Yuxarıdan alıb aşağıya ötürən
Məzahir Avşarın portretinin sifarişçisi kaktus çiçəyidi
Bilsəydim ki, qapını
özü açacaq, yanına gedərdim. Zəngi basar, ayaq tappıltılarına qulaq verərdim.
Sonra üzümdəki təbəssümümü səliqəyə salmağa çalışırdım. Amma nə fayda? Onsuz da onu görən kimi dodağımı qulaqlarımın dibindən yığışdıra bilməyəcəkdim.
Açılmamış qapının bu tayından o tayını təsəvvür eləməyə, hər şeyi yerinə
qoymağa bir neçə saniyəm olardı. Aha... Deyəsən, qapıya yaxınlaşır. Qapı
açılasıdısa, onu üstündə qədim qolbaqlı və gümüş üzüklü əl açacaqdı. Başı
sarıqlı (utanıram, amma etiraf eləməliyəm ki, bu sarığın əsl adını bilmirəm),
üzügülər Məzahir Avşar “Gül, salam!” deyəcəkdi. Ayaqqabıları yaxşı-yaxşı
silmək lazımdı. Çünki axtarsan, içəridə bir dənə də toz tapmazsan. Məzahir
Avşarın iş yeri (yəqin belə də demək olar) yeganə emalatxanadı ki, orada
toz yoxdu. Emalatxananı ideal təmizlikdə necə saxlaması mənimçün hələ
ki sirdi. Burda ayaqyalın da gəzmək olar. Burda həm üst, həm də iç libasını
soyuna bilərsən. Çünki çox təmizlikdi...
Amma qapını heç
kim açmayacaq. Əmin olmaq üçün telefon zəngini də çalıram, heç olmasa,
zəng səsi divarlara toxunsun, onları da cingildətsin. Məzahir Avşar tam
getməyib ki!... Ən azı, yarısı materiala köçürülmüş formada həmin o qapının
o tayındadı. Heyif ki, qapı bağlıdı. Açıq olsaydı, otağın sakinlərindən
soruşardım: “Zəng səsindən Məzahir Avşarı ananları ayıra bilirsizmi?”
Məncə, Türkiyənin Konya şəhəri çox uzaqda deyil. Xəritədə lap yaxın görünür.
Hərdən bir mobil telefonumun ekranında on üç-on dörd rəqəmli nömrə yazılır
və “Gül, salam” səsi gəlir. (Adımın məhz belə ixtisarı da məhz onun kəşfidi)
“...Qobustan”dan qonorarını aldınmı?” Bunu öyrənmək üçün telefon danışığına
bəlkə də mənim alacağım qonorarlardan artıq pul xərcləyib. Diqqətlidi.
Yad olunmaq həmişə xoşdu.
Heykəltəraş Namiq
Dadaşov “Məzahir Avşar qapısını açanda elə bil döyüşçü ilə rastlaşırsan.
Bilmirəm, sarğısı, geyimi, saç-saqqalı, ya səsiylə, xasiyyətiylə döyüşçüyə
oxşayır. Bircə əllində qalxan və qılıncı çatmır ki, döyüşə getsin” deyəndə
təəccüblənmişdim. Mən onu başqa cür tanıyırdım. Özünə deyəndə cavabı belə
oldu: “Ömrü boyu döyüşmüşəm. Nəinki bu həyatımda, ondan əvvəlki həyatlarımda
da döyüşçü olmuşam. Bundan əvvəlki həyatımda professional muzdlu döyüşçüydüm.
Necə təlim keçmişik, harda döyüşmüşük, hamısı yadımdadı. Hərdən mənə elə
gəlir ki, tanrı məni bu həyata da döyüşmək üçün göndərib”.
Sonra dövrləri,
padşahları, sərkərdələri, “döyüşdüyü” müharibələri sadalayır. Tarixi yaxşı
bilmədiyimdən nə adlar, nə ünvanlar, nə də hadisələr yadımda qalır. Bircə
onu bilirəm ki, hələ də döyüşür. Bu dəfə silahı söz, qalxanı gildi. Hərdən
möhkəm yaralanır. Yarası illərlə çəkilmir. Məncə, ilk dəfə sakitləşdirici
dərmanları Cəbhənin iki tayını barışığa çağıranda əlinə aldı. Onun “müharibə”lərində
başqasının qanı tökülmür, təkcə yaralanır. Böyrəyində onu incidən daşla
da elə yaxşı yol gedir ki... Növbəti “pristup”undan sonra dedim ki, “daş
əritməyin o qədər yeni üsulları var”. Tanıdığım otların, lazerlə daşı
dağıtmağın adını sadaladıqca mənə təəccüblə baxdı:
- Nə danışırsan?
Onu incitmək olar? Axı o da mənim bir parçamdı. Nə olsun məni incidir.
Mən hər səhər yuxudan duranda əlimi böyrəyimin üstünə qoyub onunla danışıram:
“Salam, mənim əziz daşım. Nə olar, məni az incit”. Həyatda da məni incidən
şeylər çoxdu, bəyəm hamısını dağıtmaq lazımdı?
