Ələkbər Rzaquliyev 25 illik sürgündən yaralı barmaqları və qıc
əlləriylə qayıdıb

Bu il Azərbaycan rəssamı Ələkbər Rzaquliyevin anadan olmasının 100 illiyidir.
Yubiley rəssamın fərdi sərgisiylə və sərgi ərəfəsində buraxılacaq kitabla
qeyd ediləcək. Guman ki, çoxlu xatirələr deyiləcək, rəssamın əsərlərindən
danışılacaq, onun yaradıcılığının Azərbaycan rəssamlığında yeni qeyd
olunacaq. Və yenə də bu insanın həyatındakı ağrılı acılı illəri cəmi
bir-iki kəlmə ilə vurğulayacaqlar.
Ələkbər Rzaquliyev haqqında yazılan bütün monoqrafiyalarda, sənətşünas
yazılarında rəssamın 1920-ci illərdə təhsil aldığı dövrdə yaratdıqları
təhlil edilən kimi birdən-birə 60-cı illərdə çəkdiklərinə keçirilir.
Elə bil aradakı illər beş-üç gün imiş, bu barədə heç yazmağa dəyməzmiş.
Ən cəsarətli yazılarda o illərə bir cümlədən artıq yer verilmir: “Ələkbər
Rzaquliyev ömrünün 25 ilini həbsxanalarda keçirib 56-cı ildə bəraət
alıb”. Vəssalam.
Ömrünün ən bəhrəli illəri Stalin represiyasının badına getmiş minlərlə
ziyalıdan, böyük sənətkarlardan biri olan Ələkbər Rzaquliyev üç dəfə
həbs olunub. Bu cəza onu rəssamlıqla vaxtında məşğul olmaq imkanından
da məhrum eləyib. 1956-cı ildə Stalinin ölümündən sonra Azərbaycana
qayıdan rəsamın peşə təcrübəsi yox idi, qəlbi qırıq idi. Üstəlik, o
qədər zəifləmişdi ki, əlinə qələm almağa da gücü çatmırdı. Amma bu mübariz
insan ömrünün yerdə qalan hissəsində o qədər qətiyyətli, məqsədyönlü
işlədi ki, illərini yaradıcılığa həsr eləmiş başqa rəssamları da ötə
bildi. O, məhz öz sənətiylə tanındı.
Məktəbi atmağa birinci
çağırış: “Allahla mübahisə eləməzlər”
Rzaquliyev Ələkbər Ələsgər oğlu 1903-cü il yanvarın 31-də Bakıda xırda
ticarətlə məşğul olan kiçik bir dükan sahibinin böyük ailəsində doğulub.
Uşaqlığı qədim şəhərin əyri dalanları, yoxuşa düzülmüş Şərq koloritli
evlərində keçib. Yaşıdları kimi onu da oxumağa mollaxanaya veriblər.
Sonra rus-tatar məktəbində oxuyub. Gələcəkdə həmin mollaxana, şəhərin
əyri dalanları onun yaradıcılığında üzə çıxacaq.
Ailədə rəssam olmasa da, Ələkbər öz istedadını kiçik yaşlarında büruzə
verib. Rəssamın arxivində Sovet Rəssamlar Şurasının I qurultayı üçün
yazılmış “Unudulmuşların rolu” başlıqlı bir əlyazma var. Orda oxuyuruq:
“Azərbaycan incəsənəti tarixindən söz düşəndə inqilaba qədərki dövrdə
bizim sənətə olan münasibəti unutmaq olmaz. Yadımdadı, mən 1918-ci ildə
I Realnı Uçilişin nəzdində rəssamlıq studiyasında oxuyanda qoltuğumda
albom evə qayıdırdım. Atamla mən axundla qarşılaşdıq. Salamlaşandan
sonra axund “Ələsgər kişi, oğlun nəylə məşğuldu?” soruşdu. Biləndə ki,
rəsmlə məşğulam, bunun günah olduğunu dedi. “Çəkdiyin insan, heyvan
rəsmlərinə gərək ruh, can verəsən. Buna yalnız Allah qadirdir. Allahla
mübahisə eləməzlər” və s. belə sözlər dedi”. Xoşbəxtlikdən axundun rəyi
gələcək gələcək rəssamın həyatını dəyişə bilmədi. Rzaquliyev təhsilini
rəssamlıq Texnikumunda davam etdirdi.
