Buta məhəbbət rəmzidi

Rəssam Səbihə Əli

Xalça dünyası qədər işıqlı, xalça qədər rəngarəng aləm yoxdu. Bu rəngarəng dünyanın sakini olub naxışların, ilmələrin dilini başa düşmək, bu naxışlardan yenisini yaratmaq da hər adlama nəsib deyil. Xalça dünyasının sakini və yaradıcısı gənc rəssam Səbihə Əli İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakultəsinin təbii toxuculuq şöbəsini fərqlənmə diplomu ilə bitirib. Diplomdan qabaq «Azərxalça» Elm-İstehsalat Birliyndə iki il çalışıb. Hazırda Elmlər Akademiyasının aspirantıdır.
Səbihə görüşə bir albom gəkillə gəlmişdi. Arzuları, fikirləri, istedadını tam əks edən bu xalçaları təqdim etdikcə birinin Almaniyada, o birinin Norvecdə və başqa ölkələrdə olduğunu söyləyərkən ürəyim sıxıldı. Öz ürəkparası ilə ayrılarkən nələr keçirdiyini soruşmaya bilməzdim.
- Qabaqlar mənim əl işlərimi alıb aparanda özümü pis hiss edirdim. Amma indi fikirləşirəm ki, əgər mənim işlərim kimisə xoşbəxt edirsə, mən bununla fəxr edirəm. Deməli hədər yerə işləməmişəm. Həm də xaricilər aldıqları kəmərləri, çantaları gündəlik istifadə edirlər.
- Deyəsən, əsərləriniz sadə azərbacanlının imkanından xeyli yüksəkdir.
- Bəli, bunlar azərbaycanlılar üçün bahadır. Amma mən bu barədə fikirləşmirəm. Axı gördüyünüz kəmər, çanta, xalça məmulatlarından dünyada cəmi bir nüsxədir. İşi qiymətə mindirən onun xüsusiyyətləridir. İki il bundan əvvəl Azərbaycan qadınları sərgisində azərbaycansayağı auksion keçirildi. Əvvəl alınan şeyləri satdılar. Sonra isə arzulayanlar mənə yaxınlaşıb işlərin qiymətini tam öldürüb aldılar. O vaxt pul götürəndə məndə elə bir hiss var idi ki, sanki məni soymuşdular. Şikayət etmirəm. Həqiqəti danışıram. Avropada bu xalçaların kvadrat metri 500 dollara çatır. Ayda heç bir toxucu bir kvadrat metri toxuya bilməz. Elm-İstehsalat Birliyi toxucuya 100 manat verir. İndi kooperativlər açılıb, onlar 100 dollar verir. İndiki zamanda bu, çörək puludur. Bizim çox bahalı həyatımız var. Hər rəssamın emalatxanası olmalıdır. Emalatxanasız sanki nəfəs almıram. Bu mənim mavi arzumdur.
- İndi xalça alqı-satqısı dəbə düşüb. Hər yerdə alqı məntəqələri var.
- Alınan xalçaların 80 faizi İsrailə gedir. Köhnə xalçaları alıb, ilmələri açır, yenisini toxuyub təzələyirlər. Bu gün xovsuz xalça növləri – zili, məddə, vərli – onlar itmək üzrədir. Çox toxucular uşaqlarının və nəvələrinin xalçaçı olmasını arzulamırlar. Çünki çətin sənətdi. İynə ilə gor qazmaq kimi bir şeydir. Amma təbii boyaqla boyanmış xalçalar adamın ruhunu nə qədər oxşayır. Hər dəfə baxanda elə bil nəsə təzə bir şey görürsən.
- Xalça məmulatlarının müasir geyimlə uyuşdurulmasına necə baxırsız?
- Mən istərdim ki, Azərbaycan incəsənəti təbliğ olunsun. Özüm də geyirəm, bilinsin ki, ölməyib. Çox müasir də görsənir. Məsələn, xalça kəmər taxdıqda belimə soyuq olmur. Bir Norvec xanımı məndən kəmər alıb öz qırmızı paltarı ilə uyğunlaşdırmışdı. Həqiqətən də çox gözəl aksesuar alındı. Bizim modelyerlər üzlərini Qərbə çevirib, onları təkrar edir. Məndə zümrüd rəngində kəlağayı var. Onu geyəndə bütün şəhər baxır, amma cəsarət edib geyə bilmirlər. Mən Beynəlxalq Qadınlar Klubunun üzvüyəm. Əsasən xeyriyyəçiliklə məşğuluq. Əl işləri hazırlayıb satdırır, əldə etdiyimiz gəlirlə uşaq evlərini təmir edirik. Onlarla ünsiyyətdə mən hiss edirəm ki, bizə və tariximizə necə maraq və hörmət var. Arxulayıram ki, bizim nəcib xanımlar, xüsusilə də maddi çətinlik çəkməyənlər, rəsmi görüşlərdə milli aksesuarlardan istifadə etsinlər.

«Çağ» qəzeti
16.12.97

Səbihə Əlinin işləri >>>>>