İkiüzlü xalça bir daha Bakıda doğuldu
İki gənc qız evlərinin
həyətində xalça toxuyur. Döşənəkli həyətin düz ortasında xana qoyulub,
samovar bir küncdə xımır-xımır tüstülənir. Həyətin rəng tərtibatı da bizi
keçmişə dəvət eləyir. Qızlardan birisi soğanı kəlağayısını çiyninə atıb
topa-topa saplardan bir qırıq kəsib çeşni ilə müqayisə eləyib rəng seçir.
O birisi xalça toxuyur. Sonra armudu stakana pürrəngi çay süzüb yerə sərilmiş
süfrə arxasına keçirlər. Süfrədə şəkərbura, paxlava, ləbləbi… Biz onların
nə danışdığını, nəyə güldüyünü də bilmirik. Demək artıqdı ki, bu səhnə
azərbaycanlı qız, gəlinlərin yaşadığı həyat tərzini təsvir eləyir. «Biz»
kəlməsini dilimizə gətirməyə ehtiyac duyanda adətən belə filmlərə baxırıq
və deyərdim ki, biz belə filmləri çəkməyi, baxmağı və xaricilərə göstərməyi
də sevirik. Amma adətən də filmin personajlarının sonrakı həyatıyla da
maraqlanmırıq.
Qoşa buta
Həmin bu həyətin dar keçidindən və taxta darvazasından adlayanda köhnə
həyətdə yaşayanların iç dünyasından xəbərim yox idi. Filmin operatoruna
halal olsun, balaca, kəm-köhnə əşyalarla dolu həyət kadrlarda geniş, səliqəli
görünürdü, çatışmazlıqlar gözə girmirdi. Filmdəki qızlar Zahidə və Arzu
Haşımova bacıları həyətdəki evlərdən birində yaşayır. Amma kadrlardakı
əhval-ruhiyyə, xoşbəxtlik hissi artıq 3 ildi ki, bu evdən çəkilib. Çünki
rəssam bacılardan birisi Arzu gənc yaşlarında dünyasını dəyişib. 3 ildi
ki, evin sakinləri xatirələrlə, yaddaşla və arsıkəsilməz bir hüznlə yaşayırlar.
Amma bu evdə o qədər baxmalı, görməli, bölüşməli və fəxr eləyəsi şeylər
var ki…
Rəssamlığa 4-5 yaşlarından
başlamış bu bacılar haqqında söhbəti bir az da gendən, uzaq, soyuq və
qorxulu 37-ci ildən başlamaq lazımdı. O ildə Mircəfər Bağırov şəxsən Stalindən
şəbəkə üslubunda qızıl məmulat düzəltdirmək sifarişi alır. İllərin qorxusunun
üstünə bir qorxu da gəlir, rəhbər işdən razı qalmasaydı ustanın canı gedəcəkdi.
Çox götür-qoydan sonra işi şəhərin gənc, amma tanınmış şəbəkə ustasına
tapşırırlar. Bizim yazının qəhrəmanları olan qızların babası Balakişi
Haşımova. İş hazır olur, təhvil verilir. Amma bir müddət sonra usta Balakişini
yenə də o idarəyə çağırırlar. Hamı da bilirdi ki, bura bir girən, bir
də çıxanda sevinər. Qaragünlüyünü qablaşdıran usta boxçasını qoltuğuna
vurub dəniz kənarındakı binaya gəlir. Bağırovla görüşündə məlum olur ki,
onun hazırladığı məmulat Fransada keçirilən Beynəlxalq İncəsənət və texniki
sərgidə bürünc medala layiq görülüb. Ona benəlxalq münsiflərin və Stalinin
imzası olan diplom təqdim edilir. Üstəlik o, Stalinin adından daha bir
arzusunun yerinə yetiriləcəyi vədini də eşidir. 33 yaşında dünyada üçüncü
sayılan zərgər yalnız sağ-salamat evə qayıtmağı arzuladığını bildirir.
Kaş ki, əvəzində bir ev istəyəydi. Onda bu gün biz rəssam qızlar barədə
söhbətimizi darısqal, elə iri xalça xanası enində olan otaqda eləməzdik.
Zərgər Balakişi Haşımovun bir arzusu da vardı, oğlu Məmmədhəsəni də öz
yolunun davamçısı görmək istəyirdi. Amma 43-cü ildə cəbhəyə getmiş Balakişi
yoldaşını iki ovladı ilə birgə qoyub həlak olur. Bu gün onun yolunu davam
eləmək nəvələrin öhdəsinə düşür.
