Namiq Dadaşov: «Məbədim özüməm» – deyir
Sizcə, tipik heykəltəraş emalatxanası
necə olur? Orda-burda gips ovuntusu səpələnmiş, tozlu, səliqəsiz, bəlkə
əksinə, çox səliqəli, qayda-qanunlu, yığınaqlı. Elə sahibi kimi. Emalatxana
sahibinin görkəmi isə adi fəhlə görkəmindən bir o qədər seçilmir: ya dizləri
yamaqlı köhnə cins şalvarda, ya da ən yaxşı halda rəngi solmuş geyimdə.
Amma adi fəhlədən fərqi odur ki, o, başqalarının deyil, öz arzularının
fəhləliyini, həm də sehrbazlığını edir. Bu işinin sayəsində pul qazansa
da, qazanmasa da razıdır. Özünə qarşı tələbkarlığı təəccübləndirməyə bilməz.
Axı o özünü hər dəfə yenidən yaradır!
Tanımayanlarçün: Namiq Dadaşov Ə.Əzimzadə adına Rəssamlıq
məktəbində və M. Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. 1976-cı
ildən Rəssamlar İttifaqının üzvüdür. İlk sərgisi 1972-ci ildə olub. 1979-cu
ildə Moskvada gənc rəssamların sərgisində gümüş medal, 1986-cı ildə Tbilisidə
yenə gümüş medal, 1988-ci ildə Xəzər Dövlətləri Rəssamlarının sərgisində
qızıl medal alıb. 1987-ci ildə fərdi sərgisi olub. 1982-ci ildə Azərbaycan
artistlərinin Avinyondakı sərgisində, Ankarada Azərbaycan rəssamlarının
sərgisində, 1987-ci ildə “Azərbaycan Dünyası” qalereyasındakı sərgidə,
1998-ci ildə Moskva Beynəlxalq İncəsənət salonunda və Mərkəzi Rəssamlar
Evində sərgidə iştirak edib. Əsərləri R. Mustafayev adına İncəsənət muzeyinin,
Moskvadakı Tətbiqi İncəsənət muzeyinin, Tokiodakı Antonio Bordini Qalereyasının
fondundadı.Türkiyədən Okan Tapan, Sinan, Omur Orhuyi, Həsən Mutlu, Moskvadan
Seving Abdullayeva, Fransadan Santorio Sarah, Kristian, Yaponiyadan Antonio
Bordini, İtaliyadan Paolo Lembo onun işlərini şəxsi kolleksiyalarında
saxlayırlar.
HARA ƏSİR
BU GİÇƏVAR?
Abşeronun istiqaməti naməlum Gicəvar küləyi kimi çoxyönlü söhbətimizin
birinci ciddi dayanacağı onun, «Öz borcumuzu yerinə yetiririk. Hamı belə
eləsə, çox gözəl olar» fikri üzərindədi.
– Nə borcdur o?
– Adamın özü qarşısında borcu.
– İnsanın özünə nə borcu ola bilər ki?
– Qabiliyyət borcu, yaşamaq borcu, insanlıq borcu, yaşa dolduqca adam
dərk edir. Uşaqlıqda elə bil praktikada olmusan. Sonra görürsən ki, dünya
budur a… hər şeyə iradə tapmaq olar. Xüsusilə bizim şəraitdə, gərək gedəsən.
– Hara?
– Gedirsən ki, yerində qalmayasan.
– Yerində qalmaq pisdi?
– Qalsan batarsan. Suda üzməsən nə olar?
ELƏ Kİ,
İLHAM PƏRİSİYLƏ KƏBİN KƏSDİRDİN…
Divar boyu qoyulmuş rəflərin ən hündüründə qərar tutan keçmiş illərin
işləri aşağı düşdükdə «muasirləşir». Bir qədər həssas olub müəllifin əsərlərinə
münasibətini duymaq olar. İşlərdən hansısa uzaq rəflərdə sürgündədi. Emalatxanadakı
işlərin sayı nisbətən azdır. İyirmiyə qədəri sentyabrda İngiltərədə açılacaq
sərgiyə göndərilib.
