Yox, bu ansambl başqa cür yarandı və özgə sayaq yaşamaq istəyir
Bu yaxınlarda ozan Araz Elsəsin öncə əngəllər ucbatından təxirə salınan,
bir müddət sonra baş tutan konsertində «Baybörü» ansamblının yaranması
elan edildi. Adının səslənişi kimi təqdim etdiyi yeni səslənmə də qulaqlarımız
üçün təzə idi. Baxmayaraq ki, nə Arazın özünü, nə onun sazının səsini
unutmamışdıq. İndiki «Baybörü» nə çalacaq, nədən deyəcək? Bu barədə ansamblın
təsisçisi Qasım Şeyxov məlumat verir. Araz Elsəs hazırda Norvecdədir.
- «Baybörü» nə deməkdi?
- Qədim türklərdə börü – qurd deməkdi. Türkçülüyün də əsas simvolu qurddu.
Ansamblın əsas leytmotivi millətçilikdi.
- İdeya nə vaxt yarandı?
- İdeya çoxdan vardı. Ayrı-ayrılıqda – mən bir tərəfdə, Araz bir tərəfdə
bu barədə fikirləşirdik. Tamamilə təsadüfən çay süfrəsi arxasında tanış
olduq. Hər ikimizin arzusu üst-üstə düşdüyündən başladıq bu ideya üzərində
çalışmağa, söhbətlərimizi bu yöndə qurmağa. Araz dedi ki, mən konsert
vermək stəyirəm. Arazın burda ansambl formasında konsert vermək imkanları
çox az idi. Əvvəllər o, sazda solo konsertlər verib. Yeni formada, yeni
təqdimatda çox çətin olacaqdı. Elə mənimçün də bir zamanlar düşündüyüm
ideya lap göydəndüşmə oldu. Ona görə də bir-birimizi tamamladıq.
- Araz Elsəs üstəgəl «Vətən» qrupu bərabərdir «Baybörü»?
- Yox, əvvəldən «Vətən» qrupu yox idi. Qrupun rəhbəri Vüqar Camalzadə
vardı. İlkin üçbucaq belə quruldu: mən, Araz və Vüqar Camalzadə. Sonra
ətrafımıza «Vətən» qrupundan başqa kənar adamlar da yığışdı. Hər şeyi
qərarlaşdırandan sonra məşqlərə başladıq. Elə ilk gündən nəticənin nədən
ibarət olduğunu gördük.
- Nəticə deyəndə nə gözləyirdiz?
- Musiqiçi yazacağı, yaxud ifa edəcəyi musiqini daxilində eşitməlidi.
Biz daxilimizdəki səslə kənardan gələn səsin üst-üstə düşdüyünü hiss elədik.
Bizim düşündüyümüz baş tutub.
- Sizin ansambl başqalarından nəylə fərqlənir? O qədər ansambllar,
qruplar var ki?
- Üslubca burada yeni bir şey yox idi. Amma köhnə bir şey də yoxdu. Sadəcə
yeni nəfəs var. Düzdür, Azərbaycanda dediyiniz kimi ansambllar çoxdu.
Mən deyərdim ki, «Rast»dan başqa ənənəyə sadiq qalan qrup görməmişəm.
- Sizin ənənəni saxlamaq şansınız var?
- «Rast»dan daha çoxdu. Azərbaycanda yeni münasibətlər fonunda yaranan
musiqi heç nədən doğulmur. Onun öz sosial, dinləyici bazası olur. Biz
hesab edirik ki, dinləyici bazamız daha genişdir. Yən Azərbaycanda cücərməkdə
olan milli vətənpərvərlik ruhu daha geniş trayektoriyanı əhatə edir. Ona
görə də biz qrupumuzun uğuruna daha çox inanırıq.
- Əksinə, belə bir fikir də var ki, camaat əyləncəvi musiqiyə
daha çox meyllidir.
- Mən deməzdim ki, bu əyləncəvi, yaxud ciddi musiqidir. Hər bir musiqinin,
cərəyanın yaranmasının səbəbi olur. Yalnız o qruplar yaşaya bilir ki,
tələb edən tərəfə müvafiq təkliflər verə bilir.
- Yəni camaat belə musiqi üçün darıxıb.
- Onlar bəlkə də belə musiqi bilmir, anlayışı yoxdur. Yəni zahiri formada.
İstər yüngül, istər ağır, ya ciddi musiqi olsun, kiminsə içindən keçirsə,
orada bir tamlıq yaradırsa, o musiqi yaşayacaq.
Bu gün deyirlər ki, gənclər yüngül musiqiyə meyllidir. Gənc niyə meylli
olmalıdı yüngül musiqiyə? Gənc sabahın ağsaqqalıdı, cəmiyyətin aparıcısıdı.