1920-ci ildə komsomola üzv oldu və məsuliyyətli işlərə qoşuldu, respublikanın
uzaq rayonlarına komsomol tapşırıqlarını yerinə yetirməyə getdi. Onu
Azərbaycan komsomolunun veteranı da saymaq olar, çünki Azərbaycanda
ilk komsomolçulardan biri olub. Rzaquliyevin arxivində komsomolun I
qurultayından çəkilmiş fotolar da var. Rəssamın oğlu Aydın Rzaquliyev
hesab edir ki, bu fotolar artıq aktual deyil və zəmanə dəyişib deyə
onlar indi heç kimi maraqlandırmaz.
1922-ci ildə Rzaquliyev Kommunist Partiyasının üzvü olur və partiya
işlərinə xeyli güc, əmək sərf eləyir. Amma bu işi o, yaradıcılıq və
təhsillə paralel aparır.
Məktəbi atmağa ikinci
çağırış: “... Elə başladığı kimi işləsin”
1925-ci ildə Moskvaya “Vxutemas”a – Ali Rəssamlıq Texniki Emalatxanalarına
oxumağa gedir. Burda maraqlı, parlaq yaradıcılıq həyatı yaşayır, müxtəlif
millətlərin cavanlarıyla təmasda olur və istedadlı müəllimlərdən dərs
alır. Moskvadakı təhsil dövründə (1927-ci ildə) o, dəmiryolçuların “Rost”
klubunda sərgidə işləri müsbət rəy alır. Təhsil dövründən Rzaquliyevin
yaddaşında fransız yazıçısı Anri Barbüs və dahi Meksika rəssamı Diyeqo
Rivera ilə görüşü qalır. Rivera ilə görüşdən əvvəl meksikalı rəssam
Rzaquliyevin “Mollaxana” və “Azərbaycanlı qadın” işini D. Şterenberqin
emalatxanasında görübmüş.“... Görəndə qayıdıb ki, o cavan rəssama deyin,
məktəbi atıb elə başladığı kimi işləsin. O, düz yoldadı. Hər gün yorulmadan
işləyə bilsə, mənə elə gəlir, bu cavanın başlanğıcı – çox güman ki,
sonu da – yaxşı olacaq”.
Birinci sürgün: nişanlısıyla
Arxangelsdə
Amma Ələkbər Rzaquliyev seçdiyi yaradıcılıq yolu ilə gedə bilmədi. 1928-ci
ildə onun İbrahim adlı bir dostu “pantürkist” ideyalarına görə həbs
edildi.
İbrahimlə dostluğu rəssama baha başa gəldi. Onu da əlbir sayıb 6 illik
soyuq Arxangelskə sürgün elədilər. Rəssamın oğlu Aydının fikrincə, atasını
yəqin ki, sübutsuz - filansız tutublar. “Mənə elə gəlir, kimsə onu şərə
salıb. Çünki o, Azərbaycanın ilk komsomolçularından olub, Kommunist
ideyalarına, sovet sisteminə inanıb. Belə adam dövlətə qarşı çıxmazdı”.
Sürgündə Rzaquliyev evlənir. Nişanlısı Sonanı rəssamın atası və gələcək
qaynanası Arxangelskə göndərirlər. Sona orda bir müddət yaşayır, çox
güman ki, sürgün həyatına dözə bilməyib Bakıya qayıdır. Bu səfərin nişanəsi
Adilə artıq Bakıda doğulur.
Sürgün bitəndən sonra Ə.Rzaquliyev Arxangelskdə Dənizçilərin Mərkəzi
Klubunda rəssam işləyir.
İkinci sürgün: ölümə
məhkumlarla bir zirzəmidə
İkinci dəfə onu 1937-ci ilin noyabrında həbs eləyirlər. Rəssamın dostu
Rasim Babayev hadisəni belə daşınıbmış: “Bir dəfə Kommunist küçəsiylə
gedəndə Ruhulla Axundovla rastlaşdım. O, tərs-tərs mənə baxıb kobud
tərzdə dedi: “Ey qaradinməz oğlan, sən yenə burdasan?! ” Bu sözlərin
üstündən bir az keçmiş onu yenidən həbs edib Arktikaya - Solovki adalarına
göndərirlər.
