BİZ AZƏRBAYCANLILARÇÜN İRANDA ZAMAN DƏYİŞMƏYİB


Mis üstündə holmium turşusuyla işləyirəm

İbrahim Əhrari Allaha şükür etməkdənsə Allahdan daha yaxşı gün istəməyin tərəfdarıdı

Mayın 27-si R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Berlin rəssamları İbrahim Əhrari və Bemhardt Lehmannin rəngkarlıq, qrafika və heykəltəraşlıq sərgisi açıldı. Bu, Güney Azərbaycanda doğulub boya-başa çatmış, Almaniyada yaşayan İbrahim Əhrarinin Bakıda üçüncü sərgisidi. Sərgini seyr elədikcə baş qaldıran sualları səsli-küylü zalda cavablandırmaqdansa sabahısı gün sakitcə oturub söhbət eləmək təklifi də ondan gəldi. O taylı-bu taylı Azərbaycanın azadlıq mübarizəsində, mədəniyyətimizin yayılmasında rolu olan Əhrariylə söhbətin ruhu da 28 May Respublika gününə uyğun oldu deyəsən. Vallah, jurnalistə bayram da düşmür…
Atalı-babalı onların qismətinə didərginlik yazılıb. Bir vaxtlar rəssamın babası o taydan bu taya qaçıb gəlib. Artıq bakılı sayılan atası 1920-ci ildə bolşevik işğalından sonra yenidən o taya qaçmalı olub. Mirzəzadə soyadını mütləq dəyişməliydi deyə oğluna Əhrari – yəni «azad insan» soyadını verib. Güney Azərbaycanda böyüyən İbrahim rəssamlıq təhsilini Almaniyada alıb Tehrana dərs deməyə qayıdıb. 1975-ci ildə Məhəmməd Rza şahın portretini işlədiyi üçün vətənindən didərgin düşüb. Bu rəsmdə dəvəquşunun fonunda şah və sınmış yumurtanın qırıqları çəkilibmiş. Yəni vaxt gələcək, şah nəsli kökü kəsilməkdə olan dəvəquşuya çevriləcək… İndi Avropanın mərkəzində yaşayan rəssam qürbət ölkədən o taylı-bu taylı vətəninə körpü olmaq istəyir.
– Mənim öz mədəniyyətimizlə tanışlığım 1981-ci ildə olub. O vaxt Almaniyada incəsənət və sülh uğrunda fəaliyyət göstərən təşkilatın üzvüydüm, Vyetnam müharibəsi əleyhinə çıxışlar edirdik. Böyük şairimiz Nəbi Xəzri Almaniyaya gəlmişdi və tanış olmuşduq. Bakıya məni o dəvət elədi. İlk dəfə bura 1982-ci ildə gəldim. Gördüm ki, bizim tariximiz, muzeylərimiz, teatrımız, operamız, baletimiz, musiqimiz var. Bunları biz heç bilməzdik.
– Adınız «qara siyahı»ya necə düşdü?
– Təhsilimi bitirəndən sonra Tehrana yollanmışdım. Universitet professoru idim. O zaman istəyirdilər ki, tələblərimə şahın şəkillərini çəkdirim. Mən bunu eləmək istəmədim, ona görə də «qara siyahı»ya düşdüm. Hər həftə məxfi polisə gedib izahat verməliydim, həftə boyu nə etmişəm, kiminlə görüşüb nə danışmışam… hamısını yazmalıydım. Elə indi də adım siyahıdan çıxarılmayıb.
– Şahın dövranı keçmədi bəyəm?
– Biz azərbaycanlılarçün zaman dəyişməyib. Otuz milyonluq bir xalqın öz dilində məktəbi, qəzeti yoxdu. İranda bu gün də Azərbaycan mədəniyyəti yolunda çalışanları həbsə alır, təqib edirlər. Mən İrana gedə bilmərəm, çünki orda dövlət qəzetində yazıblar ki, guya dinin əleyhinəyəm, Azərbaycanı İrandan qoparmağa çalışıram. Yerli hökumət Azərbaycan mədəniyyəti uğrunda elədiklərimi mənə heç vaxt bağışlamaz.
