Xalqa möhtac bəstəkar
…özü də onu başa düşməyən xalqa
Sovet rejiminin qılıncının
dalı da, qabağı da kəsən vaxtlarda orijinal olmayan, amma effektli bir
ideya reallaşdı – bəstəkarların, yazıçıların, rəssamların və s. birlikləri
əmələ gəldi. İdeoloji düşmənə qarşı birləşmə şüarı altında cücərən ittifaqları
yaradanlar yaradıcı insanları idarə etməyin yeni üsulunu həyata keçirməyə
başladılar. Kəndlini işlədiyi kolxozda, fəhləni çalışdığı zavodda, çinovniki
tabe olduğu idarədə nəzarətdə saxlamaq olurdusa müstəqil sənət adamını
idarə etmək müşkülüydü. Beləliklə, nəzarət mexanizmi nəinki çap olunan
əsərləri, hətta kabinetlərin küncündə düşünülmüş ideyaları, heç deyilməmiş
fikirləri də caynağına ala bildi. Donoslar, xəyanətlər, əclaflıqlar dövranında
itkilərimiz çox oldu. O qədər fərqli və ən vacibi işıqlı beyinlər «söndürüldü».
Qalanları da qorxü altında günbəgün ardıyca gələnləri gözləməklə yaşayıblar.
Məsələn, Üzeyir Hacıbyov da «gedənlər»ə qoşula bilrdi. 1938-ci ildə «Koroğlu»
operası Moskvadakı ifasından sonra Stalin mükafatı almasaydı. O illərdə
Hacıbəyov kimi fenomenal musiqi istedadı olan bir adam barmaqla sayası
miqdarda əsər yazıb. Bu da bir cür terrordu. «Xalq Cəbhəsi» qəzeti
Yaradıcılıq birliklərnə qoşulmamaq da mümkün deyildi. Birliklərdən kənarda
mədəni həyat qaynamırdı. Çalınan da, ifa olunan hər bir əsər yalnız müvafiq
ittifaqın işinin nəticəsi ola bilərdi. Yerdə qalanı özfəaliyyət sayılırdı.
İttifaqa üzv olmaq nəinki maraqlı, həm də sərfəlyidi. İttifaq bağ sahələri,
şəhərin ən görkəmli yerlərində evlər paylayır, nəinki Azərbaycan ərazisində,
bütün Sovet məkanında indi «dünya standartlarına uyğun» sözləriylə bəzədiyimiz
istirahət evləri, pansionlara, yaradıcılıq evlərinə putyovkalar verirdi.
Rəssamlar İttifaqı yeşiklə rəng paylayır, Bəstəkarlar İttifaqı not kağızı
və qələmi özü verirdi, qalırdı onları lazımi idealar uğrunda sərf eləmək.
Sovet quruluşu dağıldı, amma havayı rəng və not kağızının dadı onu «dadanların»
damağından getmədi. Şübhəsiz, Mircavad da iri monumental əsərlərini həmin
o rənglərdə yaradıb. Qarayev də həmin o not kağızlarından istifadə eləyib.
İndi nə rəng verən var, nə də kağız. Hər İttifaq da öz daxili resusrsları
ilə işləyir. Kimdəsə alınır, kimdəsə yox…
İdeologiya ölür, boyunduruq boşalır…
Bir neçə il əvvəl hələ Tofiq Quliyevin sağlığında və idarəçilikdə olduğu
vaxt hamı İttifaqdakı problemləri dilinə gətirməyə qorxurdu. Rəhmətlik
Tofiq Quliyev artıq qocalmışdı və üzü «o yana» olduğunu hamı görürdü.
Tofiq Quliyev televiziyada «Mahnıları mənə göstərib soruşurlar, mənsə
özümünkünü tanıya bilmirəm. Ən dahi əsərim nəticələrimdi» deyəndə gülümsəyib
«Tofiq müllim yaman zarafatcıldı» dedilər. Tofiq Quliyev heç kimin xətrinə
dəyən deyildi. Kim fəxri ad istəyirdi, yazıb yuxarı təqdimat verirdi.
İttifaqın binasını Türkiyə səfirliyi üçün istəyəndə də «yox» demədi. İttifaqın
Zuğulbadakı «Doqquz bağ» adlı yaradıcılıq yeri varıydı – onu da verdi.
