Zuğulbada beş təkrarsız gün…
…Keçirən Azərbaycan bəstəkarlarından əsrin sonuna heç olmasa bir təkrarsız əsər umuruq

Sizcə bəstəkarlar necə olur?
Mosart qədər istedadlı, Bethoven kimi ipə-sapa yatmayan, ya Berlioz təki
dəlisov? Sovet dövrünün fotolarında ya piano arxasında, ya partitura üzərində
işlərkən, lap bəd ayaqda gözləri uzaq, görünməz üfüqlərə dirənmiş, əliylə
üzünə dayaq vermiş pozada həkk olunardı. Elə indi də bəstəkarlarla mütləq
royal arxasında söhbət edərkən çəkiliş aparmaq dəbi yaşamaqdadı. Bəs bu
cür «qrimdən» uzaq və əslində bəstəkar kimdi?
Vaxtilə ciddi musiqi yazan bəstəkarların cəmiyyətlə təması sıx olardı.
Çünki konsertlər, görüşlər, simpoziumlar, yaradıcılıq mübadilələri vardı.
İndisə ciddi musiqi yazan bəstəkar özünü cəmiyyətdən təcridə məhkum edir.
Tək-tük bəstəkarlar yeni əsərlərini şəxsi kanallar vasitəsilə xaricə aparır
ki, sağlığında əsərin canlı ifasını eşidə bilsin. Amma Azərbaycanda professional
bəstəkarlıq məktəbi var, əsərlər də yaranır, bircə dinləyicisi yoxdu.
Oktyabrın son həftəsində Gənclər və İdman Nazirliyi və Bəstəkarlar İttifaqının
birgə təşəbbüsüylə Zuğulbadakı «Gənclik» turizm mərkəzində bəstəkarların
seminarı keçirildi. Əvvəlcə mahnı yazan bəstəkarlara meydan açmış simpozium
təcrübəsi indi üzünü ciddi musiqi yazan bəstəkarlara çevirib ki, dinozavrların
taleyi onların da başına gəlməsin.
Dənizin kəsilməyən uğultusu fonunda keçirilən qısa sorğuda iştirak edənlərdən
tanınmışı da vardı, hələ özünü təsdiqləməmiş tələbə də. Nə olar, tanınmışlar
tələbə olmayıb bəyəm?
***
Axı sən kimsən, bəstəkar? Hər gün evdə hamı kimi güzgüyə baxanda
ordan sənə kim baxır?
Cavanşır Quliyev: «Güzgüyə baxanda hər dəfə mənə ordan başqa adam baxır.
Mən də onu tanımağa çalışıram. Bəzər alınır, bəzən yox».
Azad Ozan Kərimli: «Çox iş görməyi bacaran, arzulayan, sonda isə görmək
istədiyinin onda birini görən bir adam. Bəlkə mənim iştaham böyükdü?»
Sərdar Fərəcov: «Cavan vaxtı deyirdim, çox şey eləyəcəm. Amma hələ də
buna nail ola bilməmişəm. Məişət çox vaxt aparır».
İlham Azmanlı: «Güzgüyə baxan həmişə istər ki, özünə sığal versin, çatışmazlıqlarını
düzəltsin».
Firudin Allahverdiyev: «Güzgüdən mənə özünü təsdiqləməmiş, axtarışda olan
bəstəkarcığaz baxır».
Özündən narazı, bəzən özünü tanımayan, görkəminə sığal verən bəstəkar
azaddımı görən?
Məhəmməd Ənsari, Metin Yılmaz, Firudin Allahverdiyev, Ceyhun Allahverdiyev
və Cavanşir Quliyev hesab edir ki, dünyada bəstəkarlıqdan azad sənət yoxdur.
Amma… «Bəstəkar tam azad ola bilməz, çünki insanların içində yaşayır»
(Azad Ozan). «Bəstəkarın azadlığı onun musiqisində dediyi sözün azadlığıdı»
(İlham Azmanlı). «Bəstəkar azadlığı odu ki, istədiyi mövzunu istədiyi
səviyyədə göstərə bilsin. Bu həm də bəstəkar səadətidi» (Sərdar Fərəcov).
***
Bayaq Mosartı xatırladıq, amma ona «personal» qəbir də qismət
olmayıb. Deyirlər ki, artist tayfasını kandardan o yana buraxmaq düzgün
deyil. Çünki onların qarnı ac olanda yaxşı yazırlar. Müasir «yaradanlar»sa
hesab edir ki, məişət qayğılarından azad olsaydılar, daha yaxşı yazardılar.
«Acqarına yazmaq dövranı çoxdan keçib. Hamıda beyin olsa, hamıda fikirləşmək
gücü yoxdur.Əgər bəstəkarda – ac, ya tox, fərqi yoxdu – fikir varsa, o
yazacaq» (Məhəmməd Ənsari). «Bizə bu qəribə gəlir, amma hər adam öz işini
görməkçün başqa işlərdən azad olmalıdı. Biz bunu edə bidlmirik» (Azad
Ozan). «Bəstəkarın təmin olunması daha məqsədəuyğundur. Müasir texnika,
avadanlıq, alətlər – bütün bunlar da şərtdi. Xaricdə bəstəkarlar kompüter
texnikası ilə işləyir. Biz bir əsr geridəyik» (Sərdar Fərəcov). «Yaradıcılığın
qarınla heç bir əlaqəsi yoxdu. Təm fəaliyyət göstərməkçün mənəvi müvazinət
lazımdı» (Cavanşir Quliyev). «20-ci əsr Salvador Dalidən böyük rəssam
görmədi. O, milyarder olub» (İlham Azmanlı).