– Avropanın göbəyində – Berlində sizi necə qəbul edirlər: Alman, yoxsa Azərbaycan rəssamı kimi?
– Mənim Berlində azərbaycanlı olmağıma görə narahatlığım yoxdu. Azərbaycan rəssamı kimi mən nəinki Almaniyada, dünyanın hər yerində qəbul olunmuşam. Rəssamlığın hüdudu yoxdu.
– Rəsm əsərlərinə tərcümə də lazım deyil. Tamaşaçı baxır, görür, duyur… Amma Sizinlə gələn qonaqlara deyilənləri tərcümə eləməli olurduz.
– Mən ayrı mədəniyyətdə böyümüşəm. Amma onlardan artıq bilirəm. Çünki Almaniyaya gələndə özümlə bir mədəniyyət də gətirmişdim. Bəzən mübahisə düşəndə deyirəm ki, səbr edin, mən siz deyilənləri bilirəm, sizsə mən bilənin hamısını bilmirsiz.
– Siz alman heykəltəraşı Bernhardt Lehmannla birgə sərgidə iştirak edirsiz. Bu ideyanın müəllifi kimdi? Kim kimi seçib? Üslubca aranızda böyük fərq gördüm. O tamam başqa – modern üslubda işləyir.
– Seçim mənimdi. Neçə ildi bura gəlib-gedirəm. Burda Rəssamlıq akademiyasında hələ də qədim üsulları tədris edirlər. Hər gəlişimdə görürəm ki, bizim ölkə inkişaf tapır. Amma incəsənət adamları da qabağa getməlidi. Onların xarici ölkələrə getmək imkanı yoxdu. Ona görə də elə seçdim ki, bizim cavanlar modern üslub görsün, bilsinlər ki, dünyada başqa incəsənətlər, fərqli üslublar var. Seçdiyim adam dünyada tanınmış, qəbul edilmiş heykəltəraşdı.
– Çox maraqlı, musiqili işləri vardı. Sərgi salonu bir-birinə toxunan simlərin səslənmələrinin özünəməxsus musiqisiylə dolmuşdu.
– Təbiətdə ağacların, sünbüllərin otların hərəkəti bir növ musiqi yaradır. Onun fəlsəfi budur ki, təbiətdə hər şeyin öz musiqi dili var.
– Bizdə muzeylərdə eksponatlara əl vurmağa icazə vermirlər. Amma onun işlərinə hamı toxunurdu və onlar səslənirdi.
– Elə eksponatlar var ki, onlara dəymək olmaz. İnsan əlində yağlar, zəhər var, işi korlaya bilər. Amma bu işlər hamısı dəmirdəndi, əl vurduqca daha da gözəlləşir. Berlində bir muzey var, hər eksponatına əl vurmaq olar. Belə eksponatlar gənclərçün yaxşıdı. İnsan əl vurduqca tanıyır, əlaqə yaradır.
– Biz sənəti çox uca tuturuq. Ona nəinki əl vurmağa, bəzən onun barəsində fikrimizi deməyə də çəkinirik.
– Dünyada insandan gözəl sənət yoxdu. İndi biz insanlara əl vurmayaq? Axı ən çox sevdiyimiz insanı oxşamaq, bağrımıza basmaq istəyirik, onunla danışırıq.
– Təbii, axı o, canlıdı.
– Bu dünyada cansız bir şey yoxdu. Biz onların dilini bilmirik. Bilsək, bizə çox şey danışarlar.
– Siz öz tamaşaçınıza nə deyərdiz ki, əsərlərinizi anlasın?
– İnsan evdən çıxıb işə gedərkən çoxlu adamlarla üzləşir. Bəzisinə salam-əleyk verir, bəzisinin halını soruşur, amma biriynən durub söhbət edir. Sərgiyə gələn insan da bir işin yanından ötür, o birinə gözucu baxır və birisini tapıb qabağında durub diqqətlə baxır. Bu iş onun dostudu. Mən inanmıram ki, insan hamını düşündürən iş yarada bilsin.
