Heykəltaraşın fikrincə, Bülbülün və Natəvanın büstlərinin bərpası tarixi saxtalaşdırmaqdır
Hər yeni yazıma
hazırlaşanda elə bil nəyinsə astanasında dayanmış kimiyəm. Artıq tanınmış,
əsərləri rəğbətlə qarşılanan heykəltəraş haqqında yeni nə deyə bilərəm?
Amma yox. «Ukrayna» dairəsi yanından hər gün nə qədər maşın və piyada
keçir. Kim bilir ki, onun müəllifi Xanlar Əhmədovun əli ilə əkilən istər
ağac, istər gül olsun, hər bir bitki yetişir. Və yaxud evinə və emalatxanasına
gedib-gələn dostlarından, tanışlarından savayı kim bilir ki, o, çay içməyi
sevir və heç vaxt emalatxanasının qapısını bağlamır. Lap heyranları da
sərgiyə gedib onun əsərlərinə nə qədər tamaşa etsə də, orada yalnız müəllifin
bildirmək və göstərmək istədiyini və müşahidə etmək bacarığından asılı
olaraq tamaşaçının görə biləcəyini görəcək. Amma o hamı kimi canlı insandır.
Bəlkə də Əkizlər bürcündən olduğundan, hərdən ikiləşir, içində mikro dünya
müharibəsi edir. Bəzən də öz-özü ilə barışır. Əlbəttə, bizim üçün nə fərqi
var. Təki sənətkari şləyib-yaratsın. Yaratmasa bizim üçün deyil, özü üçün
daha çox faciəyə çevrilər.
İçimdəki tərəddüdü hiss edirmiş kimi fikrlərimə dərhal şərik oldu:
-Heç kim inciməsin, bizdə sənətşünaslıq yoxdur. Raden haqqında Viktor
Hüqo yazmışdı. Demirəm mən Radenəm və buraya yazmağa Viktor Hüqo gəlməlidir.
Amma Hüqo Radendən yazmaq üçün bir il onun emalatxanasında yaşadı. Mən
özüm özümü tanımıram, siz məni necə tanıya bilərsiniz. Bu, 10-15 dəqiqənin işi deyil. Gələn çox olur, maraqlı söhbətlər edirik, gedir yazır və deyir ki, mən bundan yazdım. Mən özüm öz yaradıcılığımı,
heç əsərin necə yarandığını da bilmirəm, başqası necə billə bilər.
Amma mən tanımaq arzusunu gizlətmək istəmədim. Onun emalatxanası başqalarandan
qabağındakı gül-çiçəyi ilə seçilirdi. Hələ bilmirdim ki, bu içəridəki
bağ-bağatın cüzi bir hissəsidir. Bağa aparan ensiz keçiddə pioninoya sual
qatışıq baxışlarımı duyub: «Dostum Xəyyam Mirzəzadə üçün saxlayıram, bura
gələndə oturub çalır» dedi.
Xanlar Əhmədov sonuncu
ilahə «Humay» mükafatına layiq görülüb, özü də ikinci dəfə. Birinci «Humay»
mükafatını o, akademik Mikayıl Hüseynovun qəbirüstü abidəsinə görə almışdı.
İkincisi Xocalı soyqırımına həsr edilmiş kolleksiyaya görə verilib. Nə
biləydim ki, Xocalı soyqırımı ilə yanaşı, ona həsr edilmiş kolleksiya
da heykəltəraşın ağrılı yeridir.
- Daha Xocalı işlərində iştirak etməyəcəm. Hamı sakit oturub yerində,
heç kim işləmir, Elə bil bu, heç kimə toxunmayıb, bircə mən eləmişəm.
Hər il fevralın 25-i hamının yadına Xanlar düşür. O saat zəng edirlər
ki, işlərini götür gəl. Xocalının il dönümüdür. Məndən inliyə qədər o
kolleksiyadan nə bir iş alınıb, nə maddi kömək göstərilib ki, sərgini
daha da genişləndirə bilim. Hamı da sakitdir ki, işlər var, hər il bu
sərgi ilə keçinə bilərik. Mən də bu il öz sözümü dedim ki, daha verməyəcəm.
Bu sərgi sizə lazımdırsa onu alın və yeni işlərimə təkan verin. Mən vətəndaşlıq
borcumu yerinə yetirmişəm.
- Sərgilərin sayı artıb. Sizcə, keyfiyyət dəyişikliyi olubmu?
- İndi sərgi təşkil etmək dəb halına düşüb. İndi öz vəsaiti hesbına fərdi
sərgilər açan, afişa, kataloq çap edənlər çoxdur. Vaxtıilə Rəssamlar İttifaqı,
Mədəniyyət Nazirliyi hansı adamın sərgisini açacağı barədə götür-qoy edirdi,
bu isə 2 il qabaqdan plana düşürdü. O adam da bilirdi ki, 2 ildən sonra
sərgi olacaq, özünü yığışdırırdı ki, işləmək lazımdır.