– …Oğlum Toğrul iş görəndə deyirəm, orası elədi, burası belədi. Bəzən
ikimizin iradəsiylə əmələ gəlir.
– Sizə ki, irad tutan olmayıb.
– Pis olub ki, olmayıb. Bizim bir balaca sözə ehtiyacımız olub. Deyən
olub, amma çox az.
– Bəs indi kiminsə sözünə ehtiyac varmı?
– Ehtiyac var, amma cavanlara daha çox lazımdı. Cavan tez çaşır. Nahaq
deyilmiş sözdən sonra düzün üstünə gəlməkçün bir il lazım gəlir. O da
əgər tam çaşmasa. Məni çaşdırmaq çətindir, nisbətən a… Lap hörmət etdiyim
adam belə nəsə desə, əvvəl fikirləşərəm. Qabaqlar nəyisə tənqid edəndə
tez gəlib düzəltməyə çalışırdım. Yonurdum, sonra peşman olurdum ki, xarab
elədim. Bu mənada cavana qayğı lazımdı. Hələ evlənməsi, arvad, uşaq qabaqdadı.
– Çətinlikləri sadalayanda evlilik birinci sıradadı?
– Ailə qurmaq çətin işlərdəndi. Mənimçün çətin olmayıb. Ümumiyyətlə, cavanlıqda
hər şey asan əmələ gəlir.
– Ciddi şeylər siyahısında sonra nə gəlir?
– Ciddi? Hər şey ciddidi. Yaşamaq özü də ciddidi.
–Hər şeyə ciddi baxırsınız?
– Mən bir qədər məsuliyyətli adamam. Dedim – edəcəyəm. Onda özüm də rahat
oluram. Emalatxanada da bunu edirəm, onu edirəm, sonra iki aydan sonra
baxıram ki, a…nəsə düzəlib, əmələ gəlib.
– Yaratmağı da planlaşdırırsınız?
– Yox, işləri planlaşdırmıram, özü gəlir.
– İlham pərisinin köməkliyi ilə?
– Yalan olmasın, mənim ilhamım başım üzərindədi.
– Uçub getmir ki?
– Yox. Uçsa da öhdəsindən gələrik.
– O qədər ilham pərilərinə, daha doğrusu, təsvirlərinə rast gəlmişəm.
Onların vəfalı olmasını heç eşitməmişəm də.
– İlham pərisi ilə sənin xəmirin gərək yoğrulsun. Əvvəldən canına qoydular
onu, pərini də sənə qoşdular, kəbinini kəsdirdin onunla, onda hə… Sonradan
ha diz çök pərinin qarşısında ki, gəl sən mənimlə ol, düzələn deyil.
– Sizin həyatınızda hər şey elə bil rəflərə düzülüb.
– Konservatorluq yaxşı şeydi. Ənənələrə sadiqlik, maksimum unikallıq –
bu mənim də devizimdi. Biz indi çaşbaşıq. Konqlomerat…
– Heykəltəraş kimi sizinçün konqlomerat maraqlı deyil? Bir material
kimi.
– Xeyr maraqlı deyil. Yaponlarda XIX əsrin sonuna kimi Avropadan heç kimi
buraxmırdılar. Ona görə hər şeyi saxlayıblar.
YAŞIL RƏNG
İKONANIN YEMİ DEYİL
Qəhrəmanımız hərdən nikbin olur, hərdən isə bədbinlik küləkləri söhbətə
də sərinlik verir.
– Bəzən heç nəyə baş qoşmaq istəmirəm.
– Nədənsə rəssamlar mübariz olmurlar.
– Mən mübarizəm, amma özüm-özümlə.
– Özünlə sülh müqaviləsi bağlayıb başqalarıyla mübarizə etmək
olmazmı?
– Mübarizəni yalnız dostla etmək olar. Səni başa düşənlə. Ətrafda o qədər
qəribə insan var ki. Mən onunla niyə mübarizə edim. Ən böyük cihad özünlədi.
