Muxtar Məlikov P. Çaykovskinin
«Yevgeni Onegin» operasında Onegin rolunda

– Axı bu, indi heç kimə lazım deyil. Bu, mənim ən yaralı yerimdir. Yaşlı
nəslin danışdıqlarından yadımdadır ki, Ağababa Bünyatzadə küçə ilə gedəndə
hamı dönüb ona baxardı. Çünki tanıyırdılar, hörmət var idi. İndi isə maşın
şüşəsi yuyan balaca oğlana Füzulinin «Leyli və Məcnun»undan danışsam,
«sənin səsin var, oxuya bilərsən» desəm, sənə səfeh kimi baxacaq. İndi
dinləyici bizi başa düşmür. Onun bizi – yəni klassik musiqi ifaçılarını
başa düşməsi üçün tərbiyə etmək lazımdır. Arabir radio və ya televizorda
bir-iki ariya səsləndirilir. Bununla da iş bitir. Heç olmasa hərdən iri
proqramlar təşkil edilsə, ifaçılar tez-tez görüşlərə dəvət edilsə belə
yadlıq əmələ gəlməz. İndi texnikanın inkişaf etdiyi bir vaxt çoxu fonoqramdan
istifadə edir. Amma opera yarandığı gündən bir nəfər opera mübənnisi fonoqramla
oxumayıb. Bu isə çoxlu fiziki və mənəvi güc tələb edir. Həmişə formada,
ideal vəziyyətdə, uyğun əhval-ruhiyyədə olmalısan. Dinləyici də vokalçının
çətinliklərindən agah olmalı, onu başa düşmək üçün vokal sənətinin incəliklərini
bilməlidir. Operaya elə-belə oxumaq üçün gəlmirlər. Bu, ağır zəhmətdir.
Birinci ondan başlamaq lazımdır ki, insan səsi ən kamil alətdir. Heç bir
musiqi aləti insan səsi qədər qəlbin incə simlərinə toxuna bilməz. Opera
belə yer deyil ki, camaatı dəstə ilə qovub bura gətirmək olsun. Mən uşaq
olanda özüm, heç kimin təsiri olmadan operaya gəlib heyranlıqla qulaq
asırdım. O vaxt mənim musiqi savadım yox idi. Heç ağlıma da gətirə bilməzdim
ki, vokalın zirvəsi – operada oxumaq mənə nəsib olacaq. Mən sadəcə operanı
sevirdim. Məhəbbətsə quru yerdən yaranmır. Bir var fiziki qida, biri də
var mənəvi qida. Fiziki ehtiyacı ödəmək asandır, amma iki-üç saatdan sonra
yenidən aclıq hiss edəcəksən. Amma fortepiano musiqisi konsertinə gedib
və ya operaya qulaq asıb bəlkə də iki həftəlik enerci qazanmaq, yaxud
lazımsız emosiyadan can qurtarmaq olar. Düzdür, musiqi dilini başa düşmək
üçün bir qədər savad da lazımdır. Amma mən operaya gülən adamları qınaya
bilmirəm. Çünki vokal ifaçılığı, ümumilikdə klassik musiqiçilərin psixoloji
vəziyyəti və maddi tərəfi hətta gülməli haldadır. Bütün dünyada bu sənət
ən hörmətli və yüksək təminatlı sənətdir. Dünyanın heç bir teatrı, superteatrları
çıxmaq şərtilə hökumətin, sponsorların köməyi olmadan keçinə bilmir.
– Dövlətin bu gün sənətə, mədəniyyətə kömək etmək imkanı yoxdursa,
necə olacaq?
– Onda hər şey məhv olacaq, hamıya məlumdur ki, dağıtmaq, sındırmaq tikməkdən
asandır. Başqa sənət sahibinin, məsələn, xarrat və ya dülgəri yarım ilə
hazırlamaq olur. Amma musiqi və ya rəqs sənətkarını 5 yaşından əlindən
tutub gətirmək, yetişdirmək lazımdır. İndi Opera teatrı acınacaqlı vəziyyətdədir.
İş o yerə çatıb ki, o boyda teatrda bir dənə tenor yoxdur və bu səbəbdən
də bir sıra tamaşalar pereptuardan çıxarılıb. Bu tamaşaları səhnəyə qoymaq
üçün kənardan solist dəvət edirik. İndi orkestrdə Konservatoriyanın bir-iki
il əvvəl qurtarmış və ya hələ də oxuyan musiqiçilər çalır. Əlbəttə ki,
illərlə sənətdə saç ağartmış ifaçı və tələbənin çalğısında kəskin fərq
olacaq. Bir vaxtlar məlum hadisələrdən sonra balet truppasında əksəriyyət
təşkil edən düşmən millətin nümayəndələrini kənarlaşdırdıqdan sonra indiyə
qədər də onu düzəltmək mümkün olmayıb. Amma bu administrasiyanın günahı
deyil. Bir qədər yuxarıdan tələb etmək lazımdır.
– Belə şəraitdən
konkret çıxış yolu görürsünüzmü?
– Ən əvvəl sənətə hörməti qaldırmaq üçün sənətçinin dilənçi vəziyyətindən
qurtarmaq lazımdır. Əhalidə sənətə hörmət tərbiyə etmək üçünsə imic yaradıb
reklam etməklə onu sadəcə tanıtdırmaq olar. Ümumi yaradıcı səviyyəni isə
heç olmasa 70-ci illərin sonu, 80-ci illərin əvvəlindəki səviyyəyə çatdırmaq
üçün bizim getmiş sənətkarlarımızı geri qaytarmaq lazımdır. Mən başa düşürəm
ki, bu utopiyadır. Amma kərpic binanın bünövrəsini qoymamış üstünü tikmək
olmaz. Burada hər şey – maddi və mənəvi tərəf bir-biri ilə çıx bağlıdır.
Təkcə maddi tərəf olsaydı, mən sənətimi də dəyişib pul qazana bilərdim.
Amma mən nə sənətimi, nə də ixtisasımı dəyişmək istəmirəm.
– Siz hamının köçüb getdiyi vaxtda hələ ki, teatrda qalanlardan
birisiniz. Teatr sizin üçün nədir?
– Əgər desəm ki, bu mənim həyatımdır, bəlkə də bu bir qədər bayağı alınar.
Teatr mənim üçün hər şeydir. Bu, sənətimdir, ixtisasımdır, işim peşəm
və hər şeyimdir. Mənə çox ağır gəlir ki, vokalçı özünü tamamilə ifadə
etmək imkanına malik olduğu ən yaxşı, gənc illərim istifadəsiz keçir.
Hər dəfə səhnəyə çıxdıqda, düzdür, qorxu hissi olur. Amma bu qoxunu arxada
qoyub müəyyən səddi keçdikdən sonra təsvir edilməz bir duyğu hiss edirəm.
Bəlkə də biz bu duyğunu hiss etmək naminə yaşayırıq. Bu an zal dolu və
ya boşdur, bunun mənim üçün fərqi yoxdur. Mən başa düşməyə qadir olan
bircə nəfər üçün belə oxumağa razıyam.
Gülnarə
Rəfiq
«Çağ» qəzeti
№ 21 1995