O yaradıcılıq evində hər otaqda piano, otaqları artırmaq üçün bir neçə
sökülüb-yığılan fin evi də vardı. İndi onlar yoxdu. Bəstəkarlar da şələ-küləsini
qoltuğuna vurub Səadət sarayının bir küncünə sığınıblar. Müzakirələrin
birində şahid oldum ki, sədrin otağında tavanın çırağı dı yoxdu. Qoranlıq
qovuşanda stolüstü lampayla keçinirlər. Belə işıq «dapros» otağı təssüratı
oyadır. Bu binada bir zal da olmalıydı. Bu yaxınlarda «Sonor» qrupu mətbuatın
diqqətini Bəstəkarlar İttifaqının vəziyyətinə cəlb etməkçün konserti o
zalda keçirməyə Vasif Adıgözəlovdan icazə istədi. «Ora qəzalıdı, əgər
konsert bu zalda keçirilərsə, mən gəlməyəcəm» cavabını aldılar. Amma Bəstəkarlar
İttifaqı hələ ki, var və fəaliyyət göstərməyə çalışır. Düzdü, 11 ildi
növbəti qurultayını keçirə bilmir. Amma hər il Zuğulbada bəstəkarların
simpoziumunu təşkil edir. Çünki Gənclər, İdman və Turizm Nazirliyi bu
işdə maddi dəstəkdi. Yenə də sağ olsunlar.
Kasıblığın üzü qara olsun
Hər il simpozium keçirməyin həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət
odu ki, ora bir dəstə cavan bəstəkar yığışır və həftəni birgə yaşayırlar.
Belə tədbirlərdə ünsiyyət ən böyük qazancdır. Bir-birini nəinki notda,
yaxud konsertdə, indi isə canlı söhbətdə tanımağın dəyər qiymətsizdi.
Heç yerdə yazılmamış və yazılmayacaq xatirələr, olanlar və olmayanlar.
Bir sözlə, canlı monoqrafiya… Burada qaldıqları müddətdə onlar məişət
qayğılarından tam azad olur, dəniz kənarında salınmış gözəl yaşıllığın
mühasirəsində yazıb-yaratmaq imkanı qazanırlar. Səhnədə royalı olan kiçik
zal, aiduo, video apparatura – hamısı onların ixtiyarına verilir. Özləri
təyin elədiyi qrafiklə gətirdikləri xarici, yerli musiqinin dinləyişlərini
keçirir, təssüratlarını bölüşürlər.
Cavanşir Quliyev: «Bu il deyəsən, mən istədiyimə yaxın bir şey alındı.
Bir həftə dostlarımla musiqi ünsiyyətində olmuşuq».
Mahnıdan start götürüb, sonra üzünü ciddi musiqiyə çevirən simpozium təcrübəsində
ilk dəfəydi ki, bəstəkarlar elə oradaca bəstələdikləri musiqini sonuncu
gün keçirilən konsertdə göstərə bildilər. Cavanşir Quliyev Kıprıs şairəsi
Filis Naldovənin şeirlər kitabını gənc bəstəkarlara ədəbi mətn kimi təklif
elədi. Bəstəkarlardan Sərdar Fərəcov, Vüqar Camalzadə, Firudin Allahverdiyev,
Məhəmməd Ənsari, Rüfət Ramazanov, İlham Azmanlı bu şairənin sözlərinə
romans və mahnılar bəstələdi. Bəstələnən əsərlərdən bəziləri də ifa olundu.
Əgər ifaçısı tapıldısa. Müzakirələr oldu. Bəstəkarlar İttifaqının qocaman
üzvləri gəncləri dinləməyə gəlmişdi. Əslində, bu konsert də, müzakirələr
də, Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndəsi qarşısında hesabat
idi. Yəni biz havayı yeyənlər deyilik. Əsər də yaza bilirik, çala da.
Nə olsun, bir balaca kasıbıq…
Qudbay, «Gənclik»
Nə qədər ki, Bəstəkarlar İttifaqında gənclər var, Gənclər Nazirliyi də
yəqin ki, öz işini – gənclərə köməyini edəcək. Vasif Adıgözəlovun arzularına
qoşulmaq istərdim: «Həmişə gənc olasız ki, bu tədbirlərdən istifadə edə
biləsiniz».
Simpoziumda «Gənclik»lə öz musiqisiylə vidalaşan da oldu. İlham Azmanlı
«Zuğulbada gəncliyin son gecəsi» adlı fortepiano və lent yazısı üçün əsər
yazdı. Bu əsər çoxlarını şok vəziyyətinə sala bildi. Çünki lent yazısı
əvvəl dəniz uğultusunu, sonra gecə xorultusunu səsləndirdi. Niyə dəniz
və niyə xorultu?