Bilmirəm, Türkiyəyə gedəndə aldıqları “Azərbaycan xalq mahnıları” kitabını
özüylə götürüb, ya yox. Yoldaşı Lalə xanımla bir hobbiləri var, qoşalaşıb
xalq mahnıları oxuyurlar. Yaddaşın arxivi tükənəndə bu kitabdakı mətnlərə
baxıb musiqisini xatırlayırlar. Heyif, notları bilmirlər. Məzahir bəyin
musiqiyə xüsusi münasibəti var. Otağında həmişə keyfiyyətli musiqi səslənər,
qulaqlarını heç vaxt “acımağa” qoymaz. Bəlkə not bilsəydi, qeyri-adi musiqi
də yazardı.
-Uşaq vaxtı təbiətlə
çox sıx təmasda böyümüşəm. Meşənin, dağın, hətta heyvanların da “musiqisini”
tanıyıram. Balacalıqda canlılarla daha sıx təmasa girmək cəhdləri eləyirdim.
Əlçatmaz hündürlükdə uçan qartalları cəlb eləmək üçün dağın başına çıxırdım.
Yerə sərilib özümü ölülüyə vururdum. Heç gözümü də qırpmırdım. Qartallar
xeyli tərəddüd eləyirdilər. Sonra yavaş-yavaş hündürlüyü azaldır, lap
aşağıdan uçmağa başlayırdılar. Mənsə onları aşağı cəlb elədikcə gizlincə
müşahidə aparırdım. Atam sonra narahat olurdu ki, “axı gözünü ova bilərlər”.
Bir dəfə beləcə yerdə uzandığım vaxt çox ecazkar, qeyri-adi musiqi eşitdim.
Onun hansı alətdə ifa olunduğunu da bilmirəm. Musiqini xatırlasam da,
özüm oxumağı bacarmıram. Hərdən mənə elə gəlir ki, bəstəkar olsaydım,
musiqini yaza bilərdim...
Xalq mahnılarını
oxumaqla yəqin xalq yaddaşına qoşulur, onunla qırılmış yaddaş zəncirindəki
boşluqları doldurur. Özü burda olsaydı, soruşardım ikili dünya qurub hər
ikisində yaşamaq çətin deyil ki? Dünyaların birində başısarıqlı gəzir,
yazanda qədim türk əlifbasıyla yazır. Qonaqları da, jurnalistləri də belə
obrazda qəbul eləyir. Tarixdən danışır, yaddaşdan oxuyur, özünə qayıdır.
Həyatın axınına qoşulanda görkəmini dəyişir, müasirləşir. Sarğını “kepka”
ilə əvəzləyir, hamının yazdığı əlifbayla yazır, amma əminəm ki, hamı kimi
düşünmür.
- Götürək elə Boz
qurd totemini. Boz qurd əslində mədəniyyətdi. Əgər o, bir simvoldusa və
mədəniyyət, təsvirə keçirsə, heykəltəraşlıqda, söz yaradıcılığında kök
salıbsa, ona başqa ad vermək cinayətdi. O, bizim tariximizə türkün qoruyucusu,
dövlətçiliyin, xalqın himayədarı, cəsarət simvolu kimi gəlib. Bəs xalq
arasında qurd ürəyi yemiş, qurd biləkli niyə deyirlər? O, döyüş simvolundan
başqa, həm də müdriklik nişanəsidi. Son dövrdə Boz qurd sözü konkret adamlarla
bağlı olduğundan qədim miniatürlərdən, xalçalardan qurd təsvirini qoparıb
atmalıyıqmı? Türk kilimləri və Qarabağ xalçalarında qurdağzı, qurdbaşı,
qurddırnağı deyilən saysız-hesabsız naxışlar var. Əgər xalçaçı qurd sözündən
qorxsa, bu çeşnənin yerinə qoyun təsviri axtaracaq. Xalçada, qayaüstü
rəsmlərdə əbədilik simvolu kimi həkk olunmuş, sonra faşist nişanəsinə
çevrilən damğanı da mədəniyyətdən kənarlaşdırmalıyıq ?
Qurd özü çox qəribə
heyvandı. Uşaq vaxtı meşədə rastlaşmışdıq. Qorxmadım, çünki onu it bilmişdim.
Amma məni elə bil mıxlamışdılar. Yalnız o çıxıb gedəndən sonra mən yerimdən
tərpənə bildim. O da mənim kimi Tanrının övladıdı...
Ona görə də emalatxanasında
başının üstünə belə yazıb: “İtin sahibi varsa, türkün də Tanrısı var”.
Məzahir bəy Allah sözünü işlətmir, Tanrı deyir. Din, inam, başqa sivilizasiyalar
haqqında özünəməxsus təsəvvürləri var: Məndə göydən gələnlərə, başqa qalaktikadakı
sivilizasiyalara, onların hələ qədim dövrdən bizlə əlaqəsinə bir inam var.