Əksinə, gəncə təklif edilən musiqi yüngüldü. Onun eşitdiyi təkcə budur.
Bu gün gənclərimiz açır televizoru, Allaha şükür, peyk antennaları ilə
xarici ölkələri tuturlar. Onlar yeni musiqi səslərini, yeni sintetik alətlərin
tembrini dinləyirlər. Bizim televiziyada isə on, iyirmi illərlə səsi dəyişməyən,
strukturunda dəyişiklik olmayan ansamblların səsini eşidirlər. Cəmiyyət
inkişaf edir, onlarsa öz yerlərində saya-saya durublar. Ona görə də cavanlar
yeni səslərə meyl edirlər. Özümüzdə bu olmadığından onlar başqa millətlərin
musiqisinə qulaq asmalı olurlar. Mən heç cür gəncləri günahlandırmaqla,
yaxud belə musiqini kəsməklə cəzalandırmaqla razılaşma bilmirəm. Gəncin
dinləyəcəyi musiqini əlindən almaq onu cəzalandırmaqdı. Biz öz qrupumuzun
gələcəyini xalqın duyğusuyla üst-üstə qurduğumuza, xalqın içindən gələn
səsləşdiyinə görə böyük görürük.
- Amma ilk addımda qarşınıza o cür maneələr çıxdı. Bəs gələcəkdə
bu əngəllər olmayacaq?
- Maneələr işimizi daha da stimullaşdırdı. Biz musiqinin tək səhnədən
ibarət olmadığını, səhnə - zal, səhnə – cəmiyyət münasibətlərini özümüzdə
aydınlaşdırdıq. Biz əmin olduq ki, səhnədəki maneələrin ucu birbaşa bürokratik
aparata, kabinetlərə gedib çıxır. Onları aradan qaldırmağa cəhd elədik,
qaldırdıq da. Adətən cəmiyyətdə adamları siniflərə bölməyə, hər hansı
müxalif mövqedən çıxış etməkdə ittiham etməyə çalışırlar. Milləti sevmək
müxalifətdə durmaq deməkdir? Bu anlayışı heç cür qəbul edə bilmirəm. İncəsənət,
mədəniyyət hər hansı siyasi qrupun daxilində qala bilməyən bir məhfumdur.
Yəni hamısının fövqündə durandı. Qrup kimi siyasətə qarışmırıq. Bizim
öz siyasətimiz var. Bu, millətimizi təbliğ etmək, başqa aparıcı dövlətlərdə
konsert verməkdi. Ən şərəfli meydan isə yenə də Azərbaycandı.
- Xarici səfərlər də nəzərdə tutubsuz?
- Təklif olacaqsa. Bizi yəqin ki, Rusiya dəvət etməyəcək. Bizi ola bilər
ki, Türkiyə, Qazaxıstan və s. bir sözlə, Turan xəttiylə dəvət etsinlər.
Bizim ideyaların başı turançılıqdı. Burada siyasi Turandan söhbət getmir.
Təkliflər olsa, əlbəttə, etiraz etmərik.
- Bəs maliyyə problemləri?
- Allaha şükür ki, millətimizin ürəyi geniş oğulları çoxdu. Sorğu-sualsız
xərclərimizi üzərinə götürənlər də tapıldı. Onlar xərclədiklərini bizdən
istəməsələr də iqtisadi baxımdan yox, mənəvi baxımdan borcu ödəyəcəyik.
- Konsertdə rəhbəri olduğunuz «Məkan» birliyinin rolu olubmu?
- Birlik yalnız mənəvi baxımdan kömək göstərə bildi. Tədbir «Məkan» birliyinin
tədbiri deyildi. Amma texniki işləri götür-qoy edəndə birliyin bazasından
istifadə etdik. Çünki «Baybörü»nün yaranmasını konsertdə elan edəcəkdik.
Şou konsertlər təşkil etmək «Məkan» birliyinin məramlarından biridi. Birlik
belə işlərin Azərbaycanda normal qurulması üçün yazı aparan, onun elmi,
praktik, nəzəri baxımdan bazasını özündə cəmləşdirib cəmiyyətə təqdim
edən birlikdi. Sağlıq olsun, «Məkan» birliyini daha geniş təqdim edəcəyik.
Fəaliyyət mərkəzlərindənsə bir neçəsinin adını çəkə bilərəm: elmi araşdırmalar
mərkəzi, «Şərq» yardıcılıq studiyası, «Karvan» viktorina klubu. Birlik
üzərinə ciddi öhdəçilik götürüb. Xalqın ciddi gədəcəyi üçün ciddi təşkilatlar
yaranmalıdı.
«Ekspress» qəzeti
5 avqust 1999-cu il