Tanış olun, Toğrul
Dadaşov – heykəltəraşdır. Ə. Əzimzadə adına məktəbi heykəltəraşlıq, İncəsənət
Universitetini metal üzrə rəssam kimi bitirib. Gənc olmasına baxmayaraq
şəxsi vərəqində iştirak etdiyi sərgilərin kiçik siyahısı artmaqdadır.
Yəni, hələ ki, axtarır, yaradır. Bəxti gətirib ki, atasıyla kolleqadır.
Özü dediyi kimi, «relsə qoyandan sonra» yaşıdları kimi emalatxana arzularının
ağır daşını da ürəyində gəzdirmir. Bəlkə ona görə üzügülərdir. Şərikli
emalatxananı isə təəccüblü olsa da təmiz saxlayırlar. Toğrul demişkən,
burada «aptek təmizliyi var». Rəflərdə sıralanmış işlərin hansının ataya,
hansının balaya mənsubluğunu ilk baxışda olmasa da, otağa isinişəndən
sonra təyin etmək çətin deyil. Toğrulun işlərinin arasında insan büstləri
yoxdur. Onun qəhrəmanları quş dimdikli balaca adamlardır. Onlardan lap
naxışlar da düzə bilir. Daşları çox sevir. Rəngli, boz, cilalı, cilasız…
Deyir «Hər daşın öz xasiyyəti, öz gözəlliyi, öz sözü var. İnsana hərəsi
bir cür təsir edir». Ona görə də kompozisiyalarını daşların rəng kontrastı,
metalların daşa münasibətində qurmağı sevir.
Qaçqın uşaqlar
ev çəkməyi sevir
Xasiyyətində dəqiqlik varmı, yoxmu bilmirəm. Amma söhbətində xüsusiylə
tarixlərdə, illərdə dəqiq olmağa çalışır. Hətta təvəllüd tarixi, təhsili
ilə maraqlananda «gərək kağıza baxım» deyir.
Bioqrafik məlumat kağızında «Buta» humanitar Uşaq Fondunun psixoreabilitasiya
proqramında işləməsi xüsusi bəndlə qeyd olunub. Toğrulun danışdığından:
«9 ay layihədə işləmişəm. Uşaqlara rəsm öyrədirdik. Orada 4 dərnək
– idman, teatr, folklor, rəsm vardı. 150-yə qədər hər bir uşağın seçmək
imkanı da var idi. Çadır şəhərciyində daşdan tikilmiş məktəbdə çalışırdıq.
Uşaqlarda maraq oyanırdı, gəlirdilər, çəkirdilər… Hər iki aydan bir sərgi
təşkil edirdik. Qaçqın uşaqlar ev çəkməyi çox sevirdilər».
Keçən ilin yay aylarında Türkiyədə «Uluslararası III Plastik Sənət Kaloniyası»nda
olub. Orda sənətçilər birgə yaşayıb ünsiyyətdə olublar. İngiltərə, Şimali
Kipr, Makedoniya, İsveçrə, Almaniya və keçmiş Sovet ölkələrindən nümayəndələr
vardı. Birgə yaratmaq, yaratdığını göstərmək, təcrübə mübadiləsi imkanı
gənc heykəltəraş üçün səmərəsiz olmazdı.
Yadda qalan
plastilin
«Hansı sərgilərdə iştirak etmisən?» sualına bəlkə də kağıza baxmadığından
cavab vermədi. Xeyli fikirləşib hər il keçirilən Novruz sərgilərini, daha
sonra təbəssümlə Yuri Qaqarin adına Pionerlər Evində asfalt üstündə şəkil
çəkdiyi vaxt aldığı prizi xatırladı. O vaxt ona plastilin bağışlamışdılar…
Yaratmaq həyatdır
Yaratmağa, sənətə baxışları sadədir:
– Bir işə, əsərə baxıb deyə bilərsən ki, xoşuna gəlir, ya yox. Yaradıcılıq
həyatın özü kimidir. Meşədə gəzərkən bir göbələk, yaxud gül görürsən.
Ürəyin atlanır ki, nə gözəldir. Əyilib yaxından baxır, iyləyib keçirsən.
Bu zaman onun nə dərəcədə kamil, qeyri adiliyini düşünmürsən ki… Sənət
də belədir. Çox şeyi emosional səviyyədə qavramaq daha düzgündür. Yaradıcılıq
azartlı bir şeydir. Əvvəl maraqlanırsan, nəsə düzəldirsən. Sonra yenidən
baxıb başqa bir şey görürsən. Bir sözlə, çəkib aparır səni. İşləyə-işləyə
daha maraqlı olur.
