Ceyranlara Natəvanın ətəyindən su içirən rəssam...


Butanı xatırladan dünyadan reportaj

Altay Hacıyevin rəsmi titullarını, sərgilər siyahısını, saysız-hesabsız işlərini sadalamaq fikrindən uzağıq. Çünki onların sayı hədsizdi. Həm dəzgah rəngkarlığı, qrafika, kitab tərtibatı, həm də monumental dekorativ sənət, linoqravüra texnikasında işləyir. 70 yaşlı Altay müəllim üstəlik yaxşı müsahibdi.
- Sənətlə öyrənmək həmişə vəhdətdədi. Əgər rəssam, sənətkar öyrənmək bacarığını itirirsə, bu, onun faciəsidir. O, ömrünün sonunacan yerində addımlamalı olur. Yaratmagın mənası axtarıb nəsə yeni şey tapmaqdı.
- Axı həyat da çox sürətlə dəyişir. Siz hələ də yeni nəsə tapmaq istəyirsiz?
- Şübhəsiz. Amma yeni şey tapan vaxt professionallıq olmasa, bacarıqsızlıq böyük maneə törədər.
- İnsan təbiətdə olmayan yeni bir şey kəşf etmək iqtidarında deyil. Naxışlar molekulların quruluşuna oxşayır. Rənglərin özünü də biz kəşf etmirik.
- Sizin dediyiniz sırf elmi yanaşmadı. Yaradıcılıqda elə deyil. Hətta ən mürəkkəb elmi tapıntılar da hissiz, duygusuz olmur. İstər elmi, istər bədii material olsun, beyində yığılıb qalır. Beyinsə işləməkdə davam edir. Və bu biliklərin qovşağında tamam cüzi səbəbdən hər şeyi birləşdirmək mümkün olur. Yenilik bu anda yaranır.
- Biz onsuz da təbiətin bir hissəsiyik. Bir az geniş götürsək, Allahın bir hissəciyi. Böyük cihasın balaca bir vinti kimi.
- Elədir, amma eyni zamanda, biz belə düşünsək, gərək heç nə eləməyək. Təbiətdə hər şey var.
- Əksinə, hərəkət olmayan yerdə həyat yoxdu. Bu da başqa bir qanundu. Biz nəyəsə can atırıq, amma onun nə olduğunu heç kim aydın deyə bilmir. Siz yaratdığınızı xarakterizə edə bilirsiz?
- Hamısı elədi, yaradıcılıq sənin özünün və yaxud səndən əvvəlkilərin elədiyi ilə razılaşmamaq, narazı olmaq deməkdi.
- Şəxsən siz nəyi kəşf eləmisiz?
- Bunu bir sözlə demək olmaz. Axtarış var. Mən Natəvan mövzusunda işləyəndə onu anlamaqçün şerlərini oxudum. Natəvanın portretini Oqtay Sadıqzadə də işləyib. Burnu, gözü, qaşı, hər şeyi yerindədi. Amma mənim Natəvanımda şəlalə elə bil onun üstündən axıb gedir, ceyranlar onun ətəyindən su içir. Dağların bəzisi onun qolu olur. Lap siz deyən kimi, axı Natəvan da təbiətin bir zərrəsidi. Mən hesab edirəm ki, bu mənim böyük uğurumdu.
- Bəs, sizin başqalaşmaq imkanınız var?
- Dörd portret eləyəcəm. Hər birinə ayrıca yanaşmağa çalışıram. Həcər elə cərt olmalıdı. Yanındakı Natəvansa lirik.
- İnsanın öz duyğularını çatdıra bilməməsi də mümkündü...
- Elədi, onunçün məktəb keçmək lazımdı. İndi rəssamlığı qurtaranlar yarımçıq rəssamlardı. Bizim professor nömrələnmiş beş karton qırığını yerə atırdı. Bir başdı, iki – üç əlləri, dörd – beş ayağı. Kartonlar necə düşdürdüsə, o qaydada kompozisiya qurmaq lazım idi. Qəribə rakurs alınırdı. Belə yolla böyük ustadları, Leonardonu, Mikelancelonu öyrədirdilər.
- Bir məqamı müşahidə eləmişəm. Cəmiyyətdə, xususilə də ki, cavanlar arasında xroniki narazılıq sindromu var, nəsə bir ruh düşgünlüyü. Sizdə isə deyəsən, yoxdu.
- Bu mənada mən özümü 20 yaşlı cavan kimi hiss edirəm.
- Burada öyrənməli çox şey var. Biz sizdən cavan, enerjili olduğumuz halda,bəzən gücümüz çatmır.
- Hamısı yaradıcılıqdan doğur. Materialın müqaviməti deyilən bir şey var. Onunla mübarizə aparanda elə bir dövr gəlir ki, zaman, məkan, yaş və s. – heç nəyi duymursan. Onda kənar mümkün deyil.Yuxuda da işləməyə davam edirsən. Bəs istedad nədi? O, insanı düşünməyə məcbur edir. O ya var, ya da yoxdu.
- Deyirlər, pis atalar uşaqlar üçün şer yazmır. Yəqin eləcə də pis atalar uşaq kitablarına rəsm çəkmir. Həm də uşaqlar üçün çəkmək hər rəssamın işi deyil.
- Mənim uşaqlar üçün çəkməyimin başqa tarixçəsi var. Uşaqlıqda çox tez – tez xəstələnirdim. Məlum olan bütün xəstəliklərdən xəbərdaram. Mənim yatağa məhkum olduğum uzun günləri bir qədər bəzəmək üçün anam mənə kitab oxuyardı. Elə o vaxtdan kiçik bir uşaq dünyam var, bəzən olur ki, adam böyüyəndən sonra qapılar üzünə bağlanır. Mən isə nə vaxt istəsəm, o dünyaya girib – çıxa bilirəm.


Uşaq dünyasından əlavə, Altay müəllimin başqa bir dünyası da var. Butanı xatırladan dünyası. “Ceyranlar” adlı işində dünyanı məhz belə görür. Axı, buta sevgi rəmzidi. Özü də bakirə, nəcib bir sevgi. Qəddar zəmanəmizdə dünyanı sevgi prizmasından görənlər hələ də var.
Uşaq vaxtı “Şəngülüm, Şüngülüm, Məngülüm” kitabını çoxumuz oxumuşuq. Rəsmlərin müəllifi ilə maraqlanmadan baxıb, əlimizə düşən təsadüfi qələmlə rəssamın işinə bəzi “düzəlişlər” də etmişik. Onun jurnal səhifələrindən düşməyən rəsmləri, kitab tərtibatı, mozaikalarına bəlkə də gözümüz öyrənib. Amma sonuncu iri işini çətin ki, görə bilək. LUKoyl firması yeni binasının tərtibatında Altay Haçıyevə neft tarixindən səhifələr kimi beş ədəd 6 kv. metrlik vitraj sifariş verib. İndi həmin vitrajları görməküçün bu binada liftə minib liftin açıq qapısından görünən mənzərəni seyr etmək olar. Daha doğrusu, bizə təsəvvür etmək qalacaq. Axı, incəsənət artıq xalqın deyil.


“Avropa” qəzeti,
26 fevral-3 mart 2000-ci il.