- 2 il sərgini gözləmək olar?
- Bəzən elə olur ki, bir ömür yaşayırsan sərgi açmağa haqqın olmur. İşləri
sərgidən, emalatxanadan da gəlib aparırlar. Yəni ayrı-ayrı fərdlər alır.
Elə onun hesabına dolanırıq. İncəsənət baxımından ən ucuz bazar Bakıdır.
Amma səviyyəli işlər çoxdur. Mən 20-30 dollara işini satan rəssamlar da
görmüşəm. O işlər heç də dünya səviyyəsindən aşağı deyil. İndi işbazlar
axışıb emalatxanalara. Havayı və açıq bazardır. Özünə bir az qiymət verən
adam gərək dözsün və işini belə satmasın.
«Yetirmələrim
hətta məni də sıxışdırır»
- Əgər səhv
etmirəmsə, çoxlu yetirmələriniz olmalıdır?
- Var idi. Əvvəlcə mən Pionerlər Evində başlamışdım. Çox fərəhlidir ki,
indii mənim yetirmələrim ən yaxşı heykəltaraşlarındandır. Hətta məni də
sıxışdırırlar. Gərək şagird müəllimindən güclü olsun. Bir az institutda,
Lenin adına APİ-də dərs demişəm. Sonra gördüm ki, vaxt hər şeydən qiymətlidir.
Bu vaxtı hardasa itirmək istəmirəm.
- Buna itirmək deyirsiniz?
- Çox vaxt elə olur.
- Bəlkə zamanın, yaşın tələbidir, hər dəqiqənin qədrini bilmək
arzusundan gəlir?
- Yaşı yada salmayın, mən hələ cavanam. Amma parodoksal haldır. Kiminsə
50 yaşı var deyəndə onun həyatını bitmiş hesab edirdim. Amma özümdə bunu
hiss etmirəm. Belə bir kəlam da var: «Ürəyində nə hiss edirsənsə, o qədər
də yaşın var». Mən hələ heç 35-ə çata bilmirəm.
- Belə formanı necə saxlayırsınız?
- Bəlkə gənclərlə oturub-dururam ona görə. Onların mənə müraciəti çox
olur. Gördüz ki, heç qapını da bağlamayıb getmişdim. Hər yer açıqdır.
Burada hamının emalatxanası bağlı olur. Deyə bilmərəm, bu yaxşıdı yoxsa
pisdir.
- Oğurluqdan qorxmursunuz?
- Mənə ən çox təsir edən kitab oğurluğudur. Mənim yaxşı kitabxanam var.
Bütün şüurlu həyatımı kitab yığmaqla məşğul olmuşam.
- Kitab oğurluğu oğurluq sayılmır.
- Onu məşhur oğru demişdi. Gəlirlər, kitab istəyirlər, verirəm. Heç vaxt
da yazmıram. Sonra da qaytarmırlar. Bu yaxınlarda unikal bir hadisə olub.
Mənim dostum heykəltaraş Ramiz Dadaşovgilə getmişdim. Gördüm, mənə çox
şübhəli baxır. Dedim bəlkə ürəyində nəsə sözün var, deyə bilmirəsn. Deyir:
«Bilirəm, vəziyyət çətindir. Amma kitablarını niyə satırsan?» təəccübləndim
ki, mən nə vaxt kitab satmışam. Getdi kitab rəfindən kitab gətirdi, orada
mənim möhürüm var idi. Deyir, bukinistdən almışam. Bundan alçaq hərəkət
olar?
- Oxumağa vaxt olur?
- Vərəqləməyə olur. Qabaqlar informasiya çox idi. Qəzet, jurnallar alırdıq.
Adam öz şirəsində nə qədər bişər axı? Dərinə keçməsən də baxırsan fikir
yeniliyi, dərinliyi olur. İllüstrasiyaların təsiri çox olur. Hətta hər
bir sərginin təsiri də olur. Heç kim deyə bilməz ki, mənə bu sərginin
təsiri olmayıb. Bəzən sərgidən sonra emalatxanada işlərinə ayrı gözlə
baxırsan. Sənə toxunan bir şey ayrı bir işin yaranmasına təkan verir.
- Yaradıcılığa daha nə təkan verə bilər?
- İlham quşu var, hərdən qonur adamın çiyninə. Mənim elə işim var ki,
su damlası ona təkan verib. Yerdə qızıl görmüşdüm, ya divardan mala qopub.
Sən orada nəsə görürsən və başlayırsan işləməyə. Bu səndən asılı iş deyil.