Dostu Rasim Babayevə danışdığı daha bir kədərli xatirə: “Sürgündə olduğum
müddətdə məni təsədüfən ölümə məhkum edilmiş ağqvardiyaçılarla bir zirzəmiyə
saldılar. Səhər həbsxananın rəisi gəlib güllələnməyə aparılanların siyahısını
oxudu. Adım çıxmadı. Tamam əsəbləşmiş rəis mənə baxıb soruşdu:
- Sən kimsən? Niyə hələ də burdasan?
- Mən rəssamam. Amma adımı çəkmədiz.
Rəis çox təəccübləndi. Məni vurub “rədd ol!” dedi. Ona görə də mən Solovkiyə
düşmədim və sağ qaldım. Axı Solovkidən geri yol yoxdu. Əvvəl çox aclıq
çəkdim, sonra başa düşdüm ki, nəyin bahasına olur-olsun, sağ qalmaq
lazımdı. Quş yuvaları tapıb yumurtayla qidalanırdım. Amma bir gün keşiş
mənə dedi ki, çox böyük günaha batırsan. Məni sorğu-suala tutandan,
kimliyimi, taleyimi öyrənəndən sonra mənə monastrda yaşamağı təklif
elədi. Amma bu da uzun sürmədi. Tezliklə məni Tayqaya odun doğramağa
göndərdilər. Orda barmağımı yaraladım”. Budəfəki sürgün 10 il çəkdi.
AzTV-nin “Yaddaş” studiyasının Ələkbər Rzaquliyev haqqında çəkdiyi verilişdiə
qızı Adilə 1947-ci ildə atasıyla görünüşü belə xatırlayır: “Əvvəl bir-birimizə
uyuşa bilmədik. Mənim cəmi 10 yaşım vardı. Sonra yenidən görüşdə dözə
bilməyib ağladı. “Mən valideynlərimə necə minnətdaram! Onlar bu illər
ərzində mənim balamı böyüdüblər” – dedi.
“Mən onu heç vaxt bağışlaya
bilmərəm”
1947-49-cu illərdə Rzaquliyevlər Gəncə və Şəkidə yaşayırlar. Çünki Ələkbər
Rzaquliyevə Bakıda qeydiyyata düşmək qadağan idi. O, Şəkidə pionerlər
evində dərnək rəhbəri işləyir. Şəki ipək fabriki üçün eskizlər də hazırlayır.
Adilə xanımın xatirələrində bir maraqlı epizod da var: “Yadımdadı, atamla,
babamla birlikdə oturmuşduq. İçəri Bəhram adında yaraşıqlı bir kişi
girdi. O, Gəncə teatrında rejissor idi. Atamın qarşısında diz çöküb
üzr istəməyə başladı: Bağışla məni o illərə görə, o sözlərə görə bağışla!..”
Atam heç nə deməyib üzünü kənara çevirdi. Babam atama “Ələkbər, görmüsən?
Axı o, səndən üzr istəyir” dedi. Atam cavab verdi ki, yox, ata, mən
onu heç vaxt bağışlaya bilmərəm. Onun sözlərinə görə ömrümün az qala
yarısını sürgündə keçirmişəm”.
Üçüncü sürgün: qızıyla
gizli yazışma
Taledən daha bir zərbəni 1949-cu ildə - ikinci qızı Sevil doğulandan
sonra aldı: onu yenə həbs elədilər. Bu dəfə Altay vilayətinə göndərdilər.