– Toğrul, 25 yaşında özünü tanımısan? Yəni, sən kimsən?
– Çətin sualdır. Axıracan getməsən kimliyini bilməzsən. Mənim də müəyyən
zövqüm var. Zövqümə, ruhuma uyğun seçim edirəm. Necə görürəm, duyuram
elə də əks edirəm. Bəzən alınmır. Yəni gözəl demək istəmisən, amma o qədər
də gözəl alınmayıb. Amma demək arzusu olub. Məqsəd işi düzəltmək deyil,
prosesi yaşamaqdır. Axı həyat özü də prosesdir.
Otağın dahi
«qonaqları»
Oturduğumuz kresloların söykəndiyi divar qəzet kəsikləri ilə doludur.
Bunlar bəşəriyyət tarixində, mədəniyyətdə sözünü deməyi bacarmış şəxsiyyətlərin
fotolarıdır. İrili-xırdalı, saralmış, bozarmış kəsiklərdə Çaplindən Ruzveltə,
Folknerdən Berlioza, Salvador Dalidən Alen Delona qədər çoxunun şəkli
var. Demirəm Toğrul onları kumir, ya ideal seçib. O, dahillərin həyatından
kitabları oxumağı sevir. Nə qədər qəribə olsa da, dahilərin seçdikləri
yolun həqiqətə doğru getdiyinə də inanır: «Həqiqət birdir. Ona aparan
yollarsa müxtəlifdir. Kiminin taleyi necədirsə yolu da o cürdür» - deyir.
Hətta «Düz yolda olduğumu bilməsəydim heç getməzdim» də söyləyir.
Kosmosa
baxanlar daha maraqlıdır
İşlərinin arasında «fəza oyunları» kimi qavradığım bir neçə işi seçilirdi.
Fəza deyən kimi kosmos da gəlir dilimə. Tanışlığımızdan əvvəl mənə Toğrulu
kosmos həvəskarı kimi təqdim etmişdilər.
– Biz hamımız kosmosun uşaqlarıyıq, kosmosdan gələnlərik. Mütləq deyil
ki, rəssam olsun. Yer şumlayanda da kosmosa baxmaq olar. Kosmosa baxmaq
üçün şair olmaq da lazım deyil. Məncə gözü göydə olanlar daha maraqlıdır.
Necə deyərlər hər yerdə mən, hər şey məndə… Lap Nəsimiyə gəlib çıxdıq
ki…
Axı niyə az danışırsan?!
– Səni yaradıcılığa nə çəkir?
– Yaratmaq özü Allahın sifətlərindən biridir. Hamı Allaha yaxın olmaq
istəyir.
– Nə ilə dolanırsan?
– Çörək yeyirəm.
– Çörəyi özün qazanırsan?
– Ruzudur da, Allah yetirir.
– Ailədə yaşamaq başqa şeydir.
– Özümün də qazancım olur. Tək adamam, mənə çox şey lazım deyil.
– Məşhur olmaq istəyirsən?
–Bir o qədər də maraqlandırmır.
– Bəs bir gün kampaniya düzəldib səni «ulduz» eləsək necə?
– Bilmirəm.
– Sənə nə lazımdır?
– Çalışıram minimum olsun, geyim, yemək….
– Ambisiyaların yoxdur?
– Sənətdə müəyyən şeyləri etmək istərdim.
– Məsəlçün…
– Şəhərdə qəşəng bir heykəl qoyardım.
– Belə bir imkan bu saat əlində olsa hansı heykəli qoyardın?
– Əvvəl yerinə baxardım. Ola bilər ki, elə səs-küylü heykəl lazım deyil.
Yaxud əksinə, belə bir heykəl lazımdır ki, oranı diriltsin. Amma heykəl
qoymazdan əvvəl küçələri səliqəyə salmaq lazımdır.
– Təkliyi necə, sevirsən?
– Xoşlayıram sakitçilik olsun.
– Amma danışmaqda yaman simicsən.
– Bəyəm çox danışmaq lazımdır? Mən gəncliyimdən belə danışmağı sevmirəm.
«Gənclik» sözünü elə deyir ki, elə bil 100 yaşı var. Onun cəmi 25-ci ilidir.
25 ildə artıq ortaya çıxarmağa layiq işləri var. Danışmağı sevmir deyə
işləyir. İşləyir ki, danışa bilsin.
Gülnarə Rəfiq
«Ekspress» qəzeti
11 may 1999