsus olan məscidlə bu, vahid tarixi arxeoloji kompleksə birləşdiriləcək. Qazıntılar 1991-ci ildə başlayıb. Divarda ən qədim ərəb yazısı onların 11-ci əsrə məxsusluğunu sübut edir. Vəsaitin olmamasından işlər 1992-ci ildə dayandırılıb. İndi qazıntılar bərpa edilib. Daş fiqurlu meydanı Qız Qalasından ayıran divar söküləcək. Bununla da tarixi-arxeoloji komplekt ilkin şəkildə canlanacaq.
- Məlumdur ki, bu ərazidə ərəblərdən əvvəl atəşpərəstlik yayılmışdı. İçəri şəhərdəki məscidlərdən Cümə məscidi, Sınıq Qala altındakı qatda islamdan qabaqkı atəşpərəst məbədi var. 80-ci illərdəki qazıntılar nəticəsində ləzgi məscidinin altından Sasani tağları çıxıb. (5-7-ci əsrlər) Ərəblər gələndə müqəddəs yerlərin, atəşgah məbədlərinin yerini məscid edirdilər ki, insanlar öyrəşdikləri yerlərə gəlməklə antoqonizm yaranmasın. Sınıq Qalanın da altında aşağı qatlar var. Mərtəbə islamınkıdır, amma içindəkilər, qurban kəsən yerlər İslamdan qabaqkı dövrə aiddir. Mühit özü məcbur edirdi ki, bu məbədlərdən istifadə edilsin. Onun üzərində yeni üslubda, yeni memarlıqda, yeni tələblərə uyğun məscidlər tikilirdi.
- Qız Qalasının tarixindən çox yazılıb, çox deyilib. Mən hesab edirəm ki, bu boyda binanı tikmək üçün imperiya, dövlət lazım idi. Burada belə bir imperiya yox idi. Bilirsiz ki, xəzərlər at belində qılıncla basıb kəsirdilər. Sasanilər möhkəm imperiya idi. Onlar Dərbənd bəndini təmir edirlər. Aralıqda bir məntəqə olmalı idi, ya yox? Elə Qız Qalası da onların vaxtında tikilib. Təxminən 5-7-ci əsrlərə aiddir.
- İndinin özündə də İçəri şəhərdə müxtəlif memarlıq üslublu binalar tikilir. Yəqin gələcək nəsillər də oturub başını sındıracaq, onun hansı dövrə aid olması barədə mübahisələr edəcəklər.

«Çağ» qəzeti
01.03.98

 


Qız qalası qoşa olub

Yeni versiya!