Cihadi – əkbər. Hər kəs özüylə mübarizə etsə, paklığa çıxarsa nə gözəl
olar. Mən niyə kimisə paklığa çıxarmalıyam. Hər gün özümdə onu, bunu etməyə,
harasa getməyə iradə tapıramsa, bu da az deyil.
– Yaxşı, bu mübarizədə kim kimi?
– Allahı bayraq tutub gedirik.
– Bayrağımızın üstündə nə yazılıb?
– Bu mənim öz bayrağımdı. (Əlini arxaya uzadıb kiçik ağ bayrağa işarə
edir. Bayrağın mərkəzində ərəb hərfləriylə «Allah» sözünün simmetrik təkrarlanmasından
svastikaya oxşar naxış yaranıb.) Bu naxış daimi hərəkətin simvoludu. Amma
yaşıl olsaydı, daha yaxşı olardı. Yaşıl həyat rəmzidir. İkonalarda yaşıl
rəngi işlətmirlər. İkonada gərək fiziki həyat rəmzləri olmasın.
– Deyəsən, bircə qoşun çatışmır?
– Qoşunu neynirik? Qoşunumuz da özümüzdəndi.
– Yolunuz da hara?
– Təmizliyə, paklığa doğru. Mən hara gedirəmsə, başqalarından onu tələb
edərdim, daha doğrusu, gözləyərdim.
– Dindar adama oxşamırsız.
– Qəlbən dindaram. Mənim məbədim özüməm. Hər şeyi inkar etmək, maksimalizm
cavanlara daha çox xasdır.
YAXŞI GÜN
+ YAXŞI GÜN = YAXŞI HƏYAT
– Həyata sadə yanaşmaq lazımdır. Yaxşı yaşanmış gündən sonra necə əhval
olursa, yaxşı yaşanmış həyatdan sonra da elə bir hiss, asudəçilik olur.
– Sizinçün yaxşı gün nədir?
– Olur ki, gəlmişəm emalatxanaya, yaxşıca işləmişəm. Ordan bir şey çıxıbsa,
bu olur yaxşı gün. Bəzən olur, nəsə edirsən ürəyinə yağ kimi yayılır.
– Bu yaxşı günlər yığılıb yaxşı həyat ola bilər.
– Əlbəttə, deməli, sən qələbə çaldın. Bir var günün, ayın qələbəsi, bir
də var həyat qələbəsi. Bu yaxında «Azərbaycan interneyşnl» curnalı çıxıb.
Elə bu bizim qələbəmizdi də. Orada işləri çap olunmuş rəssamlar ölsə də,
curnalı vərəqlədikcə sanki canlanırlar. Mən baxdıqca onların işi mənə
güc verirsə, deməli, onlar hələ də yaşayırlar və məni də yaşadırlar. Seyid
Əzim Şirvani demişkən: «Aləmdə səsim var mənim».
– Şer oxuyansız? Kimi oxuyursunuz?
– Hamısını. Bir balaca ilişən kimi başlayıram oxumağa. Ya kimsə danışsın
mən qulaq asım. Hər şey maraqlı gəlir mənə. Tənbəlliyim yoxdu, bir az
vaxt qıtlığı var.
YARATMAQ DA BİR
ZÜMZÜMƏDİ
– …Odur ki, ağıllandırmağa özümüzdən başlayaq.
– Bəlkə ağıllandırmaqdansa, azadlıq verək özümüzə?
– Səhər tezdən durmaq özünə zülm etmək deyilmi?
– Hər gün durub işə getməli olmursunuz. Siz ki, bu barədə azad
insanlarsınız, deyəsən özünüzün xəbəsriniz yoxdu.
– Əlbəttə, bu barədə elədi.
– Bircə dolanışıq məsələsi var.