«Zaman sənətkarı
yıxıb sürüyür»
-Çeynəlmiş
sual olsa da, verəcəyəm. Zaman-sənətkar cütlüyünə münasibətiniz?
- Zaman sənətkarı yıxıb elə sürüyür ki… Çox çətin zamandır. Vaxtilə o
qədər sifariş olurdu ki, götür-qoy edirdik. Hansını edək, hansını yox.
Onda yaradıcılıq da yaddan çıxırdı. Indi çətinliyə düşmüşüksə də hamıda
yaradıcılıq partlayışı əmələ gəlib, başlayıb işəməyə. Qabaq deyirdilər
ki, sənətkar yaratmaq üçün ac olmalıdır. Əlbəttə, ac olanda hara gedəsən?
Emalatxanada oturub işləyirsən.
- Siz çəlləkdə yaşayan filosof təəssüratı bağışlamırsınız. Hər
haldı işləməyə imkan var. Özünüzü imkanlı hesab edirsiniz?
- İmkan nədir? Plastilin var, dəmir var, bu da sənin imkanın. Onu bürüncə,
qranitə köçürə biləcəksən ya yox. Bu başqa məsələdir.
«Sənət xalq üçün deyil»
- Səhərdən
söhbət edirik, amma siz bir dəfə də olsun xalq sözünü işlətmədiniz. Adətən
«xalq yaradıcılığı» və «xalq üçün yaratmaq» ifadələrini tez-tez işlədirlər.
Və ya deyirlər, sənət xalq üçündür…
- Heç vaxt belə olmayıb. Həmişə xalq ayrı, incənət ayrı olub. İncəsənət
onu başa düşənlər üçündür. İncənətə qoyulan vəsait həmişə getdikcə artan
puldur, heç vaxt ölmür, heç vaxt da dəyərini itirmir. Mən bir imkanlı
tanışıma öz işimi hədiyyə etmişdim. O işi gah o boxçaya, bu taxçaya qoyur,
gah da yerə atırdı. Yəni o boyda imarətdə bir incəsənət əsərinə yer yer
yoxdu? Bu da xalqın, hələ bir yaxşı və varlı zümrəsinin incəsənətə münasibəti.
Onun evində 100 dollarlıq qrafika əsəri olsaydı, mənim ona bir insan kimi
də münasibətim daha yaxşı olardı.
- Hansısa anda bu şey onun ehtiyacını ödəməlidir ki, ona qiymət
verə bilsin.
- Ağlamaq olmasın, mən ən çox işləyən heykəltaraşlardan olmuşam. Yəni
mümkünatım olub. Mənim evimdə mebel yoxdur. Ona görə evimə gələn çıxmaq
istəmir. Evimi dostlarımın işləri, heykəllər, əl xalçaları ilə bəzəmişəm.
İndi göstərilən «sabun» operalarına, teleseriallara baxmasam da, orada
bir sevincirici şey var. Hansı interyeri göstərirlərsə, orada heykəl də,
şəkil də var. Lap kasıbın evində də. Yəni bu millətin səviyyəsini göstərir.
Onun uşağı da baxanda görür ki, hansısa Braziliya rəssamının əsəridir,
altında imzası var. İstər istəməz xalq bunu görür. Fikir verin «xalq»
sözünü işlədirəm. Görürsünüz?
-Deyirsiniz, yaxşını pisdən ayırıram. Yaxşını pisdən ayıran ölçü,
meyar nədir?
- Necə nədir? Yaxşını pisdən, gözəli çirkindən nə ayırır? Hansı əsərdə
ürək varsa, o saat özünü göstərir. O ürəkdən impulslar keçib o biri ürəklərə
də dəyə bilir. Və heç vaxt deyə bilməzsən, niyə? Hardasa bir impuls var
idi onu tutdum. Bu şeydə oldu mənim üçün yaxşı.
- Hər şeyi ürəklə qavrayırsınız?
- Allah-taala hər şeyi ürəklə yaradır. Görün, nə qədər ora məhəbbət qoyur?
Tikanı, yarpağı necə yaradır? Pis çıxmasın, nə qədər gönü qalın olasan
ki, onu görməyəsən. Görürsənsə, deməli bu impuls keçdi sənə.
- Düzdür. Allah yaradır, amma heykəltaraşın yaratdığı heç də kamil
deyil.
- Müsəlman aləmində hər yaradan adamda Allahlıq təmənnası görürdülər.
Sən yaratdığına can verə bilmirsənsə, deməli kafirsən. Amma o biri tərəfdən
də, əgər yaratmaq istəyirsənsə, bu qabiliyyəti sənə kim verir? Deməli,
Allah verir, sən Allahın əleyhinə də gedə bilməzsən… Amma çox danışdırırsınız
məni.
“Əvvəlki ömrümdə zənci qadın olmuşam”
- Qəribədir.