Çox vaxt memarlıq ensiklopediyası adlandırılan Bakını bəzəyən tikililər içində ən qədimi, bəlkə də ən qəribəsi Qız qalasıdı. Görəsən, nə qədər əfsanəyə mövzu verib bu qala, neçə səyyahı heyran eləyib? Bəs nə qədər tədqiqatçı alimin diqqətini çəkib – neçə əsrdi Qız qalası üstündə səngiməyən mübahisələr azmı maraqlıdı?
Gödən quş uçuşu hündürlüyündən baxanda Qız qalası butaya oxşayır. Xalçalarımızdakı, paxışlarımızdakı butaya. Buta açılmamış qönçə, məhəbbət rəmzidi. Bələkə kimsə Qız qalasını sevgiyə abidə qoyub?..
Deyilənə görə, qalanın ilk adı «gözətçi qülləsi» olub. Burdan dənizə göy qoyar, pis havada başında tonqal qalayıb azan gəmilərə istiqamət göstərərmişlər. Sonra adını qısaldıb «Göz qüllə» deməyə başlayıblar.
Möhkəm divarları, dar pəncərələri alınmaz qala təsəvvürü yaratdığından onun müdafiə məqsədilə tikildiyini də ehtimal edirlər. Deyirlər ki, qalanın içindən 3 istiqamətdə – Ramana qalasına, Bibiheybət məscidinə, Qurd qapısına yeraltı yol varmış. Müharibədə silah-sürsatı və azuqəni qalaya bu yollarla gətirirmişlər.
Tarixçilərin rəyinə görə, bu unikal abidə iki mərhələdə tikilib: abidənin 13, 7 metr hündürlüyünə qədər olan hissəsi eramızdan əvvəl 7-6-cı əsrlərə aid edilir. 12-ci əsrdə abidədə yenidənqurma işləri aparıldığı da tarixi faktlarla təsdiqlənib. 1960-cı ildə qalada bərpa işlərinin aparıldığı da bilinir.
Bütün bunlar öz yerində. Qız qalası mövzusuna müraciət etməyimizin ayrı səbəbi var. Bugünlərdə mətbuatda qala barədə yeni versiya açıqlanıb – Rusiyadakı azərbaycanlıların nəşr elədiyi «Azerros» qəzetinin son sayında yazı müəllifi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Aleksandr Putnikov qalanın qeyri-adi formasıyla bağlı yeni versiya irəli sürüb. Putnikov Qız qalasının böyründəki kontraforsu (qalaya bitişik, ona dayaq funksiyası daşıyan hissə) Abşerondakı oxşar qalalarla müqayisə edib onlarda belə bir hissənin olmadığını söyləyir: «Axı qədimdə memarlar məqsədi bəlli olmayan elementlər işlətmirdilər. Kontrafors həm də dalğasındıran və güclü küləkdən qoruyucu fynksiyanı da daşımalı idi. Amma hesablamalar və təntiqi nəticələr bu fərziyyəni rədd edir… Təsəvvür edək ki, İçərişəhərin cənubu, yəni üzü limana tərəf hissəsi şəhərə əsas girişdi. Məntiqlə bu hissədə əsas qala divarları olmalıydı. Bu zaman adamın ağlına belə ideya gəlir ki, darvazalar iki «əkiz» qalanın arasında ola bilərdi. Belə olduqda irəli çıxmış kontrafors istehkam funksiasını üstünə götürür. Burdan davaza zonasındakı düşməni atəşə tutmaq olardı. «Ölü zonaları» atəşə tutmaq istehkam praktikasında klassik üsuldu. İkinci qala tarixin müəyyən dönəmində ya yarımçıq qalıb, ya da sökülüb».
Müəllif fərziyyəni təsdiqləyən fakt kimi Qız qalasının 10-12 metrliyindəki daş çıxıntını təsvir edir. O, hesab edir ki, bu qövsvari tağın əvvəli ola bilər: «Onun üstündə kifayət qədər iri meydançanın izləri var. Mümkündür ki, bu dövrələmə meydançalı darvaza tağının başlanğıcıdır».
Alimlərin fikricə, Qız qalasının arxasındakı Səbayel karvansarası istehkamı möhkəmlədən daldalanacaq funksiyası daşıyıb. Putnikov Qız qalası ətrafında qazıntılar aparmaqla bu məsələ aydınlıq gətirməyi təklif edir. Və arxeoloqları, memarları, tarixçiləri, öz fərziyyəsinin müzakirəsinə çağırır.
Putnikovun açıqlamasına bizim alimlər nə deyir? Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti, memarlıq doktoru Şəmil Fətullayev:
- Bu fərziyyəni ortaya atan alim, deyəsən Moskvada oturub yaman darıxır. Birincisi 30 metrlik qalanın birini tikmək özü böyük işdi. Bu qala və onun inşası məsələsinə 21-ci əsrdən durub baxmaq olmaz. Onu xırda dövlət, ya tayfa tikə bilməzdi. Qala tikmək çox xərc aparan, və böyük zəhmət tələb edən işdi. O vaxtlar burda xəzərlər at çapırdı. Qalanı kim tikəsiydi? Qalanın inşasını eramızdan əvvəl 7-5-ci əsrlərə aid edən alimlərimiz «onu kim tikə bilərdi?» sualına cavab verə bilrlərmi? Zənnimcə, bu cür qala yalnız Sasanilər imperiyası dövründə tikilə bilərdi. Təxminən 5-7-ci əsrlərdə. O vaxt onlar Dərbənd qalasını da təmir elədilər. Xəzəryanı ərazilərdən İrana gediş-gəliş vardı. Bu boyda ərazidə oturacaq məntəqə olmalıydı, ya yox? Amma yanındakı ikinci qalanın olması barədə söhbət lap gülməlidi. Əgər ikinci qala tikilsəydi, izsiz yoxa çıxa bilməzdi ki! Aleksandr Putnikov qazıntılar aparmağı təklif edir. Qız qalası ərazisində neçə ildi qazıntı işləri gedir. Bu ərazi təmizlənib karvansarayla vahib kompleksdə Qız qalasını dövrələyəcək. Qız qalasının o biri tayının, yaxud fərz olunan darvazanın bünövrəsi olsaydı çoxdan üzə çıxırdı. Qız qalasınınsa bünövrəsi yoxdu. O sal qaya parçası üzərində inşa edilib. Alimləri çaşdıran forması var. Yanındakı kontrafors bünövrəsiz qalaya dayaqdı. Həqiqətən qalanın 10-12 metrliyində daş çıxıntı var. Arcaq bu, darvaza və dövrələmə meydançanın olduğuna kifayət qədər əsas vermir. Daş çıxıntı sökülmüş qala divarının izləri də ola bilər…
Və sonda. Şamil Fətullayev Qız qalasının Sasanilər dövründə tikilməsi versiyasını gücləndirən bir əfsanəni misal gətirir: «Əfsanəyə görə, ata öz qızıyla evlənmək istəyirmiş. Qız özünü qaladan tullayır. Qız qalası adı burdan yaranıb. Bu əfsanəni dilə gətirməyi sevmirlər. Çünki qalanın 12-ci əsrdə tikildiyini israr edənlərçün şahın öz qızına göz dikməsi söhbəti sərf eləmir. Amma Sasanilər dövründə belə ənənə vardı. Bəlkə də varidatın ailədən kənara çıxmaması üçün görülən tədbirlərdən biriydi. Şahzadə qızın birinci əri atası, ya da qardaşı olmalıydı».

«Avropa» qəzeti
15-21 fevral 2003-cü il