Rəssam Sara Manafova çılpaq qadın şəkilləriylə yüzilliyin obrazını yaradır
Bu rəssamın son
vaxtlarda çəkdiklərini görənlər, xüsusilə rəssam dostları sərgisini Bakıda
açmamağı məsləhət bilirlər. Çünki o, qadındı. Bədənin intim yerlərində
tatuac, pirsinq (ən gözlənməz yerlərdə deşik açıb metal halqa salma),
qəribə pozalar, «mavi» və lesbian cütləri, başı qırxıq, qalan saçları
yaşıla boyanmış qəhrəmanlar ən hazırlıqlı tamaşaçını da şoka sala bilər.
Sara Manafovanın işləri çox ölkələrin muzeylərində saxlanılır. Əgər onun
növbəti sərgisi Bakıda yox, Avropa şəhərlərindən birində olsa, çox güman,
bizə qəribə gələn qəhrəmanlar «yerdə qalmayacaq» – alınacaq. «Azərbaycan
dünyası» qalereyasında keçiriləcək sərgiyçün nəzərdə tutulan «Gecə pərvanəsi»
işini görən Nəbi Xəzri də təəccübünü gizləyə bilməyib: «Füzulini, Leyli
– Məcnunu yaradan rəssammı bunu çəkib?»
– 1987-ci ildə Moskvada
məndən «nə çəkirsiniz?» soruşanda cavab verdim ki, necə yaşayıram, elə
də çəkirəm. Bir vaxtlar «Leyli Məcnun»u çəkmişəm. Televizorda tez-tez
göstərirlər. O vaxt mən başa düşməyə çalışırdım: bu necə hissdi ki, ona
görə ölmək olar? Sevib yaşaya bilməzdilər bəyəm? Sonra Füzulinin yubileyinə
həsr olunmuş sərgiyçün Füzulinin portretini hazırladım. Mən öz işlərimi
elə seçirəm ki, konkret hadisədən, yaxud insanlardan yox, əbədi mövzulardan
olsun. Dəniz, uşaqlar, qadın, təbiət – hər şeyi bu sevginin ətrafında
qururam. Onlar da heç vaxt dəbin təsirinə düşmür. Mən də sovet dövründə
yaşamışam, amma heç vaxt traktorçu, kolxozçu çəkməmişəm. İdman mövzusunda,
idmançıların gözəl bədənlərini çəkmişəm. Hətta sovet idmanı klassikasına
daxil olmuşam. Uşaqları çəkməyi də sevmişəm. Xocalı mövzusundakı işimi
Rəssamlar İttifaqı aldı. Yəni bu dəqiqə nə hiss eləyirəm, onu çəkirəm.
Vaxt vardı həyatımın faciəvi dövrüydü. Ölmək istədiyimçün özümə qəbir,
başdaşı çəkirdim. Mənə maraqlıydı, o necə görünəcək? Müharibə gedən illərdə,
emalatxanada işıq olmayanda, küçəyə çıxmağa qorxduğum vaxtlarda heyvan
kəllələriylə səhra çəkmişəm. İndi çəkdiyim obrazlar mənə daha maraqlı
gəlir. Mən həmişə gözəlliyi çəkmişəm.
Dostoyevski deyib, yəqin həm də inanıb ki, gözəllik dünyanı xilas edəcək.
Gözəlliyin xilaskarlığını dünyaya sübut eləməkdən yorulmuş Vinsent Loran
axır dedi: «Gözəlliyin özünü xilas eləmək lazımdı». Yadınızdadı. XXI əsri
qarşılayanda necə qorxurduq? Amma heç nə baş vermədi, bir əsrdə yatıb
o birində oyandıq. Köhnə əsrdə olduğu kimi yenə də mənfi informasiya üstümüzə
qalaqlanıb. Bəlkə insanlar nə elədiklərini unudublar? Bəlkə unudublar
ki, onların mənə bənzəməmək haqqı, yaxud hər kəsin öz taleyinin yiyəsi
olmaq hüququ var. Və ən vacibi, göydə Allah var. Keçən əsrin 60-cı illərində
qəddarlıq və zorakılığa qarşı xippilər çıxış edirdilər. Onları «güllərin
balaları» da adlandırırılar. Xippilərin şüarı azadlıq, məhdudiyyətsiz
sevgi və narkotik idi. Onlar nə özlərini, nə dünyanı, nə də gülləri xilas
eləyə bildilər. Müasir rəsam da bu günkü, real dünyanın problemləriylə
yaşayır və bu dünyanı anlayıb onun obrazını yaratmaq istəyir. Necə? Axı
incəsənət - formulu, sərhədi olmayan sirrdi, sevginin özü kimi.
