Züleyxa İsmayılova:
“Kamançanın müstəqil konsert həyatı yaşamağa haqqı var”
Noyabrın 21-də Konservatoriyada
keçirilən maraqlı konsertlər sırasına daha bir çıxış da əlavə olundu.
Konservatoriyanın məzunu, kamança ifaçısı Züleyxa İsmayılovanın çıxışı
Avropa bəstəkarlarının əsərlərindən tərtib edilmişdi. Musiqi həyatında
hadisə kimi qiymətləndirilən bu konsert neçə illərin gərgin zəhməti nəticəsində
meydana gəlmişdi. Hətta skripkaçı üçün çətin olan bu proqramın kamançada
necə səslənəcəyi barədə fikir yürütməzdən əvvəl alətin imkanlarını nəzərə
alıb ondan skripka səslənməsi gözləməkdənsə, özünəməxsus tembri olan kamança
təki qəbul etsək bu konsertin bədii dəyərini daha düzgün qiymətləndirmiş
olarıq. Təbiətcə arxa planda olub kölgədə qalmağı sevməyən Züleyxa İsmayılova
kamança üçün yazılmış əsərlərin səviyyəsinə uyğunlaşmaqdansa yüksəkdə
duran skripka repertuarına yaxınlaşmağı daha üstün tutub. Təbii ki, yeniliyə,
daimi inkişafa can atan ifaçı üçün eyni əsərləri təkrarən çalmaq yerində
addımlamaq kimi bir şeydir. Yeniliyi qiymətləndirməyi, hər gözəl cəhdi
alqışlamağı bacaran dinləyici də konserti layiqincə dəyərləndirə bildi.
Biz isə imkandan istifadə edib Zeleyxaya məhz belə proqram seçməyin səbəblərini
açıqlamaq məqsədilə müraciət etdik.
- Biz hələ musiqi məktəbində, Konservatoriyada oxuyanda da Avropa bəstəkarlarının
əsərlərini çalırdıq. Çaldıqca duyurdum ki, bu, məndə daha yaxşı alınır,
klassikanı hiss edirəm. Uşaq vaxtından isə ifaçılığa getmək istəyirdim.
Bu yolu ona görə seçdim ki, kamançanı Avropa səviyyəsinə çıxara bilim.
Notla yazılmış əsərlərin ifası yolu tarda var, kamançada yoxdur. Həm də
bu konsertin təşkili ilə bir neçə məsələni sübut etməyə çalışmışam. Sizə
məlumdur ki, Azərbaycanda xalq çalğı alətləri ifaçılığı üzrə aspirantura
yoxdu. Bu məsələ üzrə Fərhad Bədəlbəyliyə müraciət etdim. O, bunu kamança
repertuarının qıtlığı ilə əlaqələndirdi. Biz həmişə skripka üçün yazılmış
əsərlər çalmışıq. Əgər kamança üçün əsər yazılmırsa, bu bəstəkarın günahıdır.
Ziyan çəkən isə ifaçı olur.
- Yəqin bu fikirlə razı olarsan ki, kamança kamil alət deyil.
Hətta muğam üçlüyündə də o, həmişə müşayiətçi kimi çıxış edir.
- Elə ona görə də kamançanı səhnəyə tez-tez çıxarmaq lazımdı. Nə vaxta
qədər biz arxada qalacağıq? Kamança özünəməxsus səslənməsi olan gözəl
alətdi. Onun müstəqil konsert həyatı yaşamağa haqqı var.
- Belə bir fikir gəzir ki, kamança skripka repertuarını ifa etməklə
skripkanı yamsılayır.
- Skripka üçün yazılmış əsərlərlə çıxış etmək əsasən repertuar qıtlığı
və ən əvvəl isə, kamançanın imkanlarını nümayiş etmək ehtiyacından doğur.
Düzdür, bu əsərlərdə skripka kökündən, aplikaturadan faydalanırıq. Əgər
skripka metodikası, ifa texnikası kamança məktəbində tətbiq edilsəydi
kamançanın imkanları xeyli artardı.
- Bu, kamançanın rekonstruksiya məsələsini daha qabartmalı olurmu?
- Əlbəttə, kamançanın üstünə çəkilən dəri həm isti, həm də soyuğa reaksiya
verir. Hələ onu da deyim ki, biz kamançada gitara simlərindən istifadə
edirik. Kamança simləri isə çətin əldə edilir, ayrı-ayrılıqda satıldığına
görə bir-birinə tam uyğunsuz olur.
- Bəlkə alətin imkanlarından artıq tələb edib kamançanı zorlamaqdansa,
bəstəkarlara müraciət edib onun lirikasına, texniki imkanlarına uyğun
əsərlər yazmağı xahiş etsək daha yaxşı olmazmı?
- Əlbəttə, onda biz də tənqid hədəfinə çevrilməz, səhnə həyatına haqqımızı
sübut etmək üçün əlçatmaz zirvələrə əl atmazdıq. Öz zövqünə, təbiətinə
uyğun əsər seçmək imkanı çox gözəl şeydir. Mən də gözəl səslənmə tərzi
olan rahat texnikalı, kamançanın spesifik xüsusiyyətlərini nəzərə alaraq
yazılan əsərləri çalmaq arzusundayam.
«Çağ» qəzeti
23-30 noyabr, 1995