İndi biz qızların
anası Zərifə xanımla birlikdə oturub xatirələri vərəqləyirik, dünyasını
25 yaşında dəyişmiş Arzunun ölmündən sonrakı fərdi sərgisinə baxırıq,
məqalələri, rəyləri gözdən keçiririk. Akademiyanın rektoru Ömər Eldarovun
«son illərin ən istedadlı məzunu və Azərbaycan təsviri sənətində izini
qomuş rəssam» adlandırdığı bu qızın bir yetkin rəssamın eləyə biləcəyi
qədər işləri var. Xalça rəssamlığı eləyir, rəngkarlıqla məşğul olur, Pantomim
Teatrının rəssamı işləyir, tamaşalara tərtibat verirdi. Zərifə xanım:
«Elə bil harasa tələsirdi, hər şeyi öyrənmək istəyirdi. Deyirdim axı,
bir əldə iki qarpız tutmazlar. O lap beşini də tuta bilirdi». Üstəlik
ünsiyyətə də, dostlara da vaxt çatdırırdı. Arabir televizorda qoşa bacıların
birlikdə çəkildiyi filmdən kadrlar verirlər, xatirələr təzələnir. Tərs
kimi hər dəfə də Zahidənin işlərini Arzununkularla səhv salırlar. Zahidə
Haşımova sırf xalça rəssamıdır. Hazırda Əzimzadə adına rəssamlıq texnikomunda
dərs deyir. Uğurları, diplomları, sərgiləri də az deyil.
Ağ gül,
qarmızı gül və sarı gül
Düzün desəm mən də ilk dəqiqələrdə bacıların nəinki işlərini, heç fotolarını
da ayıra bilmirdim. İtkisindən, ağrısından, acığından xalça toxuyan qızın
nəhayət ki, Zahidə olduğunu mən də gec anladım. Sözləri də ağzından maqqaşla
çəkmək lazım imiş:
- Arzu rəhmətə gedəndən sonra 5 iş işləmişəm. İki ağac anam atam, üç gül
üç bacının simvoludur. Atam mənə qırmızı gül, o biri bacıma ağ gül, Arzuya
isə sarı gül deyərdi. 5 ağac bir-birinə dolaşır, bir ailə kimi. İşi bitirdim,
amma elə bil nəsə çatmırdı. Bir də Ömər Xəyyamın şerini oxuyan kimi axtardığımı
tapdım:
Səhərin mehindən açılıb güllər
Cül-çiçək eşqilə ötür bülbüllər
Zövq al bu baxçada çox belə güllər
Yaradıb, sovurub bağçada illər
Bu ağ-qara xalçada
da beşlik var. Yuxudan dəli kimi durdum. Beynimdə ağ-qara fikri dolaşırdı.
Oturub bir həftəyə bu xalçanı çəkdim. Əslinə qalsa ayıq başla mən bunu
heç vaxt eləyə bilməzdim. Baxanlar buna inqilabi xalça deyirlər. Çərçivəsi
yoxdu, cəmi 3 rəng var. Adi xalçada ən azı 4 rəng olmalıdı. Necə ki, xilə
əfşan, Bakı xalçalarında. Xalçada rəng nə qədər çox olsa daha gözəl görünür.
Burda ağ xeyir, qara şər, qırmızı isə insanlardı, yəni qanın rəngi. Axı
insanları da qırmızı gildən yaradıblar. Üçbucaq yerdi, 5 gül bizik, sarı
gül Arzudu və yuxarı gedən yol Allaha tərəf aparır. 7 yol da 7 qatın simvoludur.
Hər dəfə mən xalça yaradanda içimdə səslənən müəyyən ritm altında işləyirəm.
Onu mən seçmirəm, özü yaranır. Bu xalçanı yaradanda ürəyimdə daima mərsiyə
səslənirdi. İndi də mən namazlıq xalça toxumağa üstünlük verirəm.
İkiüzlü
xalça
Biz Balakişi Haşımovun diplomunu, Arzunun işlərini seyr eləyərkən evin
bir küncündə dinməzcə dayanmış xananın üstündə yarımçıq xalçalar müəllifini
gözləyirdi. Gözüm xana görüb deyən əvvəl o qədər də maraqlanmadım, amma
nahaq. Ən əvvəl bu yarımçıq işin arxasına baxmaq lazım idi. Toxunan xalçanın
arxası da qabağı kimi xovlu idi. Buna ikiüzlü xalça deyirlər. Bu səhərdən
danışmayan, söhbəti daim Arzu tərəfə yönəldən Zahidənin kəşfidir.
- Düzün desəm, bu
fikir çoxdan başımda dolaşırdı, 94-dən bəri. Amma Arzunun dəfnindən sonra
özümdə güc tapıb oturdum ki, başlayım. Arzudan sonra hər şeydən küsmüşdüm,
Allaha naxoş getməsin, lap Allahdan da. Onda elə bil içimdə qiyam baş
qaldırdı: «Mən hamıya göstərərəm! Qoy bilsinlər ki, mənim babam kimdi,
Arzu kimdi». Hirsimi Arzunun balaca xanasının üstünə tökdüm. Birincidən
alınmadı, amma ikinci cəhdim baş tutdu. Əvvəl toxunuşu tapdım, sonra kitablarda
bu barədə oxudum. Bizdə ikiüzlü xalça olub, amma 16-cı əsrdə. Bütün Azərbaycan
xalçalarının təsnifatını vermiş Lətif Kərimovun kitabında da bu barədə
bir abzas var. O yazır ki, Məşhəddə İmam Rza məscidində belə bir xalça
gördüm. Xalça pərdə əvəzi asılmışdı və hər iki üzü müxtəlif ornamentli
idi. Vəssalam. Deyirlər İranda var, amma texnologiyası bizə məlum deyil.