İlham Azmanlı: «Özüm Abşeronda, dəniz kənarında böyümüşəm. Dənizin min
üzünü görmüşəm. Zuğulba deyəndə ilk əvvəl dəniz səsini düşünürəm. Gecə
deyəndə isə məndə xorultu assosiasiyası yaranır. Bu il 36 yaşım tamam
oldu. Adətən bu yaşda adama gənc bəstəkar demirlər. Odu ki, hər iki təssüratımı
fortepanodakı improvizə ilə birləşdirməklə gəncliyimlə sağollaşırdım».
Zuğulbada ilk dəfə səslənən bu improvizədə kimisi zarafat, kimisi təhqir
gördü. Kim deyir ki, Bəstəkarlar İttifaqınnı üzvü həmişə ciddi olmalıdı.
Bəs cavanlar üçün avantüra və zarafata imkan qalmır? Həmin improvizənin
bədii dəyərini vurğulamadan onu eksperiment kimi qiymətləndirmək lazımdı.
Bəyəm gənc bəstəkarlar aksiya eləməyi bacarmırlar? Düzdü, bu barədə nümunə
götürəsi bir kəs olmayıb. Cığırları özümüz tapdamalı olacağıq.
Vətənə heç bəstəkar da lazım deyil!
Belə bir tədbirin ziyanı nədə ola bilərdi? Simpoziumda iştirak edən hər
bir gəncin ürəyində ümid işığının yanmasında. Onlar evlərinə qayıdıb adətkarda
olduqları işlərlə məşğul olacaqlar. Ürəyindəki ümid işığıyla qızınıb gələn
iləcən nəsə yazmaq, yazdığını ifa elətdirmək, sonra diskə, kasetə, videoya
köçürməyə çalışacaq ki, gələn il gətirib nəsə göstərə bilsin. Niyə? Axı
nə üçün heç kim onlara demədi ki, yaralı əsgər kimi, qaçqın kimi, küçədə
yatan uşaqlar kimi Vətənə bəstəkar da lazım deyil! Ən azı sıravi bəstəkar
savadı almaq üçün onlar ömrünün 15-20 ən maraqlı illərini qurban veriblər.
Barmaqların piano dillərinə yatmasıyçün həmin bu illərdə gündə azı 3 saat
çalmaq lazımdı. Bütün dünya musiqi ədəbiyyatını öyrəndikdən sonra nəsə
yazmaq cəhdləri ola bilər. Vətən bəstəkara savad verib onun inandırıb
ki, incəsənət xalqındı. Və o, lazımdı. Sonra da bəstəkarın xariclə bütün
ünsiyyət kanallarını kəsib, (xariclə ünsiyyət - olmayan böyük-böyük pullar
deməkdi) onu başa düşməyən xalqa möhtac eləyib. Yaşlı nəsil bəstəkarların
belə problemləri olmayıb. Yazılan pis, ya yaxşı əsərlərin əksəriyyəti
ifa edilib. Onlardan daha qiymətliləri «Qoskonset»in xəttiylə, bu əsəri
bəyənməsindən asılı olmayaraq, bütün xarici dolaşıb. Ciddi musiqi səslənən
zalları zəhmətkeşlərlə doldurur, surəkli alqışlarla təmin edirdilər. Və
Azərbaycan bəstəkarı da özünə inanmağa başladı. Zuğulbada bəstəkara gündə
3 dəfə mərci şorbası, düşbərə, langet və daha artıq nələr vermək əvəzinə,
ona yazdığını eşitmək imkanı vermək lazımdı. Gənc bəstəkarı inandırmaq
lazım deyil ki, ona mütləq kimsə qəyyum olacaq. Vətən açıqca deməlidi
ki, mənə bəstəkar lazım deyil. Onda tənhalığın dadını görən bəstəkarlardan
güclüləri dünyaya çıxmağa cəhd edəcək, zəifləri məhv olacaq. «Musiqi dünyası»
jurnalına müsahibəsində Kşiştof Meyer siyasət və ciddi musiqi arasında
əlaqələri vurğulayıb deyir ki, avropalı və ya rus bəstəkarlarının lap
dəyəri yüksək olmayan əsərləriylə məşhur olmaq şansı Azərbaycan bəstəkarınınkıqdan
dəfələrlə artıqdı.
Azərbaycan bəstəkarını əcnəbi bitki kimi dibçəkdə yetişdiriblər. İndi
isə başını sığallamaqla aldadırlar. Əsərinin dəyərini konserv bankasında
yox, azad rəqabətdə görən bəstəkar öz qüvvəsinə həqiqətən inanar.
Bu gün ideoloji arxasını itirmiş, binasından qovulmuş, avadanlıqsız qalmış
Bəstəkarlar İttifaqına güclü lider lazımdı. Deyəsən, bəstəkarına öz dibçəyi
darısqallıq edir.
13 dekabr, 2001-ci il