İki ildi məni tatu və persinq cəzb eləyir. Ona görə yox ki, dəbdədi. Məni
öz bədənini şəkillə bəzəyən, bununçün ağrıya tab gətirən insan və onun
psixikası maraqlandırır. Mən onları anlamaq istəyirəm. Onlarda təcavüzkarlıq
yoxdu. Onları başıqırxıq cavanlarla, faşistlərlə qarışdırmaq olmaz. Onlar
«qaraköynəklilər»lə qarışıq düşməməkçün heç qəhvəyi rəngdə də geyinmirlər.
Mənim çəkdiyim obrazlar kimi geyinib yaşayanlarçün bu, özünüifadənin bir
yoludu. O özünü necə görmək istəyirsə həmin obrazı da yaradır. Elə biz
hamımız obraz yaradıb ona uyğun yaşayırıq.
– İnsanlar həmişə özünü rəngləməyə, dəyişdirməyə meylli olub.
– Qədimdən belədi. Hindular da obraz yaradıb ona uyğun rənglənirdilər.
Müharibəyə gedəndə qorxulu obraza uyğun tatuaj edib düşməni qorxurdular.
Hindistan bu günə kimi başdan-ayağa tatuaj içindədi. İndi XXI əsrdi, başqa
zamandı. Bu əsrin insanı da yeni obrazlar yaradır.
Haşiyə:
Dövrün, əsrin obrazından danışanda yəqin ki, keçmiş əsrlərə də ekskurs
eləmək lazımdı. Eramızdan əvvəlki sivilizasiyaları sadalamaq, qayaüstü
rəsmləri təhlil etmək, sonra xronoloji qaydada antik, intibah, maarifçilik,
klassisizm, rokoko, barokko, romantizm və s. dövrləri sadalamaq ümumiləşmiş
insan obrazına yeni ştrixlər gətirdiyi üçün təfsirini də vermək olardı.
Amma buna nə oxucunun səbri, nə də səhifənin formatı tab gətirə bilər.
Bununla belə, XX əsrə bir göz gəzdirmək pis olmaz. Yola saldığımız əsr
iki dünya savaşı, verizm, impressionizm, modernizm, kubizm, avanqardizm
və az qala paralel yaşayan saysız-hesabsız cərəyanlar, zəhərlənmiş torpaq
və havada yaşayan insanların əsridi. Bütün bunlar ümumiləşmiş insan obrazından
izsiz ötüşə bilməzdi.
XX əsrin
portretinə yeni ştrixlər
– Hər şey mənim XX yüzilin obrazını yaratmağa çalışmağımdan başladı. Əvvəl
kresloda oturan çılpaq qadın yarandı. Sonra bütün tanıdığım saç düzümlərini
əlavə elədim. Boyunbağı və qalstuk geyindirdim. Ayağına qolbaq taxdım.
Yüziliyin obrazı beləcə xırda – xırda yığıldı. Amma bu, insan deyil, epotaj
modeldi. Epotaj kütlədən öz geyimiylə, qeyri-adiliyi ilə fərqlənən deməkdir.
– Yəni yalnız zahirən fərqlənən?
– Bəli. Mən onun daxiliylə maraqlanmıram, onu ancaq geyindirirəm. Əlbəttə,
onları tam başa düşdüyümü də deyə bilmərəm. Amma kütlədən kəskin seçilmək,
qeyri-adi olmaq istəyi mənim çox xoşuma gəlir. Ruh və bədənin harmoniyasında
yaşamaqçün özünü bəzəmək cəhdlərini alqışlayıram. Mənim çəkdiyim qəhrəmanlar
Avropada çoxdu, ona görə ağ qarğa kimi fərqlənmirlər, normal adamlar arasında
yaşayırlar. Onlara tamaşa eləmək özü maraqlıdı – dəri, metal, parlaq boyalar.
Bu yaxınlarda Rusiya televiziyasında birisinə sual verdilər ki, şəhərdə
belə gəzmək narahatdı axı; o da cavab verdi ki, mən belə özümü çox yaxşı
hiss eləyirəm, amma gözə girməməkçün taksidə gəzirəm. Cəmiyyət başa düşməlidi
ki, hər insanın başqasının zahirinə, eləcə də taleyinə bənzəməmək haqqı
var. Bizimsə başqasını qınamağa, onu təqib eləməyə haqqımız yoxdu.
– İnsan öz taleyini dəyişmək qüdrətində deyil. Bəlkə ona görə
geyimində dəyişiklik eləyir?