Sürgündə ikinci dəfə evləndi – Berta adlı alman qızıyla. Bertanın valideynləri,
nənə-babası ikinci dünya müharibəsi başlayanda Saratov vilayətindəki
alman qəsəbəlindən sürgün edilibmiş. Qızı Adilə xanım xatırlayır: “Mən
ailəmizdə onun ikinci evliliyindən xəbər tutan yeganə adam idim. O bunu
mənə gizlincə yazmışdı. Xahiş edirdi ki, ona hirslənməyim, çünki o məcbur
olub, soyuqdan, acından ölməməkçün belə eləyib. Yazırdı ki, evlənəndən
sonraisti ev, çoxdan həsrətində olduğu şəraiti tapıb. Atamın Oqtay və
Aydın adlı iki oğlu və bir qızı – Sevda doğuldu. Hər dəfə uşaqlar doğulanda
mənə məktub yazıb uşağa ad qoymağımı istəyirdi. Mən də adı Cəfər Cabbarlının
əsərlərindən seçirdim – Oqtay, Aydın. Bilirdim ki, Cəfər Cabbarlını
çox sevir. Mənim də adımı – Adilə, yəni Edilya – özü qoyub. Altay vilayətində
siyasi dustaqları pis saxlayırdılar. Atam sinqa xəstəliyinə tutulmuşdu.
Bakıdan ona soğan, sarımsaq göndərirdik”.
Hətta qələm tutmağa
da çətinlik çəkirdi
1956-cı ildə, Stalinin ölümündən üç il sonra Rzaquliyev azad olundu.
Əvvəlcə özü Bakıya qayıtdı. 1960-cı ildə xanımı Bertaya və uşaqlarına
da Azərbaycanda yaşamağa icazə verdilər. Oğlu Aydın Bakıya gəldiyi dövrü
belə xatırlayır: “O vaxt mən ikinci sinifdə oxuyurdum. Bakıya uyğunlaşmaq
çox çətin oldu. Çünki biz təkcə alman dilini bilirdik. Nə rusca, nə
də azərbaycanca danışırdıq”.
Təbii ki, 25 illik sürgün Rzaquliyevin sağlamlığında ciddi izlər qoymuşdu.
“Atam gələndə onun əlləri qıc olmuşdu, o qədər kobud və bərk idi ki,
hətta qələm tutmağa çətinlik çəkirdi” deyən Adilə tədricən atasının
rəssamlıqda itirdiklərini necə damla-damla qaytarmasını müşahidə edib.
Çox rəsmlərdə də natura rolunu qızına həvalə edib. “Nə vaxt baxırdım,
atam əlində qələm məni çəkir. Yatırdım – çəkirdi, qızlarla dərs hazırlayırdım
– çəkirdi, yemək yeyirdim – yenə çəkirdi. Naturayla işləməyə başqa imkanı
olmadığından həmişə məni çəkib”. Sürgün onun xasiyyətində də ciddi dəyişiliklər
eləmişdi. Aydın: “Atam çox ciddi olmuşdu. Onun köhnə fotolarına baxsaz,
görərsiz ki, həmişə gülümsəyir. Sürgündən sonrakı illərdə illərdə isə
heç vaxt gülmür. Həbsdəki illər ərzində onun qəlbi sınmışdı.”
- Rəssamın tutulmasında Ruhulla Axundovun rolu nədən ibarət ola bilərdi?
- Ələkbər Rzaquliyevin “Ruhulla Axundov haqqında xatirələr”indən seçmələr.
- Onu nəyə görə kanserə salmışdılar?
- O, sürgündən sonra rəngli rəsm çəkmədi, yalnız ağ-qara qrafikayla işlədi...
- Və Leninin, Stalinin adı çəkilən məclislərdə bir daha oturmadı
“Avropa”
qəzeti
3-9 may 2003
Eskizlərini jurnala göndərdiyinə görə Ələkbər Rzaquliyevi uzun müddət karserdə saxlayıblar
Onun ilk fərdi sərgisi 60 yaşında açılıb

Sürgündən sonra
işlədiyi ilk rəsmlər 1960-cı ilə təsadüf edir. Artıq 57 yaşı vardı. Evdən
səhər 7-də çıxıb gecəyəgən çalışardı. Arada yalnızca yarım saatlığa, o
da çörək yeməyə dönərdi. Emalatxanaya gün qalxandan sonra gələn rəssamları
“Nədi, təmbəllər, bu vaxt işə gələrlər?” deyib qarşılardı.
Qızı Adilə xanım xatırlayır: “Atamdan soruşanda ki, niyə bu qədər çox
işləyirsən, deyirdi, itirdiyim vaxtı qaytarmaq istəyirəm. Qayıdırdı ki,
o illər ideyalarımı, işlərimi, xatirələrimi əlimdən aldı, ona görə də
nə qədər ömrüm çatsa, işləməliyəm”.