– Sərgidə təsadüfən sizin işlərin hansı texnikala işlənməsi barədə mübahisə edən rəssamların söhbətini eşitdim. Sizin texnikanı bəziləri kompüter qrafikası, bəziləri daş üstündə basma qrafika sayırdı…
– Mis üstündə holium turşusuyla işləyirəm. Turşu dəmiri əridir, izlər qoyur. Kompüter qrafikası əsla yoxdu.
– Bizim redaksiyada sizin adınız çəkilən kimi çərçivədən atılan atları yada saldılar. Builki sərgidə at görmədim.
– Yox, bir at vardı. Biz azərlərin həyatında at böyük rol oynayır. At yaşayışımızda, dastanlarımızda da yer tutub. Elə Koroğlu da atasız bir şey deyil ki…
– Sizin atlar qəhrəmana oxşamır, bir qədər romantik, qanadlı, bir az da hürkmüş atlardı.
– Mən adətən insanlardan danışanda da heyvanları çəkirəm. Elə işlər var ki, İran inqilabıyla əlaqəlidi. Bu işlərdəki atlar çox qorxurlar, dəhşətlidirlər. Çünki o inqilab insanlara yaxşı şey gətirməyib. Bilirsiz ki, ağ at Həzrət Əlinin atıdı və şiə dünyasında çox qiymətlidi. O vaxtkı işlərdə ağ at qabağa düşmüşdü, amma özü də qorxurdu. Həzrət Əlinin adıyla edilən inqilabda başqasının şəxsiyyəti tapdanmamalıdı, bütöv bir millətin ana dilində danışması qadağan olunmamalıdı. Bu cür inqilab islam ola bilməz. Ağ at ona görə hürkmüşdü.


– İşlərinizə baxanda məndə belə fikir oyandı ki, sizin azadlıq haqqında öz təsəvvürləriniz var.
– İncəsənət adamı işləyən zaman çox azaddı. Əgər o, işini satmaq barədə, hökumət haqqında, ona nə deyəcəkləri barədə düşünürsə, azad ola bilməz. Özümü maddiyyat aləmiylə zindana salmamışam. Böyük arzum varsa, amma bilirəmsə ki, nə qədər çalışsam da ona çata bilməyəcəm, onda bu arzudan da imtina eləməyə gücüm çatar. Arzuların da əsarətini qəbul eləmək istəmirəm.
Hər dəfə Bakıda buranın xanımlarını görmək mənimçün böyük iftixar olur. Buranın xanımları kişiləri əlli il qabaqlayıb. Danışığında, duruşunda, hətta yerişində də özünü tanıyıb dərk etmiş insan təəssüratını oyadırlar. Heç alman xanımları da belə deyil. Bunu mənimlə gəlmiş almanın xanımı da təsdiqlədi. Amma kişilər çox geri qalıb. Cavanlar deyir ki, iş yoxdu. Məncə, bu məmləkətdə görüləsi işlər çoxdu. Sübhdən axşamacan günəbaxan toxumu çırtlamaqdan nə alınar? Burda maşınlar piyadaya yol vermək istəmir. Mən də insanam, maşınım yoxsa, ayaq altda qalmalıyam? Polisimiz də hamısı kişidi, özü də ən geridə qalmışından. Çubuğunu uzadıb ürəyi istədiyi maşını saxladıb pul qopara bilər.
Bunlar mənə elə qəribə gəlir ki…
– Hər hansı sənət əsərinə baxanda bilirik ki, o, artıq çərçivə içindədi. Sizdə çərçivə içində bir dənə də çərçivə olur. Deyirlər ki, çərçivə daxilində rəssam öz reallığını yaradır. Sizin reallıq içində başqa bir reallıq da var?