Yaradıcı adamlarla görüşəndə öz işlərini məmnuniyyətlə göstərirlər. Amma
danışmağı sevmirlər. Bu qısqanclıqdır, nədir bilmirəm?
- Yaranı qaşımayın, qan gələr.
- Əvvəl, gərək bilim yara hardadır, sonra ona gəyməyim.
-Hər yer yaradır.
- Yaralıdır? Yalnız xoşbəxt adam ətrafındakıları xoşbəxt edə bilər.
- Bu yaxşı fikirdir. Xoşbəxtlik abstrakt bir şeydir. Belə fikir var ki,
Yer üzünün adamlarının hamısı Allah tərəfindən əziyyət çəkmək üçün buraya
göndəriliblər. Burada hamı «ştrafnikdir». Mən özümü də «ştrafnik» sayıram.
Mən bir qoroskopa baxmışam, ona əsasən 12-ci dəfədir ki, Yer üzünə gəlirəm,
amma heç nə yadımda deyil.
- Əgər heç nə yadda deyilsə, günahı necə yumaq olar?
- İndi bir də göndərib ki, bəlkə adam oldum. Mən də çalışıram adam olum,
bir də gəlməyim.
- 12 dəfə gələn ruh qoca olar.
- Amma gör necə olub ki, cavan qalıb. Fikirkeş adam qoca olur. Amma bu
dəfə deyəsən qocalmaq istəyir. Hərdən fikrə gedir, hər şey ona təsir edir.
- Ruh qocalıb?
- Ruhla urəyi səhv salmayın. Amma hələ bir dəfə də gəlməliyəm. Keçən dəfə
nəyə görəsə qadın olmuşam, özü də zəncilər tərəfdə. Gör a.. Qadın, özü
də zənci.
- Çox gözəl ailəm var. Yoldaşımı 7-ci sinifdən sevmişəm. Çox təəssüf ki, 22 yaşında evlənmişəm. Bir az da tez evlənsəydim, indi oğlum mənimlə yaşıd olardı. İki oğlum var. Hər ikisi incəsənət İnstitutunda oxuyur. Biri Mədəni Maarif fakultəsində, o biri heykəltaraşlıqda. İndi yavaş-yavaş sərgilərdə də iştirak edir. Onun işlərinə müdaxilə etmirəm. Amma onun üçün məndən rahat olmalıdı. Mən başqa mühitdə böyümüşəm. O isə mənim mühitimdə böyüyüb. İməkləyəndə də əlində gil olub. Mən gili 15-16 yaşında görmüşəm. Yəni, o, məndən 15 il qabağa düşüb.
«Dünyada iki nəfər var: Bir qadın, bir kişi»
Bu söhbətin şahidləri
olan büstlər, heykəllər, kompozisiyalar elə bil ki, tədricən mənə də isinişdilər.
Əksəriyyəti də insanlardır. Xanlar Əhmədov demişkən: «İnsanlar və insan
taleləri». Bir neçə qovluqda toplanmış əsərlərini saysız fotoşəkilləri,
emalatxanada qalmış eskizlər, əsərlərinin başqa variantları sənətkar yaradıcılığını
tam əhatə etməsə də, onların sayından adam dəhşətə gəlir. Yəni insan oğlu
bu qədər iş görə bilər? Nəzərə alaq ki, o, hələ cavan və güclüdür. Nə
qədər yeni işlər yaradacaq. Amma erməni gülləsi dəymiş Bülbül və Natəvanın
büstlərini bərpa etməyəcək. Çünki o, bunu tarixi saxtalaşdırmaq hesab
edir. Amma bəlkə Xoreoqrafiya Məktəbində asılmış balerinanı yenidən yerinə
qoydular. Xalq Cəbhəsinin Hakimiyyəti vaxtı balerinanı xalqımıza yad olan
pozada durmaqda günahlandırmışdılar. Görək də…
Üstünü əski ilə
örtdüyü əsərləri bir-bir açıb mənə göstərdikdən sonra yenidən bağlayırdı.
Deyir, öz əsərlərini özündən gizlətmək lazımdır. Yoxsa, sənə təsir etməyə
başlayır. «Dünya iki nəfər üçün» əsərinin qarşısında dayandığımı görüb
deyir: «Dünyada iki nəfər var. Bir qadın və bir kişi. Vəssalam».
Görüşdüyümüz yerdə də ayrıldıqdan sonra burada nəsə bir tamlıq duyub fikirlərin
dolaşığından baş çıxarmaq istəyirdim. Göstərdiyi hələ tamamlanmamış qoroskop
seriyasında mənim bürcüm hələ yox idi. Görəsən bu bürcü necə yaradacaq?
Maraqlıdır...
“Çağ” qəzeti
17.03.98