Maraqlıdı ki, sürgündən sonra Ələkbər Rzaquliyev yalnız ağ-qara qrafikayla
işləyib. Ola bilsin, sürgündəki əzab-əziyyət onun rəng duyumunu da pozmuşdu.
Bəlkə də rənglə işləməyə, sadəcə, vaxtı yoxuydu.
Ancaq ağ-qara qrafikada da həyatın min bir rəngini təkrarsız yarada bildi.
Əsrin əvvəlinin obrazlarını – çəkmə silən, namaz qılan, yük daşıyan, araba
sürən, qeybət eləyən, cız-bız yeyən, çay içən, su daşıyan, xalça yuyan...
insanları uzun illər içində gəzdiribmiş. İşlər o qədər canlıdı ki, elə
bil naturadan çəkilib.
Onun sürgündə nəsə çəkmək imkanı da az olub. Düşərgədə olanda odunqıranları
təsvir edən eskizlərini Moskvadakı “Qırmızı Neva” və Leninqraddakı “Qırmızı
Panorama” jurnallarına göndərdiyinə görə onu uzun müddətə karserə salıblar.
O tərəflərdə cibdə qələm gəzdirmək, hətta düşünmək qadağanmış.
Qəribədi, 25 ilini sürgündə keçirən adamın gündəlik həyatı təsvir edən
rəsmlərlə əlləşməyə necə səbri çatırdı? Axı sürgünün bu üzündə qalan həmin
gündəlik həyatdan nə qədər uzağıydı! Bəlkə də lampa yandıran, palaz çırpan,
balıq təmizləyən adamların həyatına həsəd aparırmış, ona görə. Rəssam
Rasim Babayev: “Ələkbər heç vaxt sistem rəssamı olmayıb. Leninin portretini
çəkib, amma sistemin çərçivələrinə uyğunlaşmayıb. Az qala bütün rəssamlar
diqtə altında çəkə bilirdilər, o yox. 60-cı illərdə bir ingilis rəssamı
onun emalatxanasına gəlmişdi. Dedi ki, bu səviyyəli rəssam Londonda sərgi
açsaydı, ora düşməkçün həftələrlə növbə olardı. Bizdə isə... Bəlkə də
buna görə dama basmışdılar onu”.
Gərgin zəhmətinin sayəsində Rzaquliyev az müddətdə (1974-cü ildə vəfat
edib) layiq olduğu qiyməti ala bildi. 1963-cü ildə ( 60 yaşında!) ilk
fərdi sərgisi açıldı. 1964-cü ildə əməkdar rəssam adına, 1968-ci ildə
“Şöhrət nişanı” ordeninə layiq görüldü. Işləri bütün sovet respublikalarının
muzeylərini bəzədi...
Rəssamın sirli taleyi barədə material çox azdı. Ə.Rzaquliyevə
həsr edilmiş çoxlu məqalə və kitablarda, sənətşünas yazılarında onun yalnız
yaradıcılığı tədqiq edilir. “Azerbaijan international” jurnalının iki
nömrəsində amerikalı Ceyn Patersonun məqalələri və qızı Adilə xanımla
dostu Rasim Babayevin xatirələri olmasaydı, bəlkə də hadisələri xronoloji
ardıcıllıqla düzmək belə müşkülüydü.
“Rəssamı niyə tutublar”, “Bu işdə kimin əli var” suallarına cavab tapmaq
da asan deyil. Oğlu Aydın Rzaquliyev “Niyə sağlığında hər şeyi özündən
soruşmadız” sualına “Yəqin çox cavan olmuşam, başa düşməmişəm. Nəsillər
arasında düşüncə fərqi olduğundan o vaxt soruşmaq heç ağlıma da gəlməyib”
cavabını verdi. Əlavə etdi ki, hazırda arxiv materiallarını üzə çıxarmaqçün
sorğu da göndərib.
Əlimizdə olan materiallarsa yalnız müəyyən məqamlara işıq salır. Ə.Rzaquliyevlə
bağlı xatirələrdə onu tutdura biləcək iki nəfərin adı çəkilir: Gəncə teatırının
rejissoru Bəhram (soyadı bilinmir) və Ruhulla Axundov (Azərbaycan Kommunist
Partiyası Mərkəzi Kommunist partiyası Mərkəzi Komitəsinin katibi). Rəssamın
oğlunun qoruduğu və mənə etibar elədiyi şəxsi arxivində “Ruhulla Axundov
haqqında xatirələr” başlıqlı əlyazmanın üç-dörd variantda qaralaması var.