– Ola bilər. Onu yerə yıxıb məcbur eləyən yoxdu ki!... Bu yaxınlarda Almaniyada
bir jurnalı vərəqləyirdim, epotaj modellərə baxırdım. Həmin modellərdən
biri yazırdı: «Mən özümü ağrıdanda rəngim qaçır, ağarıram. Amma içimdəki
qan qaynamağa başlayır». Bu sözlər onları başa düşməyə kömək edə bilər.
Eləsi var, başqasına əl atır, bu isə özünə qəsd eləyir. Bəlkə özünü incidir
ki, başqasını incitməsin.
– İçərini beləcə çölə çıxarmaqçün daxili azadlıq lazımdı. Bu günün
insanı çox asanlıqla soyunur və bundan da çəkinmir. Amma onun içini görmək
lap çətinləşib.
– Bir kəsə ürəyini açırsansa, deməli, ruhunu çılpaqlaşdırırsan. Bəzi rəssamlar
deyir ki, fərdi sərgi açmaq çılpaq gəzmək kimi bir şeydi. Səni görürlər,
müzakirə eləyirlər, daxilinə soxulurlar. Mən bu qadını bəlkə ona görə
çılpaq eləmişəm ki, əsrimizin özü lütdü. Görürsüz, necə özünə əmindi,
çünki əsr güclüdü. Yenilikdən qorxmaq lazım deyil, insan həmişə bilmədiyindən
çəkinir.
– Bəlkə sevgi payı az düşüb?
– Əgər şər xeyirdən, nifrət sevgidən yarım faiz az olsaydı, çoxdan məhv
olmuşduq.
– Mübariz adama oxşamırsız…
– Mübarizə? Nəyin uğrunda? Mən heç kimə təcavüz eləmirəm, amma müdafiə
olunmağı bacarıram. Bu yaxınlarda sərgi olmalıydı. Açılışda baxdım ki,
məndən başqa hamının işini asıblar. Birbaşa Fərhad Xəlilovun yanına girib
dedim: «Siz bircə qadından qorxdunuz?!»
– Rəssam Sara Manafova başqa rəssamlarçün qorxulu ola bilər?
– Əgər insan şəxsiyyətdisə, onun qorxduğu nəsə ola bilməz. Hərənin öz
aləmi, öz taleyi var. Mən taleyimi heç kimlə bölüşmürəm!
– İşlərinizi cəmiyyətin necə qarşılayacağından da qorxmursuz?
– Düzü, bilmirəm, sərgini Münhendə eləyim, yoxsa Bakıda. Amma sənətdən
başı çıxanların əksəriyyəti deyir ki, bu işlərdə pornoqrafiya yoxdu. Məndə
bu işlər vasitəsilə seksə çağırmaq arzusu da yoxdu. Mən sadəcə, gözəlliyi
göstərmək istəmişəm. Mənimçün ictimai fikir bir o qədər də vacib deyil,
təki özüm inanım ki, elədiklərim yaxşıdı. Bircə onu bilirəm ki, tamaşaçı
bu işlərin yanından etinasız ötüb keçə bilməyəcək.
İndi XXI əsrdə, necə deyərlər, «qan qaynamalıdı». Keçmiş artıq yoxdu.
İnsanların əksəriyyəti keçmişə həddindən artıq yer ayırır. Onda sabaha
yer qalmır. Çoxları nəyisə anlamağa da çox əhəmiyyət verir. Mənsə onların
analizinə çalışmıram. Çünki vaxtım yoxdu. Mən quşlar kimi yaşayıram. Heç
vaxt axşamdan paltarımı hazırlamıram. Beş dəqiqədən artıq fikir çəkmirəm.
Oldu-keçdi, vəssalam. Bu bacarığı özümdə tərbiyə eləmişəm. Gələcəyə çox
yer ayıranda ondan qorxmursan.
Sara Manafovanın işlərinin qiyməti qeyri-adiliyində deyil, artıq tanınmış,
öz üslubu olan rəssamın yeni üslub yarada bilməsindədi. Bu, yeni mövzu,
yeni plastikadı. Ruhən cavan qalma texnikasını isə adətən heç kimlə bölüşmürlər.
«İnciməyin, qapıdan çıxan kimi sizi də unudacam» sözləriylə qonağını yola
salır. Onun keçmişilə öz haqqı-hesabı var. Burda gördüklərimi, xüsusilə
eşitdiklərimi çətin ki, tezliklə unudam.
Gülnarə RƏFİQ
«Avropa»
qəzeti
25-31 yanvar 2003