– Ruzudur da, Allah yetirir. Qəbirüstü abidələr sifariş edirlər. Həvəssiz
də olsa düzəldirəm. Yaxın adamının qəbrini heykəllə əbədiləşdirən adamları
başa düşmürəm. Mən heç anamın qəbrini sifarişlə yonduğum heykəllər kimi
bəzəməmişəm. Anamın siması yalnız mənə lazımdır. O da mənim ürəyimdədi.
Vaqif Mustafazadə qızının zümzüməsini yazmışdı. Məncə çox qiymətli əsərdi.
Müstəqil işləmək, istədiyini yaratmaq da bir zümzümədi. Səmimi, dodaqaltı
insan zümzüməsi kimi. Zümzümənin qiyməti ayrıdı.
BABA TURPDAN,
NƏNƏ BABADAN…
– İndi Moskvada Rəssamlar İttifaqları Konfederasiyası yaradılıb. Onlar
siyasi münasibətlərin necə olmasından asılı olmayaraq, mədəni əlaqələri
saxlamaq istəyirlər. Və hər il sərgi olur. Keçən ilki sərgidə daha aydın
hiss etdim ki, işlərimi daha böyük ölçüdə yaradardım. Bir qədər kömək
olsaydı.
– Maddi köməyi nəzərdə tutursunuz?
– Maddi tərəf də az rol oynamır. Uşaq da baxımsız olanda nəsə cılız, arıq,
aqressiv olur. Baxımlı uşaqlar necə yaxşı görünür-toppuş, ünsiyyətcil…
Elə bil kamikadzeyik. Baba turpdan, nənə babadan…
ATALAR VƏ OĞULLAR
Rəssamlar arasında Toğrul və Namiq Dadaşovları çox vaxt birlikdə görürlər.
Ata-bala təkcə emalatxananı deyil, həm də fikirlərini, həyata baxışlarını
bölüşürlər. Yaradıcılıq sahəsində atasının iradlarını qəbul etsə də, curnalistlə
söhbət sürüşkən məqamlara çatanda Toğrul artıq-əskik danışmamağı məsləhət
verməkdən çəkinmir. Heykəltəraş materialı ilə müqayisədə Toğrul elə bil
qranitə daha yaxındı. Qranitlə işləməyi Namiq Dadaşovdan yaxşı kim bilər?
– Amma rəssama mədəni həyat lazımdı. Bu da rəssamın həyat tərzidi. Həmdərd
görəndə puldan yox, sənətdən danışmağa cəhd edirik.
– Rəssamlar da puldan çox danışır?
– İndi 90 faiz puldan danışır.
Bu vaxt Toğrul atasına növbəti dəfə him-cim edir. Deyəsən, vəziyyət yenə
də sürüşkəndi. Eşitdiyimi cümləbəcümlə yazacağımdan narahatdı.
– Görürsünüz, Toğrulun siyasəti var. Mən sözü üzə deyənəm. Yəqin Toğrul
özünü puldan danışmayan on faizin içinə salmaq istəyir. Tanımaqçün danışmaq
lazımdı. Axı, biz bir-birimizə bələd deyilik. Danışmalı maraqlı söhbətlərsə
çoxdu. Heç soruşmursuz ki, şah əsəriniz, padşah əsəriniz hansıdır?
- Maraqlıdır, Namiq Dadaşov nə arzulayır?
- Dünyanı gəzməkçün bir şəxsi təyyarə olmasını arzulardım. Ürayin hara
istəyir, ora sür. Harda istəyir, orda sərgi təşkil et. Qoy bizim də kimliyimizi
gürsünlər.
Birinci dəfəydi ki, qablaşdırma vasitələri arasında adi corabın
olduğunu da görürdüm. Bəlkə bu işlər coraba yerləşməkçün balcca düzəldilmişdi,
bəlkə də əksinə… Amma qızının uşaqlıqda geydiyi corabın içində əsər özünü
çox rahat hiss eləməliydi. Necə olsa, qohumluqları çatır. Hər ikisi bir
atanın övladıdı.
“Qobustan” jurnalı
2000-ci il, 1 (109)
“Ekspress”
qəzeti
24-26 iyul, 1999-cu il