Elə bil təkidlə bu insan haqqında yazmağa çalışırmış. Təəssüf ki, saralmış
əlyazmaların hansı ilə təsadüf elədiyini bilmək çətindi.
O yazır: “Mən Ruhulla Axundovun müxtəlif iclas və konfransalarda dinləyib
tanımışam. Biz onunla 1927-ci ilin əvvələrində tanış olmuşduq. O vaxt
mən Moskva Ali Rəssamlıq İnstitutunun tələbəsiydim. 1927-ci ildə dəmiryolçuların
“Rost” klubunda gənc rəssamların sərgisində işlərim nümayiş olunurdu.
Səhər məktəbə gələndə dostlarım dedi ki, dəftərxanada adına məktub var”...
Yazdığına görə, məktub Ruhulla Axundovunmuş: “O,mehmanxanaya gəlməyimi
istəyirdi. Sonralar bildim ki, dostlarım Nazim Hikmət və Mikayıl Rəfili
sərgidə olandan sonra Axundova deyiblər ki, bəs gənc azərbaycanlı rəssamın
sərgisi açılıb. Ona görə çağırırmış. Mehmanxanaya vaxtında gəldim. Yoldaş
Axundov məni qəbul elədi, əlimi sıxıb təbrik etdi və dedi ki, işlərinə
baxmaq istəyirəm”...
Sərgiyə gedərkən yolda onu sorğu-suala tutduğunu da yazır: maraqlanırmış
ki, Rəssamlıq İnstitutunda daha kimlər oxuyur, şəraitləri necədi: “Rost”
bədii birliyində o vaxt çox istedadlı rəngkarlar, qrafiklər, heykəltaraşlar
vardı. Hazırda onların əksəri məşhur rəssamlardı. Yoldaş Axundov işlərimə
baxıb bəyəndi, Moskvada nümayiş olunmağını xüsusi qeyd elədi. Sonra dostlarımla
tanış oldu, əsərləri birlikdə müzakirə elədik”...
Rzaquliyev yazır ki, sərgiyə baxandan sonra vədələşib yenə görüşüblər:
“Mən “Abrat”da yaşayır, rəssam Akselrodun emalatxanasında işləyirdim.
Həmin gün onu səbirsizliklə gözləyirdim. Gəldi. Mənə etüd qovluğu, rəng,
fırça bağışlayıb “Bax, bu da mənim hədiyyəm”dedi. Kitabxanama baxdı, həykəltəraş
İbrahim Quliyevin əlindən çıxan büstümü görüb təriflədi və dedi ki, sabah
qoy o da gəlsin, onunla da tanış olaq (Bu, Ələkbər Rzaquliyevlə birlikdə
həbs edilmiş İbrahim Quliyevdi –G.R.). O, çox şad idi ki, Rəssamlıq İnstitutunda
azərbaycanlılar oxuyur... O vaxtlar Nazim Hikmətlə Mikayıl Rəfili tez-tez
qonağım olurdular. Onların potretini də çəkib divardan asmışdım. O həmin
rəsmlərin də pis və yaxşı cəhətlərini göstərdi. Bütün bu rəsmlərin hamısı
mənim 1928-ci il həbsimdən sonra yoxa çıxdı”...
Rəssam xatırlayır ki, Ruhulla Axundov Moskvaya gələndə mütləq ona baş
çəkirmiş: “Mən də Bakıya tətilə gələndə yoldaş Axundovun Nizami küçəsindəki
evində olmuşam. Ağzınacan dolu rəfləri, üstü incəsənətə aid jurnal və
kitablarla qalaqlanmış yazı masasını da xatırlayıram”...
Rzaquliyev Axundovun tapşırığıyla Bakıda qrafika və rəngkarlıq işlərini
nümayiş etdirdiyini də yazır: “Sərgi 1928-ci il iyulun 29-u Elmlər Akademiyasının
iclas zalında açıldı. İyulun 31-də isə mən həbs olundum. Sərgiyə verilmiş
işlərdən ikisini - “Mübarizə” və “Azərbaycanlı qadın” işlərini sonradan
incəsənət muzeyindən tapdım. Həm Moskvadakı, həm də Bakıdakı qalan işlərimsə
yoxa çıxdı”...