– Mən bir mədəniyyətdən o birinə getmişəm. Tərbiyəm, boya-başa çatdığım yerin mədəniyyəti Almaniyanınkından çox fərqlənir. Gecə saat ikidə də maşınını qırmızı işıqda sürməyən alman bu hərəkətiylə ölkəsinin qaydasına hörmətini göstərir. Mənim böyüdüyüm dünyada belə çərçivə olmayıb. Bizi öyrətməyiblər, bizə həmişə zor tətbiq ediblər. Mən işlərimdə bu mədəniyyətlər arasında körpü yaratmaq istəmişəm. Ona görə də işi həmişə otaq içində görürəm. O otaqda özümü azad hiss eləməkçün ya pəncərə, ya da çərçivə olmalıdı ki, çıxış yerim olsun. hamının arzuları var, amma onların hüdudu yoxdu. Birinə yetişdin, o birisini istəyəcəksən. Arzuya hüdud qoyanda çərçivə alınır. Bəzən çərçivədən eşiyə çıxan insan rəsmi çəkirəm. Bu o deməkdi ki, insan hərəkət eləməlidi ki, nəsə alınsın. Adam gərək qorxmasın, eşiyə adlasın, ya bir ayrı dünyaya keçsin. Bizim din özünəetiqada, özünəinama imkan vermir. Bunun qabağını alıblar.
– «Betona salınmış azadlıq» kimi.
– Bəli. Bizimki çörəyi soğanla yeyir, üstündən su içib «Allaha şükür» deyir. Deyəsən, a kişi, bu nə yaşayışdı sən şükür eləyirsən? O deməlidi, ay Allah, bundan da yaxşı gün istəyirəm. Bizdə yaxşısını istəmək ruhu yaranmayıb. Bu dəfə məni gömrükdə o qədər incitdilər ki, az qala sərgini gətirməyə peşman olacaqdım. Pul verməsən, gərək saatlarla oturub ləyaqəti olmayan adamlarla çənə döyəsən. Mən rəssamam, müamilə eləməyi bacarmıram. Mənimçün qiymət qoysunlar, işimi bilim, gəlib pulu hesaba köçürüm. Alman heykəltəraşının işlərini bura gətirməkçün beş min dollar xərci çıxdı. O bilirdi ki, Bakıda iş sata bilməyəcək. Elə mən özüm də burda heç vaxt iş satmamışam. Kef eləməyə qalsa, Fransaya, Amerikaya gedərəm. Bu mənim ata-baba torpağımdı, ürəyim burdadı. Necə deyərlər, mədəniyyət vətənim buradı. Mədəniyyətin o tayı, bu tayı olmur. Bir Azərbaycan mədəniyyəti, bir Azərbaycan torpağı var. Arada divar qoyulsa da…
– Divarın o tayında sərgi eləmək necə?
– Ora getsəm, başımı kəsərlər. Almaniyaya köçəndə altı ay evimin qabağında polis durmuşdu, qorxurdular məni öldürərlər. Bu yaxınlarda filarmoniya ilə danışıb Qara Qarayev adına orkestri əlli nəfərlik tərkibdə Almaniyaya apardım. Berlin filarmoniyasında – onlarçün müqəddəs yerdə almanlar bizə ayaq üstə əl çalırdılar. Bu dəfəki səfərimdə İncəsənət Muzeyinə Yuhen Çaşkanın 12 rəsmini hədiyyə elədim. Beş il qabaq 42 rəssamın 145 işini bu muzeyə bağışlamışdım. Ümidim olub ki, İran tərəfdə də demokratiya olsun. Bu ümidi əldən vermişəm, dedim, ürəyimdə qalmasın. Nə fərqi var, qoy burda olsun. Sabah divar sökülsə, burdan o taya aparmaq çətin deyil.
– Hə, aparmaq çətin deyil, təki divarlar sökülə.
– (Əlini gicgahına aparır) Gərək burda da divar olmasın. Bizə hələ də iranlı deyirlər. Bu da bir divardı….

“Avropa” qəzeti
31 may – 6 iyun 2003