Amma bu o bemək deyil ki, onlar da mənim kimi toxuyurlar. Bizim toxunuşlarımız
adi xalçada da fərqlənir.
- Fikir verdim, ikiüzdü xalçada siz çoxlu xırda ornamentlər işlətmirsiz.
Bəlkə texnika imkan vermir?
- İndi mən texnologiya üzərində işləyirəm. Ornament düzgün olsun. İlk
işlərdə nisbət problemi vardı. Məni indi xalçanın hansı naxışda olacağı
maraqlandırmır. Hazırda nisbət problemini həll etmək mənə sabah texnologiyanı
təsvir edərkən lazım olacaq.
- Bu ki, ağıllı başlı elmi işin mövzusudur.
- Akademiyada mənə mövzu kimi başqa rəssamın haqqında yazmağı məsləhət
bildilər. Mənə dedilər ki, sən özün dissertasiya üçün obyektsən. Səndən
yaza bilərik, amma sən nə yazacaqsan? Dedim istəyirsiz bu mövzunu təsdiqləyin,
istəmirsiz yox. Mənə verilən mövzunun dalıyca getmədim. Axı mən ikiüzlü
xalçanın texnologiyasını bilirəm və bu mövzuda yazardım. Bunu məndən yaxşı
kim yaza bilər? Axı mən bunun səhvini də bilirəm, düzəltməyin yolunu da.
Onsuz da nə tapıntımız olarsa, gorumuza aparmayacağıq ki. İndi mənə adi
xalça maraqsız gəlir.
Mənim heç vaxt qaralamam olmur. İdeya əmələ gəlir, ya da başlığı, oturub
birbaşa millimetrovkada işləyirəm. Arzu isə həmişə əllərimi öpürdü. Dedim
bəsdi də, bəyəm ölmüşəm ki, gedib-gəlib əlimi öpürsən? Bilsəydim ayrılıq
var, mən onun əllərindən öpərdim…
Kodlaşdırılmış yaddaş dinəndə
Yaxşı ki, Zərifə
xanım zirəkdi, qızların işlərində qabağa düşüb qapıları döyür. Arzunun
işlərini arxivə verir, Zahidənin kəşfinin dövlət patentini alıb. Əlbəttə,
sənətşünaslar bu versiya ilə razılaşmaz, amma mənə elə gəldi ki, Arzu
xalçanın ikinci üzü şəklində yenidən dağuldu. Bu evdə hər yaranan işdə
istər obraz kimi, istər xatirə, ya da simvol kimi o da yaşayır və hələ
də yaratmaqda davam eləyir. Xalçadakı ornamentlər, rənglər, simvollar
da bir dildi. Gözəl, təhtəlşüur səviyyəsində anlaşılan bir dil. Kodlaşmış
informasiya dilini də öyrənmək lazımdı. Hər rəssamın da kiçik bir mətbəxi
var ki, onu açmağı sevməz. Bu da təbiidir. Bəlkə ona görə də xalça rəssamları
xalçalarda portret çəkməyin əleyhinədi. Onda sirr üçün, emosiya axtarışı
üçün imkan qalmır. Onsuz da vaxilə Leninin portretləri çəkilmiş xalçaları
indi söküb əvəzinə ayrı naxış salırlar.
Zərifə xanımla oturub
bu günümüzün qarasıycan da xeyli danışdıq: Azərbaycanın nefti də var,
o boyda Neft Akademiyası, tədqiqat intstitutu da. Niyə axı, bir dənə sırf
xalça kafedrası yoxdu? Xalsa tətbiqi dekorativ sənətin bir qolu kimi tədris
edilir. Niyə bizdən sonrakılar xalçanın nə olduğunu bilməsin? Ola bilər
gözümüz doyub, ayağımızın altı da xalça görüb. Gözü tox olmaq da bir şey
deyilmiş. Yeri gəlmiş, rəssam Haşımovaların ulu babası Mirzə Sadıq Abdullayev
məşhur misenat Hacı Zeynalabdin Tağıyevin işlər müdiri vəzifəsində çalışırdı.
El arasında deyirlər, «Brilyant torpaqda qalmaz. Kimsə tapdayacaq, ortaya çıxacaq». Cüt bacıları bəyənmişdilər, Amerikaya gedəcəkdilər, bircə danışıq dilini öyrənmək qalırdı. Tale belə gətirdi, ölüm oldu, itki üz verdi. Bəlkə onların burda qalması daha çox lazım imiş?
P.S. Birdən Balakişi Haşımovun qızıl şəbəkəsini, ya da rəssam qızların kurs, diplom işlərinin orijinalını görmək istərsiz. Anlaşılan arzudu. Amma sizi hara yönəldəcəyimi bilmirəm. Bu işləri sonuncu dəfə fonda təhvil verəndə görürlər. Sonrasını heç kim bilmir…
“Bizim Yol” qəzeti,
26 fevral 2010