Rəssam həbsdən qayıdandan sonra -1936-cı ildə də Axundovla görüşüb: “Mən
qayıdanda yoldaş Axundov İncəsənət Komitəsinin (Xalq Komissarları sovetinin
İNcəsənət İşlər İdarəsinin –G.R.) rəisi idi. Dostlarımın məsləhətiylə
yanına getdim. Sorğu – sualdan sonra dedi ki, Bakıya qeydiyyata düşəndən
sonra gəl, mütləq sənə məktəbdə iş verəcəm. 36-cı ildə məni qeydiyyata
götürmədilər və mən Kirovabada gedib teatrda işlədim”...
Rzaquliyev bu görüşün sonuncu olduğunu yazır: “ İncəsənəti və rəssamları
sevən bu od-alovlu partiya işçisini bir daha görmədim. Yoldaş Axundov
haqqında işıqlı xatirələr qaldı. Mən partiya və vətən qarşısında borcumu
yerinə yetirib onun portretini təsviri sənətdə verirəm”...
Ə. Rzaquliyevin işləri arasında belə bir portret yoxdu. R.Axundov haqqında
xatirələri rəssam 70-ci illərdə Mikoyan, Nərimanov, Kirov, Orconikidzenin
qrup portretini işlədiyi dövrdə də yaza bilərdi. Ömrünü sürgündə çürütməyinə
baxmayaraq rəssamın bütün yazıları partiya və vətənə minnətdarlıq notlarıyla
bitir. Ruhulla Axundovun iki cavan sənətkarın - Ələkbər Rzaquliyev və
İbrahim Quliyevin həyatıyla maraqlanmasını, Rzaqulıiyevin Bakıya göndərilməsini
onların həbsiylə birbaşa əlaqəli məqam kimi götürmək olarmı? Rəssamın
arxivindən təkcə Axundov haqqında xatirənin çıxması özü az şey demir.
O, xatirə yazmağa meyli olsaydı, dostu Nazim Hikmət haqqında da üç-dörd
cümlə yazıb qoyardı. Bu saralmış əlyazmalar xatirədən çox izahata bənzəyir.
Bilmirəm, Ruhulla Axundovun işi üzrə (Stalin respessiyasının qurbanı olub)
Ələkbər Rzaquliyev şahid kimi keçib, ya yox, amma əlyazma izahatın qaralaması
da ola bilərdi. Bəlkə də ağır tale yaşamış rəssamın Ruhulla Axundova rəhmi
gəlirmiş, ona görə də yalnız xoş sözlər yazıb. Bəlkə də, sadəcə, siyasi
xadim haqda ehtiyatsız bir kəlmədən qorxurmuş. Bu ehtimalımızı gücləndirən
bir məqamı Rasim Babayev xatırlayır: “Bir gün Xruşşov dövründə məşhur
rəssam Fazil Nəcəfovun emalatxanasındaydım. Mir Cavadla, Səttarla birlikdə
pivə içirdik. Ələkbərin ünvanına tərif yağdıran Cavad (“Biz səninlə fəxr
edirik” və s.) söhbəti başqa səmtə yönəltdi: Lenindən, Stalindən danışmağa
başladı. Ələkbər durdu ki, getsin. Xahiş edib onu saxladıq... Amma Cavad
sözünün üstündə durmayıb yenə siyasi mövzuya keçdi. Ələkbər yerindən sıçrayıb
“Mən bunları dinləmək istəmirəm” deyib tələsik çıxıb getdi”.
Həyat adamı hər şeyə öyrədir. İyirmi beş illik əziyyət də onun qismətiymiş,
özü də günahı olmaya-olmaya. Ələkbər Rzaquliyevin ehtiyatı qorxudan yox,
həyat eşqi, yaşamaq həvəsindən doğurdu. Olan-qalan günlərini də qurban
verə bilməzdi...
“Avropa”
qəzeti
17-23 may 2003
Ələkbər Rzaquliyevin işləri >>>>>