***
Qarnı ac, ya tox, yazırar ki. Elədiklərinin müqabilində cəmiyyətdən
nə gözləyirlər, görəsən?
«Artıq qayğı istəmirəm. Əməyimiz qiymətləndirilsə bəsdi» (İlham Azmanlı).
«Cəmiyyətdən heç nə gözləmirəm. Amma onu elə halda görmək istərdim ki,
başını qaldırıb sənətkarını görmək, eşitmək istəsin» (Sərdar Fərəcov).
«Əməyimin bəhrəsini görmək istəyirəm, amma görmürəm. Mikayıl Azaflı demişkən:
«Səbrim tükənib, səbr eləməkdən» (Azad Ozan). «Cəmiyyətdən mənə mane olmamağı
gözləyirəm» (Cavanşir Quliyev).
Amma cəmiyyət ondan heç nə gözləməyən bəstəkarını (bəlkə yaratdığı
bəstəkar obrazını) sevir, ideallaşdırır, ilahiləşdirir, bir az da ona
bənzəməyə çalışır. Axı, musiqi bəstələməyi hər kəs bacarmır.
«Bəstəkarı ilahiləşdirməyin səbəbkarı jurnalistlər və musiqidən yazanlardı.
Bəstəkarlıq peşədi. Bəzən bəstəkarlar əsərlərində möcüzə yarada bilirlər.
Orta əsrlərdə yaradıcı adamlar ictimai pilləkəndə saray aşbazı və nökərlərlə
bir səviyyədəydilər» (Cavanşir Quliyev). «Heç kimə mələk donu geydirmək
lazım deyil. Mələklər Allahın buyurduğunu, bizsə Allahın proqramını –
özü də çox az hissəsini yerinə yetiririk» (Azad Ozan).
Cəmiyyət bəstəkarını sevməynə sevir. Deyirlər Bəstəkarlar İttifaqının
Zuğulbada 9 bağ adlı yaradıcılıq evi olub. Dəniz kənarında istirahət və
yaradıcılıq üçün gözəl yermiş. Onu da çox görməsəydilər indi bəstəkarlar
Gənclər və İdman Nazirliyinin hesabına yaradıcılıq günləri keçirməli olmazdı.
Bəlkə də sevgidən çox qayğı ıə özünü göstərməkçün şans lazımdı.
«Əlbəttə ki, bəstəkara şans lazımdı. Cəmiyyət mənə nə qayğı göstərə bilər
ki, mənim əsərlərimin keyfiyyəti artsın» (Cavanşir Quliyev). «Birinə şans
verirsənsə, deməli qayğı göstərirsən» (Azad Ozan). «İnsanların bəstəkara
borcu yoxdu» (Firudin Allahverdiyev).
***
Beş gün dəniz kənarı, yüksək səviyyədə qulluq və beş gün bircə yaşamaq
sevinci. Bəstəkar bəstəkar yanında özünü necə hiss edir?
«Bir ildi ki, evdən çıxmayıb musiqi yazıram. Ancaq həmkarlarıma ehtiyacım
böyükdü» (İlham Azmanlı). «Hətta xoşa gəlməyən musiqidə də nəsə tapırsan»
(Cavanşir Quliyev). «Mənəvi cəhətdən saf olanlarla ünsiyyət çox şey verir»
(Azad Ozan). «Yaxşıdı, amma mən hərdən darıxıram» (Məhəmməd Ənsari).
Amma bir-birini sevməyəni, qısqanclıq hissiylə yaşayanı, arxada danışanı
da var. Yox, bizim qəhrəmanlar arasında deyil, ümumiyyətlə…
«Bunun kökləri insanın xislətindən gəlir. Qısqanclıq hissi təbii, mən
deyərdim, xeyirli hissdi. Qısqanclıq adamı yeriməyə məcbur edir» (Cavanşir
Quliyev). «Bunun səbəbini həmin arxada danışan adamların öz peşələrinə
tam yiyələnməməklərində axtarın. Əgər birinə uğursuzluq üz verirsə, o,
bunun qarşısını sənətiylə ala bilmirsə, başqa vasitələrə əl atmalı olur»
(Firudin Allahverdiyev).
Bir-birini sevən, hörmət edən, qısqanan, «yıxıb sürüyən» … bəstəkarların
ittifaqı lazımdırmı?
«Evlər idarəsi kimi arayış almaqçün lazım deyil. Bəstəkarların ittifaqı
bizə çox şey verə bilər, əgər işlək olsa» (İlham Azmanlı). «Biz birlik
kimi dövlətə müraciət edə bilərik, səsimizi daha yaxşı eşidərlər» (Sərdar
Fərəcov). «İttifaq dedikdə söhbət təkcə dəstəkdən gedirsə, məhv olmamaqçün
lazımdı. Amma İttifaq necə olmalıdı – bu, ayrıca söhbətin mövzusudu» (Cavanşir
Quliyev). Onu da deyirlər ki, Cavanşir Quliyevin İttifaqın gələcəyi barədə
hazır layihəsi var. Ayrı-ayrı müddəalarını müxtəlif söhbətlərdə açıqlayıb
deyə bir də təkrarlamır.
***
Cəmi beş gün birgə yaşadılar. Bir-birinin əsərini dinləyib fikir dedilər.
İlıq payız günü suya da girdilər ki, dənizin səsini apara bilməsələr də,
hərarətini daha yaxşı duysunlar. Dənizin səsi əsərlərə köçməyəcək. Amma
yaddaşlarda ilişmiş təəssürat kiminsə əsərində baş qaldıracaq. Bəlkə kimsə
əsərini «Dəniz mövzusunda variasiya» adlandırdı.
«Avropa» qəzeti
2-8 dekabr 2000-ci il