“Oğuznamə”də oxuyuruq ki, boz qurd ağ işığın içində gəlib. Əgər hardansa
gəlibsə, demək, onun formasında fərq var. Həmçinin bu simvollar, damğalar
və işarələrin insan tərəfindən uydurulmasına da inana bilmirəm. Bu, fikrin
məhsuludu. Fikrə kənar təsirin, enerjinin bir hissəsi kimi baxmaq lazımdı.
Biz ona bəzən təbiətin verdiyi güc, istedad, qabiliyyət də deyirik. Haradasa
gözəgörünməz qüvvə var, ona inanmaq lazımdı. Tanrı həmin qüvvə, o enerji,
gücdü”.
Məzahir bəy “Dədə
Qorqud” dastanının göylə əlaqəsindən danışır. “Dədə Qorqud” obrazlarını
gerçəkləşdirəndə bəlkə də kosmosla əlaqəsini reallaşmış hiss eləyir. Adətən,
sözünə qüvvət olaraq Dəli Domrulun Əzrayılla deyişməsi boyunu danışır.
Məzahir Afşarın
Azərbaycandan getməsi mənə bir az qəribə gəlir. Axı bunları da o deyib:
“Bəli, mən millətçiyəm. Amma elitar səviyyədə anlaşıla bilən millətçi.
Əgər mən millətimin, xalqımın tərəqqisini istəyirəmsə, onun başqa millətlərdən
üstünlüyünü sübut eləməyə çalışmıram. Sadəcə, öz xalqımı tərəqqi edən
millətlərin sırasında görmək istəyirəm. İndi bizim xalqı döyüşə ruhlandıran
obrazlar yaratmağa ehtiyacımız var. Yəni sən döyüşə bilirsən, sənin əcdadın
döyüşkən olub. Müstəqil dövlətimizin tərəqqisi üçün ayrı-ayrı rəssamın,
şairin, ya jurnalistin çalışmağı kifayət eləmir. Bir vaxt baxıb görəcəyik
ki, Azərbaycanda boşluq yaranıb. Bu, böyük fəlakətdi.
Əgər dövlətin siyasəti,
iqtisadiyyatı varsa, mədəniyyəti yoxdusa bu yarımdövlət, yarımmillət olur.
Bir ara bizim sənət əsərləri getdi, indi sənətkarlarımız gedir. Bir vaxt
dövlət xadimləri ayılıb görəcək ki, Azərbaycanda sənət, elm adamı qalmayıb.
İtirməyə öyrəşmiş bir millət üçün nəsillərin irsinin, ənənələrinin itməsi
faciədi”. Bu sözlər batan gəmisini sonuncu tərk eləyib ona kənardan baxan
kapitanın nitqinə də bənzəyir. Məzahir Avşar Türkiyəyə işləməyə gedib,
pul dalınca yox. İndi o, Konya Universitet şəhərciyinin ərazisində arzularını
materiala köçürür. Geri qayıdası olsa özünün bir parçasını da orda qoymalı
olacaq.
Məzahir Avşarın
rəqs eləməyini heç vaxt görməmişəm. Mənə elə gəlir ki, mövliyalar kimi
bir ovcu göyə, o biri ovcu yerə baxan əlləriylə Tanrıya sevgi bildirəcək.
Yəni yuxarıdan alıram, aşağı ötürürəm. Özümə heç nə...
Yəqin ki, Məzahir
Avşarın ailəsi Bakıdan köçəndə evdəki dibçək gülləri kimi tutuquşu Çik-çiriki
də (onun türk adını yenə unutmuşam) dostlarına paylayıb. Çik-çirik təzə
sahibinə nə dedi, onu bilmirəm. Amma məndəki kaktus bu yay gözəl gül açdı.
Özündən bir zoğ buraxdı, xırda ağ güllər bitirdi, sonra o zoğun üstündə
özü kimisini “doğdu”. Deyəsən, eyham vurur ki, Məzahir Avşardan yazmaq
vaxtı çatıb. Yaydan bəri uzanan bu yazını Məzahir bəyin ad gününə gücnən
yetirdim. Ad günün mübarək, bəy! Onu da bilirəm ki, Məzahir bəy hər səhər
internetdə “Yeni Müsavat” və “525-ci qəzeti” oxumamış işə başlamır. Həmkarlarım
ona salamımı yetirsəydi, bu təbrik də ünvanına çatardı.
P.S. Əgər Məzahir Avşarla tanışlığım olmasaydı, bu yazım yazının altında Gülnarə İsmayılova imzası yazılardı. Mənim imzamım da müəllifi odu. “Burda nə var ki? Mən də bir vaxt familimi dəyişdim. Bəlkə adımı da dəyişəsi oldum. Yaradıcı adamlar üçün arabir belə yeniliklər vacibdi”.
“Xalq Cəbhəsi” qəzeti
15 yanvar 2002